Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Belarusda Azərbaycanın kənd təsərrüfatı məhsullarına maraq var

18 Mart 2017
 

“Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-də Belarusun “Belqospişeprom” Dövlət Konserninin və Belarus Kooperativlər İttifaqının (“Belkoopsoyuz”) nümayəndələri ilə işgüzar görüş keçirilib.

ASC idarə heyətinin sədri Əbülfət Qocayev qonaqlara məlumat verərək bildirib ki, Prezident İlham Əliyevin 11 aprel 2016-cı il tarixli sərəncamı ilə yaradılmış qurumun 12 regionda bölmələri, 46 rayonda dayaq məntəqələri yaradılmışdır. “Hazırda ASC yaxın xarici ölkə bazarlarına Azərbaycan məhsullarının ixracı prosesini həyata keçirir. Artıq bizim xəttimizlə Rusiya bazarlarına 1000 ton kənd təsərrüfatı məhsulları ixrac olunub və ixrac prosesi həftəlik olaraq davam etdirilir” - deyən Ə.Qocayev diqqətə çatdırıb ki, ASC güclü aqrar potensialı olan Belarus Respublikasının analoji qurumları ilə əməkdaşlıq etmək və təcrübə mübadiləsi aparmaqda maraqlıdır. Sədr mövsümdən asılı olaraq Belarusa meyvə-tərəvəz, meyvə şirələri və digər məhsulların ixracını təklif edib.

“Belqospişeprom” Dövlət Konserninin sədr müavini Marina Mixalseviç, konsernin xarici iqtisadi əlaqələr idarəsinin rəisi Yelena Malinovskaya, Belarus Kooperativlər İttifaqının xarici iqtisadi əlaqələr şöbəsinin rəisi Konstantin Rjeusskiy, istehlak məhsullarının ixracı şöbəsinin rəisi Sergey Alximoviç çıxış edərək qarşılıqlı münasibətlərin qurulmasında maraqlı olduqlarını bildiriblər. Belaruslu nümayəndələr tərəfindən Azərbaycana bir sıra kənd təsərrüfatı məhsullarının (yerkökü, kələm, çuğundur, kartof, ət və süd məhsulları) idxalı təklif olunub.

Tərəflər arasında aparılan müzakirədə Azərbaycanla Belarus arasında iqtisadi münasibətlərin gücləndirilməsi məqsədi ilə kənd təsərrüfatı məhsullarının qarşılıqlı idxal-ixracının təşkili, təcrübə mübadiləsi, beynəlxalq tədbirlərdə birgə iştirak və digər məsələlərdə razılıq əldə olunmuş, yaxın vaxtlarda əməkdaşlığın dərinləşdirilməsi üçün işçi qrupunun yaradılması, həmçinin yaxın gələcəkdə növbəti işgüzar görüşün keçirilməsi qərara alınmışdır.

Qonaqlar səfər çərçivəsində “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin anbarlarında kənd təsərrüfatı məhsullarının saxlanma şəraiti ilə tanış olublar.

Xatırladaq ki, ötən ilin noyabr ayında Minskdə Azərbaycan Prezidenti İlham Əliyevin və Belarus Prezidenti Aleksandr Lukaşenkonun iştirakı ilə keçirilmiş Dövlətlərarası İqtisadi Komissiyanın iclasında, eləcədə həmin ilin dekabr ayında iqtisadiyyat naziri Şahin Mustafayevin iştirakı ilə keçirilmiş İqtisadi Ticarət Komissiyasının toplantısında iki ölkə arasında tədarük-təchizat sahəsində əməkdaşlığın qurulması qərara alınmışdır. “Ərzaq məhsullarının tədarükü və təchizatı” ASC-nin Belarusun analoji qurumları ilə əməkdaşlığa başlaması da məhz bu çərçivədə həyata keçirilir.

 

“Azərbaycan”