İnformasiya və kommunikasiya texnologiyaları sahəsində həyata keçirilən konseptual islahatlar ölkəmizi innovasiya mərkəzinə çevirir
Rəqəmsal gələcəyin hüquqi tənzimləmələri və islahatlar
Rəqəmsal keçid bu sahədə təkmil qanunvericilik bazasının yaradılmasını şərtləndirir. Parlamentdə son həftələr müzakirə edilən layihələr bu məqsədə xidmət etməklə yanaşı, qlobal rəqabətdə ölkəmizin mövqeyini gücləndirmək məqsədi daşıyır. Bu mənada rəqəmsal qanunvericiliyin formalaşdırılması prosesi Azərbaycan ekosisteminin inkişafında keyfiyyətcə yeni başlanğıcdır.
Azərbaycanın yaxın və uzaq perspektiv üçün müəyyən etdiyi strateji hədəf ölkəni regionun ən cəlbedici texnologiya, innovasiya mərkəzinə və İKT məhsullarının ixracatçısına çevirməkdir. Bu hədəfə nail olmaq üçün hazırlanmış yeni qanunvericilik paketi Azərbaycanın texnoloji inkişaf tarixində ən əhatəli, fundamental hüquqi islahat dalğasıdır. Qanunvericiliyə təklif edilən kompleks islahat paketi 34 qanuna, 9 Prezident fərmanına və 3 Nazirlər Kabineti qərarına əhatəli dəyişiklikləri nəzərdə tutur və ölkənin texnoloji gələcəyini tənzimləyən beş əsas strateji istiqaməti əhatə edir. Hazırlanmış hüquqi islahat paketi innovasiya ekosistemini tamamilə yenidən qurmaq məqsədilə bir-birini tamamlayan beş əsas sütun üzərində layihələndirilmişdir.
İslahatın birinci istiqaməti ekosistem üçün zəruri olan hüquqi fundamentin qurulmasıdır. İlk dəfə olaraq milli qanunvericilikdə rəqəmsal texnologiyalar, süni intellekt, innovasiya məhsulu, kibertəhlükəsizlik, texnologiya transferi və sərbəst çalışan şəxslərin (frilanser) fəaliyyət anlayışlarının dəqiq hüquqi çərçivəsi müəyyən edilir. Eyni zamanda innovativ layihələrin qan damarı hesab olunan vençur kapitalı fondlarının hüquqi statusu təsbit olunur. Kiçik və ortahəcmli fondlar üçün xüsusi sadələşdirilmiş qeydiyyat mexanizmi yaradılır. Bu da startap layihələrinin yerli maliyyə bazarlarına çıxışını kəskin şəkildə asanlaşdıracaq və investisiya proseslərini sürətləndirəcək.
İkinci istiqamət xarici və yerli şirkətlər üçün vergi güzəştlərini özündə ehtiva edir. Rəqəmsal texnologiyalar, süni intellekt və kibertəhlükəsizlik sahələrində fəaliyyət göstərən şirkətlər üçün tam 20 illik vergi güzəştləri nəzərdə tutulur. Yüksəkixtisaslı texnologiya mütəxəssisləri üçün isə gəlir vergisi 0 faiz dərəcəsi ilə tətbiq olunacaq. Həmçinin xüsusi texnoloji laboratoriya avadanlıqlarının idxalının gömrük rüsumu və ƏDV-dən azad edilməsi yaxın illərdə ölkəyə nəhəng qlobal investisiya axını vəd edir.
Üçüncü istiqamət startapların maliyyələşmə alətlərinin müasirləşdirilməsinə yönəlikdir. Silikon Vadisində geniş istifadə olunan SAFE (Gələcək Səhmlər üçün Sadə Razılaşma) və Convertible Note (konvertasiya olunan istiqraz) kimi çevik investisiya alətləri rəsmi olaraq qanuniləşdirilir. Startapların yüksəkixtisaslı kadrları yüksek maaşla deyil, şirkət payı (opsion) təqdim edərək komandaya cəlb etməsinə şərait yaradan ESOP (İşçilərin Səhmdarlıq Planı) mexanizmi hüquqi status qazanır. Vençur fondlarının investisiya gəlirləri vergidən tam azad olunur və kraudfandinq (kütləvi maliyyələşmə) üzrə hüquqi mexanizmlər formalaşdırılır. Bu alətlər startapların erkən mərhələdə çevik maliyyələşməsi və qlobal səviyyəli istedadları komandada saxlamaq imkanı yaradır.
