18 Aprel 2025 08:40
526
Mədəniyyət
A- A+
Tariximizin çoxsəhifəli kitabı - Qobustan qayaüstü təsvirləri

Tariximizin çoxsəhifəli kitabı - Qobustan qayaüstü təsvirləri


Bura sanki tariximizlə görüş yerimizdir. Qayalarının, daşlarının düzülüşü belə insanı ofsunlayır. Sanırsan ki, ecazkar bir aləmə düşmüsən...

Əsrarəngiz qayaları, daşları sözlü görünür. Bəlkə də öz daş dillərində bizə şahidi olduqlarından danışırlar. Dinləyib anlamaq üçün sevgi, ehtiram kifayət etmir. Gərək tarixindən xəbərdar olasan. Məqsədimiz də elə budur. Bütün dünya ölkələri üçün əlamətdar bir gün - Tarixi Abidələrin Mühafizəsi Günü ərəfəsində yolumuzu Qobustan Milli Tarix-Bədii Qoruğundan salırıq.

Bələdçimiz qoruğun aparıcı elmi işçisi Sevinc Şirinli bizə əvvəlcə ümumi məlumat verir: "Qobustanda qayaüstü təsvirlər və düşərgələr yerləşən Böyükdaş, Kiçikdaş, Cingirdağ-Yazılıtəpə ərazisi 1966-cı il sentyabrın 9-da Dövlət Tarix-Bədii qoruğu elan edilib. Ümumi sahəsi  4535 hektardır".


Bəşəriyyətin ortaq mirasına çevrilən Azərbaycan abidəsi


Qobustan abidələri yalnız ölkəmiz üçün deyil, dünya əhəmiyyətlidir. 2007-ci ildə Yeni Zelandiyanın Kristçorc şəhərində təşkil edilmiş UNESCO-nun 31-ci sessiyasında Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı "Ümumdünya Mədəni İrs"i siyahısına daxil edilib. Qobustan Milli Tarix-Bədii Qoruğunun muzeyinə Avropa Şurasının himayəsi ilə yaradılmış Avropa Muzeylər Forumunun təsis etdiyi və Avropanın ən mötəbər muzey mükafatı - "Avromuzey-2013" mükafatı verilib. 2013-cü ildə Qobustan Qayaüstü İncəsənəti Mədəni Landşaftı UNESCO tərəfindən "Xüsusi mühafizə olunan" ərazi statusuna layiq görülüb. 2019-cu ildə abidə ICESCO-nun İslam İrsi siyahısına daxil edilib. Qobustan abidələri bu gün bəşəriyyətin ortaq mirası kimi öz fəaliyyətini davam etdirir.    

Ekskursiya marşrutumuz Böyükdaş dağından başlayır. "Əcdadlarımız bizə nə çatdırıblar? Ümumiyyətlə, bizə özlərini kifayət qədər tanıda biliblər?". Qayaüstü təsvirlərə baxa-baxa bələdçimizdən soruşuruq. "Böyükdaş dağını bir dəfə, sadəcə bir xətt üzrə gəzsək, biz demək olar ki, buradakı təsvirləri yaradanların dünyagörüşünü, hətta onların öz dövrlərində icad və istifadə etdikləri avadanlıqları, eləcə də həmin dövrdəki flora və faunanı, landşaftı görə bilərik. Bu baxımdan əgər oxuya bilsək, Qobustan çoxsəhifəli bir kitabdır. Həm maddi, həm də mənəvi mədəniyyətlərin izlərini Qobustan qayaüstü təsvirlərində görmək mümkündür".

Çoxsəhifəli Qobustan tarix kitabımızı oxumaq asan deyil. Bələdçimiz də təsdiqləyir: "Məncə, bunu təkcə Qobustana yox, ümumiyyətlə, bütün arxeoloji abidələrə şamil etmək olar. Sirlərini birdən paylaşmırlar". 

