Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aprel seçkiləri Ermənistanda hakimiyyət dəyişikliyinin təməli ola bilər

11 Yanvar 2017
 

Cari il ərzində Ermənistanın həm siyasi, həm də iqtisadi həyatının daha böyük çətinliklərlə xarakterizə olunacağı gözlənilir. Xüsusən də insanların maddi rifah halının, sosial vəziyyətinin sürətlə pisləşməsi fonunda Serj Sarkisyan iqtidarına qarşı ictimai narazılığın daha da artması gözlənilir ki, bu da apreldə keçiriləcək parlament seçkilərinin də nəticələrinə təsirsiz ötüşməyəcək. Elə müxalif qüvvələr həm ağır sosial-iqtisadi durumu, həm də Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ölkənin üzləşdiyi problemləri qabardaraq parlament seçkiləri ərəfəsində özlərinə ictimaiyyət arasında daha çox dəstək toplamağa çalışırlar. 

Hazırda Ermənistan üçün əsas reallıqlardan biri qeyd edildiyi kimi, sosial durumun kifayət qədər ağır və acınacaqlı olmasıdır. Vəziyyətin düzəlməsinə də hər hansı ümid yoxdur. Erməni iqtisadçı Aşot Yeqiazaryan da bildirir ki, Ermənistanın inkişaf üçün resursları tükənib: “Ermənistan 2013-cü ildə Avrasiya İttifaqına qoşulmaqla ümumi iqtisadi məkandan təcrid edilib. Ermənistan üçün Avrasiya xarakterli artım resursları da yox olub. Ölkəyə şəxsi transfertlərin axını minimal səviyyədədir. Bunun faktiki sübutu ümumi daxili məhsulun sıfır səviyyəsində olması, xarici investisiyaların azalması, kapital axınıdır. Ermənistan həmçinin xarici borc almaq imkanlarını da itirib. Ona görə ki, ölkənin xarici borcu təhlükəli səviyyəyə çatıb və bütün problem də bu prosesin sona çatmaq istəməməsi ilə bağlıdır. Vəziyyətin yaxşılaşması üçün heç bir əlamət görünmür”.
“Joxovurd” qəzeti yazır ki, Ermənistanın iflasına səbəb olan cinayətkar rejim əhalinin yaşayış səviyyəsini minimuma endirib. Aparılan qeyri-konstruktiv siyasət nəticəsində bütün beynəlxalq enerji, neft-qaz layihələrindən kənarda qalan Ermənistan indi yalnız ianələrə ümid bəsləyir: “Əyalət sakinləri deyirlər ki, dünyadakı maliyyə böhranı səbəbindən xaricdə yaşayan yaxınlarından da yardımlar kəsilib. Bu faktı statistika xidməti də təsdiqləyir. Məlumata əsasən, Ermənistana pul transfertlərinin həcmi üç ildir azalan temp üzrə davam edir”.
“Orinats yerkir” fraksiyasının sədri, “Erməni intibahı” Partiyasının liderlərindən biri Eqina Bişariyan isə xatırladır ki, Ermənistan hökuməti ölkəyə nəfəs almaq imkanı vermək üçün otuzdan artıq kredit götürüb: “Təbii ki, 2017-ci il bundan yaxşı olmayacaq, əksinə, bu ilə biz böyük yüklə daxil oluruq. Bu o deməkdir ki, bu il arxaya addım nöqteyi-nəzərindən ötən ildən də geri qalmayacaq”. Bişariyan xatırladıb ki, Ermənistan parlamentinin son iclasında büdcə kəsirini tamamlayacaq 180 milyon ABŞ dolları dəyərində üç kredit sazişinin layihələri qəbul edilib: “Biz millət olaraq dərin quyunun içindəyik. Ermənistan hökumətinin vədlərinə baxmayaraq, hər hansı bir ciddi dəyişikliyin baş verəcəyinə inanmıram. Mən bu vəziyyətdən çıxış üçün heç bir zəmin görmürəm. Biz böyük məbləğdə kreditlər götürmüşük, bundan əlavə, xarici borcu ödəmək üçün ildə büdcədən 115 milyard dram ödəməli olacağıq. Buna isə əslində, imkan yoxdur”.