Dördüncü istiqamət elmi-təcrübi araşdırmaların real iqtisadiyyata inteqrasiyası ilə bağlıdır. Patentlərin və digər intellektual mülkiyyət obyektlərinin kommersiyalaşdırılması stimullaşdırılır.
Beşinci və sonuncu istiqamət isə qloballaşma şəraitində respublikada insan kapitalının inkişaf etdirilməsi ilə bağlıdır. Dünyadakı frilanser texnoloqları, proqramçıları və rəqəmsal menecerləri ölkəyə cəlb etmək üçün "Rəqəmsal səyyah" vizası və xüsusi yaşayış icazəsi tətbiq edilir. Texnologiya şirkətləri üçün xarici valyuta əməliyyatları tamamilə liberallaşdırılır. Dövlət satınalmalarında yerli startaplar və innovativ yerli məhsullar üçün xüsusi imtiyazlı kvotalar yaradılır. Bu addım dövlətin özünü innovasiya sahəsində ən böyük, etibarlı və ilkin alıcıya çevirməsini təmin edəcək və yerli startaplar üçün zəmanətli daxili bazarı formalaşdıracaqdır. Yəni irimiqyaslı qanunvericilik islahatları Azərbaycanın İKT bölməsində qabaqcıl təcrübəyə malik milli kadrların inkişafına, onun rəqabətqabiliyyətliliyinin artırılmasına xidmət edəcək, institusional və hüquqi ekosistemi tamamilə yeniləyəcək, ölkəni regionun rəqəmsal mərkəzinə çevirəcək.
Qanunvericilik bazasının müasirləşdirilməsi və "kibergigiyena" standartları
Hazırda "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər", "Rəqəmsal İnkişaf Konsepsiyası", "Süni İntellekt Strategiyası" və "Rəqəmsal inkişafın sürətləndirilməsinə dair Fəaliyyət Planı" strategiyalarının qanunvericilik bazasının formalaşdırılması mərhələsi həyata keçirilir. Rəqəmsal inkişafın sürətləndirilməsi istiqamətində hazırlanan qanunvericilik paketi ölkənin yeni inkişaf modelinin hüquqi əsaslarını yaradacaq. Məqsəd ölkədə rəqəmsallaşma, süni intellekt, innovasiya ekosistemi və kibertəhlükəsizlik istiqamətlərini özündə birləşdirən vahid rəqəmsal inkişaf arxitekturası formalaşdırmaqdır. Bu model rəqəmsal dövlət idarəçiliyini, rəqəmsal iqtisadiyyatı və rəqəmsal cəmiyyəti əhatə etməklə Azərbaycanın texnoloji potensialının gücləndirilməsinə və innovasiyaya əsaslanan iqtisadi modelə keçidin sürətləndirilməsinə xidmət edir. Qanunvericilik paketi Azərbaycanın innovasiya əsaslı inkişaf modelinə keçidində mühüm hüquqi mərhələ olacaq, milli iqtisadiyyatda keyfiyyət dəyişikliklərinə təkan verəcək.