Bu arada öyrənirik ki, Sevinc Şirinli on ildir Qobustan Milli Tarixi-Bədii Qoruğunun əməkdaşıdır. Eyni zamanda Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Antropologiya İnstitutunun doktorantıdır. Dissertasiya işi Qobustan qayaüstü təsvirləri ilə bağlıdır. "Çox ümid edirəm ki, həmin iş Qobustan abidələrinin elmi şəkildə öyrənilməsinə müəyyən töhfə vermiş olacaq", - deyir. 

Qobustan qayaüstü təsvirlərindən tariximizin müəyyən dövrlərində məlumatsız qalmışıq. Sevinc Şirinli bu ərazilərdə yaşayan yerli sakinlərin qayaüstü təsvirlər barədə həmişə məlumatlı olduqlarını söyləyir: "Məsələn, Cingirdağ ərazisindəki Yazılıtəpə yerli sakinlər tərəfindən verilmiş addır. Oranı qayaüstü təsvirlərə görə "yazılı" adlandırıblar. Qobustan abidəsinin ilk dəfə ictimaiyyətə, eləcə də elm aləminə təqdim olunması isə görkəmli Azərbaycan arxeoloqu, professor İshaq Cəfərzadənin adı ilə bağlıdır. 1939-cu ildə İshaq Cəfərzadənin ilk ekspediyası Cingirdağ ərazisindən fəaliyyətə başlayıb. 1947-ci ildən 1965-ci ilə qədər onun rəhbərliyi ilə 750 daş və qaya üzərində 3500-dən çox təsvir və digər maddi mədəniyyət nümunələri qeydə alınıb".

Qobustan abidəsinin tədqiqinə 1965-ci ildən arxeoloqlar Cəfərqulu Rüstəmov və Firuzə Muradova rəhbərlik ediblər. Məlumat alırıq ki, onların rəhbərlik etdiyi ekspedisiyanın fəaliyyəti müddətində 20-yə yaxın sığınacaq tipli düşərgə, 4 Tunc dövrü yaşayış yeri, Yazılıtəpədə pir sahəsi, 50-dən artıq kurqan tədqiq edilərək öyrənilib, 6 yerdə yoxlama qazıntısı aparılıb və üzərində insan əli ilə yaradılmış 400-ə yaxın maddi-mədəniyyət nümunəsi - qayaüstü təsvirlər, çapma, dəlmə olan daş və qaya qeydə alınıb. Qobustan qoruğunda hazırda Qobustan qayaüstü təsvirlərinin ümumi sayı 7000-dən çoxdur. 

Qoruğun ərazisinə doğru yol gedə-gedə xəbər alırıq: "Əcdadlarımız nələri daha çox çəkirdilər, məişətlərini, yoxsa arzularını, xəyallarını?". "Mənə elə gəlir ki, bu sual qayaüstü incəsənətin təməl suallarından biridir və bir istiqamətdə cavab vermək çox çətindir", - Sevinc Şirinli deyir. Əlavə edir ki, bu sahə ilə məşğul olan tədqiqatçılar da iki qrupda birləşirlər. Bir qisim bu təsvirləri yaradıcılarının daha çox mənəvi, dini dünyagörüşü ilə bağlayırsa, digərləri daha çox real təsvirlər kimi səciyyələndirirlər ki, onlar ətrafda gördüklərini daş üzərinə köçürürmüşlər. Elmdə bədii tərəfi o qədər də dəstəklənmir. Bizim üçün onu izah etməyin elmi əsası olmalıdır. Bununla yanaşı, Qobustan qayaüstü təsvirlərini yalnız gündəlik tələbatla bağlamaq mənə bir az qəribə gəlir. Düşünürəm ki, əcdadlarımızın bu təsvirləri yaratmaları üçün bəlkə də çox güclü motivasiyaya ehtiyacları olub. Belə təsvirləri çəkmək üçün onlarda mütləq bir daxili güc, inam olmalı idi. Bəlkə də daha çox daxili dünyaları və yaxud görmək istədiklərini qayalar üzərinə köçürüblər. 


