Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Xaçmaz rayonunun 90 yaşayış məntəqəsində əhalinin tibbi dispanserizasiyası yekunlaşıb

10 Aprel 2017
Xaçmaz rayonunun 151 yaşayış məntəqəsindən 90-da əhalinin tibbi dispanserizasiyası başa çatıb.

AZƏRTAC xəbər verir ki, Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq keçirilən aksiya çərçivəsində fevralın 15-dən etibarən rayonda 80 min nəfərə yaxın sakin müayinələrə cəlb olunub.

Bütün sakinlərin müayinədən keçmələrini təmin etmək məqsədilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasında səyyar briqadalar yaradılıb. Niyazoba kəndində tibbi müayinə zamanı yoxlamadan keçən 2 min 57 sakindən 100 nəfərində müxtəlif xəstəliklər aşkarlanıb. Ətrafdakı beş kəndin sakinləri də buradakı həkim məntəqəsində təşkil olunan müayinələrdən keçir.

Kəndlərə göndərilən səyyar həkim briqadasında 5 həkim və 2 orta tibb işçisi əhaliyə xidmət göstərir.

Xaçmaz Rayon Mərkəzi Xəstəxanasının baş həkiminin müavini Lətif Abbasov bildirib ki, hazırda kampaniya müvəffəqiyyətlə davam edir. Ölkə vətəndaşlarının tibbi müayinəyə cəlb edilməsi xəstəliklərin erkən aşkarlanmasına və vaxtında müalicəsinə, əhalinin sağlamlığının, xalqımızın genefondunun qorunmasına yönəlib. Mərkəzi xəstəxana bütün lazımi tibbi avadanlıqlarla təmin olunub və rayonun səhiyyə işçiləri aksiyada fəal iştirak edirlər. Xəstəliklərdən şikayət edən vətəndaşlar kardioqram, ultrasəs, rentgen və laborator müayinələrdən keçirilirlər. Müayinə olunan vətəndaşlar ehtiyac yarandıqda müalicə üçün Bakı şəhərinin müxtəlif ixtisaslaşdırılmış tibb müəssisələrinə göndərilir.

Mayın 15-dək davam edəcək tibbi müayinələrə rayonun bütün sakinlərinin cəlb olunması nəzərdə tutulur.