Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Vacib məsələlərin müzakirə platformasına çevrilən V Qlobal Bakı Forumu dünyaya yeni mesajlar çatdırdı

17 Mart 2017
“Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Bakı Forumu martın 17-də işini başa çatdırıb.

AZƏRTAC xəbər verir ki, tədbirin yüksək səviyyədə keçirilməsinə görə təşkilatçılara minnətdarlığını bildirən Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, Latviyanın sabiq Prezidenti Vayra Vike-Freyberqa deyib ki, bu Forum ölkələrarası münasibətlərin inkişafına layiqli töhfə verəcək.

Xanım Vayra Vike-Freyberqa Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın Forumun təşkilinə dəstəklərini yüksək qiymətləndirdi.

Bosniya və Herseqovinanın Rəyasət Heyətinin Sədri Mladen İvaniç dedi ki, iki gün davam edən Forumda müxtəlif mövzuları əhatə edən, o cümlədən qlobal sülhə nail olmaq üçün dialoqun qurulması, mövcud müharibələrin qarşısının alınması və gələcəkdə onlardan yayınmaq yolları, çoxqütblü dünya nizamının dəyərlərinin təşviqi və digər mühüm mövzularda səmərəli müzakirələr aparıldı.

Albaniya Respublikasının Prezidenti Buyar Nişani qeyd etdi ki, Bakı Forumu artıq dünya miqyasında mühüm məsələlərin müzakirə olunduğu qlobal platformaya çevrilib. Tədbirin uğurlarından məmnunluğunu bildirən Albaniya Prezidenti V Qlobal Bakı Forumunun gələcəkdə daha geniş coğrafiyanı əhatə edəcəyinə əminliyini ifadə edib. Dünyada səmərəli idarəçiliyin olmaması və böyük güclərin fəaliyyətsizliyi nəticəsində hazırda bir çox yerlərdə humanitar fəlakət yaşanır, tarixi, mədəni irs məhv edilir. Buna görə də nəinki BMT Təhlükəsizlik Şurasında, bütövlükdə BMT-də mühüm islahatlar aparılmalıdır. Bu baxımdan Bakıda keçirilən bu nüfuzlu tədbir qlobal münaqişələrin həllinə öz müsbət təsirini göstərəcək. Çünki biz bu mesajı sülhpərvər Azərbaycandan göndəririk.

Latviya Respublikasının Prezidenti Raymonds Veyonis belə mötəbər Forumu dəstəklədiyinə görə Azərbaycan hökumətinə təşəkkürünü bildirib, dünyada münaqişələrin qarşısının alınmasında xalqlararası və dinlərarası dialoqun əhəmiyyətini vurğulayıb. Latviya Prezident qeyd edib ki, münaqişələri həll etmək, onların qarşısını almaq üçün belə forumlar ən yaxşı vasitədir. Bu cür tədbirlər insanları birliyə, sülhə səsləyir.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədri, İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldin Forumda aparılan müzakirələrin nəticələrindən danışaraq deyib ki, bütün insanlar qanunların, ədalətin hökm sürdüyü dünyada, müstəqil və təhlükəsizlik şəraitində yaşamaq istəyirlər. Ancaq hazırda bu sahədə ciddi problemlər var. Ona görə də həmin dəyərlər təşviq edilməli, burada səslənən çağırış və mesajları liderlər öz ölkələrinə çatdırmalıdırlar.

Bununla da Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı və Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Bakıda iki gün ərzində “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” devizi altında keçirilən V Qlobal Forum öz işini başa çatdırdı.