Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aydının uğuru bizi sevindirir

23 Aprel 2017
 

Aydın Şahpələngovun 13  yaşı var. Artıq neçə ildir ki, şahmatla məşğul olur. Qusar Şahmat Məktəbinin yetirməsidir.  Mütəmadi olaraq mötəbər turnirlərdə iştirak edir. Ötən il Aydın Bakıda keçirilmiş beynəlxalq turnirdə,  dərəcəli  şahmatçılarla yarışda göstərdiyi nəticə ilə  - 1600 əmsalla FİDE sıralamasına qatılmışdır.

Aydın bu günlərdə də paytaxtdan rayonumuza qələbə ilə qayıdıb. FİDE qaydaları üzrə aparılan ənənəvi Fuad Cəfərov memorialının açıq şahmat turnirində A.Şahpələngov 7 turda  5,5 xalla birinci  olub. Ona diplom, medal və pul mükafatı verilib.

Bu gün Qusar Şahmat Məktəbində idmanın bu növü ilə  məşğul olan uşaqlar çoxdur. Aydın kimi fərqlənən, perspektivli şahmatçılarımız var.  Əminik ki, gələcəkdə dünya əhəmiyyətli turnirlərdə onlar respublikamızı layiqincə təmsil edəcək, bayrağımızı uca tutacaqlar. Bunun üçün biz - məktəbin müəllim heyəti əlimizdən gələni əsirgəməyəcəyik.

Valideynlərə də bir tövsiyəmiz var: uşaqlarda idmana, eləcə də onların   zehni inkişafına təkan verən  şahmata maraq oyatsınlar. İdman həm sağlamlıqdır, həm də ölkəmizi, xalqımızı dünyada tanıtmaq üçün effektli vasitədir. 

 

Həbib AĞALAROV,

Qusar rayonu,

şahmat ustası