Dünyanın ilk musiqi aləti - Qavaldaş


Qavaldaşın qədim Qobustan sakinləri tərəfindən musiqi aləti kimi istifadə olunduğu təxmin edilir. Ətrafdakı digər əhəngdaşı parçalarından ilk baxışdan fərqlənməsə də, Qavaldaşın üzərində uzunmüddətli istifadənin izləri aydın görünür. Bu məsaməli əhəngdaşına kiçik daşla zərbə vurduqda müxtəlif ahəngli səslər ətrafa yayılır. Altdakı daş və ya qaya parçasına bir neçə nöqtədə toxunaraq bir növ havada qalır. "Qavaldaşın sirri" - cingiltili səs çıxarmasının səbəbi belə izah olunur. Bu yerin qədim sakinləri həmin "sirrə" vaqif olduqlarından ondan musiqi aləti kimi istifadə ediblər.


Qobustanın əsas simvollarından biri


Böyükdaş dağının yuxarı səki sahəsində yerləşən əsas ekskursiya marşrutu üzrə irəliləyirik. Bələdçimiz Azərbaycan qayaüstü incəsənətində rəqs sujetlərinin geniş yayıldığını vurğulayır. Qobustanda 67 nömrəli qayada qeydə alınmış rəqs edən insanların təsviri bu mənada olduqca maraqlıdır. Bu səhnə müasir "Yallı" rəqsini xatırladır və hazırda Qobustanın əsas simvollarından birinə çevrilib. 

Bələdçimiz daş üzərində kiçik bir sahədə qeydə alınmış iki cərgədə, 5-i yuxarı, 7-si aşağı sırada yerləşmiş 12 antropomorf təsvirinə diqqətimizi yönəldir. Xronoloji baxımdan Mezolit dövrünə aid edildiyini deyir. Xüsusi baş geyimi olan 3 təsvir cərgədə mərkəzi yeri tutur. Onların bəziləri əl-ələdir.

Böyükdaş dağının yuxarı səki sahəsində, üzərində çoxlu sayda qədim qayaüstü təsvirlərin qeydə alındığı 29, 30, 31, 32 nömrəli qayaların arasında yerləşən, biri kiçik, digəri isə iriölçülü olmaqla iki hissədən ibarət Ana Zağa düşərgəsinə çatırıq. Əvvəlcə, bildirək ki, bura "Ana Zağa" adını professor İshaq Cəfərzadə verib. O, mağaranın divarlarını təşkil edən qayalar üzərində - kiçik bir hissədə tarixin ayrı-ayrı dövrlərində çəkilmiş yüzlərlə təsvirə, Böyükdaş dağının yuxarı səkisində ən böyük mağara olduğuna, həm də ölçüsünə görə ən böyük qadın təsvirinin ön divarı olan qayanın üzərində yerləşdiyinə görə bu adı seçib. Bu sığınacaq yarıaçıq mağaranı xatırladır. Qədim zamanlarda üstünü örtən qaya sonralar baş vermiş təbii hadisələr və zəlzələlər nəticəsində uçub.

Ana Zağanın yaşına gəlincə, arxeoloji qazıntılar nəticəsində düşərgədə mədəni təbəqənin qalınlığının təxminən 4 metrədək olduğu müəyyənləşdirilib. Alt mədəni təbəqə Üst Paleolitin sonu, orta təbəqə Son Mezolit-Erkən Neolit dövrlərinə, digər təbəqələr isə müvafiq olaraq Erkən Tunc, Orta Tunc, Son Tunc-Erkən Dəmir və Antik dövrlərə aid edilir. Düşərgədə aşkarlanan qədim ocaq izindən götürülən kömür və kül qalıqlarının analizi burada şam və palıd ağaclarının mövcudluğunu təsdiqləyib. İndi də qayalar arasından şam ağacları fəsiləsinə daxil olan ardıc kolları boylanır.

Radiokarbon analizi nəticəsində Ana Zağa mağarasının 270 santimetr mədəni təbəqəsindən təqribən 10.600 yaş müəyyən edilib. Onu da öyrənirik ki, Kiçikdaş dağında Qayaarası sığınacağında, 350 santimetr təbəqəsində qeydə alınmaqla təqribən 13.700 yaş təşkil etdiyi Qobustanda sonuncu radiokarbon nəticələrində bəlli olub.