Qanunvericilikdə ilk dəfə olaraq kiberdayanıqlılıq, kibergigiyena, kiberməkan və kibertəhlükəsizlik kimi anlayışların dəqiq hüquqi əsasları formalaşdırılır. Bu terminoloji və hüquqi bazanın yaradılması rəqəmsal mühitdə fəaliyyət göstərən bütün subyektlər üçün vahid, məcburi və effektiv təhlükəsizlik standartlarının bərqərar olmasına imkan verəcək. Hüquqi aydınlıq həm dövlət, həm də özəl sektorun kiberhədələrə qarşı eyni dildə danışmasını və eyni məsuliyyəti bölüşməsini təmin edir. Digər məqam operativliyi maksimuma çatdıran mərkəzləşdirilmiş idarəetmə modelinin yaradılmasıdır. Bu məqsədlə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində xüsusi səlahiyyətlərə və nəzarət funksiyalarına malik Milli Kibertəhlükəsizlik Agentliyi təsis edilmişdir. Ən mükəmməl proqram təminatı belə rəqəmsal savadlılığı aşağı olan istifadəçinin səhvi ucbatından sıradan çıxa bilər. Bunun qarşısını almaq üçün ali və peşə təhsili müəssisələrində beynəlxalq kibertəhlükəsizlik sertifikatlaşdırma proqramları tədris planlarına daxil edilir, gənc mütəxəssislərin yetişdirilməsi sürətləndirilir, əhalinin rəqəmsal savadlılığını artırmağa yönəlmiş genişmiqyaslı maarifləndirmə kampaniyaları həyata keçirilir.
Süni intellekt strategiyası və milli hesablama infrastrukturunun qurulması
Süni intellekt texnologiyalarının dövlət idarəçiliyinə və cəmiyyət həyatına sürətli inteqrasiyası 2026-2028-ci illər Fəaliyyət Planının ən strateji sütunlarından biridir. Azərbaycan bu sahədə, sadəcə, istehlakçı kimi deyil, həm də öz milli süni intellekt potensialını formalaşdırmaq hədəfini qoymuşdur. Həmin yüksəksəviyyəli milli hesablama gücünün yaradılması üçün hərəkətə keçilmiş, ilkin mərhələdə 64 ədəd yüksəkperformanslı qrafik prosessorun (GPU) təchizatçısının seçimi yekunlaşdırılmışdır. Bu xüsusi avadanlıqlar cari ilin sonunadək quraşdırılaraq milli süni intellekt modellərinin öyrədilməsində əsas baza rolunu oynayacaq.
Süni intellekt sahəsində innovativ həllərin hüquqi maneələrə rast gəlmədən, təhlükəsiz və çevik şəkildə sınaqdan keçirilməsini təmin etmək məqsədilə xüsusi "Tənzimləyici test mühiti" (Regulatory Sandbox) yaradılır. Müvafiq hüquqi akt layihəsi və əməliyyat modeli artıq yekun mərhələdədir. Bu çərçivədə uğurla sınaqdan keçmiş süni intellekt həllərinin dövlət xidmətlərinə tam inteqrasiyası təmin ediləcək. Qanunvericilik işləri ilə paralel olaraq, ölkədə avtonom nəqliyyat həllərinin tətbiqi istiqamətində də ilkin araşdırmalara başlanılmışdır.
Real həyata tətbiqi baxımından 2026-cı il ərzində "mygov" platformasında 4, digər strateji dövlət qurumlarında isə 9 fərqli süni intellekt həllinin həyata keçirilməsi planlaşdırılmış və icrasına başlanılmışdır. Artıq "mygov" platformasında vətəndaşlara 24/7 rejimində fasiləsiz xidmət göstərəcək və onların suallarını cavablandıracaq süni intellekt əsaslı virtual vətəndaş köməkçisinin ilkin versiyası istismara verilmişdir. Bununla yanaşı, səhiyyə, gömrük və təhsil sahələrini əhatə edən potensial süni intellekt həlləri müəyyən edilmişdir. Burada dövlətin əsas yanaşması səmərəliliyi təmin etməkdir. Yəni bir dövlət qurumunda uğurla tətbiq olunan süni intellekt həlli digər qurumlarda da təkrar istifadə edilərək dövlət vəsaitlərinə qənaət olunacaq. Rəqəmsal transformasiyanın miqyası ölkə həyatının bütün sahələrində genişləndikcə dövlətin informasiya sistemlərinin, biznes sektorunun və vətəndaşların fərdi məlumatlarının kiberhədələrdən qorunması artıq, sadəcə, texniki tapşırıq deyil, birbaşa milli təhlükəsizlik məsələsinə çevrilir.
