“AzerGold” QSC-nin, Daşkəsən Rayon İcra Hakimiyyətinin və Daşkəsən şəhər Kommunal Müəssisələri Kombinatının birgə təşkilatçılığı ilə Daşkəsən şəhərində növbəti genişmiqyaslı ekoloji aksiya keçirilib.
QSC-dən AZƏRTAC-a bildirilib ki, aksiya çərçivəsində şəhərin müxtəlif ərazilərində yerləşən yaşıllıq zolaqları və yolətrafı sahələr plastik, polietilen, şüşə, kağız, karton və digər məişət tullantılarından təmizlənib. Eyni zamanda, yol kənarlarında ot örtüyü biçilib, ərazilərdə səliqə-sahman və abadlıq işləri aparılıb. Toplanmış tullantılar ekoloji tələblərə uyğun çeşidlənərək təkrar emala yönləndirilməsi üçün aidiyyəti üzrə təhvil verilib.
Ekoloji təşəbbüs çərçivəsində “AzerGold” QSC tərəfindən şəhər infrastrukturunun təkmilləşdirilməsinə, məişət tullantılarının mərkəzləşdirilmiş qaydada toplanması və idarə olunmasına dəstək məqsədilə Daşkəsən Rayon İcra Hakimiyyətinə 20 ədəd tullantı konteyneri ianə edilib.
Təşəbbüsün əsas məqsədi şəhər ərazisinin məişət tullantıları ilə çirklənməsinin qarşısını almaq, ətraf mühitin təmizliyini qorumaq və əhalinin ekoloji məsuliyyətini artırmaqdır.
Qeyd edək ki, ətraf mühitin mühafizəsi və ekoloji dayanıqlılığın təmin edilməsi Azərbaycanda dövlət siyasətinin prioritet istiqamətlərindəndir. “AzerGold” QSC də bu siyasətə töhfə olaraq fəaliyyət göstərdiyi bölgələrdə yaşıllıq sahələrinin artırılması, ərazilərin tullantılardan təmizlənməsi və ekoloji maarifləndirmə istiqamətində ardıcıl təşəbbüslər həyata keçirir. Bu təşəbbüslər təmiz və sağlam ətraf mühitin qorunmasına, eləcə də dayanıqlı yaşayış mühitinin formalaşdırılmasına xidmət edir.