Yay mövsümündə qida zəhərlənməsi hallarının başvermə riski digər fəsillərlə müqayisədə daha yüksək olur. Bunun əsas səbəbi yüksək temperaturun qida məhsullarında mikroorqanizmlərin sürətlə çoxalması üçün əlverişli şərait yaratmasıdır. Bakteriyalar 5°C–60°C temperatur intervalında intensiv şəkildə çoxaldığından bu interval "təhlükəli zona" adlandırılır.
Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
Bildirilib ki, yay aylarında ətraf mühitin temperaturunun yüksəlməsi nəticəsində qida məhsullarında bakteriyaların inkişafı sürətlənir və bu da qida zəhərlənməsi riskini artırır. Xüsusilə tez xarab olan qida məhsulları – ət və ət məhsulları, süd və süd məhsulları, balıq, yumurta, kremli qənnadı məmulatları və digər oxşar məhsullar düzgün temperatur rejimində saxlanılmadıqda insan sağlamlığı üçün təhlükə yarada bilər. Soyuq zəncir rejiminin pozulması, bu məhsulların otaq temperaturunda uzun müddət saxlanılması, eləcə də saxlama qaydalarına əməl edilməməsi zəhərlənməyə səbəb olan mikroorqanizmlərin inkişafı üçün əlverişli şərait yaradır.
Qeyd olunub ki, qida zəhərlənmələrinin baş verməsində qidaların gigiyena qaydalarına riayət edilmədən hazırlanması və emalı da mühüm rol oynayır. Düzgün termiki emala məruz qalmayan məhsulların istehlakı, hazır yeməklərin uzun müddət soyuducudan kənarda saxlanılması, çarpaz çirklənməyə yol verilməsi, həmçinin şəxsi və sanitar-gigiyenik qaydalara əməl olunmaması qida təhlükəsizliyi baxımından ciddi risk hesab olunur. Yay aylarında açıq havada keçirilən tədbirlərin, pikniklərin və müxtəlif kütləvi qidalanma mərasimlərinin sayının artması qida məhsullarının təhlükəsizliyinə daha həssas yanaşılmasını zəruri edir. Belə hallarda qidaların hazırlanması, daşınması, saxlanılması və təqdim olunması zamanı qida təhlükəsizliyi tələblərinə ciddi riayət edilməlidir.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi istehlakçılara qida məhsullarını yalnız etibarlı satış məntəqələrindən almağı, məhsulların son istifadə tarixinə və saxlanma şəraitinə diqqət yetirməyi, tez xarab olan qidaları müvafiq temperatur rejimində saxlamağı, qida hazırlanması zamanı isə şəxsi və sanitar-gigiyenik qaydalara ciddi əməl etməyi tövsiyə edir. Eyni zamanda, kütləvi tədbirlər zamanı ev şəraitində hazırlanmış qida məhsullarından və ev üsulu ilə konservləşdirilmiş məhsullardan istifadə olunmaması tövsiyə edilmir. Belə məhsulların hazırlanması və saxlanılması zamanı qida təhlükəsizliyi tələblərinə tam əməl edilmədikdə insan sağlamlığı üçün ciddi risklər yarana bilər.