 Ümumiyyətlə, burada heç bir ad təsadüfən seçilməyib. Yaxınlaşdığımız növbəti sığınacaq da Üst Paleolit dövrünün sonlarına aid edilən ibtidai öküz rəsmlərinə görə arxeoloqlar tərəfindən "Öküzlər mağarası" adlandırılıb.

Bələdçimiz növbəti mağara barədə məlumat verir. Qarşısındakı qayalarda əsasən ov səhnələri olduğu üçün bura "Ovçular Zağası" adlandırılıb. Tədqiqatçıların fikrincə, ov səhnələrini çəkmiş rəssam sığınacaq sakinlərinin mahir ovçu olduqlarını təsvir etməyə çalışıb və buna tam nail ola bilib. 


Əcdadlarımızın  "Daş qablar"ı


Daş qabların təyinatı ilə bağlı oxşar və fərqli fikirlər mövcuddur. Qobustanda bu tip maddi-mədəniyyət nümunələrinə Böyükdaş, Kiçikdaş, Cingirdağ-Yazılıtəpə və Şonqardağda "Şonqar" düşərgəsi ətrafında rast gəlinir. Arxeoloji materiallara görə, onların yaranma tarixi Erkən Neolit dövründən başlayır. Əsasən açıq havada, qayaların üst səthində yaradılan "daş qablar"ın əksərinin kənarında nazik novçalar var. Onların bəzilərindən yağış sularının qablara toplanması üçün istifadə olunduğu güman edilir. 

Keçmişdə bu "tərpənməz qablar"dan həm də yemək hazırlamaq, suyu isitmək üçün  istifadə olunub. Bu sahə şərti olaraq "Qobustanın mətbəxi" adlanır.


"...gəldi, dua etdi, getdi"


Yaxınlaşdığımız qəbirüstü sənduqələr sanki olum kimi, ölümün də Haqdan gəldiyini və qaçılmaz olduğunu xatırlatmaq üçündür. Qəbirüstü sənduqələr Hacıqabul rayonunda, Atbulaq kəndi yaxınlığında yerləşən  Orta əsr məzarlığından bura gətirilib. Xronoloji baxımdan bu məzar daşları XVI-XVII əsrlərə aid edilib. Həmin dövrün ictimai, iqtisadi, sosial vəziyyətini, dəfn olunan şəxsin mənsubiyyətini öyrənmək baxımından əhəmiyyətlidir. Təsvirlərə əsaslanaraq bildirilib ki, buradakı sənduqələrdən ikisi feodal, ya da aristokrata, biri dini rütbəli şəxsə, digəri döyüşçüyə aiddir. 

Qobustanda ərəb və fars qrafikası ilə yazılmış epiqrafik yazı nümunələrinə də rast gəlirik. Bələdçimiz deyir ki, onların bəziləri dini xarakterli, bəziləri bir vaxtlar Qobustanda yaşamış müxtəlif nəsillərin və şəxslərin adlarından ibarətdir. 

Qobustanda qayaüstü təsvirlərin qeydə alındığı Kiçikdaş dağı ərazisində də bir neçə maraq doğuran yazı nümunəsi qeydə alınaraq oxunub. Daşqışlaq kolleksiyasında 20 nömrəli qaya üzərində kufi xətti ilə "Bismil-ləhi-rəhmani rəhim. Hacib ümum, rəhimlilərin rəhimlisi olan Allahın adı ilə baş  Hacib", 15 və 120 nömrəli daşlar üzərində müvafiq olaraq "Məlik Şaci"və "Həsən" yazıları vardır. 128 nömrəli qaya üzərindəki yazı isə ərəb qrafikası ilə Məşədixanım Nemət tərəfindən "Allah, sən onun sahibinə rəhm elə" kimi oxunub.

