Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Bakı-2017”nin “qızıl” pəhləvanları

20 May 2017
 

İki qızıl və bir gümüş medal qazanan sərbəst güləşçilərimiz qələbə sevincini Birinci vitse-prezident Mehriban Əliyeva ilə bölüşdü

 

İslam dünyasının ən böyük idman tədbirində - IV İslam Həmrəyliyi Oyunlarında həyəcan davam etməkdədir. Sözsüz ki, bu günlərdə daha çox diqqət mərkəzində olan idman növü güləşdir.
Güləşçilərimiz son 2 gündə qazandıqları medallarla dünya idman ictimaiyyətinin diqqətini özlərinə cəlb edə biliblər. Yunan-Romada 8 (4 qızıl, 1 gümüş, 3 bürünc) medal əldə edilərək möhtəşəm zəfərə imza atılıb və bu, hələ son deyil. Çünki dünən Heydər Əliyev adına İdman Sarayında sərbəst güləşçilərimiz ilk yarış günündə ölkəmizin aktivinə daha 3 medal (2 qızıl, 1 gümüş) yazdırdılar.

 

“Rio-2016”dan “Bakı-2017”dək

 

Ümumiyyətlə, güləşçilərimiz iştirak etdikləri bütün turnirlərin favoriti hesab edilirlər. Bunu olimpiya oyunlarına da şamil etmək olar. 1996-cı ildə Atlantada 1 gümüş, 2000-ci il Sidney Olimpiadasında 1 qızıl, 2004-cü ildə Afinada 1 qızıl, 2008-ci il Pekin Olimpiadasında 2 gümüş, 2 bürünc, ümumilikdə 4 medal, 2012-ci ildə Londonda 2 qızıl, 2 gümüş, 3 bürünc olmaqla yekunda 7 medal qazanan güləşçilərimiz ötən il Rioda da estafeti davam etdiriblər. Yunan-Roma güləşçilərimiz Rəsul Çunayev (66 kq) və Sabah Şəriətinin (130 kq) timsalında bürünc medala yiyələnib. Beş güləşçi ilə təmsil olunan yığmamız 2 bürünc medal qazanıb və Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 3-cü nəticə göstərib.
Qadın güləşçilərin yarışında 3 idmançı ilə təmsil olunan yığmamız 1 gümüş və 1 bürünc medal qazanıb. Mariya Stadnik (48 kq) yalnız finalda uduzaraq gümüş medala yiyələnib, Nataliya Sinişin (53 kq) isə təsəlliverici görüşlərin yekununda bürünc medala layiq görülüb. Bu nəticə ilə qadın güləşi yığmamız Dünya Güləş Birliyinin ənənəvi reytinq sıralamasında 4-cü yeri tutub.
Yarışların son üç günündə mübarizə aparan sərbəst güləş yığmamız güləş tariximizdə yeni bir səhifə yazıb. Altı idmançı ilə təmsil olunan sərbəst güləş yığmamız 2 gümüş və 3 bürünc medal qazanıb. Gümüş medalları Toğrul Əsgərov (65 kq) və Xetaq Qazyumov (97 kq), bürünc medalları isə Hacı Əliyev (57 kq), Cəbrayıl Həsənov (74 kq) və Şərif Şərifov (86 kq) qazanıblar.
Sərbəst güləş üzrə yığmamız qazanılan mükafatların sayına
(5 medal) və Dünya Güləş Birliyinin tərtib etdiyi ənənəvi reytinq sıralamasına görə komanda hesabında ilk pillədə qərarlaşıb.
Beləliklə, güləşçilərimiz 9 medal əldə etdilər. Düzdür, bunların içərisində qızıl olmasa da, yenə də uğurlu nəticə əldə edildi. Qazanılan medallar onu göstərir ki, Azərbaycan güləşinin ənənələri yaşayır.