Digər mühüm məqamlardan biri süni intellektin müxtəlif sahələrə tətbiqi ilə paralel meydana çıxan müəyyən təhdidlərin, zərərli meyillərin mümkün qədər neytrallaşdırılmasıdır. Xatırladaq ki, Prezident İlham Əliyevin 19 mart 2025-ci il tarixli sərəncamı ilə ölkəmizdə "Azərbaycan Respublikasının 2025-2028-ci illər üçün süni intellekt Strategiyası" təsdiq edilib. Sərəncamın imzalanmasında məqsəd Azərbaycanda süni intellektin inkişafını sürətləndirmək, bu sahədə tədqiqatların aparılmasını təşviq etmək, süni intellekt üzrə informasiya texnologiyalarının və onların idarə edilməsi mexanizmlərinin təkmilləşdirilməsini, infrastrukturunun əlçatanlığını təmin etmək, habelə ixtisaslı kadr potensialını gücləndirməkdir. Ən əsası isə dövlət orqanlarında süni intellektin tətbiq edildiyi sahələrdə informasiya təhlükəsizliyi risklərinin təhlilini həyata keçirmək, informasiya təhlükəsizliyinin təmin edilməsi üçün zəruri tədbirlər görməkdir.
Tədris prosesində rəqəmsallaşma və yeni hədəflər
Rəqəmsal gələcəyin və davamlı milli inkişafın ən mühüm təminatçısı müasir texnoloji biliklərə və rəqəmsal kompetensiyalara malik insan kapitalıdır. Bu səbəbdən elm və təhsil sahəsində həyata keçirilən genişmiqyaslı rəqəmsal transformasiya dalğası fəaliyyət planının real sektorda ən uğurlu, ölçülə bilən və proqressiv nəticələr verən strateji istiqamətlərindəndir. Son 5 il ərzində ölkənin bütün ümumtəhsil və ali təhsil müəssisələri vahid, yüksəksürətli və təhlükəsiz internet şəbəkəsi infrastrukturuna qoşulmuş, tədris ocaqlarına 235 mindən çox müasir kompüter texnikası paylanılmışdır.
Tədris prosesinin operativ idarə olunmasında, müəllim-şagird-valideyn münasibətlərinin rəqəmsallaşmasında "Rəqəmsal məktəb" platforması müstəsna və mərkəzi rol oynayır. Hazırda 900 mindən çox aktiv istifadəçini (şagirdlər, müəllimlər, valideynlər və məktəb rəhbərlikləri) eyni şəffaf rəqəmsal mühitdə birləşdirən bu irimiqyaslı platforma Bakı şəhəri üzrə 354 məktəbi tam əhatə edir. Qazanılmış müsbət təcrübə əsasında 2026-2027-ci tədris ilindən etibarən bu layihə coğrafi əhatə dairəsini genişləndirərək daha 400-dən çox region məktəbinə uğurla inteqrasiya olunacaq. Təhsil xidmətlərinin rəqəmsallaşdırılması çərçivəsində vətəndaşlara ümumilikdə 62 elektron xidmət onlayn formatda təqdim olunur ki, onların da 8-i artıq dövlətin vahid "mygov" platformasına uğurla inteqrasiya edilib. Hər il 320 mindən çox vətəndaş bu xidmətlərdən aktiv şəkildə yararlanır.
Gələcəyin yüksək texnologiyalar sektorunu yerli kadrlarla təmin etmək məqsədilə orta məktəblərdə yaradılan, proqramlaşdırma və alqoritmik təfəkkürü inkişaf etdirən "Rəqəmsal bacarıqlar" layihəsi 500 mindən çox şagirdi, modern mühəndislik, robototexnika və dizayn prinsiplərini aşılayan "STEAM Azərbaycan" layihəsi isə 300 mindən çox məktəblini əhatə edir. Ali təhsil müəssisələrində də əmək bazarının tələblərinə uyğun olaraq ciddi keyfiyyət və kəmiyyət dəyişikliyi baş vermiş, 2015-2025-ci illər ərzində İT ixtisaslarına qəbulun sayı tam 5 dəfə artmışdır.
