Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“British Airways”in əməkdaşları ikigünlük tətilə başladılar

10 Yanvar 2017
Böyük Britaniyanın “British Airways” mülki aviasiya şirkətinin əməkdaşları ikigünlük tətilə çıxmışlar. Bu barədə BBC xəbər verir.

Tətil “Unite” həmkarlar ittifaqının təxminən 3 min üzvünü əhatə edir. “Unite”nin məlumatına görə, aksiyaya səbəb əməkhaqqının az olması və işəgötürənlərin vədlərini yerinə yetirməmələridir. “British Airways”dən bildirmişlər ki, tətil Londonun “Hitrou”, “Qatvik” və “London-Sity” hava limanlarında həyata keçirilən reyslərin əksər hissəsinə təsir göstərməyəcək.

“British Airways” 2010-cu ildə Mixed Fleet sistemi ilə işləyir. Yeni sistemə uyğun olaraq, bir heyət iki tip uzunluqda uçuşlar həyata keçirə bilər və bunun müqabilində onlara ildə 21-25 min funt sterlinq məbləğində maaş vəd olunmuşdur. Əslində isə heyət üzvlərinin maaşı 12 min funt sterlinqdən bir qədər çoxdur. Göstərilən sistemlə işləyən əməkdaşların yarıdan çoxu dolanmaq üçün bazar günləri işləməyə məcbur olur. Həmçinin şirkətdən kadr axınının sürətləndiyi müşahidə edilir: bir çox əməkdaşlar gəlirləri minimal əməkhaqqından azacıq çox olduğundan başqa işə keçmək məcburiyyətində qalırlar.