Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sənayenin sürətli inkişafı Gəncənin quruculuq imkanlarını genişləndirir

12 Avgust 2017
 

Gəncədə iqtisadiyyatın aparıcı sahəsi olan sənayenin inkişafı şəhərin potensial imkanlarını artırıb. Nəticədə cari ilin ötən dövrü ərzində ümumi daxili məhsul istehsalının həcmi 405 milyon 760 min manat olmuşdur. Bu da keçən ilin müvafiq dövrü ilə müqayisədə 39,7 milyon manat çoxdur. Əhalinin hər nəfərinə düşən ümumi məhsulun həcmi 10,4 faiz artaraq 1 milyon 224 min manat təşkil etmişdir. Məhsulun 73,8 faizi qeyri-dövlət sektorunda istehsal edilmişdir. Bu da 4,6 faiz artım deməkdir. İşçilərin orta aylıq əməkhaqqı 327,1 manatdan 334,7 manata yüksəlmişdir.

Ümumiyyətlə, dövlət başçısının rəhbərliyi ilə həyata keçirilən iqtisadi siyasətin prioritet istiqamətlərindən olan qeyri-neft sektorunun şaxələndirilməsi Gəncə şəhərində də bir sıra uğurların qazanılmasına yol açmışdır. Başqa sözlə, müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması sənaye məhsullarının çeşidinin artırılmasına gətirib çıxarmışdır. Məsələn, Gəncə “Cihazqayırma zavodu” ASC-də istehsal olunan məhsulların həcmi çoxalmaqla yanaşı, yeni texnologiyaların tətbiqi nəticəsində məhsul istehsalının çeşidinin də artırılmasına nail olunmuşdur. “Asmet LTD” MMC-də bu ilin əvvəlindən bazar tələbatı nəzərə alınaraq yeni metal əritmə sexi yaradılmışdır.
Gəncədə son illər yaradılan müəssisələrdən biri də “Neon” firmasıdır. Hazırda müəssisənin tərkibinə hər birinin gündəlik istehsal gücü 15 ton olan çörək və makaron istehsalı zavodları, 2 taxılsaxlama və gündəlik emal gücü 150 ton olan un dəyirmanı kompleksi və qablaşdırma sahəsi daxildir. İstehsal olunan məhsulların 10,8 faizi xaricə ixrac edilən bu müəssisədə gündəlik istehsal gücü 240 ton olacaq çəltik emalı zavodunun layihələşdirilməsi də yaxın günlərdə başa çatacaq.
Sənaye sahəsində qazanılmış uğurlar şəhərin tikinti sektoruna da müsbət təsir göstərmiş, gündən-günə böyüyüb gözəlləşən Gəncədə abadlıq və quruculuq işlərinin genişləndirilməsinə səbəb olmuşdur. Belə ki, şəhərin Nizami prospekti ilə Kimyaçılar küçəsinin kəsişməsində yerləşən birbloklu çoxmərtəbəli 4 binanın, Cavad xan küçəsində mehmanxananın və Heydər Əliyev prospektində hotelin inşası davam etdirilir.
25 hektar ərazini əhatə edən “Gəncə bazar Store” ticarət mərkəzinin tikintisi də sürətlə davam etdirilir və onun sentyabr ayında açılışı gözlənilir. Burada 4 mindən çox mağaza fəaliyyət göstərəcəkdir ki, onun da nəticəsində 10 minə yaxın insanın daimi işlə təmin olunması nəzərdə tutulmuşdur.
Şəhərdaxili yolların təmiri, əhalinin və nəqliyyat vasitələri üçün əlverişli şəraitin yaradılması da davam etdirilir. Şəhərin mərkəzi hissəsində əhalinin və avtomobillərin təhlükəsiz hərəkətini təmin etmək məqsədilə Heydər Əliyev prospekti ilə Həsən Əliyev küçəsinin kəsişməsində və Heydər Əliyev prospekti ilə Cavad xan küçəsinin kəsişməsində yeraltı keçidlərin inşası başa çatdırılmışdır.