Ermənistanın sabiq baş naziri, millət vəkili Qrant Baqratyan da vəziyyətin ağır olduğunu bildirir: “Ermənistanda iqtisadi tənəzzül tək bu il deyil, qarşıdakı illərdə də davam edəcək. Pul ehtiyatlarının, transfertlərin həcminin azalması nəticəsində ölkənin daha böyük problemlərlə üzləşəcəyi proqnozlaşdırılır. Hakimiyyətin səriştəsizliyi üzündən Ermənistanda əhalinin sosial vəziyyəti gündən-günə çətinləşir. Artıq ölkə məhv olmaq həddindədir”. Sabiq baş nazir Ermənistan iqtisadiyyatında bu il də dirçəliş gözlənilmədiyini deyib. Onun sözlərinə görə, hökumət tərəfindən bütün faktlar formal olaraq kağız üzərində göstərilir: “Hazırda Ermənistan iqtisadi cəhətdən geriləmə cədvəli üzrə MDB dövlətləri arasında son pillələrdə qərarlaşıb. Qiymətli kağızları sabit saxlamaq məqsədilə xaricdən vəsait alınır. Bu, problemləri azaltmır. Əksinə, əhali əziyyət çəkir, məhrumiyyətlərlə üzləşir, borclar isə artır. Çünki Ermənistanın pul ehtiyatları hər il azalır. Bununla yanaşı, transfertlərin həcmi də bir neçə dəfə aşağı düşüb”.
Ekspertlərin fikrincə, kasıb ölkə çətin ki, götürdüyü xarici borcları ödəyə bilsin. Bu amilə görə xaricdən yeni borcların alınması da mümkün olmayacaq. Ümumiyyətlə, nə qədər ki, Ermənistan müstəqil siyasət yürüdə bilmir, o, düşdüyü iqtisadi uçurumdan çıxa bilməyəcək. Belə vəziyyətdə ölkəni tərk edənlərin sayı yenə artmaqda davam edir. Araşdırmalar göstərir ki, Ermənistanın bütün sahələrdə iflasa uğraması miqrasiya tempini də sürətləndirib. Yerevan geosiyasi klubunun şərhçisi Aleksandr Qayents bildirir ki, miqrasiya Ermənistanda hələ uzun illər bir nömrəli problem olaraq qalacaq. Onun sözlərinə görə, müstəqillik illərində Ermənistanı 2 milyona yaxın insan tərk edib. Hazırda ölkədə faktiki olaraq 1 milyon 127 min nəfər qeydiyyatdadır. Ermənistan Milli Statistika Xidməti də son bir ildə ölkə əhalisinin 36 min nəfər azaldığını bildirib.
Amma parlamentdəki Ermənistan Milli Konqresi fraksiyasının katibi Aram Manukyan qeyd edir ki, əslində, son bir ildə Ermənistanı 60 min nəfər tərk edib və bu rəqəmlər əvvəlki ilin göstəricilərindən çoxdur. Onun fikrincə, 60 min insanın ölkəni tərk etməsi 2016-cı ildə Ermənistan üçün ən böyük itkidir: “Həmçinin 2 aprel hadisələri ilin ağrılı səhifəsi oldu. Təəssüf ki, hakimiyyət bundan heç bir dərs götürmədi. 2016-cı ildə yeni hökumət formalaşdırılmışdı, hansı ki əvvəlcə ümid cücərtiləri oyatdı. Lakin insanları çox tez məyus etdi. Bu hökumət heç özünü də arxayın etməyən büdcəni təqdim etdi. Bu son 25 il ərzində ən pis büdcədir. Həmçinin nə pensiya, nə də maaşlar artırılıb”.
Belə ağır sosial vəziyyətdə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı baş verənlər də hakimiyyət üçün əlavə çətinliklər yaradır. İndi daha çox insan açıq şəkildə bəyan edir ki, ölkənin üzləşdiyi problemlərin kökündə məhz Qarabağ münaqişəsi dayanır. Münaqişənin həlli olmadan Ermənistanda hər hansı inkişafdan danışmağın mümkünsüz olduğunu deyən sabiq prezident Levon Ter-Petrosyanın mövqeyini dəstəkləyənlərin sayı artır. Ter-Petrosyan bildirir ki, münaqişənin mərhələli həllindən başqa həlli yolu yoxdur və əgər hakimiyyət status-kvonu saxlamağa yönəlmiş siyasətini davam etdirsə, indikindən də əlverişsiz nizamlama variantı ilə qarşılaşmalı olacaq.
