Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Azərbaycan beynəlxalq aləmdə etibarlı tərəfdaş kimi qəbul olunur

13 Aprel 2017
 

Qlobal layihələrin həyata keçirilməsində ölkəmiz beynəlxalq iqtisadi-siyasi proseslərdə aparıcı qüvvəyə çevrilib. Azərbaycan diplomatiyası regional əməkdaşlıq, enerji təhlükəsizliyi, habelə beynəlxalq təşkilatlarda təmsilçilik kimi məsələlərdə milli maraqların prioritetliyini maksimum səviyyədə təmin edir, bölgədə müşahidə olunan neqativ geosiyasi dəyişiklik meyillərinə rasional və təmkinli münasibət göstərir. 

Cənab İlham Əliyevin prezidentlik dövrü ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının hazırlanması və işlək mexanizmlər əsasında həyata keçirilməsi, ən müxtəlif sahələrdə intibah və tərəqqi prosesinin geniş vüsət alması ilə səciyyəvidir. Ümumiləşdirilmiş tərzdə ifadə etsək, qlobal enerji və nəqliyyat-kommunikasiya layihələrinin uğurla gerçəkləşdirilməsi, Avropanın enerji təhlükəsizliyinin təminatında Azərbaycanın rolunun artırılması, yeni neft strategiyasının milli mənafelərə uyğun davam etdirilməsi, infrastrukturun bütün sferalarda yeniləşdirilməsi məsələləri ötən müddətdə cənab İlham Əliyevin iqtisadi siyasətinin əsas qayəsini təşkil etmişdir. Avratlantik məkana inteqrasiya, demokratikləşmə və vətəndaş cəmiyyəti quruculuğu prosesi, liberal iqtisadi siyasi mühitin, habelə ölkədə güclü insan kapitalının formalaşdırılmasına xidmət edən milli maarifçilik hərəkatının başlanması, cəmiyyətdə informasiya-kommunikasiya texnologiyalarının geniş tətbiqi və s. məsələlər də dövlət başçısının diqqət mərkəzində olmuşdur.
Dünyada Azərbaycanın inkişaf modeli haqqında danışılır və nümunə kimi göstərilir. Siyasi sahədə, eləcə də beynəlxalq münasibətlərin tənzimlənməsində, ölkədaxili proseslərin inkişafında dövlətimizin təcrübəsi öyrənilir. Beynəlxalq aləmə çoxşaxəli inteqrasiyanın təmin olunması, iqtisadi və geostrateji maraqların ödənməsi, vətəndaşların təhlükəsiz yaşayışının təmin olunması həyata keçirilən xarici siyasətin prioritet məqsədləridir. Prezident İlham Əliyev ötən 14 ildə dünya siyasətinə əsaslı təsir imkanları olan dövlətlərlə qarşılıqlı faydalı əməkdaşlığı genişləndirmək, inkişaf etdirmək, beynəlxalq təşkilatlarda Azərbaycanın mövqelərini gücləndirmək istiqamətində sistemli fəaliyyət göstərir. Son illər mühüm beynəlxalq tədbirlərin keçirilməsi üçün Bakı şəhərinin seçilməsi, eyni zamanda qlobal əhəmiyyətli tədbirlərə ölkəmizin dəvət olunması Azərbaycanın beynəlxalq nüfuzunu daha da yüksəldir.
Prezident İlham Əliyev Nazirlər Kabinetinin cari ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Azərbaycanın qüdrətli dövlət kimi beynəlxalq aləmdə nüfuz qazandığını bildirib: “İlin əvvəlindən beynəlxalq fəaliyyətimiz də çox uğurlu olmuşdur. Mən birinci rübdə 7 xarici səfər etmişəm. Bu səfərlərin çox böyük əhəmiyyəti var. İlk növbədə, beynəlxalq konfranslarda mənim iştirakım ölkəmizin maraqlarının təmin edilməsi üçün çox böyük əhəmiyyət daşıyır. Bilirsiniz ki, dünyanın iki mötəbər beynəlxalq tədbiri var - biri Davos Ümumdünya İqtisadi Forumu, hansı ki, siyasi və iqtisadi məsələləri diqqətdə saxlayır və dünyanın siyasi və iqtisadi elitası orada iştirak edir. İkincisi isə Münxen Təhlükəsizlik Konfransıdır, bu da daha çox təhlükəsizlik və siyasi məsələlərin müzakirəsinə həsr olunur. Hər iki mötəbər tədbirdə iştirak edərkən mən ölkəmizin mövqeyini, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, Ermənistanın işğalçı siyasəti ilə bağlı mövqeyini dünya ictimaiyyətinə bir daha çatdırdım. Eyni zamanda, Davos İqtisadi Forumunda dövlət başçıları, aparıcı beynəlxalq şirkətlərin rəhbərləri ilə çoxsaylı görüşlərim, əlbəttə ki, bizim maraqlarımızı təmin edir. Mən 10 ildən çoxdur ki, Davos Ümumdünya İqtisadi Forumunda iştirak edirəm və o görüşlər əsnasında ölkəmiz üçün bir çox önəmli layihə həyata keçirilir. Əlbəttə, bizim bu tədbirlərdə iştirakımız, fəal rolumuz ölkəmizə rəğbəti, hörməti artırır və bu gün Azərbaycan beynəlxalq arenada çox etibarlı tərəfdaş kimi tanınır”.
