23 Noyabr 2026 16:19
170
SİYASƏT
A- A+
Rumıniyalı ekspert: Prezident İlham Əliyevin itkin düşmüş şəxslərlə bağlı təşəbbüsü vaxtında irəli sürülüb 

Rumıniyalı ekspert: Prezident İlham Əliyevin itkin düşmüş şəxslərlə bağlı təşəbbüsü vaxtında irəli sürülüb 

Prezident İlham Əliyevin itkin düşmüş şəxslər probleminin həlli məqsədilə BMT çərçivəsində xüsusi mexanizmin yaradılması barədə irəli sürdüyü təşəbbüs beynəlxalq humanitar hüququn tətbiqi və silahlı münaqişələrin humanitar nəticələrinin aradan qaldırılması baxımından olduqca aktualdır.

Bu fikri AZƏRTAC-a çıqlamasında rumıniyalı beynəlxalq hüquq eksperti, hüquq elmləri doktoru, Buxarestin “Dimitrie Cantemir” Xristian Universitetinin professoru, Avropa Şurasının İrqçilik və Dözümsüzlüyə Qarşı Avropa Komissiyasının (ECRI) üzvü, Rumıniya Qızıl Xaç Cəmiyyətinin beynəlxalq humanitar hüquq üzrə fəxri səfiri Kristian Jura bildirib.

Ekspertin sözlərinə görə, dünyada silahlı münaqişələrin sayının artması, müharibələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və dövlətlərin beynəlxalq humanitar hüququn normalarına riayət etməsi məsələlərini daha da aktuallaşdırır. K.Jura Azərbaycan Prezidentinin təşəbbüsünü yüksək qiymətləndirərək deyib: “Hesab edirəm ki, Prezident İlham Əliyevin təklifi son dərəcə təqdirəlayiqdir”.

Rumıniyalı hüquqşünas bildirib ki, hazırkı mürəkkəb beynəlxalq şəraitdə itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsinə yönəlmiş təşəbbüslər xüsusi əhəmiyyət daşıyır. “Azərbaycan Prezidentinin təklifi məhz beynəlxalq vəziyyətin son dərəcə dəyişkən olduğu bir dövrdə irəli sürüldüyünə görə aktualdır”, - deyə ekspert əlavə edib.


İtkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi dövlətlərin beynəlxalq hüquqi öhdəliyidir

Professor silahlı münaqişələr zamanı itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi və dəfn yerləri barədə məlumatların təqdim olunması ilə bağlı dövlətlərin öhdəliklərini şərh edərkən bildirib ki, beynəlxalq humanitar hüquq bu sahədə aydın hüquqi çərçivə müəyyənləşdirir. Onun sözlərinə görə, 1949-cu il 12 avqust tarixli dörd Cenevrə Konvensiyası və 1977-ci il Əlavə Protokolları silahlı münaqişələr zamanı həlak olmuş şəxslərin qalıqlarının müəyyənləşdirilməsi və dəfn yerlərinə hörmətlə yanaşılması ilə bağlı mühüm hüquqi normaları ehtiva edir.

K.Jura bu sənədlərdən irəli gələn öhdəliklər arasında həlak olmuş şəxslərin ləyaqətlə dəfn edilməsini, onların şəxsiyyətinin müəyyənləşdirilməsini, məlumatların qeydə alınmasını və Beynəlxalq Qızıl Xaç Komitəsinə ötürülməsini xüsusi qeyd edib.

Ekspert bildirib ki, münaqişə tərəfləri həlak olmuş şəxslərin mümkün olduğu hallarda dini adət-ənənələrinə uyğun dəfn olunmasını təmin etməli, məzarların qorunmasına, müvafiq qaydada işarələnməsinə və gələcəkdə müəyyənləşdirilə bilməsinə şərait yaratmalıdırlar. Bundan başqa, ailələrin və rəsmi komissiyaların nümayəndələrinin dəfn yerlərinə çıxışı, habelə insan qalıqlarının mənşə dövlətinin və ya yaxınlarının müraciəti əsasında geri qaytarılmasının asanlaşdırılması da beynəlxalq humanitar hüququn mühüm istiqamətlərindəndir.