Böyük qayıdış və azad edilmiş ərazilərdə yeni texnologiya
Azərbaycanda həyata keçirilən rəqəmsal transformasiya siyasətinin ən strateji istiqamətlərindən biri Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında reallaşdırılan irimiqyaslı "ağıllı şəhər", "ağıllı kənd" layihələridir. "Böyük Qayıdışa dair Dövlət Proqramı"nın prioritet hədəflərinə uyğun olaraq, otuz illik işğaldan sonra tamamilə dağıdılmış ərazilər ənənəvi üsullarla deyil, ən müasir rəqəmsal şəbəkələr və texnoloji infrastruktur əsasında yenidən qurulur. Bu yanaşma azad edilmiş torpaqlarımızda məskunlaşan soydaşlarımızın həyat keyfiyyətini kəskin şəkildə yüksəltməklə yanaşı, bütövlükdə regionun innovasiya əsaslı iqtisadi sıçrayışına zəmin yaradır.
Zəngilanın Ağalı kəndində tətbiq olunan və qlobal miqyasda böyük maraq doğuran ilk "ağıllı kənd" modeli rəqəmsal idarəetmənin real həyatdakı ən parlaq təzahürüdür. Füzuli, Ağdam, Laçın və Şuşa şəhərlərində inşası sürətlə davam edən "ağıllı şəhər" infrastrukturları rəqəmsal arxitekturanın regional miqyasda genişlənməsini təmin edir. Bu şəhərlərdə tətbiq olunan ağıllı işıqlandırma, intellektual nəqliyyat idarəetmə sistemləri (ITS), rəqəmsal tullantı idarəçiliyi və yüksəksürətli 5G şəbəkəsi gələcəyin dayanıqlı urbanizasiya modelini formalaşdırır. Azad edilmiş ərazilərdə bütün dövlət binalarının, təhsil və səhiyyə müəssisələrinin ilkin mərhələdən tam rəqəmsal platformalara inteqrasiya olunmuş şəkildə layihələndirilməsi bu regionları ölkənin ən mütərəqqi "rəqəmsal zonası"na çevirir.
"Yaşıl rəqəmsallaşma": texnoloji inkişaf və ekoloji dayanıqlıq
Müasir dövlət idarəçiliyinin mühüm qlobal çağırışlarından biri rəqəmsal transformasiya prosesləri ilə ekoloji dayanıqlıq hədəflərinin sinxronlaşdırılması, yəni beynəlxalq təcrübədə "ikili keçid" adlandırılan strateji modelin tətbiqidir. Azərbaycan dövləti rəqəmsallaşmanı, sadəcə, texnoloji hədəf kimi deyil, həm də ətraf mühitin qorunması, karbon emissiyalarının azaldılması və "yaşıl artım" iqtisadiyyatına keçidin əsas katalizatoru kimi nəzərdən keçirir. Bu xətt ölkəmizin qlobal iqlim dəyişikliyi ilə mübarizə və ekoloji təhlükəsizlik strategiyası ilə tam uyğunlaşır.
Rəqəmsal inkişafın gətirdiyi ən böyük çağırışlardan biri nəhəng məlumat mərkəzlərinin (Data Centers) və rəqəmsal infrastrukturun yüksək həcmdə elektrik enerjisi istehlak etməsidir. Bu problemi qabaqlayıcı qaydada həll etmək məqsədilə, ölkədə yaradılmasına başlanılmış mərkəzləşdirilmiş Dövlət Məlumat Hövzəsinin və genişlənən Hökumət Buludu (G-Cloud) infrastrukturunun tamamilə ekoloji təmiz, bərpaolunan "yaşıl enerji" mənbələri ilə qidalanması strateji hədəf kimi müəyyən edilib. Bu addım Azərbaycanda İKT sektorunda dekarbonizasiya standartlarının bərqərar olmasına imkan verir. Eyni zamanda rəqəmsal texnologiyalar digər ənənəvi sənaye sahələrinin, energetika və logistika sistemlərinin "yaşıllaşdırılması" üçün güclü alət rolunu oynayır. Süni intellekt əsaslı enerji şəbəkələri elektrik enerjisinin istehsalı və paylanmasında itkiləri real vaxt rejimində təhlil edərək optimallaşdırır.
