Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Nar qabığından farmakologiya və kosmetologiyada tətbiqi mümkün olan yeni məhsullar alınacaq

11 Avgust 2017
Azərbaycan Milli Elmlər Akademiyasının akademik Y.H.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu ilə Azərbaycan Nar İstehsalçıları və İxracatçıları Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalanıb.

İnstitutdan AZƏRTAC-a bildirilib ki, memorandumun məqsədi iki qurum arasında əməkdaşlığı və birgə fəaliyyətləri inkişaf etdirməkdən ibarətdir.

Memoranduma əsasən, Azərbaycanda nar meyvəsinin yetişdirilməsində istifadə olunan gübrə və dərmanların xaricdən gətirilməsinin qarşısını almaq məqsədilə həmin məhsulların istehsalı təşkil ediləcək. Nar qabığı və tumundan farmakologiya, kosmetologiya və digər istehsalat sahələrində tətbiqi mümkün olan yeni məhsullar alınacaq. Məhsulların qeydiyyatı və istehsalı üçün bu sahədə əməkdaşlıq genişləndiriləcək. Beynəlxalq ekspertlərin iştirakı ilə milli və beynəlxalq elmi-praktik konfranslar, simpoziumlar, sərgilər və digər tədbirlər keçiriləcək.

Görüşdə hər iki tərəfi maraqlandıran məsələlər barəsində geniş fikir mübadiləsi aparılıb və qarşılıqlı əməkdaşlığın perspektivləri müzakirə olunub.