 

Əzmkarlıqla qazanılan çempionluq

 

Dünən isə “Bakı-2017”də 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində sərbəst güləşçilər xalça üzərinə çıxıblar. Azərbaycanın Birinci vitse-prezidenti, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva final qarşılaşmalarını izləyib.
57 kq çəki dərəcəsində yarışan Mahir Əmiraslanov mübarizəyə 1/4 finaldan qoşulub. Kamerunlu Roland Tambi Nforsonqa 14:4 hesabı ilə qalib gələn təmsilçimiz yarımfinala adlayıb. Yeniyetmə və gənclər arasında kifayət qədər çoxlu titullara sahib Mahir bu mərhələdə türkiyəli Nəbi Uzunla qarşılaşıb və növbəti dəfə qələbəyə sevinib- 13:2. Finalda isə rəqib qazaxıstanlı Jandos İsmayılov olub. Çətin və maraqlı mübarizə şəraitində keçən görüşün yekununda 5:4 hesabı ilə qələbə qazanan Mahir İslamiadanın çempionu adına layiq görülüb.
Medalları ilk üç yerin sahiblərinə Birinci vitse-prezident Mehriban Əliyeva təqdim edib. Dövlət himnimiz səslənib, bayrağımız yüksəkdə dalğalanıb. Heydər Əliyev adına İdman Sarayı sevincə qərq olub. Bu qələbənin səbəbkarını alqışlayırıq!
Mahir Əmiraslanov yarışlara yüksək səviyyədə hazırlaşdığını deyib: “Bu, nəticəmdə də özünü göstərdi. Əsas hədəfim qızıl medal idi. Allaha çox şükür, çətin olsa da, buna nail oldum. Düzdür, finalda qazaxıstanlı idmançı ilə görüşdə tamaşaçılara gərgin anlar yaşatdım. Üstün olan bir anda, vəziyyət rəqibin xeyrinə dəyişdi. Az qala uduzacaqdım. Amma vaxtında toparlanıb qalib gəlməyi bacardım”.

 

Öz çəkisinin ən güclüsü

97 kq çəkidə yarışan digər pəhləvanımız Nurməhəmməd Hacıyev mübarizəyə 1/4 finaldan başlayıb. Yusup Melejayevlə (Türkmənistan) qarşılaşan idmançımız vaxtından əvvəl qələbə qazanaraq (11:1) yarımfinala adlayıb. Finala gedən yolda suriyalı Abdallah Kərəmə heç bir şans tanımayan (9:0) Nurməhəmməd həlledici görüşə vəsiqə qazanıb. Finaldakı rəqib iranlı Əmir Muhammadi olub. Nurməhəmməd Hacıyev tam üstünlüklə (11:2) qalib gələrək İslamiadanın qızıl medalına sahib olub.
Mükafatçılara medalları Birinci vitse-prezident, IV İslam Həmrəyliyi Oyunlarının Təşkilat Komitəsinin sədri Mehriban Əliyeva təqdim edib.

 

Ani səhv “gümüş”lə nəticələndi

 

65 kq çəkidə mübarizə aparan Məhəmməd Müslimov isə turnirə 1/8 finaldan başlayıb. Fil Dişi Sahilindən olan İnnosent Açi Abbi ilə qarşılaşan Məhəmməd vaxtından əvvəl qalib gələrək (10:0) dörddəbir finala vəsiqə qazanıb. Yarımfinala gedən yolda Mabunde Kumba (Qvineya-Bisau) ilə üz-üzə gələn Müslimov yenə 10:0 hesablı qalibiyyətə sevinib. Yarımfinalda rəqib əfqanıstanlı Malilk Can Sadid olub. Müslimov bu dəfə də 10:0 hesabı ilə qələbə qazanaraq finala vəsiqə əldə edib. Həlledici mərhələdə rəqib iranlı Meisam Nasiri olub. Gərgin keçən və prinsipiallığı ilə fərqlənən qarşılaşmada təmsilçimiz 2:1 hesabı ilə irəlidə olsa da, görüşün sonuna yaxın etdiyi səhv ona baha başa gəlib. Yekunda 3:5 hesabı ilə uduzaraq Məhəmməd Müslimov “Bakı-2017”ni gümüş medalla başa vurub.
74 kq çəki dərəcəsində yarışan Cəbrayıl Həsənov üçün İslamiada uğursuz olub. Mübarizəyə 1/8 final mərhələsindən start verən Rio Olimpiadasının bürünc mükafatçısı iranlı Peyman Yarəhmədi ilə münasibətlərinə aydınlıq gətirib. Gərgin keçən qarşılaşmada idmançımız rəqibinə 1:3 hesabı ilə uduzub. Yarəhmədi 1/4 finalda Özbəkistan təmsilçisi Bekzod Abduraxmonova məğlub olduğundan Cəbrayılın bürünc medal uğrunda güləşmək şansı da qalmayıb.

Elçin CƏFƏROV,
“Azərbaycan”,
Foto F.BAĞIROVUN və AZƏRTAC-ındır