Cəbrayıl rayonunda "Şəfəq" Günəş-Elektrik Stansiyasının tikinti işləri nəzərdə tutulmuş qrafikə uyğun irəliləyir. Bu barədə layihənin investorları məlumat veriblər.
"Şəfəq"in önəmi ilk növbədə ondadır ki, işğaldan azad edilmiş və Prezident İlham Əliyev tərəfindən "yaşıl enerji" zonası elan olunmuş ərazilərimizdə tikilir. Stansiyanın təməli keçən il Bakıda COP29-un davam etdiyi vaxt qoyulub. Yekun investisiya qərarı isə bu ilin iyun ayında qəbul edilib.
Daha sonra layihə üzrə iki əsas müqavilə imzalanıb. Bunlardan biri Mühəndislik, Təchizat və Tikinti (EPC) müqaviləsidir. Təxminən 117 milyon dollar dəyərində olan bu müqavilə "Intec" və "Complant" şirkətlərinə verilib. Müqavilə mühəndislik, təchizat və tikinti xidmətləri üzrə bütün iş həcmini, eləcə də obyektin ilk iki il ərzində istismar və texniki xidmət işlərini əhatə edir.
Qeyd edək ki, layihə sahəsində hazırlıq işləri artıq tamamlanıb və indi tikinti prosesinin torpaq işləri və daxili yolların çəkilməsi işləri gedir.
İkinci müqavilə isə Modul təchizatı müqaviləsidir. Bu müqavilə günəş panellərinin təchizatı üçündür. Dəyəri 29 milyon dollardan çoxdur. Müqavilə "Trina Solar" ("Schweiz") AG şirkətinə verilib. Modul təchizatı müqaviləsi çərçivəsində işlərə artıq başlanıb və ilk panellər bu ilin avqust ayında uğurla əraziyə çatdırılıb.
"Shafag (Æabrayil) Solar Limited" (SÆSL) şirkətinin direktoru Kolin Allan deyir: "Çox məmnunuq ki, tərəfdaşlarımız "SOCAR Green və ABİF ilə birlikdə və digər çoxsaylı maraqlı tərəflərlə əməkdaşlıqda həyata keçirdiyimiz "Şəfəq" günəş layihəsi uğurla irəliləməkdədir. Torpaq işləri zamanı layihə ərazisinin şimal hissəsində bir tarixi arxeoloji abidənin aşkarlanması da bizim üçün sevindirici hadisədir. Hasarlanmamış açıq yaşayış məskəni olan bu tapıntının Tunc və Erkən Dəmir dövrlərinə aid olduğu ehtimal edilir. Arxeoloji sahədə dəyirman daşlarının fraqmentləri, gil saxsı qırıqları (küplər, qablar, bişirmə qazanları) və çay daşlarından düzülmüş tikinti strukturları kimi səth materialları aşkarlanıb. Bu tapıntıların tarixi dəyərini və əhəmiyyətini qiymətləndirmək məqsədilə Azərbaycan Arxeologiya və Antropologiya İnstitutunun mütəxəssisləri ilə sıx işləyirik".
Layihə üzrə tikinti işlərinin 2027-ci ilin ortalarına qədər davam edəcəyi planlaşdırılır. Bu işlərin yerinə yetirilməsində yerli resurslardan maksimum dərəcədə istifadə etməyə xüsusi diqqət veriləcək. Tikintinin pik dövründə layihə üzrə 400-ə yaxın iş yerinin yaradılacağı gözlənilir.
Xatırladaq ki, iyun ayında təsdiqlənmiş 200 milyon dollar dəyərində olan "Şəfəq" günəş layihəsi çərçivəsində tikilən stansiya 240 MVt AC gücündə olacaq.
Layihə Səngəçal terminalının elektrikləşdirilməsi (STEL) layihəsi ilə "virtual enerji ötürmə mexanizmi" adlanan yeni kommersiya modeli vasitəsilə sıx əlaqəlidir. Bu mexanizmə əsasən, Səngəçal terminalı "Azərenerji" ASC-nin idarə etdiyi dövlət elektrik şəbəkəsinə qoşulacaq. Bunun üçün terminal ərazisinin həm daxilində, həm də ondan kənarda yeni obyektlər, o cümlədən yeni 220/110 kV-luq elektrik yarımstansiyası inşa ediləcək.
Proqnozlara və planlara görə, "Şəfəq" və STEL layihələri birlikdə Səngəçal terminalının gələcək istismar dövründə terminal əməliyyatlarından yaranan emissiyaların təxminən 50 faiz azaldılmasına imkan yaradacaq.
Hazırda terminal öz enerji ehtiyacını qarşılamaq üçün yeddi qaz turbinindən istifadə edir. Elektrikləşdirilmədən sonra turbinlər mərhələli şəkildə demontaj olunacaq və bu da istifadə olunmayan yanacaq qaz həcmlərinin ixraca yönəldilməsinə imkan verəcək.
"Azərbaycan"