Rəsmi Bakı regionda siyasi-hərbi qütbləşmənin dərinləşməsinə deyil, sivil əməkdaşlıq, qarşılıqlı inam mühitinin yaranmasına çalışır. Respublikamızın diplomatiyada ardıcıl, qətiyyətli, prinsipial, öhdəliklərinə sadiq tərəfdaş imicini qazanması onun müxtəlif güc mərkəzləri ilə münasibətlərinin xarakterində hansısa şübhə və tərəddüdlərə yer qoymur. İstənilən siyasi gərginliyin beynəlxalq hüquq prinsipləri əsasında, diplomatik danışıqlar və qarşılıqlı anlaşma şəraitində aradan qaldırılması zərurətini diqqətə çəkən rəsmi Bakı Azərbaycanın geosiyasi rəqabət meydanına çevrilməsinə, hansısa dövlətə hərbi güc tətbiqində platsdarm ərazi kimi istifadə edilməsinə heç zaman yol verməyəcəyini qətiyyətlə bəyan etmiş, bunu əməli fəaliyyəti ilə sübuta yetirmişdir.
Uzun illər regionda siyasi orbitr rolunda çıxış etməyə iddialı olan bəzi dövlətlərin respublikamıza bərabərhüquqlu tərəfdaş kimi yanaşmaq məcburiyyətində qalması, rəsmi Bakı ilə təzyiq və təhdid dilində danışmağın mənasızlığını dərk etməsi bu gün Azərbaycan diplomatiyasının ən mühüm uğurlarından biri kimi vurğulana bilər. İrili-xırdalı bir çox dövlətlərin respublikamızla hesablaşması, onun mənafeyini nəzərə alması ilk növbədə qətiyyətli, inamlı, praqmatik, dünya siyasi arxitekturasının reallıqlarına cavab verən xarici siyasətin nəticəsidir. Ölkə iqtidarının xalqın dəstəyinə arxalanması, hər bir məsələdə milli maraqları önə çəkməsi sayəsində Azərbaycanın xarici siyasəti dövlətin maraq və təhlükəsizliyinə qarşı yönələn istənilən təhdidə çevik müqaviməti təmin edir.
Enerji mənbələrinə nəzarət uğrunda rəqabətin gücləndiyi, enerji təhlükəsizliyi məsələsinin ciddiliklə gündəmə gəldiyi indiki şəraitdə respublikamızın bu sahədə öncül mövqelərə çıxması faktı danılmaz reallıq kimi diqqəti çəkir. Azərbaycanın enerji siyasəti ölkəmiz, xalqımız və bütöv region üçün böyük faydalar verir. Neft-qaz resurslarımız ölkə iqtisadiyyatını gücləndirir, eyni zamanda beynəlxalq mövqelərimizi də möhkəmləndirir.
Prezident İlham Əliyevin inamla davam etdirdiyi yeni neft strategiyasının nəticəsi olaraq müstəqil respublikamız nəinki enerji müstəqilliyini təmin edib, eyni zamanda Avropanın enerji təhlükəsizliyinin başlıca təminatçılarından birinə çevrilib. Bunun nəticəsi kimi ölkəmizin dünya miqyasında geosiyasi önəmi və beynəlxalq nüfuzu yüksəlib. Azərbaycanın neftlə yanaşı, böyük qaz hasilatçısı ölkəsinə çevrilməsi yeni ixrac imkanlarının artmasına və buna müvafiq olaraq daha irimiqyaslı layihələri reallaşdırmağa imkan yaradır.