Professorun fikrincə, bu öhdəliklər yalnız hərbi əməliyyatların davam etdiyi dövrə aid deyil. Silahlı qarşıdurma başa çatdıqdan sonra da həlak olmuş şəxslərin məzarlarının qorunması və onların taleyinə aydınlıq gətirilməsi ilə bağlı hüquqi və humanitar məsuliyyət qüvvədə qalır.

Dəfn yerləri barədə məlumatların təqdim olunması beynəlxalq əməkdaşlığın mühüm tərkib hissəsidir

Dövlətlərdən birinin itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatlara malik olduğunu bildirməsinə baxmayaraq, həmin məlumatları digər tərəfə təqdim etməməsinin hüquqi və humanitar nəticələri ilə bağlı sualı cavablandıran Kristian Jura iki əsas hüquqi istiqamətə diqqət çəkib.

Onun sözlərinə görə, belə hallarda həm ümumi beynəlxalq hüququn prinsipləri, həm də beynəlxalq humanitar hüququn normaları tətbiq olunur. Beynəlxalq əməkdaşlıq prinsipi dövlətlərin sülhün, təhlükəsizliyin və ümumi tərəqqinin təmin olunması naminə müxtəlif sahələrdə birgə fəaliyyətini nəzərdə tutur. Digər mühüm prinsip isə dövlətlərin üzərilərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsidir.

Kristian Jura beynəlxalq hüquqda “pacta sunt servanda” kimi tanınan bu prinsipin dövlətlərin müqavilələrə və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərinə əməl etməsini tələb etdiyini vurğulayıb. O qeyd edib ki, beynəlxalq humanitar hüququn adət normaları həlak olmuş şəxslərə hörmətlə yanaşılması və müharibə məzarlarının qorunması öhdəliyini də müəyyən edir. Bu normalar müvafiq xüsusi müqavilələrin ratifikasiya edilib-edilməməsindən asılı olmayaraq dövlətlərə şamil olunur və hərbi əməliyyatların başa çatmasından sonra da qüvvəsini saxlayır.

Ekspertin bu izahı göstərir ki, itkin düşmüş şəxslərin dəfn yerləri barədə məlumatların mübadiləsi təkcə humanitar əməkdaşlıq məsələsi deyil, həm də beynəlxalq hüququn ümumi prinsipləri çərçivəsində qiymətləndirilməli olan məsələdir.


İtkin düşmüş şəxslərin ailələrinin yaxınlarının taleyini bilmək hüququ qorunmalıdır

Kristian Jura itkin düşmüş şəxslərin ailələrinin hüquqlarına da xüsusi diqqət yetirib: “Silahlı münaqişənin dünyanın hansı bölgəsində baş verməsindən asılı olmayaraq, ailələrin itkin düşmüş yaxınlarının taleyi barədə məlumat almaq hüququ vardır. Cenevrə konvensiyaları dövlətləri bu sahədə praktiki məsələləri birbaşa razılaşmalar vasitəsilə tənzimləməyə istiqamətləndirir.

Professorun fikrincə, müharibə məzarlıqlarının və xatirə abidələrinin səmərəli qorunması üçün dövlətlərarası ikitərəfli sazişlər mühüm vasitədir. Belə razılaşmalarda hər bir dövlətin digər dövlətin ərazisində dəfn olunmuş hərbçilərinin məzarlarını müəyyənləşdirməsi, ekshumasiya aparması, yenidən dəfn etməsi və məzarların abadlaşdırılması ilə bağlı hüquqi və praktiki prosedurlar öz əksini tapmalıdır. Eyni zamanda, hərbi məzarlıqların və xatirə abidələrinin hüquqi müdafiəsi, onların saxlanılması və qorunması ilə bağlı məsələlər də dövlətlərarası əməkdaşlıq çərçivəsində həll olunmalıdır. İtkin düşmüş şəxslərin taleyinin araşdırılması yalnız ayrı-ayrı dövlət qurumlarının fəaliyyəti ilə məhdudlaşmamalı, uzunmüddətli və işlək ikitərəfli mexanizmlərlə dəstəklənməlidir.


