Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“ADA” Universiteti ingilis dili kursları təşkil edir

11 Yanvar 2017
Bu tədris ilinin yaz semestrindən etibarən “ADA” Universiteti tərəfindən akademik və peşəkar məqsədlər üçün həyata keçirilən ingilis dili proqramı hamı üçün açıq olacaq.

Universitetdən AZƏRTAC-a bildiriblər ki, bu ali təhsil ocağı ictimaiyyətdən tez-tez aldığı sorğulara və xahişlərə cavab olaraq belə qərar qəbul edib. “ADA” Universitetinin ingilis dili proqramı digər proqramlardan fərqli olaraq sırf təhsil, təlim və peşəkar məqsədlər üçün hazırlanan və ABŞ-ın aparıcı dil məktəblərində istifadə olunan kurikulum və dərsliklər əsasında tədris edilir. Proqram əsasında tələbənin qrammatika ilə yanaşı, bütün dil bacarıqları, o cümlədən dinləmə, danışıq, surətli oxu, akademik yazı və tənqidi təfəkkür qabiliyyətləri də inkişaf edir. Dil kursları müxtəlif modullarla - tələbənin dil biliyi səviyyəsi və ehtiyac duyduğu qabiliyyəti qısa bir zamanda mənimsəməsinə uyğun olaraq təşkil edilir. İntensiv kurslar 15 həftə ərzində toplam 300 saat dərs daxil edir, bir və ya iki dil səviyyəsini əhatə edə bilər.

Proqramın direktoru Arzu Məmmədovanın sözlərinə görə, bu tipli təlim proqramı daha çox ingilis dilində ali təhsil almaq, beynəlxalq tədqiqatlar aparmaq və karyeralarında xarici dili geniş istifadə edən şəxslər üçün nəzərdə tutulub. İngilis dili müasir dünyanın elm və peşəkar inkişaf dili kimi ölkəmizdə son vaxtlar daha geniş istifadə olunduğuna görə, “ADA” Universitetinin dil kurslarına ehtiyac xeyli artıb. A.Məmmədova deyib ki, proqramın ən üstün cəhətlərindən biri onun tətbiqi olmasıdır. Yəni tələbələr dərs zamanı öyrəndikləri dil bacarıqlarını müəllimin dəstəyi ilə, çoxlu sayda tapşırıq və layihələri yerinə yetirməklə inkişaf etdirirlər. Həyatın müxtəlif sahələrində gündəlik istifadədə olan mövzularla bağlı reportajlar, müsahibələr, materialların əsas məzmununu aşkarlamaq, onlarla bağlı nitq tapşırıqları həyata keçirmək, qrammatik qaydaları təhlil etmək, müəllim nəzarəti altında qrup yoldaşları ilə müzakirələr aparmaq və digər tapşırıqlar onların qavrama prosesini asanlaşdırır. Bununla yanaşı, “ADA” Universitetinin xarici müəllimləri tərəfindən aparılan şifahi nitq və dinləmə dərsləri tələbələrin öz bacarıqlarına güvənini artırır və çalışmağa həvəsləndirir.

Proqram bu ali təhsil ocağının öz bakalavr və magistr tələbələrinə tətbiq etdiyi bir proqramdır. Universitetə qəbul olunan tələbələr ingilis dilini bir il ərzində onlara ali təhsil almaq imkanı verə biləcək səviyyəyədək inkişaf etdirə bilirlər.

Proqrama yaşı 15 və daha yuxarı olan tələbələr sənəd verə bilərlər. Kursları müvəffəqiyyətlə bitirənlərə “ADA” Universitetinin sertifikatı təqdim edilir. Proqram ilə maraqlananlar [email protected] ünvanına müraciət edə bilərlər.