Digər mühüm sahələrdə rəqəmsallaşma: iqtisadiyyat, sənaye və səhiyyə
Rəqəmsal transformasiya dalğası təhsil sahəsi ilə məhdudlaşmayaraq, ölkənin sosial-iqtisadi həyatının digər bütün mühüm sahələrini də kompleks şəkildə əhatə etməkdədir. Sənaye və iqtisadiyyat sahələrində rəqəmsallaşma isə ölkənin qeyri-neft sektorunun səmərəliliyinin və şaxələndirilməsinin əsas iqtisadi rıçaqıdır. IV Sənaye İnqilabı prinsiplərinin (Industry 4.0) real istehsalat sahələrinə tətbiqi, fabriklərdə və zavodlarda avtomatlaşdırılmış əşyaların interneti (IoT) idarəetmə sistemlərinin qurulması, logistik zəncirin və tədarük proseslərinin rəqəmsal əkizlər vasitəsilə izlənilməsi yerli məhsulların tranzaksiya maya dəyərini aşağı salır, itkiləri minimuma endirir. Beynəlxalq bazarlarda Azərbaycan məhsullarının rəqabət gücünü kəskin artırır. Eyni zamanda rəqəmsal iqtisadiyyatın inkişafı, elektron ticarətin (e-commerce) coğrafiyasının regional miqyasda genişlənməsi, gömrük bəyannamələrinin və vergi sistemlərinin tam avtomatlaşdırılaraq şəffaflaşdırılması və biznes sektoru üçün açıq dövlət məlumatlarının təhlükəsiz API-lər (tətbiqi proqramlaşdırma interfeysləri) vasitəsilə əlçatan edilməsi ölkədə sahibkarlıq və investisiya mühitini tamamilə innovativ relslər üzərinə köçürür. Bütün bu sahələrdə sinxron şəkildə aparılan institusional islahatlar milli iqtisadi artımın dayanıqlılığını və rəqəmsal suverenliyi uzunmüddətli perspektivdə təmin etməyə xidmət edir.
Səhiyyə sahəsinin tam rəqəmsallaşdırılması da vətəndaşların tibbi xidmətlərə keyfiyyətli əlçatanlığını köklü surətdə yeniləyir. "e-Təbib", "e-Səhiyyə" və xüsusilə həkim reseptlərinin elektron dövriyyəsini təmin edərək şəffaflığı artıran, kağız daşıyıcıları sıradan çıxaran "Reseptim" sisteminin "mygov" ekosisteminə inteqrasiyası vətəndaşların tibbi tarixçəsinin, analiz nəticələrinin və rentgen/MH şəkillərinin vahid, təhlükəsiz platformada toplanmasına şərait yaradır. Yaxın gələcəkdə səhiyyə sistemində geniş tətbiq olunacaq süni intellekt və maşın öyrənməsi həlləri xəstəliklərin erkən diaqnostikasında, rentgen analislərinin oxunmasında və müalicə protokollarının optimallaşdırılmasında həkimlərə etibarlı virtual köməkçi olacaqdır.
Süni intellekt əsaslı logistika: Orta dəhlizin rəqəmsal gələcəyi
Azərbaycanın rəqəmsal transformasiya, texnologiya və süni intellekt sahəsində atdığı addımlar ölkənin Orta dəhlizdə logistika və enerji mərkəzi kimi rolunu keyfiyyətcə yeni mərhələyə daşımaq potensialına malikdir. Fiziki infrastrukturun rəqəmsal və süni intellekt ekosistemi ilə inteqrasiyası Azərbaycanı təkcə tranzit ölkə deyil, məlumat, texnologiya və "ağıllı logistika həlləri" yaradan regional innovasiya mərkəzinə çevirə bilər.