“Cənub qaz dəhlizi” layihəsi dünyanın neft-qaz sənayesində indiyə qədər həyata keçirilmiş ən böyük və mürəkkəb təşəbbüslərdən hesab olunur. Türkiyə ilə Transanadolu boru kəməri - TANAP-a dair tarixi saziş imzalanmış, TAP layihəsi əsas ixrac marşrutu seçilmişdir. “Cənub qaz dəhlizi”nin birinci hissəsi 2007-ci ildə istifadəyə verilmişdir. Ondan sonrakı dövr ərzində bu böyük layihə üzərində davamlı işlər həyata keçirilməyə başlanmışdır. 2013-cü ildə TAP layihəsi - Transadriatik kəmərinin əsas ixrac marşrutu barədə əldə olunan razılıq isə “Cənub qaz dəhlizi”nin üçüncü mərhələsidir. Uzunluğu 870 kilometr olacaq TAP kəməri Türkiyə-Yunanıstan sərhədində TANAP-la birləşəcək, sonra isə Yunanıstan və Albaniya ərazilərindən Adriatik dənizinin altından keçməklə İtaliyanın cənub sahillərinədək uzanacaq. Cənub-Şərqi Avropanı təbii qazla təmin edəcək TAP gələcəkdə Xəzər hövzəsində hasil olunan təbii qazın qitənin digər böyük qaz istehlakçılarına - Almaniya, Fransa, Böyük Britaniya, İsveçrə və Avstriyaya ötürülməsi üçün də geniş imkanlar açacaq. İlkin mərhələdə Azərbaycan qazının daşınması “Şahdəniz-2” layihəsinin hasilatı hesabına olacaqdır.
2015-ci ildə Türkiyənin Qars vilayətində Türkiyə, Gürcüstan və Azərbaycan prezidentlərinin iştirakı ilə TANAP-ın təməlqoyma mərasimi keçirilib. TANAP layihəsi “Cənub qaz dəhlizi” layihəsinin reallaşmasında olduqca əhəmiyyətli idi. 2018-ci ildə Türkiyəyə 6 milyard, 2019-cu ildə isə Avropaya 10 milyard kubmetr qaz nəql olunacaq. 2025-ci ilədək Azərbaycan qaz ixracatını 40-50 milyard kubmetrə çatdıracaqdır. “Cənub qaz dəhlizi” ilə bağlı sazişin imzalanmasından sonra Azərbaycan Avropa üçün əhəmiyyətli bir tərəfdaşa çevrilməklə artıq enerji təchizatı marşrutlarını şaxələndirməyə nail olub.
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində keçirilən nazirlərin birinci və ikinci görüşündə layihənin həyata keçirilməsi ilə bağlı məsələlər müzakirə olunmuş, mətbuat üçün bəyanat qəbul edilmişdi. Müvafiq layihənin həyata keçirilməsi üçün cəlb edilmiş ölkələrin enerji nazirlərindən ibarət Məşvərət Şurasının yaradılması təşəbbüsü bu layihənin strateji əhəmiyyətini yüksək qiymətləndirən, eyni zamanda onun enerji sahəsindəki əməkdaşlığı daha da dərinləşdirməsi perspektivlərinə böyük önəm verən Prezident İlham Əliyev tərəfindən irəli sürülüb.
“Şahdəniz” dünyanın ən nəhəng qaz yataqlarından biridir və onun ehtiyatı 1,2 trilyon kubmetrdir. Ötən müddətdə “Şahdəniz-2” layihəsi üzrə işlərin 90 faizi, Cənubi Qafqaz Boru Kəməri üzrə 80 faizə yaxını, TANAP üzrə 65 faizi və Transadriatik kəməri üzrə isə 34 faizi icra edilmişdir. 2016-cı ilin fevralında nazirlər səviyyəsində keçirilmiş ikinci toplantıdan sonra Abşeron qaz layihəsi üzrə də işlərə başlanılıb. Abşeron yatağının birinci mərhələsi üzrə qaz potensialı hesablanıb və bu yataq Azərbaycanın qaz potensialının əlavə mənbəyi olacaq.
Bakıda “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısının keçirilməsi də mühüm əhəmiyyət daşıdı. İclasda ABŞ və Böyük Britaniya hökumətlərinin yüksək nümayəndələri, həmçinin “Cənub qaz dəhlizi”nin iştirakçısı olan ölkələrin energetika nazirləri və müxtəlif qurumların təmsilçiləri, o cümlədən Avropa Komissiyasının enerji birliyi üzrə vitse-prezidenti, Məşvərət Şurasının həmsədri Maroş Şevçoviç iştirak etdilər. Avropa İttifaqının nümayəndə heyətinin tərkibinə həmçinin Avropa Komissiyasının nümayəndələri Bernard Birvert, Andras Rozmer, Kurt Qlayzer və Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri Malena Mard daxil idi.
