Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Binəqədili gənclər Bilik Fondunun layihələrində daha fəal iştirak edəcəklər

08 Avgust 2017
Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun əməkdaşları Binəqədi Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsində olublar. Zəngin maddi-texniki bazası olan inzibati bina ilə tanışlıqdan sonra fondun əməkdaşları Binəqədi rayonunun gəncləri ilə görüşüblər. Bu barədə AZƏRTAC-a Bilik Fondundan məlumat verilib.

Görüşdə Bilik Fondunun icraçı direktoru Oqtay Səmədov, aparat rəhbəri İsaxan Vəliyev, sektor müdiri Xatirə Hüseynova və digər əməkdaşları, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin rəisi Elvin Aslanov, “Gənclərin Həmrəyliyinə Dəstək” İctimai Birliyinin sədri Cəmilə Abdullayeva, Binəqədi Rayon Gənclər Evi Sosial Xidmət Müəssisəsinin direktoru Sənan Əliyev və rayonun fəal gəncləri iştirak ediblər.

Görüşdə E.Aslanov rayonda gənclərin hərtərəfli inkişafı, asudə vaxtlarının səmərəli təşkili, vətənpərvərlik, idman, bədii yaradıcılıq istiqamətində müxtəlif layihələrin həyata keçirilməsi üçün yaradılan şəraitdən danışıb.

Ölkəmizdə həyata keçirilən uğurlu gənclər siyasətindən və bunun sayəsində Azərbaycan gənclərinin qazandığı uğurlardan söhbət açan O.Səmədov rəhbərlik etdiyi qurumun strukturu və gənclərin maarifləndirilməsi istiqamətində reallaşdırılan layihələrdən, onların bilik və bacarıqlarının cilalanması məqsədilə təşkil olunan müxtəlif tədbirləri xüsusi vurğulayıb. O, rayon gənclərini də həmin layihələrdə fəal iştiraka dəvət edib.

Görüşdə fondun gördüyü işlərlə yaxından tanış olan gənclər maraqlı təkliflər irəli sürüblər. Müxtəlif sahələrdə müəyyən peşəyönümlü təlim kurslarının, tanınmış elm, mədəniyyət, incəsənət və Dövlət xadimləri ilə görüşlərin və mühazirələrin təşkili, ölkəmizin tarixi və mədəniyyətinin təbliği istiqamətində birgə resursların hazırlanması bu təkliflər sırasındadır.

Söhbət zamanı gənclərin maraqlı təkliflərinin dəyərləndiriləcəyini deyən İ.Vəliyev Bilik Fondu ilə Binəqədi Rayon Gənclər və İdman İdarəsi arasında əməkdaşlığın uğurlu nəticələr verəcəyinə əminliyini bildirib.

Tədbirdə, həmçinin Binəqədi Rayon Gənclər Evinin və Bilik Fondunun birgə tədbirlər planının hazırlanması, Gənclər Evində bilik otağının yaradılması, rayon gənclərinin fondun layihələrində daha fəal iştiraklarının təmin edilməsi qərara alınıb.