Orta dəhlizin rəqəmsallaşdırılması nəqliyyat proseslərində səmərəliliyi və proqnozlaşdırılmanı əhəmiyyətli dərəcədə artırar. Süni intellekt əsasında tələbin proqnozlaşdırılması, gömrük prosedurlarının avtomatlaşdırılması və yüklərin real vaxt rejimində izlənməsi tranzit müddətlərini qısaldır, xərcləri azaldır və təchizat zəncirində şəffaflığı gücləndirir. Bu yanaşma Orta dəhlizi coğrafi alternativdən texnoloji baxımdan üstün ticarət yoluna çevirə bilər. Eyni zamanda bu, Azərbaycanı Avropa ilə Asiya arasında təkcə malların deyil, məlumat və rəqəmsal xidmətlərin axınının da mühüm mərkəzinə çevirir.
Qlobal rəqəmsallaşmada Azərbaycanın böyük hədəfləri
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rəqəmsal inkişaf strategiyası Azərbaycanın uzunmüddətli milli, iqtisadi və təhlükəsizlik maraqlarına xidmət edən ən fundamental islahatlar paketidir. Bu strateji kurs dövlət aparatının, sadəcə, formal olaraq modernləşdirilməsi deyil, bütövlükdə dövlət-vətəndaş-biznes münasibətlərinin yeni bir idarəetmə fəlsəfəsi üzərində qurulması prosesidir.
Dövlətimizin başçısının keçirdiyi tarixi müşavirə, Rəqəmsal İnkişaf Şurasının yaradılması, 2026-2028-ci illəri əhatə edən mükəmməl Fəaliyyət Planının qəbulu və iyunun 29-da Birinci vitse-prezident Mehriban Əliyevanın sədrliyi ilə şuranın ilk iclasının keçirilməsi ölkəmizin bu yolda nə qədər inamlı, sistemli və sürətli addımlarla irəlilədiyini əyani şəkildə sübut edir. Atılan hər bir addım tək bir strateji hədəfə yönəlmişdir. Məqsəd Azərbaycanı cəmiyyət həyatının bütün sahələrində ən müasir texnologiyalar əsasında idarəolunan qabaqcıl, çevik və vətəndaşyönümlü dövlətlər sırasına çıxarmaqdır.
Bu böyük transformasiyanın makroiqtisadi və sosial təsirlərini daha dərindən anlamaq üçün qabaqlayıcı dövlət modelinə keçidi xüsusi vurğulamaq lazımdır. Fəaliyyət Planının təməl hədəflərindən biri olan proaktiv dövlət xidmətlərinin payının 50 faizə çatdırılması çox önəmli məqamdır. Bu model genişləndikcə Dövlət Məlumat Hövzəsinə inteqrasiya olunmuş süni intellekt alətləri vətəndaşların müraciət etməsini gözləmədən onların sosial ehtiyaclarını proqnozlaşdıracaq. Aztəminatlı ailələrin müəyyən edilməsi, ünvanlı sosial yardımların verilməsi və ya əlillik təyinatları alqoritmlər vasitəsilə tam obyektiv şəkildə, insan amili və subyektivlik olmadan icra ediləcək.
Digər tərəfdən, Azərbaycan uzun illərdir regional nəqliyyat və enerji qovşağı kimi qlobal layihələrin mərkəzində dayanır və mövcud rəqəmsal transformasiya bu fiziki dəhlizləri "Rəqəmsal dəhliz" statusu ilə tamamlayır. Dünyanın müxtəlif ölkələrindən dəvət edilən yüksəkixtisaslı texnologiya mütəxəssislərinə və frilanserlərə verilən "Rəqəmsal səyyah" vizaları ilə 0 faiz gəlir vergisi güzəşti Bakını regionun İT brendinə çevirir və bu da yerli kadrların qlobal təcrübə qazanmasını sürətləndirir. Texnologiya, süni intellekt və kibertəhlükəsizlik şirkətlərinə tanınan 20 illik vergi və gömrük imtiyazları isə qlobal İKT nəhənglərinin Azərbaycanda regional ofislərini açması üçün güclü stimuldur. Bu addımlar ölkənin qeyri-neft ixracatında proqram təminatı və texnoloji xidmətlərin payını əhəmiyyətli dərəcədə artıracaq.