Ümumiyyətlə, şəhərdaxili yolların təmiri, əhalinin və nəqliyyat vasitələri üçün əlverişli şəraitin yaradılması mərhələli şəkildə davam etdirilir. Küçələr təmir edildikcə ərazidəki binaların, fərdi evlərin fasadlarında müasir və qədim tarixi memarlıq elementlərindən istifadə edilməklə təmir-bərpa işləri aparılır.
Böyük ədib Mir Cəlal Paşayevin adını daşıyan küçədə isə abadlıq və quruculuq işləri başa çatdırılmışdır. Yeni görkəm alan küçədə şəhərin arxitekturasına uyğun elementlərdən istifadə edilməklə yenidənqurma işləri aparılmış, yaşayış binalarının qarşısında yaşıllıqlar salınmış, uzunluğu 2 kilometrə yaxın olan küçə təxminən 4 metr genişləndirilmiş, ərazidə velosiped sürmək üçün zolaq salınmışdır. Cavad xan və Natəvan qəsəbələrində uşaq meydançaları tikilmiş, Məhsəti qəsəbəsinin 8-ci və 9-cu küçələrində yağış sularının axıdılması üçün arxlar çəkilmişdir.
Cari ilin ötən dövrü ərzində özəl sektora maliyyə dəstəyinin daha da artırılması məqsədilə Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 119 layihə üzrə 25 milyon 460 min manat güzəştli kredit verilmişdir. Həmin vəsait hesabına sahibkarlar şəhərdə yeni ticarət, iaşə, turizm və istirahət obyektləri açmışlar. Bunun da nəticəsində 3 min 883 iş yeri yaradılmışdır.
Su təchizatı və kanalizasiya infrastrukturunun yaxşılaşdırılması dövlətin sosial-iqtisadi siyasətinin prioritet istiqamətlərindəndir. Gəncə şəhərində də su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə layihələr icra olunur. Bu məqsədlə Almaniyanın KFW Bankı, İsveçrənin SEQO təşkilatının Azərbaycan hökuməti ilə maliyyə əməkdaşlığı çərçivəsində “Açıq Kommunal İnfrastruktur Proqramı”nın icrası 5 müqavilə üzrə mərhələli şəkildə davam etdirilir. Bu layihənin icrasının 2018-ci ildə başa çatdırılması nəzərdə tutulmuşdur. Layihəyə əsasən şəhəri içməli su ilə təmin etmək üçün Göygöl-Gəncə, Qızılqaya-Totanlı və Şəmkir su dəryaçasından magistral su xətti çəkilmişdir. Artıq layihəyə uyğun olaraq işin 3 mərhələsində işlər başa çatdırılmışdır.
Şəhərdə abadlıq və quruculuq işləri davam etdirilir. Xüsusilə gənc nəslin təlim-tərbiyəsi, onların peşəyönümlü işlərə cəlb edilməsi istiqamətində çoxsaylı işlər görülür. 280 şagird yerlik inteqrasiya təmayüllü internat tipli gimnaziyanın tədris korpusunun və yataqxanasının, 2 min 140 şagird yerlik 1 nömrəli tam orta məktəbin əsaslı təmiri sürətlə davam etdirilir. Şəhərdəki məktəbəqədər təhsil müəssisələrinin müasir tələblərə cavab verən səviyyəyə çatdırılması indi qarşıda duran əsas məsələlərdəndir. Mövcud uşaq bağçalarının əsaslı təmiri və yenidən tikintisi, onların müasir avadanlıqlarla təminatı da diqqət mərkəzindədir. Hazırda 120 yerlik 1 nömrəli uşaq bağçasında son tamamlama işləri görülür. Şəhərdəki 240 yerlik 44 nömrəli və Məhsəti qəsəbəsindəki 120 yerlik körpələr evi-uşaq bağçasının tikintisi davam etdirilir.

Sabir ƏLİYEV,
“Azərbaycan”