Sülh prosesində qarşılıqlı etimad öhdəliklərin vicdanla yerinə yetirilməsindən asılıdır

Azərbaycan ilə Ermənistan arasında davam edən sülh prosesi kontekstində humanitar əməkdaşlığın əhəmiyyətinə toxunan Kristian Jura bildirib ki, dövlətlərarası etimadın formalaşdırılması beynəlxalq hüququn mühüm anlayışlarından biridir. Professor beynəlxalq münasibətlərdə istifadə olunan “confidence building” - etimadın qurulması və “peace building” - sülhün qurulması anlayışlarına diqqət çəkərək deyib: “Dövlətlər arasında qarşılıqlı etimad, ilk növbədə, qəbul edilmiş öhdəliklərin vicdanla yerinə yetirilməsi əsasında formalaşır. Etimad dövlətlərin üzərilərinə götürdükləri öhdəlikləri vicdanla yerinə yetirməsi, müqavilələrə və beynəlxalq hüquqdan, o cümlədən adət normalarından irəli gələn öhdəliklərə hörmət göstərməsi ilə qurulur. Bu baxımdan, itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi istiqamətində real əməkdaşlıq sülh prosesinin humanitar ölçüsünü gücləndirən mühüm amil kimi çıxış edir.


Beynəlxalq humanitar hüquqa riayət olunması qlobal prioritetə çevrilməlidir

Rumıniyalı ekspert Prezident İlham Əliyevin BMT çərçivəsində xüsusi mexanizm yaradılması təşəbbüsünü qiymətləndirərkən beynəlxalq humanitar hüququn tətbiqinin gücləndirilməsinə yönəlmiş digər qlobal təşəbbüsləri də xatırladıb. O, 2024-cü ildə Beynəlxalq Qızıl Xaç Komitəsinin Braziliya, Çin, Fransa, İordaniya, Qazaxıstan və Cənubi Afrika Respublikası ilə birlikdə başladığı “Beynəlxalq humanitar hüquq üzrə qlobal təşəbbüs”ə diqqət çəkib: “Bu təşəbbüsün əsas məqsədi beynəlxalq humanitar hüququn normalarına əməl olunmasını dövlətlərin beynəlxalq, regional və milli səviyyədə siyasi prioritetlərindən birinə çevirməkdir. Təşəbbüs dövlətlərin beynəlxalq humanitar hüququn mövcud normaları barədə məlumatlılığını artırmağa, beynəlxalq müqavilələrə və adət hüququ normalarına hörmətin gücləndirilməsinə xidmət edir. Hazırkı beynəlxalq şərait bu istiqamətdə yeni mexanizmlərin və təşəbbüslərin aktuallığını artırır”.

Məhz bu kontekstdə Kristian Jura Azərbaycan Prezidentinin BMT çərçivəsində itkin düşmüş şəxslərlə bağlı xüsusi mexanizmin yaradılması təklifini təqdirəlayiq və vaxtında irəli sürülmüş təşəbbüs kimi qiymətləndirib.


Rumıniyanın təcrübəsi: İkitərəfli sazişlər humanitar problemlərin həllində mühüm rol oynayır

Kristian Jura davamlı sülhün təmin olunması üçün dövlətlərarası əməkdaşlığın praktiki mexanizmlərinə də toxunub. O bildirib ki, dayanıqlı sülh prosesi beynəlxalq əməkdaşlıq və götürülmüş öhdəliklərin vicdanla yerinə yetirilməsi kimi iki əsas prinsipə söykənməlidir. Professor bu baxımdan Rumıniyanın təcrübəsini nümunə göstərib. Onun sözlərinə görə, Rumıniya Almaniya, Rusiya, Macarıstan, Bolqarıstan, İtaliya, Fransa və Ukrayna ilə müharibə məzarlıqları və əlaqəli humanitar məsələlərə dair ikitərəfli razılaşmalara malikdir. Bundan başqa, Rumıniya digər tərəfdaş dövlətlərlə mövcud hüquqi çərçivənin yenilənməsi istiqamətində danışıqlar aparır.

