07 Aprel 2022 02:00
1556
Mədəniyyət
A- A+

Şuşanın qədim qəbirüstü abidələri

 

Şuşa şəhərinin üç müsəlman qəbiristanlığı var. Onlardan biri, əsası 1840-cı ildə qoyulmuş Mirzə Həsən qəbirstanlığıdır. Şuşanın şimal-şərqində yerləşən bu qədim qəbiristanlıq XVIII əsrin axırları və XIX əsrin birinci yarısında yaşayıb yaradan şair Mirzə Həsən Mirzə Cəfər bəy oğlu Vəzirovun adı ilə adlandırılıb.

Mirzə Həsən bəy 1791-ci ildə Şuşa şəhərində dünyaya gəlmişdi. İbtidai təhsilini atasından almışdı. Rus və şərq dillərini bilirdi. Onun haqqında Mir Möhsün Nəvvab, Məhəmməd ağa Müctəhidzadə, Firudin bəy Köçərli öz əsərlərində geniş söhbət açmışlar. F.Köçərli yazırdı: “Mirzə Həsən İbrahim xanın müqərriblərindən Əliməhəmməd ağanın nəvəsi və Mirzə Cəfərin oğludur. Mirzə Həsən ziyadə mərifətli, xoşxülq və sahibcamal bir zat imiş və təbi-şeriyyəsi də var imiş. Əvaili-sinnində tərki-vətən edib Şəki xanlığına müsafirət edir və orada Nuxa şəhərində yeni açılmış rus dəftərxanasında münşilik əmrinə məşğul olur. Vəli ömrünün hənuz cavan çağında haman sərzəmində dari-bəqaya rehlət edir. Öz vəsiyyətinə görə, cənazəsi əsl vətəni Şuşa şəhərinə nəql olunur və şəhərin şimali-şərqisində bir verst kənarda dəfn olunur...”. Belə ki, uzun illər vətən həsrəti ilə Şəkidə yaşamış nakam şair ölümqabağı onu doğma torpağında - Şuşada, sevdiyi qızın gəlib-getdiyi yolun kənarında dəfn etməyi vəsiyyət etmişdi.

1840-cı ildə həyatdan köçən Mirzə Həsəninin cənazəsi Şuşaya gətirilir və qala divarlarından bir qədər aralıda həmin yolun kənarında dəfn edilir. Bununla da Şuşada yeni bir qəbiristanlıq meydana gəlir. Və həmin vaxtdan da ora “Mirzə Həsən qəbiristanlığı” adı verilir.

Şuşadakı Mirzə Həsən qəbiristanlığında Qacarların ailə qəbiristanlığı yerləşib. Məzarlıq Şahzadə Bəhmən Mirzə Qacar İrandan Şuşaya köçəndən sonra salınıb. Burada məşhur Qacar nəslinin görkəmli simaları ilə yanaşı, sülalədən olan adi insanlar da dəfn edilib.

Mirzə Həsən qəbiristanlığında Qasım bəy Zakirin qəbirüstü abidəsi kiçik bir təpə üstündə - Cavanşir nəslinə mənsub olan ərazidədir. Əvvəllər türbə olmuş, sonra isə anadan olmasının 200 illiyi ilə əlaqədar Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin xüsusi qərarına əsasən, 1984-cü ildə burada böyük şairin qəbirüstü abidəsi qoyulmuşdur. Həmin dövrdə Qasım bəy Zakirin qəbrinin ətrafında dəfn olunmuş XIX əsrin görkəmli şəxslərinin də məzarları bərpa edilmiş, kiçik təpəcikdə gül-çiçək və ağaclar əkilmiş, çəmənzar salınmışdı.

Qəbiristanlıqda şair Mirzə Ələsgər Növrəs, Qarabağ xanlarının baş vəziri, tarixçi Rzaqulu bəy Vəzirovun atası Mirzə Camal Cavanşir Qarabaği, Xosrov bəy Fuladov - İbrahim bəy Azər oğlu, həkim, şair, xəttat Mirzə Məhəmmədqulu Hakim və dövrünün digər görkəmli şəxsiyyətləri dəfn olunmuşlar.

Şuşa şəhəri Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edildikdən sonra qəbirlər tamamilə dağıdılmışdır.

 

Cıdır düzündə yerləşən Mir Faseh qəbiristanlığı

 

Şuşadakı bir çox qəbiristanlıqlarla yanaşı, şəhərin cənub-şərqində Mir Fasehin kiçik, lakin çox mötəbər qəbiristanlığı da var idi. Qəbiristanlıq Mir Möhsün Nəvvabın babası, ilk dəfə orada dəfn edilmiş tanınmış alim, şair və musiqişünas Ağa Mir Faseh Ağanın şərəfinə adlandırılmışdır. Qəbiristanlığı Mir Möhsün Nəvvab abad etdirib. Molla Pənah Vaqif bu qəbiristanlığın yaxınlığında yerləşən Cıdır düzünün bir addımlığında dəfn edilib.

Nəvvab “Təzkirə” adlı əsərində bir hadisəni təsvir edir. Ağa Məhəmməd şahın öldürülməsindən sonra Qarabağda hakimiyyət İbrahim xanın kiçik qardaşı Mehrəli bəyin oğlu Məhəmməd bəyə keçir. O, hakimiyyəti öz əlində saxlamaq üçün əmisinin tərəfdarlarını öldürməyə başlayir.  Molla Pənah Vaqifin İbrahim xanla qohumluğundan şübhələnərək onun oğlu ilə birlikdə edamına fərman verir. Vaqifi Şuşada böyük şərəflə dəfn edirlər. Məzarının üstündə kiçik bir məqbərə də tikilir ki, bura da sonradan ziyarətgaha çevrilir.

 

Tarixin daşıyıcıları - etiqrafik abidələr

 

Şuşanın üçüncü müsəlman qəbiristanlığı tanınmış şəxslərin dəfn olunduğu yerdir. Həmin məzarlıq Yuxarı Gövhər ağa məscidinin sağ tərəfində yerləşir. Tədqiqatçı-jurnalist Vasif Quliyev Şuşadakı məzarlıqlar haqqında bildirir ki, Qasım bəy Zakirin qız nəvəsi şair İbrahim bəy Azər də burada dəfn olunub. Qəbiristanlıq açıq səma altında muzeyi xatırladır. Məzarların hər biri ayrı-ayrılıqda sənət əsəridir. Hər məzarın yerli mərmərdən baş və sinədaşı var. Onların üzərində nəstəliq xətlərlə Azərbaycan, fars və ərəb dilərində şeirlər, hikmətli sözlər, dəfn olunanın doğum və ölüm tarixi həkk olunub.

Alimlərin çoxillik araşdırmaları nəticəsində qədim məzarlıqlar, etiqrafik abidələr ilkin mənbələr kimi Azərbaycan tarixinin konseptual problemlərinin tədqiqində mühüm rol oynayır. Bu məzarlıqlar inzibati bölgü, dövlət quruluşu, əhalinin yaşayışı, məşğuliyyəti barədə geniş məlumat verir. Baş və sinədaşlarının üzərindəki bir sıra təsvirlər, qədim yazılarla titul, ləqəb və rütbələrlə həmin insanların şəxsiyyətlərini müəyyənləşdirmək mümkün olur, onların hansı zümrəyə aid olduqları dəqiqləşdirilir.

 

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video