Gəncədə keçirilən konfrans bu mövzuya həsr olunmuşdur
Gəncədə Azərbaycan Dövlət Aqrar Universitetinin təşkilatçılığı ilə “Regional Expo Gəncə 2026” çərçivəsində “Gələcəyin kənd təsərrüfatı 2026: elm, innovasiya və dayanıqlılıq” mövzusunda respublika elmi-praktik konfrans keçirilmişdir.
Konfransı giriş sözü ilə ADAU-nun rektoru Zəfər Qurbanov açaraq aqrar sektorun gələcək inkişafında elmi tədqiqatların, innovasiyaların, rəqəmsal texnologiyaların və dayanıqlı istehsal modellərinin əhəmiyyətindən danışmış və
konfransa 350-dən çox elmi məruzənin təqdim edildiyini bildirmişdir.
Şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov çıxışında Gəncənin ölkənin elm, təhsil və iqtisadi inkişafındakı mövqeyindən söhbət açaraq, bu kimi tədbirlərin aqrar sahədə yeni təşəbbüslərin təşviqi, regionların inkişafı və elmi əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətini vurğulamışdır.
Milli Məclisin deputatları Naqif Həmzəyev və Müşfiq Cəfərov isə çıxışlarında aqrar sektorun ölkənin iqtisadi potensialının gücləndirilməsi, regionların sosial-iqtisadi inkişafı və ərzaq təhlükəsizliyinin təmin olunmasındakı rolundan danışmışlar. Onlar kənd təsərrüfatında innovasiyaların və müasir texnologiyaların tətbiqinin, eləcə də aqrar sahə üzrə dövlət siyasətinin prioritetlərinin həyata keçirilməsinin vacibliyini qeyd etmişlər.
TECHERA şirkətinin təsisçisi Tariyel Dövlətov da çıxışında aqrar sektorda rəqəmsal texnologiyalardan bəhs etmiş və universitetlərlə özəl sektor arasında əməkdaşlığın genişləndirilməsinin, elmi tədqiqatların praktikaya tətbiqinin və tələbələrin innovativ layihələrə cəlb olunmasının əhəmiyyətindən danışmışdır.
Sonra UNEC-in Zaqatala filialının direktoru Raqif Qasımov,
Elm və Təhsil Nazirliyi Coğrafiya İnstitutunun direktoru Zaur İmrani, Kənd Təsərrüfatı Nazirliyi Aqrar Tədqiqatlar Mərkəzinin direktor müavini Namiq Şalbuzov və Naxçıvan Dövlət Universitetinin kafedra müdiri Bəhruz Bayramov çıxış edərək aqrar sahənin inkişafında iqtisadi təhlillərin, elmi tədqiqatların və bioloji yanaşmaların əhəmiyyətindən söhbət açmışlar.
Sonra konfrans öz işini bölmə iclaslarında davam etdirmişdir.
Sabir ƏLİYEV,
“Azərbaycan”