Prezident İlham Əliyevin beynəlxalq tədbirlərdəki çıxışları və müsahibələri qlobal media məkanında hər zaman diqqət mərkəzində olur. "Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması" mövzusunda keçirilən IV Şuşa Qlobal Media Forumunun açılış mərasimində Azərbaycan Prezidentinin jurnalistlərin və ekspertlərin suallarına verdiyi dolğun cavabların aparıcı beynəlxalq KİV tərəfindən geniş işıqlandırılması da məhz bu reallığın bariz nümunəsidir. Dünyanın nüfuzlu media təmsilçilərinin bu mötəbər tədbirdə fəal iştirakı Azərbaycan liderinin qətiyyətli mövqeyinə, onun uzaqgörən siyasətinə və regionda cərəyan edən proseslərə olan qlobal marağın aydın göstəricisidir.
IV Şuşa Qlobal Media Forumunda 53 ölkədən 160 qonaq, o cümlədən 30-a yaxın beynəlxalq xəbər agentliyinin nümayəndələri, 60-dan artıq qlobal media qurumu, bu sahədə fəaliyyət göstərən 10 beynəlxalq təşkilat və təsisat iştirak edib. Son dörd il ərzində bu möhtəşəm forum ümumilikdə 81 ölkənin 600-ə yaxın nüfuzlu media nümayəndəsini vahid platformada bir araya gətirərək böyük bir uğura imza atıb.
Bu forum artıq regional çərçivələri aşaraq dünya miqyaslı intellektual müzakirə meydanına çevrilib. Tədbirdə iştirak edən aparıcı media qurumlarının çəkisi və coğrafiyası bunu aydın sübut edir. Forumun iştirakçıları sırasında "Euronews" telekanalının, Türkiyənin "Anadolu" Agentliyinin, "Əl-Cəzirə" qlobal yayım şəbəkəsinin, ABŞ-nin məşhur informasiya nəhəngi CNN kanalının, həmçinin "Breitbart News" xəbər portalının, dünyanın ən böyük peşəkar şəbəkəsi olan "Linkedln" şirkətinin, "Əl-Ərəbiyə" telekanalının, Konqonun "Voice of Congo" media qurumunun, Ukraynanın tanınmış "Media Gordon Ukraine" platformasının, qlobal kommunikasiya şirkəti "Yurovich Communications"ın, "Soxnut" yəhudi agentliyinin, Yaponiyanın məşhur "JiJi Press" İnformasiya Agentliyinin, Çinin dövlət informasiya agentliyi olan "Sinxua"nın, Argentinanın nüfuzlu "Perfil" mətbu orqanının, Pakistan Televiziyasının, Özbəkistanın "Sevimli TV" kanalının, Dünya İnformasiya Agentlikləri İttifaqının, Afrikanın "K254 Media Africa" media qurumunun, Rusiya Beynəlxalq Əlaqələr Şurasının, Gürcüstanın "Fortuna Radio Holding" şirkətinin və sair media təmsilçiləri yer alıblar. Bu media qurumlarının rəhbərlərinin və peşəkar jurnalistlərinin forumda iştirak etməsi ölkəmizin artan nüfuzunun bariz göstəricisidir.
Prezident İlham Əliyev forumun açılış mərasimində jurnalistlərin suallarına diplomatik uzaqgörənliklə əhatəli şəkildə cavab verdi. Dövlətimizin başçısı sülhün və etimadın yaradılmasında medianın rolu barədə fikirlərini bu sözlərlə ifadə etdi: "Əvvəlcə burada, Azərbaycanda, Qarabağda, Şuşada bu cür mötəbər auditoriyanı qəbul etmək böyük şərəfdir. Forumun ideyası maraq doğuran məsələləri, qarşılıqlı surətdə narahatlıq doğuran sualları müzakirə etmək, həmçinin Qarabağ və Şuşa ilə tanış olmaq məqsədilə dünyanın müxtəlif guşələrindən media nümayəndələri üçün mühit yaratmaqdan ibarətdir. Əminəm ki, vaxt keçdikcə dövri olaraq buraya gələn qonaqlarımızın bir çoxu Qarabağın inkişafını, yenidənqurmanı görürlər. Onlar ilk dəfə gəldikləri zaman bəlkə də yalnız dağıntıları gördülər, lakin indi şəhərləri görürlər. Onlar yeni mənzillərdə və evlərdə yaşayan insanları görürlər. Bir sözlə, bu, müxtəlif meyarların kombinasiyasıdır. Birincisi, hər dəfə, hər il forumun mövzusu, sadəcə, cari çağırışları əks etdirir. İkincisi, mühit çox mehriban, çox müsbətdir və müxtəlif mediadan olan bir çox insanlar, əminəm ki, Şuşada görüşlərdən sonra yaxın dostlara çevrilirlər. Əlbəttə ki, bizim üçün mühüm meyar qərarların qəbul edilməsi prosesinə təsir göstərən, öz ölkələrində və onun hüdudlarından kənarda ictimai rəyi formalaşdıran insanlardan ibarət böyük qrupu toplamaqdır və Qarabağın öz köklərinə qayıtmasını, bu torpaqların yiyələrinin qayıtmasını, real inkişafı göstərməkdir".
Prezident İlham Əliyevin forumdakı fikirləri, suallara verdiyi cavablar dövlətimizin başçısının güclü liderliyini və yüksək diplomatik məharətini növbəti dəfə nümayiş etdirdi. IV Şuşa Qlobal Media Forumu sübut etdi ki, Azərbaycan regional güc olmaqla yanaşı, həm də sülhün və ədalətin səsidir. Şuşa artıq qlobal müzakirələrin ünvanına çevrilib və bu cür tədbirlər ölkəmizin haqlı səsini dünyaya çatdırır.
Təhminə VERDİYEVA,
"Azərbaycan"