Ermənistan prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri olmuş, hazırda ABŞ-ın Miçiqan Universitetinin professoru Jirayr Liparityan da bunu haqlı mövqe sayır. Keçmiş diplomat deyib ki, o, Ter-Petrosyanın çıxışında əksini tapan faktlarla, ortaya qoyduğu məntiqlə və gəldiyi nəticələrlə tam razıdır: “Bəzi reallıqlar var ki, onu görməmək mümkün deyil. Münaqişə ətrafındakı indiki situasiya bizim düşmənlərimiz, qonşularımız və beynəlxalq ictimayyət üçün qəbuledilməzdir. İndiki situasiya yeni müharibəyə aparıb çıxarır. Keçmişdə olduğu kimi, beynəlxalq birlik hərbi əməliyyatların yenidən başlamasına laqeyd qalacaq, apreldə olduğu kimi. İndiki situasiya Ermənistan və Dağlıq Qarabağ üçün daha təhlükəlidir”.
Liparityan xatıradıb ki, Ermənistan büdcəsi boşalır: “Həlak olan əsgərlərin ailələrinə yardım etmək üçün yeni vergi toplamağı qərara alırlar. Dövlət pulsuz səhiyyəni belə maliyyələşdirmək gücündə deyil. Daxili və xarici borc yükü artır, mühacirət davam edir, vergi bazası kiçilir. Hərbi xidmət zamanı həlak olan, yaralanan hərbçilər artır. Bu reallıqların siyahısı uzundur, bunlar dövlət sirri deyil”.
Bütün bunlar aydındır ki, apreldə keçiriləcək parlament seçkilərinin də nəticələrinə təsir göstərəcək. Xatırladaq ki, Ermənistanda parlament seçkilərinin vaxtı artıq müəyyənləşib. Serj Sarkisyan 2017-ci ildə keçirilməsi planlaşdırılan parlament seçkilərinin vaxtını elan edib və bununla bağlı müvafiq sərəncam imzalayıb. Ermənistan prezidentinin rəsmi internet səhifəsində yer alan məlumata görə, parlament seçkiləri 2017-ci il aprelin 2-də keçiriləcək. Ermənistan Mərkəzi Seçki Komissiyasından isə bildirilib ki, ölkə üzrə ümumilikdə 38 dairə seçki komissiyası fəaliyyət göstərəcək. Bunlardan 10-u paytaxtda, digərləri isə əyalətlərdə olacaq.
Ermənistan konstitusiyasına edilmiş son əlavə və dəyişiklərə əsasən, bu ölkə siyasi idarəetmə olaraq parlamentli respublikadır. Dəyişiklik prezidentin səlahiyyətlərini azaltdığı halda, baş nazirin səlahiyyətlərini artırıb. Yəni seçkilərdə qalib gələcək partiya faktiki olaraq, Ermənistanı idarə etmək şansını əldə edəcək. Artıq müxalifət partiyaları və Serj Sarkisyanın rəhbəri olduğu hakim Respublika Partiyası seçki hazırlıqlarına ciddi start verib. Seçkilərdə qalib gəlmək şansı yüksək qiymətləndirilən əsas tərəflər isə Erməni Milli Konqresinin lideri Levon Ter-Petrosyanın rəhbərlik etdiyi qüvvələr, keçmiş prezident Robert Koçaryanın tərəfdarları və hakim Respublika Partiyasıdır.
Amma ağır sosial-iqtisadi durum və Dağılq Qarabağ münaqişəsi ilə bağlı yaşananlar Respublika Partiyasının şanslarını əhəmiyyətli dərəcədə azaldır və bu durumda aprel seçkilərindən sonra Ermənistanı yeni qüvvənin idarə etməyə başlayacağı istisna olunmur.

Elçin CƏFƏROV,
“Azərbaycan”