Azərbaycan və Türkiyə əlaqələri tarixboyu müxtəlif mərhələlərdən keçərək bugünkü strateji müttəfiqlik səviyyəsinə yüksəlmiş, ortaq tarixə, milli-mənəvi dəyərlərə, qarşılıqlı etimada, strateji maraqlara əsaslanan sarsılmaz münasibətdir, nadir qardaşlıq nümunəsidir. Bu münasibətlər Azərbaycan və Türkiyə ilə yanaşı, bütövlükdə regionun və TDT-nin siyasi-iqtisadi, mədəni həyatında əhəmiyyətli rol oynayır.
Son dövrlər müəyyən bədxah qrupların iki ölkə arasında məqsədli kampaniya apararaq bu münasibətlərə xələl gətirmək cəhdlərinə ən tutarlı cavab isə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 Noyabr - Zəfər Günündə Azərbaycana, ardınca Azərbaycan Prezidenti İlham Əliyevin BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının - COP31-in Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfəri oldu. Zəfər Günündə Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Qarabağdan - Şuşadan verdikləri bəyanatlar iki qardaş ölkə arasındakı münasibətlərin mövcud vəziyyəti ilə yanaşı, həm də gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu. Hər iki dövlət başçısı Azərbaycan-Türkiyə birliyinin möhkəmliyini vurğulayaraq bu münasibətləri zəiflətmək cəhdlərinin nəticəsiz qalacağına dair qətiyyətli mövqe nümayiş etdirdilər. Bir daha sübut olundu ki, Türkiyənin və Azərbaycanın ali rəhbərliyi üçün də iki qardaş ölkə arasındakı strateji müttəfiqlik münasibətlərinin qorunması son dərəcə vacibdir.
Prezident İlham Əliyev ölkələrimiz arasında münasibətlərin tarixi əsaslarına toxunaraq bu birliyin sarsıdılmasına yönələn cəhdlərə belə münasibət bildirdi: "Türkiyə və Azərbaycan xalqları qardaş xalqlardır və dəfələrlə demişəm ki, dünyada bizim qədər bir-birinə bağlı olan xalqlar da yoxdur, dövlətlər də yoxdur. Bu, bizim böyük sərvətimizdir. Bizim birliyimiz, qardaşlığımız sarsılmazdır. Bunu sarsıtmaq istəyənlər isə öz arzularına heç vaxt çatmayacaqlar".
Prezident İlham Əliyevin çıxışının davamında səsləndirdiyi fikirlər də olduqca əhəmiyyətli idi. Azərbaycan Prezidenti bəyan etdi ki, Azərbaycan və Türkiyə liderləri bu tarixi sərvəti qoruyur və heç kimə şəxsi maraqları naminə iki ölkənin qardaşlığına və həmrəyliyinə kölgə salmağa imkan verməyəcəklər. Bu bəyanat mahiyyətcə belə bir həqiqəti ortaya qoyur ki, Azərbaycan-Türkiyə münasibətləri ayrı-ayrı siyasi dairələrin mövqeyindən, informasiya mühitində yaranan müvəqqəti fikir ayrılıqlarından daha möhkəm tarixi-strateji təmələ, gələcəyə birgə strateji baxışa malikdir.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan da eyni məzmunda mesaj verdi və xüsusi vurğuladı ki, Türkiyə ilə Azərbaycan arasındakı münasibətlər tarixin müxtəlif sınaqlarından keçərək bugünkü yüksək səviyyəyə çatmışdır: "Bir millət, iki dövlət" şüarı ilə tərif etdiyimiz bu könül birliyi ortaq keçmişimizdən aldığı güclə sabahlarımıza işıq tutan sönməz bir məşəldir. Qardaşlığımız ortaq dilin, tarixin və mədəniyyətin daha çox fövqündədir. Bakının sevincini Ankaranın sevinci, Şuşanın qürurunu bütün millətimizin qüruru bilməyimiz bundan irəli gəlir". Türkiyə lideri daha sonra Şuşa Bəyannaməsi ilə rəsmiləşmiş müttəfiqliyin tarixi əhəmiyyətini xatırladaraq iki ölkənin qardaşlığını zəiflətmək istəyənlərin məqsədlərinə nail ola bilməyəcəklərini bildirdi.