Bələdçimiz bildirir ki, Qobustan abidələrinin unikallığı həm də çox böyük xronoloji mərhələni əhatə etməsində, bir neçə dövrlə bağlı olmasındadır. Bu günümüzə gəlincə,  Qobustan qayaüstü təsvirləri Azərbaycanın simvollarından birinə çevrilib. 

Müsahibimiz deyir ki, Qobustan o qədər çoxşaxəli, çoxtərəfli abidədir ki, onu öyrəndikcə mütləq yeni sirləri üzə çıxacaq: "Düzdür, arxeoloqlarımız İshaq Cəfərzadə, Cəfərqulu Rüstəmov, Firuzə Muradova, Məlahət Fərəcova, demək olar ki, tədqiqatlarının bütöv hissəsini Qobustanla bağlayıblar. Onların tədqiqatları bizim üçün dəyərli mənbədir. Qobustan abidələrinin öyrənmə tarixi yetəri qədər böyük xronologiyaya malikdir. Amma indi elmi-texniki tərəqqi, informasiya texnologiyalarının inkişafı, eləcə də hazırda beynəlxalq arenada, elmdə mövcud olan yenilklər bizə imkan verir ki, əvvəllər məlum olmayan qayaüstü təsvirləri də üzə çıxaraq. 


Zöhrə FƏRƏCOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş nazir Əli Əsədov Çinin Azərbaycandakı səfiri ilə görüşüb

19:01
15 May

Prezident İlham Əliyev Albaniyaya işgüzar səfərə gəlib  

19:00
15 May

Azərbaycanın xarici ticarət dövriyyəsi 12 milyard dollar olub

19:00
15 May

2000 illik qədim hərbi qala aşkarlanıb

18:31
15 May

AQTA sədri Oğuzda vətəndaşların müraciətlərini dinləyib, istehsal müəssisələrinə baş çəkib  

18:31
15 May

Çinin ölkəmizdə yeni təyin edilmiş səfiri Milli Məclisdə olub  

18:30
15 May

Azərbaycan-Macarıstan parlamentlərarası münasibətləri müzakirə olunub  

18:29
15 May

MDB iştirakçısı olan dövlətlərin Statistika Xidmətləri Rəhbərləri Şurasının 72-ci iclası keçirilib  

18:24
15 May

Hakan Fidan: Ukrayna ilə Rusiya arasında ədalətli və uzunmüddətli sülhə aparan yol dialoqdan keçir  

18:22
15 May

Baş Prokurorluqda prokurorluq orqanlarında görülmüş işlərə və qarşıda duran vəzifələrə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib  

18:21
15 May

Dünya çempionatı ilə əlaqədar Dənizkənarı Bulvarda "Fan Zona" təşkil olunub  

18:19
15 May

Lənkəranın Hirkan–Daştatük–Biləsər avtomobil yolu təmir olunur

18:15
15 May

İqtisadiyyat naziri AYİB-nin İllik Toplantısı çərçivəsində sessiyalarda və görüşdə iştirak edib  

17:59
15 May

Azərbaycan və Qazaxıstan parlamentləri arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

17:36
15 May

Son 35 ildə planetdə iqlim dəyişikliyi kəskin sürətlənib 

17:16
15 May

İşğaldan azad olunan ərazilərə köçürülən sakinlərdən 4 min 300 şəxsin məşğulluğu təmin edilib  

16:47
15 May

Fərid Qayıbov: Minifutbol millimizin əldə edəcəyi uğurlu nəticə Azərbaycan xalqının qələbəsi olacaq  

16:39
15 May

Macarıstan XİN-in başçısı Aİ-ni Rusiya-Ukrayna danışıqlarına mane olmamağa çağırıb

16:29
15 May

Komitə sədri: Ailə siyasəti Azərbaycanda prioritet sahələrdən biri kimi müəyyən edilib  

16:26
15 May

Bahar Muradova: Ənənəvi dəyərlərin və ailə institutunun qorunması təhsil prosesində əsas amillərdən biridir  

16:16
15 May

ADA Universiteti ilə “Bayraktar Texnoloji Azərbaycan” arasında memorandum imzalanıb

16:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!