Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Aqrar Universitetin alimləri təsərrüfatlarla əməkdaşlığı genişləndirirlər

21 Dekabr 2016
 

Etibarlı ərzaq təminatı hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərtidir. Bu baxımdan həyata keçirilən tədbirlər nəticəsində ölkəmizdə ərzaq təhlükəsizliyinin birbaşa asılı olduğu aqrar sahənin inkişafı istiqamətində uğurlu addımlar atılır. Son illər aqrar sektora dövlət tərəfindən qoyulan investisiyalar, fermer təsərrüfatlarına edilən güzəştlər, eləcə də intensiv metodların tətbiqi bu vacib sahənin inkişaf etdirilməsini daha da sürətləndirir.

İnkişaf etmiş ölkələrdə olduğu kimi, Azərbaycanda da aqrar sahənin inkişafı elmi əsaslar üzərində qurulmaqla qabaqcıl metodların tətbiqinə daha çox üstünlük verilir. Bu sahədə Azərbaycan Dövlət Aqrar Universitetinin alimlərinin üzərinə böyük vəzifələr düşür. Universitetin mütəxəssisləri mütəmadi olaraq təsərrüfatlarda fermerlərlə görüşlər keçirir, onları maraqlandıran və narahat edən məsələlərlə bağlı məsləhətlər verir, təcrübə-sınaq təcrübələrində qazandıqları uğurları təsərrüfatlarda tətbiq edirlər. Bununla da onlar həm əldə etdikləri elmi nailiyyətləri təsərrüfatlarda təcrübədən keçirir, həm də fermerləri maarifləndirirlər.
Ölkəmizdə aqrar sahənin inkişafı istiqamətində həyata keçirilən islahatlarda Azərbaycan Dövlət Aqrar Universiteti alimlərinin necə iştirak etdiklərini öyrənmək məqsədilə bu qədim ali təhsil ocağında olduq. Universitetin rektoru, AMEA-nın müxbir üzvü İbrahim Cəfərovla söhbət etdik. Bu sahədə görülən işlərdən danışan rektor dedi ki, universitet təkcə aqrar sahə üçün kadr hazırlığı ilə məşğul olmur. Respublikamızda aqrar sektorun elmi əsaslar üzərində inkişafı istiqamətində də məqsədyönlü tədbirlər həyata keçiririk. Professor və müəllimlərimiz müxtəlif rayonlarda fəaliyyət göstərən fermerlərin yanında olurlar. Onlara istər fərdi, istərsə də kollektiv şəkildə informasiya-məsləhət xidmətləri göstərir, maarifləndirici söhbətlər aparırlar. Bəzi hallarda isə universitetdə fermer təsərrüfatlarının rəhbərləri üçün təlimatlandırıcı kurslar, eləcə də işgüzar görüşlər və seminarlar keçirilir.
Rektor söhbət zamanı onu da vurğuladı ki, indi kənd təsərrüfatı məhsulları istehsalçılarının qarşısında bir çox çətinliklər yaranmışdır. Xüsusilə xarici ölkələrdən geni dəyişdirilmiş toxumların ölkəmizə ayaq açmasının qarşısını almaq məqsədilə onlar daha məhsuldar, xəstəliklərə davamlı yerli toxum sortları üzərində elmi axtarışlar aparırlar. Bunun üçün universitetdə geniş imkanlar yaradılmışdır. Hazırda universitetdə bir sıra tədris-təcrübə mərkəzləri fəaliyyət göstərir ki, bunlar da tədrisin təcrübə ilə əlaqələrini əyani şəkildə sintez edir. Məsələn, 4 ildir fəaliyyət göstərən Quşçuluq Tədris Mərkəzində həm tələbələr, həm də quşçuluqla məşğul olan fermer təsərrüfatlarının mütəxəssisləri təcrübə toplayır, alimlərin elmi araşdırmaları ilə bağlı məruzələrini dinləyirlər.
