Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Dünya bu gün yenə də Bakıda toplaşır

16 Mart 2017
 

Prezident İlham Əliyev Azərbaycanı qlobal əməkdaşlıq platforması kimi beynəlxalq miqyasda qəbul etdirib

 

Azərbaycan geostrateji mövqeyi və davamlı inkişafı ilə qlobal arenaya mühüm töhfələr verməkdədir. Bunu müxtəlif amillərlə yanaşı, respublikamızın artıq neçə illərdir ki, mühüm beynəlxalq tədbirlərə uğurla evsahibliyi etməsi də təsdiqləyir. Humanitar forumlar, sivilizasiyalararası dialoq forumu, müxtəlif idman yarışları və digər qlobal əhəmiyyətli tədbirlər Bakını beynəlxalq əməkdaşlığın əsas mərkəzlərindən birinə çevirib.
Belə mövzulu forumların keçirilməsi üçün Azərbaycanın seçilməsi təsadüfi deyil. Çünki qədim və zəngin mədəniyyətə malik, müxtəlif ənənələrin, sivilizasiya və konfessiyaların əsrlər boyu dinc yanaşı mövcud olduğu Azərbaycan bu formatda tədbirlərin keçirilməsi üçün həqiqətən də nümunəvi məkandır. Digər tərəfdən, xalqımızın qədim tarixi, zəngin mədəniyyəti, tolerantlığı barədə vaxtilə yetərincə məlumatı olmayan dünya davamlı inkişaf səviyyəsində Azərbaycanı ildən-ilə daha yaxından tanıyır və onun artan nüfuzunun şahidinə çevrilir. Bu amillər Azərbaycanın sivilizasiyalararası və mədəniyyətlərarası dialoqa mühüm töhfə verən ölkə statusunu möhkəmləndirir, dünyanı düşündürən məsələlərin müzakirə edildiyi beynəlxalq tədbirlərin ölkəmizdə keçirilməsini şərtləndirir.
Azərbaycanın son illər evsahibliyi etdiyi beynəlxalq tədbirlərdən biri Qlobal Bakı Forumudur. İndiyədək 4 forum keçirilib. İlk dəfə 2013-cü ildə keçirilən forumda qadın məsələləri, dinlərarası, mədəniyyətlərarası dialoq, regionda gedən proseslər, Dağlıq Qarabağ münaqişəsi və bölgədəki digər münaqişə ocaqları ilə bağlı vəziyyət müzakirə olunub. İki gün davam edən forumda dünyanın 40-dan çox ölkəsindən 200-ə yaxın tanınmış ictimai-siyasi xadim iştirak edib.
2014-cü ilin aprelində keçirilən ikinci foruma 57 ölkədən 200-ə yaxın tanınmış ictimai və siyasi xadim, o cümlədən 32 ölkənin sabiq dövlət və hökumət başçısı gəlmişdi. Tədbirin gündəliyinə açıq cəmiyyətlərin əhatə dairəsi və əsasları, iqtisadi dayaqları, mürəkkəb situasiyalarda münaqişələrin həlli üsulu, davamlı inkişaf prosesinin təmin edilməsi üçün multiidarəetmə və institusional çərçivəyə olan ehtiyac və digər mühüm məsələlərin müzakirəsi daxil idi. Həmçinin daxili iqtisadi artım siyasəti ilə əməli iş, yüksək keyfiyyətli təhsil və digər sosial xidmətlər üçün bərabər imkanların yaradılması, qadınların cəmiyyətdə rolunun gücləndirilməsi kimi məsələlərə də müzakirələr zamanı xüsusi diqqət ayrıldı.
Üçüncü forum 2015-ci ilin aprelində keçirildi və dünyanın 60-dan çox ölkəsindən ümumilikdə 200-dən artıq nümayəndə, 55 ölkədən sabiq hökumət rəhbərləri, tanınmış ictimai və siyasi xadimlər, həmçinin bir neçə ölkənin hazırkı dövlət və hökumət başçıları da iştirak etdi. “Yeni dünya düzənində etimadın bərpa olunması” mövzusuna həsr olunan bu forumda nüfuzlu siyasi liderlər dünyanı narahat edən məsələlər - etnik və digər zəmində baş verən münaqişələr, terror təhdidləri, demokratiyanın inkişafı, təhsil, ekologiya, enerji təhlükəsizliyi, dinlərarası dialoq, sülhün qorunmasında qadınların rolu və digər qlobal problemlər müzakirə olundu.