Beləliklə, Şuşada verilən bəyanatların ən mühüm siyasi məqamlarından biri hər iki dövlət başçısının münasibətlərə zərər vura biləcək cəhdlərə qarşı ortaq mövqe nümayiş etdirməsi oldu. Prezidentlərin açıqlamaları həm Azərbaycan və Türkiyə ictimaiyyətinə, həm də regiondakı prosesləri izləyən beynəlxalq dairələrə ünvanlanmış aydın mesaj idi: iki ölkə arasındakı strateji müttəfiqlik sarsılmazdır və tərəflər bu münasibətlərin qorunmasında qərarlıdırlar. Cənab Rəcəb Tayyib Ərdoğanın səfərdən sonra - noyabrın 9-da jurnalistlərə açıqlamasında Azərbaycanla Türkiyənin sevincdə də, kədərdə də bir ürək olan iki qardaş dövlət olduğunu vurğulaması Şuşada səsləndirilən fikirlərin davamı idi.
Əbədi birlik
Türkiyə Prezidentinin Şuşaya səfərinin Zəfər Gününə təsadüf etməsi də xüsusi rəmzi əhəmiyyət daşıyırdı. 6 il əvvəl Müzəffər Ali Baş Komandan
İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində Qarabağı və Şərqi Zəngəruzu erməni işğalçılarından azad etdi. 44 gün ərzində qardaş Türkiyə hər an Azərbaycanın yanında oldu, siyasi və mənəvi dəstəyini açıq ifadə etdi. Prezident
İlham Əliyev Şuşadakı çıxışında bu tarixi məqamı xüsusi xatırladaraq müharibənin ilk saatlarında Rəcəb Tayyib Ərdoğanın səsləndirdiyi "Azərbaycan tək deyil, Türkiyə onun yanındadır" sözlərinin heç vaxt unudulmayacağını bildirdi. Dövlətimizin başçısı vurğuladı ki, Türkiyə Prezidentinin sıx qrafikinə baxmayaraq, Zəfər Günündə Qarabağda olması bütün dünyaya bizim birliyimizi bir daha göstərir: "Əminəm ki, bu birlik əbədi olacaq. Bilirəm ki, heç kimdə - nə Türkiyədə, nə Azərbaycanda bununla bağlı şübhə yoxdur. Biz keçmişdə də bir yerdə olmuşuq, müharibə dövründə də bir yerdə idik, bu gün də bir yerdəyik və gələcəkdə də bir yerdə olacağıq. Hesab edirəm ki, bu tarixi səfərin əsas nəticəsi məhz budur.
Təbii ki, ikitərəfli əlaqələr haqqında danışarkən bir çox məsələlər haqqında danışa bilərik. Bütün bu məsələlər bəllidir, siyasi, iqtisadi əlaqələr, sərmayə qoyuluşu, enerji, nəqliyyat dəhlizləri, Zəngəzur dəhlizi - bütün bunlar bu gün geniş müzakirə olundu. Amma hesab edirəm ki, səfərin əsas nəticəsi məhz dediyim kimidir: "Türkiyə-Azərbaycan birliyi əbədidir və sarsılmazdır".
Bu fikirlər Azərbaycan-Türkiyə münasibətlərinin mahiyyətini anlamaq baxımından çox mühüm önəm daşıyır. İki qardaş ölkə arasındakı münasibətlər yalnız siyasi bəyanatlardan, ənənəvi diplomatik münasibətlərdən ibarət deyil. Bu birlik çətin tarixi məqamlarda nümayiş etdirilən qarşılıqlı dəstək, xalqların mənəvi bağlılığı və ortaq maraqlar üzərində formalaşıb. Bu baxımdan cənab Rəcəb Tayyib Ərdoğanın Qarabağ Zəfərini bütün türk dünyasının qürur mənbəyi kimi xarakterizə etməsi təsadüfi deyildi.