Bitkiçilik və bitki mühafizəsi kafedrasının müdiri Qurban Məmmədov dedi ki, əkin sahələrində hədsiz alaq otlarına rast gəlinir ki, bunun da əsas səbəblərindən biri yığımdan sonra əkin sahəsində dərhal üzləmə aparılmamasıdır. Bu barədə keçirilən seminarlarda fermerlərə geniş izahatlar verilir, ziyanvericilərə qarşı mübarizə üsulları yerlərdə tətbiq edilir.
Universitetin nəzdində fəaliyyət göstərən Quşçuluq tədris-təcrübə bazasında quşçuluq təsərrüfatları üçün kadrların hazırlanması, yem bazasının yaradılması, təsərrüfatların texniki və texnoloji təchizatı baxımından dünya standartlarına uyğunlaşdırılması kimi məsələlər əyani şəkildə öyrədilir.
Alimlər vaxtaşırı olaraq Samux, Goranboy, Şəmkir, Göygöl, Qazax, Tovuz və digər rayonlarda olur, fermerlər üçün lazım olan tövsiyələr verirlər. Təkcə Goranboy rayonundakı Tural İbrahimov adına fermer təsərrüfatının bu il əldə etdiyi uğurlu nəticədə universitet alimlərinin də əməyi olmuşdur. Həmin fermer təsərrüfatında torpağın əkinə hazırlanmasından məhsulun yığımınadək bütün işlər universitetin müəllim və tələbələrinin nəzarətində olub. Burada əkilən qarğıdalı, arpa, buğda və pambığın məhsuldarlığında yüksək göstərici əldə edilib.
Aqrar elmlər doktoru, professor, Azərbaycan Dövlət Aqrar Universitetinin Heyvandarlıq və balıq məhsulları istehsalının texnologiyası kafedrasının müdiri Qənbər Abdullayev Göygöl rayonundakı Hacıməlik qoyunçuluq fermer təsərrüfatına hamilik edir. Alim bu təsərrüfatda yerli “Qarabağ” və “Bozax” qoyun cinslərini xaricdən gətirilmiş heyvanların toxumu ilə mayalandıraraq 1-ci və 2-ci nəsil mələz heyvanların yetişməsinə nail olub.
Universitetin Meliorasiya və hidrotexniki qurğular kafedrasının əməkdaşları da fermer təsərrüfatları ilə müntəzəm əlaqə saxlayırlar. Kafedranın müdiri, professor Mirnaib Mirsalahov deyir ki, torpaqlar kəndlilərə paylandıqdan sonra təsərrüfat sahələrinin kiçilməsi becərilən torpaq sahələrində əkin strukturunun pərakəndəliyinə gətirib çıxarmışdır. Bunun da nəticəsində həm tənzimləyici suvarma şəbəkəsinin qurulmasında çətinliklər yaranmış, həm də hər bir fərdi sahəyə çəkilən suvarma kanalları hesabına torpaqdan və sudan istifadə əmsalı xeyli aşağı düşmüşdür. Fermerlərin əksəriyyətində əkinçilik və suvarma məsələləri üzrə mütəxəssis olmadığı üçün onların bu sahəni düzgün idarə etməsi çətinləşmişdir. Bunu nəzərə alan universitetin Meliorasiya və hidrotexniki qurğular kafedrasının alimləri mütəmadi olaraq fermerlərlə görüşür, onlara lazımi məsləhətlər verirlər. Hazırda kafedra əməkdaşları Samux rayonu şəraitində üzümçülükdən yüksək məhsul götürülməsi məqsədilə müasir suvarma texnologiyasının tətbiqinə başlamışlar.
Fermerlər üçün informasiya-məsləhət yönümlü xidmətlərin göstərilməsinə və onlarla qarşılıqlı əlaqələrin yaradılmasına ADAU-nun gənc alim və mütəxəssisləri də maraq göstərirlər. Burada fəaliyyət göstərən Gənc Alimlər Şurasının üzvləri torpaq və sudan səmərəli istifadə olunması, aqromeliorativ tədbirlərin aparılması və digər bu kimi məsələlərlə bağlı tez-tez təsərrüfatlara gedir, həm elmi axtarışlar aparır, həm də torpaq sahiblərinə yardımçı olurlar.

Sabir ƏLİYEV,
“Azərbaycan”