Rəqəmsal iqtisadiyyatın şəffaflıq və səmərəlilik effekti də eyni dərəcədə inqilabi xarakter daşıyır. IV Sənaye İnqilabı prinsiplərinin iqtisadiyyat, o cümlədən sənaye və kənd təsərrüfatı sahəsinə transferi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini yeni pilləyə daşıyır. Blokçeyn əsaslı gömrük və vergi sistemləri, tam avtomatlaşdırılmış elektron ticarət platformaları və biznes üçün açıq API-lər sayəsində maliyyə dövriyyəsi tam şəffaflaşır, kölgə iqtisadiyyatı minimuma enir və sağlam rəqabət mühiti bərqərar olur. Dövlət satınalmalarında yerli innovativ məhsullara kvotaların ayrılması isə erkən mərhələdə olan startapların daxili bazarda sürətlə böyüməsinə və maliyyə dayanıqlığı qazanmasına zəmanət verir ki, bu zəmanət yerli vençur kapitalı fondlarının aktivliyini daha da artırır.
Nəhayət, rəqəmsallaşma sürətləndikcə müdafiə mexanizmlərinin də eyni dərəcədə güclənməsi milli suverenliyin əsas şərtinə çevrilir. Yaradılan Milli Kibertəhlükəsizlik Agentliyi və süni intellekt əsaslı qabaqlayıcı platformalar dövləti potensial hibrid müharibələrdən və transmilli kiberhədələrdən etibarlı şəkildə qoruyur. Kritik infrastrukturların Hökumət Buluduna tam köçürülməsi və cəmiyyətdə "kibergigiyena" mədəniyyətinin formalaşdırılması Azərbaycanı xarici rəqəmsal təhdidlərə qarşı tam qorunan bir rəqəmsal qalaya çevirir.
Həyata keçirilən bu kompleks və sistemli islahatlar əminliklə deməyə əsas verir ki, Azərbaycan yaxın illərdə nəinki regionun siyasi, iqtisadi və nəqliyyat mərkəzi statusunu qoruyacaq, həm də Cənubi Qafqazın və geniş Avrasiya coğrafiyasının aparıcı rəqəmsal, texnoloji və innovasiya mərkəzinə çevriləcək. Qlobal səviyyədə rəqəmsallaşma sahəsində lider dövlətlərdən biri kimi öz sözünü deyən ölkəmizin bu strateji gedişi Azərbaycanın gələcək onilliklərdəki dayanıqlı inkişafının və sarsılmaz rəqəmsal suverenliyinin ən böyük, ən etibarlı təminatıdır. Bütün bunlar heç şübhəsiz, Azərbaycanı inkişafının daha yüksək keyfiyyət mərhələsinə yüksəldəcək.
Prezident İlham Əliyev IV Şuşa Qlobal Media Forumunda jurnalistlərin çoxsaylı suallarını cavablandırarkən bir çox məsələyə, o cümlədən rəqəmsal transformasiyaya da toxundu. Dövlətimizin başçısı bir daha bəyan etdi ki, gündəliyimizin əsas istiqamətlərindən biri rəqəmsal transformasiyanın və süni intellektin inkişafıdır. Beləliklə, rəqəmsal keçid Azərbaycanın gələcəyə hədəflənmiş inkişaf modelinin prioritet istiqamətlərindən biri olacaq və bu sahədə həyata keçirilən konseptual islahatlar ölkəmizi innovasiya mərkəzinə çevirəcək.
Ziyad SƏMƏDZADƏ,
akademik