Azərbaycan-Türkiyə münasibətlərinin bugünkü səviyyəsini müəyyən edən əsas sənədlərdən biri 2021-ci il iyunun 15-də imzalanmış Şuşa Bəyannaməsidir. Bu sənəd ölkələrimiz arasında tərəfdaşlığı rəsmən müttəfiqlik səviyyəsinə yüksəldərək siyasi, hərbi, iqtisadi, enerji, nəqliyyat və digər sahələrdə münasibətlərin inkişafı üçün hüquqi-strateji əsas yaradıb. Prezident İlham Əliyev Şuşadakı bəyanatında bu məqama toxunaraq iki xalqın tarixən müttəfiq olduğunu, Şuşa Bəyannaməsinin isə həmin qardaşlığı rəsmi çərçivəyə saldığını bildirdi.
Bu gün Azərbaycan və Türkiyə arasında əlaqələr bütün sahələri əhatə edir. Bakı-Tbilisi-Ceyhan neft kəməri, "Cənub qaz dəhlizi", Bakı-Tbilisi-Qars dəmir yolu kimi layihələr iki ölkənin strateji tərəfdaşlığının regional və beynəlxalq əhəmiyyətini göstərir. Enerji təhlükəsizliyi, nəqliyyat-logistika imkanlarının genişləndirilməsi, qarşılıqlı sərmayələr, ticarət əlaqələri bu əməkdaşlığın iqtisadi əsaslarını daha da möhkəmləndirməkdədir. Şuşadakı görüşlərdə Zəngəzur dəhlizi, (TRIPP) nəqliyyat bağlantıları və digər regional məsələlərin müzakirə olunması da uzunmüddətli strateji hədəflərin tərəflər üçün mühüm əhəmiyyət daşıdığını göstərdi.
Eyni zamanda işğaldan azad edilmiş Azərbaycan ərazilərində aparılan bərpa-quruculuq işlərində Türkiyənin iştirakı münasibətlərin mühüm istiqamətlərindəndir. Bu layihələr iki ölkə arasında müttəfiqliyin konkret nəticələrini əks etdirməklə yanaşı, Qarabağın və Şərqi Zəngəzurun iqtisadi-sosial həyatının dirçəldilməsinə də töhfə verir.
Regional sülh və türk dünyasının gələcəyi
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqlik Cənubi Qafqazın gələcəyi üçün də vacib amildir. Azərbaycanın 2020-ci ildə qazandığı qələbədən sonra regionda yaranmış yeni siyasi reallıqlar sülh, təhlükəsizlik və əməkdaşlıq üçün real imkanlar açıb. Cənab İlham Əliyev qeyd etdi ki, Türkiyənin güclü iqtisadiyyatı, güclü sənaye potensialı, siyasi çəkisi bu gün reallıqdır və bizi çox sevindirir, gücləndirir: "Azərbaycan da son illər ərzində böyük inkişaf yolu keçmişdir və bu gün bu yolla inamla irəliləyir. Biz birlikdə daha da güclüyük. Böyük coğrafiyanı əhatə edən ərazidə Türkiyə-Azərbaycan birliyi önəmli bir amildir. Bu, sabitlik, istiqrar, əməkdaşlıq, təhlükəsizlik amilidir".
Prezident İlham Əliyev Şuşadakı bəyanatında Azərbaycanla Ermənistan arasında normallaşma prosesinin davam etdiyini, sülh sazişinin paraflanmasına baxmayaraq, Türkiyə və Azərbaycan ictimaiyyətinə bəlli səbəblərdən yekun imzanın hələ atılmadığını bildirdi, eyni zamanda bu prosesin konkret nəticələr verəcəyinə ümidli olduğunu vurğuladı.
