Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“YARAT”ın daimi kolleksiyasında olan əsərlər “Zamanın izləri”ndə nümayiş olunacaq

12 Aprel 2017
Aprelin 14-də Qusar Dövlət Rəsm Qalereyasında “YARAT” Müasir İncəsənət Mərkəzinin təşkilatçılığı ilə fotoqrafiya və rəngkarlıq sahələrində çalışan yerli və regionun müasir rəssamlarının əsərlərindən ibarət sərgi açılacaq.

AZƏRTAC xəbər verir ki, “Zamanın izləri” adlı sərginin ekspozisiyasına daxil olan əsərlər “YARAT”ın daimi kolleksiyasına aiddir.

Sərgi nəzərdən qaçırılmış və istənilmədən unudulmuş gündəlik həyatımızın bayağılığını dəyərləndirməyə çağırır. Həmçinin sərgi müxtəlif təsviri sənət sahələrində çalışan yerli və xarici müasir rəssamların ətrafında hər dəqiqə baş verənləri müşahidə etmək üçün yeni üslublar təklif edir.

Sərgidə Azərbaycanın tanınmış gənc fotoqrafları Sənan Ələsgərovun “Sadəliyin şəffaflığı”, İlkin Hüseynovun “Rəngləri xatırlayaraq” fotosilsilələri, Sitara İbrahimovanın “Oğlan yaxşı, qız belə” foto və video layihəsi, gənc rəssamlar Fərid Rəsulovun “Memarlıq dixatomiyası” silsiləsinə aid bir əsəri, Ramal Kazımın əlli rəsmdən ibarət “Adsız” kollajı, Orxan Hüseynovun “Sovetsk atelyesi” videosu, Rəşad Babayevin qarışıq texnika ilə hazırlanmış “Poetik heykəl” adlı heykəli, rusiyalı Olqa Çernışovanın “Ekranlar” adlı video əsərlər silsiləsi, Vyanada yaşayıb-yaradan türkiyəli Nilbar Güreşin “Qapısı açıq telefon köşkü” və Berlində yaşayıb-yaradan türkiyəli Nevin Aladağın “Beş daş oyunu” fotosilsilələri nümayiş olunacaq.

İyulun 10-dək davam edəcək sərgiyə giriş sərbəstdir.