Müasir dünyanın mürəkkəb geosiyasi mənzərəsi, o cümlədən qarşıdurmaların artması nəticəsində yaranan gərginliklər və yeni çağırışlar hər bir dövlət üçün milli həmrəyliyin, müstəqil düşüncənin və güclü iradənin nə qədər vacib olduğunu bir daha göstərir. Belə bir dövrdə Azərbaycanın qarşısında duran əsas vəzifələrdən biri milli birliyi qorumaq, əldə olunan nailiyyətləri daha da möhkəmləndirmək və gələcək nəsillərə güclü dövlət miras qoymaqdır.
Azərbaycan dövləti Vətən müharibəsində qazandığı böyük Zəfərlə haqsızlığa son qoydu, ədaləti bərpa etdi. 30 ilə yaxın Ermənistanın işğalı altında qalmış Qarabağ və Şərqi Zəngəzuru azadlığa qovuşduran ordumuz bizi məğlubiyyət əzabından xilas etdi. O böyük Zəfərin əbədi qüruru, tükənməz sevinci qalib xalq olaraq yaşamaqdır.
Xalqın və dövlətin bir yumruq kimi birləşməsi, milli birliyimizin möhtəşəm gücü tarixi qələbəmizin reallaşmasında mühüm rol oynadı. Prezident İlham Əliyevin istər Vətən müharibəsindən əvvəl, istər müharibə, istərsə də sonrakı dövrlərdə müxtəlif çıxış və müraciətlərində diqqət mərkəzində saxlanılan əsas məqamlardan biri də məhz milli birlik, öz gücünə inam və müstəqilliyin qorunmasıdır. Dövlət başçısı hər zaman xüsusi vurğulayır ki, Azərbaycan xalqı gələcəyini ilk növbədə öz iradəsi, birliyi və əzmi ilə müəyyən etməlidir. Prezident İlham Əliyev iyulun 13-də IV Şuşa Qlobal Media Forumundakı çıxışında demişdir: "Müraciətlərim məzmunca fərqli olsa da, deyə bilərəm onların ana xətti dəyişməz olaraq qalır ki, biz ancaq özümüzə güvənə bilərik".
Milli birliyimiz dövlətçilik tariximiz və xalqımızın milli-mənəvi dəyərləri ilə sıx bağlıdır. Bu birlik xalqımızın dövlətinə bağlılığını, gələcəyə inamını və ümumi məqsədlər uğrunda fəaliyyət göstərmək iradəsini nümayiş etdirir. Bu baxımdan IV Şuşa Qlobal Media Forumunda Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısı Azərbaycan cəmiyyətində formalaşmış həmrəyliyi yüksək qiymətləndirmişdir: "Çünki bu, ürəkdən gələn, insanların zehnindən gələn bir birlikdir. Elə bil ki, iki çay birləşir bir yerə. Bax, odur bu birlik - həm qəlbən, həm də necə deyərlər, fikir olaraq".
Zaman göstərir ki, hər bir müstəqil dövlətin ən böyük dayağı yalnız iqtisadi və siyasi imkanları deyil, həm də cəmiyyətin vahid məqsədlər ətrafında birləşmək bacarığıdır. Ölkəmizin son illər əldə etdiyi mühüm uğurların əsas amillərindən biri cəmiyyətin dövlətçilik ideyaları ətrafında sıx birləşməsidir. Bu birlik həm də ölkənin gələcək inkişaf perspektivlərinin təmin olunmasında mühüm rol oynayır. Məhz buna görə də milli həmrəyliyin qorunması hər bir dövr üçün aktual və vacib məsələ olaraq qalır.
Bu baxımdan təsadüfi deyil ki, gələcəyə baxış və yeni çağırışlara hazırlıq məsələləri Prezident İlham Əliyevin çıxışlarında xüsusi yer tutur. Dövlət başçısı forumda bir daha diqqətə çatdırdı ki, biz gələcəyə baxmalıyıq, dünya dəyişir: "Yeni təhdidlər, yeni təxribatlar ortaya çıxır. Əgər kimsə fikirləşir ki, bizi istəməyən qüvvələr bizdən əl çəkəcək, olmayacaq, heç vaxt olmayacaq. Bu mübarizə daimi olmalıdır - mübarizə öz hüquqlarımızı qorumaq üçün, mübarizə öz milli kimliyimizi qorumaq üçün, öz müstəqilliyimizi öz əlimizdə saxlamaq üçün".
Müstəqilliyin qorunması dövlət, eləcə də cəmiyyətin qarşısında duran əsas vəzifədir. Bunun üçün milli kimliyə bağlılıq, tarixə hörmət, dövlətçilik ənənələrinə sədaqət və vətəndaş məsuliyyəti mühüm amillərdir. Sevindiricidir ki, ölkəmizdə gənc nəsil də bu dəyərlərə hörmət, ehtiram ruhunda böyüyür, tərbiyə alır. Milli dəyərlərə bağlı, savadlı, vətənpərvər və fəal vətəndaş kimi formalaşan gənclərimiz yalnız gələcəyin qurucuları deyil, onlar həm də bu günün ictimai həyatında mühüm rol oynayan qüvvədir. Gənclərimizin müasir biliklərə yiyələnməsi, yeni texnologiyaları mənimsəməsi, eyni zamanda milli-mənəvi dəyərlərə sadiq qalması Azərbaycanın qarşıdakı inkişaf mərhələləri üçün böyük əhəmiyyət daşıyır.
Yüz illər boyu başı bəlalar çəkmiş, sınaqlardan keçmiş xalqın gələcəyi olan gənclər öz tarixini heç zaman unutmamalı, ondan dərs almalı, ayıq-sayıq olmalıdırlar. Dövlətimizin başçısı forumda bu mühüm məsələyə da toxunmuşdur: "Bir çox misallar var ki, bəzi ölkələr, onların rəhbərləri kiminsə qanadının altına sığınırlar və hesab edirlər ki, bu, onları qoruyacaq. Amma nəticə etibarilə olurlar qurban. Böyük oyunların qurbanları".
Prezident qeyd etmişdir ki, bizim xalqımız həm işğal görüb, həm dağıntılar görüb, həm Zəfər görüb, həm də bu gün bu bərpa və dirçəliş dövrünü həm görür, həm də bunun iştirakçısıdır: "Ona görə bu sözlərim gələcək nəsillərə, gənc nəslədir ki, Azərbaycan xalqı əbədi, yəni qürurlu xalq kimi, qalib xalq kimi yaşasın, milli kimlik hər şeydən üstün olmalıdır, milli ləyaqət hər şeydən üstün olmalıdır. Məğlub ola bilərsən, - indi olur belə hadisələr, - amma gərək heç vaxt əyilməyəsən, sınmayasan. Heç vaxt işğalçı ilə razılaşmayasan, işğalçının diktəsi ilə oturub-durmamalısan. Lazım olsa, ölsən də belə gərək ləyaqətlə yaşayasan və öz övladlarına, nəvələrinə, nəticələrinə bunu aşılayasan. Ona görə bizim gələcək inkişafımız gənc nəslə bağlı olacaq, təqribən 20 il, 30 il, 50 il sonra. Onlar da bizim kimi Vətənə bağlı, mətin, iradəli, güclü olmalıdırlar ki, Azərbaycan daim yüksəklərdə olsun".
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"