Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev, Prezident Administrasiyasının ərazi sektor müdiri Dəyanət Abdullayev, Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi İzzət Talıbov, rayon Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov və Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin rəisi Habil Manafov “Azərbaycan Respublikasında kənd təsərrüfatı, balıqçılıq və akvakultura məhsullarının istehsalı və emalı sahələrinin inkişafına dair 2026-2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində rayonda görülən işlərlə yerində tanış olublar.
Bu məqsədlə onlar öncə “Astara FİSH” MMC-yə baş çəkiblər. MMC tərəfindən ümumi sahəsi 198 kvadratmetr olan 22 balıqartırma hovuzu tikilib, 3 min 146 ədəd 100-110 qramlıq nərə cinsli balıq körpələri alınıb. İştirakçıların olduqları “Beluga Astara” MMC tərəfindən isə ümumi sahəsi 1100 kvadratmetr olmaqla 18 balıqartırma hovuzu tikilib.
Onlar həmçinin “İMANNA” MMC tərəfindən əkinə hazırlıq vəziyyətinə gətirilmiş 50 hektar yeni intensiv sitrus meyvə bağına baş çəkiblər. Bağıın 23 hektarına 15 min naringi tingi əkilib, qalan sahənin əkilməsi üçün isə tinglər sifariş verilib.
Fermer və sahibkarlarla görüş zamanı RİH-in başçısı Qəzənfər Ağayev deyib: “Rayonda kənd təsərrüfatının inkişaf etdirilməsi üçün əsas prioritetlər müəyyən edilmişdir. Müasir texnologiyalardan və innovativ üsullardan istifadə etməklə istehsal və emal imkanlarını əhəmiyyətli dərəcədə genişləndirmək mümkündür. Bu hədəflərə çatmaq üçün fermer və sahibkarlara hər bir dəstək göstərilir”.
Prezident Administrasiyasının sektor müdiri Dəyanət Abdullayev görüşlərdə Prezident İlham Əliyevin ölkədə kənd təsərrüfatının inkişafı üçün qarşıya qoyduğu vəzifələri bir daha xatırladaraq dövlət proqramının əhəmiyyəti barədə ətraflı məlumat verib.
Fermer və sahibkarlar göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirib, dövlət proqramında nəzərdə tutulan tədbirlərin uğurla reallaşdırılması və bu sahənin daha da inkişafı üçün bütün imkanlarını səfərbər edəcəklərinə söz veriblər.
Seyran CAVADOV,
“Azərbaycan”