Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

IV İslam Həmrəyliyi Oyunları ölkəmizə böyük siyasi dividendlər qazandıracaq

14 Mart 2017
 

Azərbaycan Respublikasının Prezidenti yanında Bilik Fondunun və IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin nümayəndələri Azərbaycan Texniki Universitetinin (AzTU) tələbələri ilə görüşüblər. Görüşdə AzTU-nun prorektoru İsa Xəlilov İslam Həmrəyliyi Oyunlarının əhəmiyyətindən danışıb, bu möhtəşəm tədbirin ölkəmizdə keçirilməsinin Azərbaycan həqiqətlərinin təbliğinə geniş imkanlar yaradacağını söyləyib.

Prorektor ölkəmizin ictimai-siyasi həyatında AzTU-nun tələbələrinin fəallığını xüsusi qeyd edib, IV İslam Həmrəyliyi Oyunlarının açılış və bağlanış mərasimlərində universitetin 420 tələbəsinin iştirak edəcəyini bildirib. Qeyd edilib ki, bundan əlavə əməliyyat könüllüsü kimi 323 tələbə də səfərbər olacaq.

Bilik Fondunun aparat rəhbəri İsaxan Vəliyev Azərbaycanın mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə evsahibliyi etdiyini söyləyib. O, IV İslam Həmrəyliyi Oyunlarının müsəlmanların həmrəyliyi ilə yanaşı, İslamın başqa dinlərlə dialoqu baxımından da çox böyük əhəmiyyət daşıdığını bildirib. Vurğulanıb ki, oyunlar zamanı qonaqlar Azərbaycandakı multikultural ənənələrlə əyani tanış olacaq və ölkəmiz bu yolla böyük siyasi dividend qazanacaq.

IV İslam Həmrəyliyi Oyunları Təşkilat Komitəsinin katibi Könül Nurullayeva bütün təşkilati məsələlərin həll olunduğunu bildirib. O qeyd edib ki, I Bakı Avropa Oyunlarında qazanılan təcrübə və sərgilənən təşkilatçılıq işi İslam Həmrəyliyi Oyunlarında daha mütəşəkkil və daha mötəbər olacaq. Diqqətə çatdırılıb ki, 21 idman növü üzrə 57 dövlətin altı minədək idmançısının mübarizə aparacağı oyunların 2017-ci il mayın 22-də başlanması nəzərdə tutulub.

Sonda ölkəmizdə idmana göstərilən qayğı, yaradılan idman infrastrukturu ilə yanaşı, Azərbaycanın görməli, tarixi məkanlarının əks olunduğu videoçarx nümayiş etdirilib.

 

“Azərbaycan”