IV Qlobal Bakı Forumu ötən ilin martında keçirildi. Forumda Albaniya, Monteneqro, Bolqarıstan, Makedoniya, Bosniya və Herseqovina, Gürcüstan prezidentləri ilə yanaşı, 27 sabiq prezident, 23 sabiq baş nazir də daxil olmaqla 53 ölkədən 300-dən çox nümayəndə iştirak etdi.
“Çoxqütblü dünyaya doğru” mövzusuna həsr edilən forumda münaqişələrin qarşısının alınmasında dinlərarası dialoqun rolu, miqrasiya, multikulturalizm və inteqrasiya məsələləri, o cümlədən qlobal təhlükəsizliyin təmin olunmasında radikallaşma və miqrasiya amillərinin rolu kimi mühüm məsələlər müzakirə olundu. Bundan başqa, enerji və qlobal idarəçiliyin gələcək perspektivləri ilə bağlı məsələlər də forumun gündəliyinə daxil idi.
Bütün bunlar göstərir ki, Qlobal Bakı Forumu dünyanın demək olar ki, bütün dövlətlərindən siyasətçiləri, diplomatları birləşdirən diskussiya və dialoq məkanıdır. Əvvəlki dörd forumun tərkibi göstərir ki, bu diskussiyalara görkəmli dövlət xadimləri, tanınmış siyasətçilər qoşulurlar. Ona görə də bu forumun dövlətlərarası əməkdaşlığa, siyasi münasibətlərə konstruktiv töhfə verdiyi, qarşılıqlı siyasi dialoq üçün əlverişli şərait yaratdığı şübhəsizdir.
V Qlobal Bakı Forumu öz işinə başlayır. “Beynəlxalq münasibətlərin gələcəyi: güc və maraqlar” mövzusuna həsr olunmuş budəfəki forumda bir sıra dövlətlərin indiki və keçmiş prezidentləri, hökumət başçıları da daxil olmaqla 53 ölkədən 300-dən çox qonaq - nüfuzlu ictimai-siyasi xadimlər, elm adamları və ekspertlər iştirak edir. İki gün davam edəcək forumun iştirakçıları beynəlxalq münasibətlərin gələcəyini, bu münasibətlərin nizama salınmasında zəruri olan ittifaqların qurulmasını, terrorizmlə mübarizə yollarını, transatlantik münasibətlərin gələcəyini, ekstremizm və populizmin beynəlxalq təhlükəsizliyə qarşı təhdidlərini müzakirə edəcək, onların həlli yolları barədə təkliflərini səsləndirəcəklər.
Qlobal Bakı Forumu artıq öz əhəmiyyətinə görə lokal və regional münaqişələrin müzakirəsi çərçivəsindən çıxaraq dünyada gedən proseslərə münasibət bildirən, qlobal problemlərin həlli yollarının müzakirəsinə yol açan bir mərkəzə çevrilib. Ona görə forum müzakirə, dialoq xarakteri daşısa da, dünyanın qlobal məsələlərinin həllində müstəsna rol oynayır və bu da dövlətlərarası münasibətlərdə öz əksini tapır. Təcrübə göstərir ki, bu müzakirələr mövcud problemlərin həllinə müsbət təsir baxımından çox mühüm əhəmiyyət kəsb edir.
Bu, Azərbaycanın paytaxtında keçirilən artıq V forumdur. Böyük çətinliklərin olduğu indiki dövrdə fikir mübadiləsi aparmaq liderlər üçün əhəmiyyətlidir. Bakı platforması isə bu problemlərin müzakirəsi baxımından böyük əhəmiyyət kəsb edir. Ən önəmlisi isə müsbət təşəbbüslərin irəli sürüldüyü bir məkandır.

Rəşad CƏFƏRLİ,
“Azərbaycan”