Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Boksçularımız nümunə göstərdilər

19 May 2017
 

Prezident İlham Əliyevin mənəvi dəstəyi idmançılarımızı növbəti parlaq zəfərə apardı

 

Dünyada ən qədim idman növlərindən biri sayılan boks ölkəmizdə də böyük ənənələrə malikdir. Dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında, digər beynəlxalq mötəbər yarışlarda dəri əlcək ustalarımızın qazandıqları saysız-hesabsız parlaq qələbələr buna sübutdur.

Başqa sözlə, dövlət başçısının idmana, o cümlədən boksa göstərdiyi böyük qayğı və diqqət öz bəhrəsini verir. Artıq boks idman növü ölkəmizdə özünün yeni inkişaf mərhələsinə qədəm qoyub. Son illər digər mötəbər yarışlarla yanaşı, Bakı boks üzrə dünya çempionatına da evsahibliyi edib.

Dünən isə IV İslam Həmrəyliyi Oyunlarının “Bakı Kristal Zal”ında keçirilən boks yarışlarına yekun vurulub. 7 gün ərzində 10 çəki dərəcəsində davam edən mübarizədə Azərbaycan boksçuları bir daha öz ustalıqlarını nümayiş etdirərək 3 qızıl, 3 gümüş və

1 bürünc medal qazandılar.

İlk olaraq 60 kiloqram çəki dərəcəsində həlledici döyüşdə  Azərbaycan təmsilçisi Cavid Çələbiyev iraqlı boksçu Əmmar Kərbəlayi ilə üz-üzə gəlib. Hər üç raundda rəqibindən güclü olan idmançımız İslamiadanın boks yarışlarında ölkəmizə ilk qızıl medalı qazandırıb. Bu çəki dərəcəsində Türkmənistan təmsilçisi H.İmankuliyev və qazaxıstanlı boksçu S.Zaurbəy bürünc medallara sahib çıxıblar.

Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və ailə üzvləri final görüşünə baxıblar. Medalları mükafatçılara dövlət başçısı təqdim edib.

Cavid Çələbiyevin şərəfinə Azərbaycan Respublikasının dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

Bundan sonra 69 kiloqram çəki dərəcəsində mübarizə aparan boksçumuz Tamerlan Abdullayev final görüşünə çıxıb. Həlledici qarşılaşmada Özbəkistan idmançısı Bobousman Baturova məğlub olan təmsilçimiz gümüş medalla  kifayətlənib. Qazaxıstanlı boksçu İlya Oçkin və suriyalı idmançı Əhməd Qhosson isə bu çəki dərəcəsində bürünc medala yiyələniblər.

75 kiloqram çəki dərəcəsində Azərbaycanı təmsil edən Kamran Şahsuvarlı da gümüş medal əldə edib. Final görüşündə qalib gələn Tursunbəy Kulaxmət İslamiadanın qızıl medalına layiq görülüb. Bürünc medalları Kamerun boksçusu Vilfred Ntsenue və mərakeşli Yones Qərrumi qazanıblar.

Daha bir gümüş medalı ölkəmizə Rauf Rəhimov qazandırıb. O, 81 kiloqram çəki dərəcəsində həlledici görüşdə türkmənistanlı Arslanbəy Açilovla qarşılaşıb və döyüşdən məğlub ayrılıb. Türkiyə boksçusu Cem Karlıdaq və Misir idmançısı Əbdülrəhman Əbdülqəvvad İslamiadanın bürünc medalına yiyələniblər.

Azərbaycana növbəti qızıl medalı isə dünya, Avropa çempionatları və Olimpiya Oyunlarının mükafatçısı Teymur Məmmədov qazandırıb. O, 91 kiloqram çəki dərəcəsində final qarşılaşmasında türkiyəli Burak Akşini məğlubiyyətə uğradaraq İslamiadanın qalibi olub. Bu çəki dərəcəsində Eldin Alaa (Suriya) və Əbdülcəlil Əbuhəmdə bürünc medala sahib çıxıblar.

Mükafatlandırılma mərasimində boksçumuzun şərəfinə dövlət himni səsləndirilib, dövlət bayrağı qaldırılıb.

 Bu fərəhli və qürurverici mərasim İslamiadanın boks yarışlarının sonuncu döyüşündən sonra da təkrarlanıb. 91 kiloqramdan yuxarı çəki dərəcəsində ölkəmizi təmsil edən dünya çempionu Məhəmmədrəsul Məcidov final qarşılaşmasında suriyalı idmançı Manaf Əsədə qalib gələrək komandamızın qazandığı qızıl medalların sayını 3-ə çatdırıb. Mərakeş boksçusu Məhəmməd Ərjai və iordaniyalı Hüseyn İaşaiş bürünc medala yiyələniblər.

Daha  bir boksçumuz Tayfur Əliyev isə 56 kiloqram çəki dərəcəsində bürünc medala sahib çıxıb.

Beləliklə, Azərbaycan boksçuları qələbə ənənəsini davam etdirərək IV İslam Həmrəyliyi Oyunlarını 7 medalla başa vurublar.

 

Rizvan HİLALOĞLU,

Elçin CƏFƏROV,

“Azərbaycan”