Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Şahdağ” Turizm Mərkəzinə dörd ayda 90 mindən çox turist gəlib

23 Mart 2017
Bayram günlərində Qusar rayonunda yerləşən “Şahdağ” Turizm Mərkəzinə gələn turistlərin sayı xeyli artıb. İstirahət kompleksində dincələn qonaqların əksəriyyətini əcnəbi turistlər təşkil edir.

Turizm mərkəzinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Gülnar Mustafayeva AZƏRTAC-a bildirib ki, qış mövsümü açılandan bəri mərkəzi, ümumilikdə, 90 mindən çox turist ziyarət edib. Ötən ilin eyni dövründə isə bu göstərici 60 min idi.

Bayram günlərində mərkəzdə yerləşən otellərdəki yerlərin 90 faizi əvvəlcədən sifariş verilib. Bu günlərdə mərkəzin xidmətlərindən istifadə edən arasında İran İslam Respublikasından, Rusiyadan və ərəb ölkələrindən əcnəbi turistlər üstünlük təşkil edir.

Hər il olduğu kimi, bu il də turizm mərkəzində bayram günlərində qonaqların mükəmməl istirahətini təmin etmək məqsədilə müvafiq hazırlıq işləri həyata keçirilib. Novruz bayramı ilə əlaqədar turizm mərkəzində martın 26-dək davam edəcək bayram proqramı və şənliklər hazırlanıb.

Qonaqlar bayram günlərində təkcə qarlı Şahdağ yamaclarında xizək sürməkdən deyil, eyni zamanda, ənənəvi Novruz əyləncələrindən və xizəkçilərin möhtəşəm görüntülü məşəl şousundan həzz almaq imkanı qazanıblar. Mərkəzdə bayram münasibətilə keçirilən tədbirlər çərçivəsində dahi bəstəkar Üzeyir Hacıbəylinin eyniadlı operettası əsasında hazırlanan “Arşın mal alan” musiqili komediyası da nümayiş etdirilib.

Qeyd edək ki, “Şahdağ” Turizm Mərkəzində bu qış mövsümünə hava şəraitindən asılı olaraq aprel ayının ikinci ongünlüyündə yekun vurulması nəzərdə tutulub.