Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Bakıda “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib

11 Avgust 2017
Avqustun 11-də Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində “Beynəlxalq Ordu Oyunları–2017” çərçivəsində Bakıda təşkil edilən “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının bağlanış mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycan və “Dəniz kuboku–2017” haqqında videoçarx nümayiş etdirilib.

Sonra qalibiyyət kuboku və “Dəniz kuboku–2017” yarışlarında iştirak edən komandaların bayraqları meydana gətirilib.

“Dəniz kuboku–2017” müsabiqəsində yer tutan komandalar təqdim olunub.

Bildirilib ki, hakimlər kollegiyası tərəfindən verilən balların ümumi nəticəsinə görə Azərbaycanın Hərbi Dəniz Qüvvələrinin “G-124” gözətçi gəmisi və Rusiya Hərbi Dəniz Donanmasının “Qrad Sviyajsk” kiçik raket gəmisinin heyətləri yekunda 246 bal toplayaraq müsabiqənin qalibləri elan ediliblər.

İran Hərbi Dəniz Qüvvələrinin “Cövşən” raket kateri 234 balla ikinci, Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin “Sarıarka” raket-artilleriya gəmisi isə 227 balla üçüncü yerləri tutublar.

Qalib komandalara Azərbaycan müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev və Rusiya müdafiə nazirinin müavini, general-leytenant Aleksandr Fomin kubok və medal təqdim ediblər. Bundan əlavə komandalara qiymətli hədiyyələr də təqdim olunub.

Sonra yarışın qalibi olan Azərbaycanın və Rusiyanın dövlət himnləri səsləndirilib.

Mərasimdə çıxış edən müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib ki, bu gün Azərbaycanın paytaxtı Bakıda III Beynəlxalq Ordu Oyunları çərçivəsində keçirilən “Dəniz kuboku-2017” beynəlxalq yarışlarına yekun vurulur. Bu yarışlarda iştirak etmək üçün ölkəmizə gələn Rusiya Federasiyası, İran İslam Respublikası və Qazaxıstan Respublikasının hərbi gəmiləri bir aya yaxındır ki, doğma Bakımızın qonağıdır. Rusiya Federasiyası Müdafiə Nazirliyinin təşəbbüsü ilə keçirilən Beynəlxalq Ordu Oyunları, eləcə də hazırkı “Dəniz kuboku-2017” beynəlxalq yarışları daha çox iştirakçıları cəlb edir və qoşunların peşəkar hazırlıq səviyyəsinin müəyyən edilməsi üçün möhkəm əsas yaradır. Fəxrlə qeyd etmək istəyirəm ki, bu yarışlarda Azərbaycan komandaları Silahlı Qüvvələrimizi layiqincə təmsil etdilər. Onların uğurları bizi sevindirir, çünki bu, ölkəmizin və onun Silahlı Qüvvələrinin artan nüfuzunun göstəricisidir. Yarışların şəffaf və ən yüksək səviyyədə keçirilməsi üçün tərəfimizdən dəniz poliqonlarında və təlim-məşq komplekslərində hər cür şərait yaradılıb. Prinsipial və ədalətli mübarizənin şahidi olduq.

K.Vəliyev deyib ki, beynəlxalq hakimlər kollegiyası qalibləri müəyyən edib. Hərbçilər isə öz güclərini döyüş meydanında deyil, yarış meydançalarında sınadılar. Bu yarışda ən böyük nailiyyətimiz isə Xəzəryanı ölkələrin hərbi dənizçilərinin bir-birini yaxından tanıması, qarşılıqlı etimadın güclənməsi, əməkdaşlığın möhkəmləndirilməsi, təcrübə mübadiləsi, dostluq və qardaşlıq mühitinin yaranması oldu. Heç şübhəsiz, hərbi gəmilərin Azərbaycana səfəri zamanı şəxsi heyətin ölkəmizin qədim tarixi, zəngin mədəniyyəti, ləziz mətbəxi və adət-ənənələri ilə yaxından tanış olmaq imkanı olub.

Nazir müavini “Dəniz kuboku-2017” beynəlxalq yarışlarını bağlı elan edib.

Diqqətə çatdırılıb ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstanın hərbi gəmilərinin iştirakı ilə keçirilən müsabiqənin bütün mərhələ və epizodları yerinə yetirilib.

Qeyd edilib ki, Beynəlxalq Ordu Oyunları Rusiya Federasiyasının Müdafiə Nazirliyinin təşəbbüsü ilə təşkil olunub.

III Beynəlxalq Ordu Oyunları çərçivəsində Azərbaycanda keçirilən “Dəniz kuboku-2017” beynəlxalq yarışlarının şəffaf və yüksək səviyyədə təşkili üçün hər cür şərait yaradılıb. Azərbaycanın Xəzər dənizindəki ərazi sularında iştirakçılar üç mərhələdə və altı epizodda yarışıblar.

Diqqətə çatdırılıb ki, Beynəlxalq Ordu Oyunlarının digər yarışları kimi “Dəniz kuboku-2017” də iştirakçı ölkələrin Silahlı Qüvvələri arasında qarşılıqlı etimad mühitinin inkişafına, əməkdaşlığın möhkəmləndirilməsinə, dostluq və rəqabət gücünün artırılmasına, şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlıqlarının daha da yüksəlməsinə xidmət edəcək.

“Dəniz kuboku-2017” beynəlxalq yarışları ölkələrimiz arasında qarşılıqlı əlaqələrin, dəniz təhlükəsizliyi sahəsində əməkdaşlığın daha da güclənməsinə, Xəzər dənizinin sülh, dostluq, əməkdaşlıq və mehriban qonşuluq zonası olaraq qalmasına öz töhfəsini verəcək.

Mərasimdə incəsənət ustalarının, Azərbaycan Silahlı Qüvvələrinin mahnı və rəqs ansambllarının iştirakı ilə teatrlaşdırılmış kütləvi bədii proqram təqdim olunub.

“Dəniz Kuboku-2017” beynəlxalq yarışlarının açılışına və bağlanışına həsr olunmuş təntənəli mərasimin ssenari müəllifi və quruluşçu rejissoru Əməkdar İncəsənət Xadimi, Prezidentin fərdi təqaüdçüsü, polkovnik Abdulla Qurbanidir.

Xatırladaq ki, yarışlarda Azərbaycan, Rusiya, İran və Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin gəmi heyətləri, eləcə də müşahidəçi qismində Türkiyə, Səudiyyə Ərəbistanı və Bəhreyn Silahlı Qüvvələrinin nümayəndələri iştirak ediblər.