Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Sabah Milli Məclisin növbəti plenar iclası keçiriləcək

29 Dekabr 2016
Dekabrın 30-da Milli Məclisin növbəti plenar iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, iclasda “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” qanun layihəsi müzakirə olunacaq.

Deputatlar, həmçinin “Əhalinin radiasiya təhlükəsizliyi haqqında”, “Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin 10 illiyi (2007-2017)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar “Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələrini nəzərdən keçirəcəklər. Eyni zamanda, “Azərbaycan Respublikası Əhalisinin Dövlət Reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə” Azərbaycan Respublikasının 2013-cü il 19 aprel tarixli 626-IVQD nömrəli Qanununda, Azərbaycan Respublikasının 1999-cu il 8 dekabr tarixli 773-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi haqqında Əsasnamə”də dəyişiklik edilməsi haqqında qanun layihələrinə baxılacaq.

Gündəliyə əsasən, deputatlar “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında”, “Ətraf mühitin mühafizəsi haqqında”, “Nəşriyyat işi haqqında”, “Lotereyalar haqqında”, “Təhsil haqqında”, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında”, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında”, “İcbari sığortalar haqqında”, “Yol hərəkəti haqqında”, Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə haqqında”, “İcra haqqında” qanunlarda dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə ediləcək.

İclasda, həmçinin Vergi, İnzibati Xətalar, Mülki, Mülki Prosessual məcəllələrə dəyişiklik edilməsi haqqında qanun layihələri nəzərdən keçiləcək, Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə Azərbaycan Respublikası Milli Məclisinin Müraciəti təsdiq olunacaq.