Türkiyə Prezidenti isə Azərbaycanın regional sülhün təmin olunmasına yönəlmiş səylərini dəstəklədiklərini ifadə etdi, qarşıda duran əsas vəzifənin əldə olunmuş nəticələri dayanıqlı sülh və sabitliklə möhkəmləndirmək olduğunu diqqətə çatdırdı. Bu məqam Azərbaycan-Türkiyə münasibətlərinin daha geniş geosiyasi əhəmiyyətini ortaya qoyur. Başqa sözlə, iki güclü dövlətin əməkdaşlığının nəqliyyat əlaqələrinin inkişafı, iqtisadi inteqrasiya və regional təhlükəsizlik baxımından mühüm imkanlar yaratdığını təsdiqləyir.
Azərbaycan və Türkiyənin Türk Dövlətləri Təşkilatı çərçivəsində fəaliyyəti də ortaq strateji maraqların mühüm istiqamətlərindəndir. Prezident Rəcəb Tayyib Ərdoğanın Şuşadakı bəyanatındakı türk dünyasının inteqrasiyasına xüsusi yer ayırması iki ölkənin münasibətlərinin daha geniş coğrafiyanı əhatə edən əməkdaşlıq perspektivlərinə malik olduğunu göstərir.
Şuşadan Antalyaya - yüksəksəviyyəli siyasi dialoqun davamı
Azərbaycan və Türkiyə arasında strateji müttəfiqliyin möhkəmliyini nümayiş etdirən növbəti mühüm hadisə Şuşa görüşündən cəmi iki gün sonra baş verdi. Noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə birgə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyasının - COP31-in Liderlər Sammitində iştirak etmək üçün Türkiyəyə səfər etdi. Antalyada keçirilən COP31 çərçivəsində Liderlər Sammiti Azərbaycan-Türkiyə əməkdaşlığının yeni istiqamətlərini ön plana çıxarır. Azərbaycanın 2024-cü ildə COP29-a evsahibliyi etməsi və Türkiyənin COP31-ə sədrliyi iki ölkənin iqlim diplomatiyası, "yaşıl enerji", ekoloji dayanıqlılıq və beynəlxalq əməkdaşlıq sahələrində təcrübə mübadiləsi aparması üçün əlavə imkanlar yaradır. Bu baxımdan Şuşa və Antalya səfərləri vahid diplomatik ardıcıllığın iki mühüm hadisəsi kimi diqqət çəkir. Şuşada ortaq tarix, strateji müttəfiqlik və regional təhlükəsizlik məsələləri ön plana çıxdığı halda Antalya səfəri beynəlxalq iqlim gündəliyi çərçivəsində yüksəksəviyyəli əməkdaşlığın davamını əks etdirir.
Bütün bunlar isə o deməkdir ki, Azərbaycan və Türkiyə arasındakı münasibətlərin ən mühüm xüsusiyyəti onların təkcə tarixi bağlılığa deyil, eyni zamanda müasir dövrün siyasi və iqtisadi reallıqlarına əsaslanmasıdır. İki ölkəni ortaq keçmişlə yanaşı, regional təhlükəsizlik, enerji, nəqliyyat, ticarət, investisiya və beynəlxalq əməkdaşlıq sahələrində geniş strateji maraqlar birləşdirir.
Bu gün dünya sürətlə dəyişir, beynəlxalq münasibətlər sistemində yeni güc mərkəzləri formalaşır və tarixin axarı yenidən yazılır. Belə bir mürəkkəb və həlledici dövrdə Azərbaycan-Türkiyə birliyi həm də bütün regionun sabitlik, sülh və rifah sütunudur. Bu ittifaq nə konyunktur maraqlara, nə də müvəqqəti siyasi hədəflərə söykənir, onun kökündə xalqlarımızın sarsılmaz iradəsi və əsrlərin sınağından çıxmış böyük bir sevgi dayanır. Belə bir birlik bu gün olduğu kimi, sabah da türk dünyasının yüksəlişinə, Avrasiyada ədalətli sülhün bərqərar olmasına və xalqlarımızın əbədi rifahına xidmət edəcəkdir.
İradə ƏLİYEVA,
"Azərbaycan"