"Abşeron"un böyük perspektivləri var
"Abşeron" qaz-kondensat yatağının işlənməsinin İlkin Hasilat Sxemi (İHS) mərhələsi üzrə hasilata başlamasının 3 ili tamam oldu. Ötən dövr ərzində yataqdan təqribən 4,8 milyard kubmetr təbii qaz və 1,8 milyon tonadək kondensat hasil edilib. Bu barədə Energetika Nazirliyi məlumat yayıb.
"Abşeron"un işlənməsinin bu mərhələsi sualtı hasilat quyusunu SOCAR-ın "Neft Daşları"ndakı mövcud qurğuları ilə əlaqəli yeni qaz emalı platformasına birləşdirir. İHS mərhələsinin hasilat gücü gündəlik 4 milyon kubmetr qaz və 12 min barel kondensat təşkil edir.
"Abşeron" yatağı Xəzər dənizinin Azərbaycan sektorunda, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşir. 2009-cu ildə "Abşeron"un kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında SOCAR və "TotalEnergies" şirkətləri arasında saziş imzalanıb.
Dənizdə, suyun 500 metr dərinliyində yerləşən "Abşeron" yatağının ehtiyatları 350 milyard kubmetr qaz və 45 milyon ton kondensat həcmində qiymətləndirilir. Yeri gəlmişkən, vurğulayaq ki, kondensat tərkibli olması (qazla yanaşı əhəmiyyətli dərəcədə neft ekvivalenti) layihənin iqtisadi səmərəliliyini daha da artırır. Xəzərin Azərbaycan sektorunda yerləşən "Abşeron" qaz-kondensat yatağı "Şahdəniz"dən sonra ölkəmizin ən böyük ikinci təbii qaz mənbəyidir.
"Abşeron" bugünkü uğurlarına çatanadək uzun bir yol gəlib. Belə ki, hələ 1990-cı illərin sonlarında "Abşeron" üzrə digər xarici tərəfdaşlarla kontrakt imzalanmışdı. "Şahdəniz" üzrə müqavilədən sonra bu sənədin imzalanması göstərirdi ki, Azərbaycan təkcə neft diyarı deyil, artıq həm də böyük həcmdə qaz hasil edən ölkəyə çevrilir.
Lakin müəyyən müddətdən sonra "Abşeron"un birinci kontraktına xitam verildi. Tərəfdaşlar görkəmli geoloq, akademik Xoşbəxt Yusifzadənin qazılan quyunun yerinin düzgün seçilmədiyi barədə fikri ilə razılaşmadılar. Buna görə də müsbət nəticə əldə edilmədi.
Növbəti addım isə uğurla nəticələndi. Qeyd etdiyimiz kimi, "Total"la saziş imzalandı və bu şirkətin SOCAR-la birgə işi qələbə gətirdi. 2011-ci ilin əvvəlində yataqda Heydər Əliyev adına yarımdalma qazma qurğusu vasitəsilə qazma prosesi başlandı. Sonrakı işlər də qrafik üzrə həyata keçirildi.
2020-ci il sentyabrın 19-da Prezident İlham Əliyev Heydər Əliyev adına Bakı Dərin Özüllər Zavodunda (BDÖZ) "Abşeron" yatağının dəniz əməliyyatlarının təməlqoyma mərasimində iştirak etdi. Belə ki, yataqda istismar olunan platformanın dörd əsas dayaq bloku və digər sualtı qurğular bu zavodda "BOS Şelf" şirkəti tərəfindən tikilib.
Dövlət başçısı BDÖZ-də "Abşeron" yatağının kəşf edilməsinin əhəmiyyətini vurğulayaraq demişdir: "Beləliklə, bizim neft-qaz potensialımızın inkişafı üçün çox böyük resurs əldə edildi. Bu yataqda 350-360 milyard kubmetr qaz ehtiyatları vardır. Amma mən hesab edirəm ki, daha çox olacaq. Çünki artıq bizdə olan təcrübə onu göstərir ki, ehtimal olunan resurslardan daha böyük resurslar üzə çıxır və 100 milyon ton kondensat - bu da xam neftə bərabər olan bir məhsuldur. Beləliklə, Azərbaycan bundan sonra da etibarlı qaz təchizatçısı olacaqdır. Onu da bildirməliyəm ki, "Abşeron"un birinci mərhələsində çıxarılacaq qaz daxili tələbatlara istiqamətləndiriləcək. Çünki buna da ehtiyac var. Artan əhali, artan sənaye bunu tələb edir. İkinci mərhələdə hasil olunacaq qaz isə ixrac yolu ilə dünya bazarlarına çıxarılacaq. Çünki artıq bu yatağın tam işlənməsi mərhələli yollarla öz həllini tapacaq. Eyni zamanda bizim neft hasilatımızın sabit qalması üçün bu yatağın böyük önəmi var. Çünki 100 milyon ton kondensat - bu da Bakı-Tbilisi-Ceyhan ixrac boru xətti ilə dünya bazarlarına çıxarılacaq".
"Abşeron" layihəsi əməliyyat şirkəti tərəfindən idarə olunur. Tərəfdaşların pay bölgüsü isə belədir: "TotalEnergies "(Fransa) - 35 faiz (bu şirkət həm də operatordur), SOCAR (Azərbaycan) - 35 faiz, ADNOC (Birləşmiş Ərəb Əmirlikləri) - 30 faiz. Yatağın tammiqyaslı işlənməsi mərhələsində hasilatın illik 5 milyard kubmetrə çatdırılması planlaşdırılır.
Flora SADIQLI,
"Azərbaycan"