İclas çərçivəsində keçirilən dörd plenar sessiya və “dəyirmi masa”da enerji məsələləri müzakirə olundu. “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısında bu enerji layihəsinin bütün seqmentləri üzrə görülmüş işlərə dair hesabat dinlənildi, layihəyə cəlb edilmiş ölkələrin nazirlərinin çıxışları oldu, həmçinin “Qlobal enerji bazarının dəyişən trendləri fonunda CQD-nin maliyyələşdirilməsi” mövzusu geniş müzakirə edildi. Sessiyada “Cənub qaz dəhlizi”nin seqmentləri - Cənubi Qafqaz Boru Kəməri, “Şahdəniz-2” TANAP və TAP-ın icra vəziyyəti və gələcəkdə görüləcək işlər də nəzərdən keçirildi. “Cənub qaz dəhlizi”nə qoşulmaq istəyən ölkələrin sayı artır. Yunanıstan və Bolqarıstan arasında qaz kəmərlərinin birləşdirilməsi “Cənub qaz dəhlizi” layihəsi üçün yeni perspektivlər açır. Həmin ölkələr layihəyə qoşulmaqda maraqlı olduğunu bəyan ediblər.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının işində dünyanın ayrı-ayrı ölkələrini təmsil edən vəzifəli şəxslərin iştirakı layihə ilə bağlı müzakirələrin daha yüksək səviyyəyə qaldırıldığını, etibarlı enerji təchizatçısı kimi Azərbaycanın yalnız Avropa üçün deyil, daha geniş miqyasda əhəmiyyətinin artdığını göstərdi. Azərbaycanın təşəbbüsü və liderliyi ilə Avropanın enerji təminatında yeni mənbənin müəyyənləşdirilməsi və yeni dəhlizin yaradılması tarixi hadisədir.
Prezident İlham Əliyev 2017-ci ilin ölkəmiz üçün çox uğurlu olacağını bildirib: “Cənub qaz dəhlizi”nin icrası artıq reallıqdır. Düzdür, bizə əngəl törətmək istəyənlər də var. Bu da təbiidir. Biz bunu hələ 10 il bundan əvvəl görmüşük. Yadımdadır, o vaxt Bakı-Tbilisi-Ceyhan neft kəməri tikiləndə bizim siyasətimizə zərbə vurmaq istəyən qüvvələr, eyni zamanda erməni lobbisi və bu layihəyə müsbət yanaşmayan bəzi dairələr müxtəlif yollarla daha çox ekoloji bəhanələri gətirərək çalışırdılar ki, bizim işimizə zərbə vursunlar. Buna müəyyən dərəcədə nail oldular. Yadımdadır, o vaxt hətta bəzi beynəlxalq maliyyə qurumları da kreditləşməni bir qədər yubatdılar. Ancaq buna baxmayaraq, Bakı-Tbilisi-Ceyhan 2006-cı ildə açıldı. Bu gün də bəzi dairələr, bəzi kənar qüvvələr çalışırlar ki, yenə də ekoloji bəhanələr gətirərək “Cənub qaz dəhlizi”nin bəzi seqmentlərində işləri yubatsınlar. Ancaq bunun heç bir əsası yoxdur. Bu, sadəcə olaraq bir bəhanədir. Bütün ekoloji normalar gözlənilir, bütün məsələlər razılaşdırılıb. Tezliklə “Cənub qaz dəhlizi”nin istifadəyə verilməsi həm bizim, həm də bu layihədə iştirak edən və bu layihədən gələcəkdə xeyir götürəcək bütün tərəflər üçün önəmlidir. Mən əminəm ki, 2017-ci il bu baxımdan həlledici il olacaq və biz gələn il TANAP layihəsinin açılışını qeyd etməliyik”.
Azərbaycan regionda lider mövqeyini qoruyub saxlayır. Bərabərhüquqlu tərəfdaşlıq və müstəqil siyasət prinsiplərinə sadiq olan rəsmi Bakı hansısa dövlətin Azərbaycanın daxili işlərinə qarışmasına qətiyyətlə yol vermir. İqtisadi, siyasi, hərbi sahədə qüdrətimizin ildən-ilə əhəmiyyətli dərəcədə artması deməyə əsas verir ki, ölkəmiz qarşıda daha böyük uğurlara imza atacaq.

Elnur HACALIYEV,
“Azərbaycan”