Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri, şair və tərcüməçi Əli Kərimin anadan olmasının 95 illiyi münasibətilə Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanası tərəfindən şairin həyat və yaradıcılığından bəhs edən zəngin və çoxşaxəli elektron məlumat bazası hazırlanıb.
Kitabxanadan AZƏRTAC-a bildirilib ki, elektron məlumat bazası şair Əli Kərimin həyat və yaradıcılığının daha geniş auditoriyaya çatdırılması, onun ədəbi irsinin qorunub saxlanılması və gələcək nəsillərə ötürülməsi məqsədilə yaradılıb.
Hazırlanan elektron baza Əli Kərimin həyat yolunu və yaradıcılıq mərhələlərini əhatə edən geniş məlumat toplusudur. Burada şairin həyatının mühüm məqamlarını əks etdirən xronologiya, onun zəngin ədəbi irsini təqdim edən “Həyat və yaradıcılıq” bölməsi yer alır. Elektron bazada filologiya elmləri doktoru Paşa Əlioğlunun “Əli Kərim poeziyasında XX əsrin böyük elmi kəşflərinin əksi”, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Vaqif Yusiflinin “Zamana ram olmayan poeziya - Əli Kərim - 90” və şair, yazıçı Məmməd İsmayılın “Şeirin zirvəsində və əbədi səfərdə...” adlı məqalələrinin tam mətni təqdim edilir.
İstifadəçilər elektron baza vasitəsilə şairin dərin məna kəsb edən hikmətli sözləri ilə yanaşı, bir sıra görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirləri də öyrənə bilərlər.
Elektron bazada Əli Kərimin müəllifi olduğu kitablar, müxtəlif dövrlərdə nəşr olunmuş dövrü mətbuat nümunələri, eləcə də onun həyata keçirdiyi tərcümələr sistemli şəkildə təqdim edilir. Bundan əlavə, şairin sözlərinə bəstələnmiş mahnılar və musiqi notları da ayrıca bölmədə yer alaraq onun yaradıcılığının musiqi ilə vəhdətini nümayiş etdirir. Kitabxana əməkdaşları tərəfindən hazırlanan materialda şair haqqında qələmə alınmış kitablar və məqalələr də yer alır.
Eyni zamanda, elektron məlumat bazasında şairin xatirəsinin əbədiləşdirilməsi istiqamətində də görülmüş işlər, “Filmoqrafiya”, “Televiziya verilişləri”, “Foto və video qalereya”, eləcə də “Virtual sərgi” bölmələri də öz əksini tapır.
“Şair, tərcüməçi Əli Kərimli 95” adlı elektron məlumat bazası kitabxananın rəsmi saytında yerləşdirilib.