07 Aprel 2022 02:19
2203
SİYASƏT
A- A+

Zəfər diplomatiyası

 

İlham Əliyev Brüsseldə Azərbaycanın milli maraqlarını qətiyyətlə təmin etdi

 

Aprelin 6-da Brüsseldə Azərbaycan Prezidenti İlham Əliyev, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyan arasında növbəti üçtərəfli görüş keçirildi.

Bu, Azərbaycanın Zəfəri ilə başa çatan 44 günlük Vətən müharibəsindən sonra Prezident İlham Əliyev və Ermənistanın baş naziri arasında keçirilən altıncı görüş idi.

 

Proseslər respublikamızın mənafelərinə uyğun cərəyan edir

 

Xatırladaq ki, 2020-ci il noyabrın 10-da imzalanmış və Ermənistanın məğlubiyyətinin hüquqi-siyasi təsdiqi olan Bəyanatda göstərilmiş əsas nizamlama istiqamətləri üzrə növbəti addımların razılaşdırılması məqsədilə Prezident İlham Əliyevin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə ilk görüş Rusiya Prezidenti Vladimir Putinin təklifi ilə 2021-ci il yanvarın 11-də Moskvada keçirilmişdi.

Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin 2021-ci il noyabrın 26-da Soçidə keçirilən növbəti üçtərəfli görüşü vacib razılaşmaların əldə olunması ilə nəticələndi. Mühüm olan həm də odur ki, bu ilin yanvarında Moskvada keçirilən ilk görüşdə olduğu kimi, Prezident İlham Əliyev Soçidə də müzakirə olunan bütün məsələlərlə bağlı Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

Azərbaycan Prezidenti İlham Əliyevin Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla 2021-ci il dekabrın 14-də Brüsseldə keçirilən birgə görüşü bir daha respublikamızın öz milli maraq və mənafelərini qətiyyətlə təmin etdiyini göstərdi. Bu görüşün gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər, əldə olunan razılaşmalar İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə siyasi sferada uğurla davam etdirən Azərbaycanın növbəti diplomatik nailiyyəti oldu.

Bundan bir gün sonra isə Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Brüsseldə Prezident İlham Əliyev ilə Ermənistan Respublikasının baş naziri arasında qeyri-formal görüş keçirilib.

Daha bir görüş isə videoformatda baş tutdu. Bu il fevralın 4-də Fransa prezidenti Emmanuel Makronun təşəbbüsü ilə Azərbaycan Prezidenti İlham Əliyevin, Fransanın Avropa İttifaqına sədrliyi qismində Emmanuel Makronun, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin və Ermənistanın baş naziri Nikol Paşinyanın iştirakı ilə keçirilən görüş Vətən müharibəsindəki yeni reallıqlar fonunda bütün proseslərin respublikamızın maraqlarına uyğun cərəyan etdiyini göstərdi.

 

Avropa İttifaqı qalib Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür

 

Bütövlükdə indiyədək keçirilmiş bütün görüşlərin gündəliyinə çıxarılan və müzakirə olunan məsələlər göstəir ki, Azərbaycan İkinci Qarabağ müharibəsindəki qələbəni postmüharibə dövründə də inamla davam etdirir. Dünən Brüsseldə keçirilən görüş də bunu bir daha təsdiq etdi. Əvvəlki görüşlərdə olduğu kimi, Prezident İlham Əliyev Brüsseldə növbəti dəfə Azərbaycanın maraq və mənafelərini qətiyyətlə təmin etdi.

Xatırladaq ki, bu görüşdən bir gün əvvəl - aprelin 5-də Amerika Birləşmiş Ştatlarının Dövlət Katibi Antoni Blinken Prezident İlham Əliyevə zəng edib. Antoni Blinken Brüsseldə Avropa İttifaqının dəstəyi ilə Ermənistan və Azərbaycan arasında liderlər səviyyəsində keçiriləcək görüşə ABŞ-ın yüksək önəm verdiyini bildirib. Prezident İlham Əliyev regionda sülhün və sabitliyin təmin olunması, Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və sülh müqaviləsi üzrə danışıqlara başlanması, nəqliyyat bağlantıları və kommunikasiyaların qurulması üçün Azərbaycanın irəli sürdüyü təkliflərini və mövqeyini qeyd edib. Dövlətimizin başçısı humanitar məsələlərə toxunaraq, Birinci Ermənistan-Azərbaycan müharibəsində itkin düşmüş hesab olunan 3890 nəfər azərbaycanlının taleyinə Ermənistan tərəfindən aydınlıq gətirilməsi və kütləvi məzarlıqların yerləri barədə məlumat verilməsinin vacibliyini diqqətə çatdırıb.

Budəfəki görüşdə də Aİ Şurasının prezidenti tərəfindən “Dağlıq Qarabağ münaqişəsi”, “status” kimi ifadələrdən istifadə edilmədi. O cümlədən Minsk qrupunun da adı çəkilməyib. Bu da bir daha təsdiq etdi ki, status məsələsi tarixin arxivinə gömülüb və Avropa İttifaqı da Azərbaycanın yaratdığı yeni reallıqları bölüşür.

Bütövlükdə bu görüş bir daha Zəfər diplomatiyasının təntənəsi oldu. Görünən həm də odur ki, Avropa İttifaqı qalib Azərbaycanın regionda yaratdığı yeni reallıqları bölüşür.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video