Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sumqayıtda Novruz şənliyi

19 Mart 2017
Son illər Sumqayıtda həyata keçirilən layihələr sayəsində şəhərin siması daha da gözəlləşmişdir. Şəhərdə bulvar kompleksi yaradılmış, abadlıq-quruculuq işlərinin həcmi genişlənmiş, yeni müəssisələr fəaliyyətə başlamış, insanların sosial-rifah halı yaxşılaşmışdır.

 

Ötən ilin sentyabrında Sumqayıta səfəri zamanı burada həyata keçirilən layihələri ölkə başçısı İlham Əliyev də yüksək qiymətləndirərək demişdir: “Sumqayıtın bugünkü vəziyyəti, bugünkü görkəmi həm şəhər sakinlərini, həm də bütün Azərbaycan xalqını sevindirir. Son illər ərzində Sumqayıtda çox böyük işlər görülüb. Sumqayıtın sənaye potensialı ölkəmizi gücləndirir. Sumqayıt artıq bu gün nəinki Azərbaycanın, Cənubi Qafqazın ikinci sənaye mərkəzidir”

Sumqayıtda bayramları da töhfələrlə qarşılamaq, qədim adətlərimizi müasirlik baxımından yeni çalarlarla təqdim etmək ənənə şəklini alıb. Novruz bayramı ərəfəsində də belə oldu. Reklam tablolarında səməni, şəkərbura, paxlava, Bahar qızının şəkilləri hamının diqqətini cəlb edir. Çərşənbələrdə sakinlər şəhərin məhəllə və mikrorayonlarında tonqallar yandırıb şənləndilər. İlaxır çərşənbədən sonra Keçəl və Kosa qara zurnanın sədaları altında şəhəri dolaşır, evlərin qonağı olur, məktəblərdə şagirdlərlə görüşüb maraqlı söhbətlər aparırlar. 

Martın 18-də şəhər icra hakimiyyəti binasının qarşısı, Sumqayıt bulvarı, küçələr izdihamlı idi. 

Bayram tədbirində iştirak edənlər əvvəlcə Sumqayıt bulvarının girəcəyindən start götürdü. Şəhər İcra Hakimiyyətinin rəhbəri, Milli Məclisin deputatları, ölkəmizdə akkreditə olunan səfirliklərin nümayəndələri də iştirakçılar arasında idilər. Giriş tağlarının qarşısındakı tonqal alovlandırıldı. Dədə Qorqud, Keçəl və Kosa tamaşaçılarda şirin ovqat yaratdı. İdmançıların nümunəvi çıxışları maraqla izləndi.

Sonra bulvar boyu qurulmuş çadırlara doğru irəliləyən iştirakçılar tariximizin müxtəlif dövrlərini əks etdirən eksponatlarla tanış oldular. Burada aşıqların avazı, musiqi sədaları, atların kişnərtisi hamını valeh etdi. İştirakçılar sacda yenicə bişən lavaşdan, bükmədən daddılar.

Bulvarın mərkəzində ucalan müqəddəs bayrağımızın ətafında Qarabağ döyüşlərinin qəhrəmanlarının foto stendi, hərbçilərimizin nümunəvi çıxışları hamının diqqətini özünə cəlb etdi.

Müğənnilərin oxuduqları mahnılar, aktyorların ifa etdikləri şeirlər mərasimi daha da rövnəqləndirdi.

 

Akif ƏLİYEV,

“Azərbaycan”