Ekspertin fikrincə, bu cür ikitərəfli əməkdaşlıq mexanizmləri dövlətlərin beynəlxalq hüquqi öhdəliklərinin praktiki şəkildə həyata keçirilməsi baxımından əhəmiyyətlidir.

Rumıniyalı professor vurğulayıb ki, silahlı münaqişələr nəticəsində itkin düşmüş şəxslərin taleyinin müəyyənləşdirilməsi, dəfn yerlərinin qorunması və məlumatların mübadiləsi beynəlxalq humanitar hüququn mühüm tələbləri sırasındadır.

O deyib ki, sülhün davamlılığı yalnız siyasi razılaşmalarla deyil, dövlətlərin beynəlxalq öhdəliklərinə əməl etməsi və praktiki əməkdaşlığın inkişafı ilə də bağlıdır. Bu baxımdan, Azərbaycan Prezidenti İlham Əliyevin təşəbbüsü qlobal humanitar çağırışların aktuallaşdığı bir dövrdə beynəlxalq müzakirələr üçün əhəmiyyətli mövzu kimi diqqəti cəlb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yeni dövlət proqramı balıqçılıq və sitrusçuluğu inkişaf etdirməyə əlavə imkanlar verir  

18:07
23 Noyabr

San-Fransiskoda süni intellekt sahəsində sürətli inkişaf yaşanır  

18:00
23 Noyabr

Lerikdə yeni dövlət proqramının qəbulundan sonra kənd təsərrüfatında görülən işlərlə tanışlıq olub  

17:49
23 Noyabr

Bu vitaminin çatışmazlığı sinir sisteminin inkişafına mənfi təsir göstərir  

17:47
23 Noyabr

 Kənd təsərrüfatının inkişafında elmin rolu

17:44
23 Noyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

17:24
23 Noyabr

Zelenski təhlükəsizlik zəmanətləri barədə: Ukraynanı NATO-ya qəbul etmək daha asan olardı  

16:59
23 Noyabr

“Barselona”nın “Sabah”la oyun üçün Bakıya gətirəcəyi heyət bəlli olub

16:49
23 Noyabr

NATO Parlament Assambleyasında Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə töhfəsi vurğulanıb  

16:43
23 Noyabr

“AzerGold” Daşkəsəndə növbəti ekoloji aksiya keçirib

16:32
23 Noyabr

Prezident İlham Əliyev ABŞ Prezidenti Donald Trampa təşəkkür edib

16:26
23 Noyabr

Rumıniyalı ekspert: Prezident İlham Əliyevin itkin düşmüş şəxslərlə bağlı təşəbbüsü vaxtında irəli sürülüb 

16:19
23 Noyabr

Rusiyanın Novoşaxtinsk neft emalı zavodu fəaliyyətini dayandırıb  

16:08
23 Noyabr

Masallıda şəhid Niyaməddin Sultanzadənin xatirəsi anılıb  

15:51
23 Noyabr

Qubada “Şəhərsalma və Memarlıq İli” çərçivəsində tarixçi alimlər bir araya gəliblər   

15:45
23 Noyabr

Kreml Liviya sahillərində və Baltik dənizində Rusiya gəmilərinə hücumları şərh edib  

15:44
23 Noyabr

Salyanda da prioritet fəaliyyət sahəsi aqrar sektorun inkişafının sürətləndirilməsidir  

15:42
23 Noyabr

İndoneziyada baş verən yanğında 20-dən çox insan həlak olub  

15:31
23 Noyabr

Yanvarın 1-də müddətli həqiqi hərbi xidmətə çağırış başlayacaq - SƏRƏNCAM

15:28
23 Noyabr

Ukrayna Prezidenti: Kiyev vilayətində beşmərtəbəli binaya hücum nəticəsində 11 nəfər ölüb, iki sakin itkin düşüb

15:12
23 Noyabr

Azərbaycan-İtaliya iqtisadi tərəfdaşlığının inkişaf perspektivləri dəyərləndirilib

14:53
23 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!