16 İyul 2026 08:00
973
SİYASƏT
A- A+
Bakı-Bratislava tərəfdaşlığı yeni mərhələyə keçir

Bakı-Bratislava tərəfdaşlığı yeni mərhələyə keçir


Azərbaycan-Slovakiya münasibətləri çoxşaxəli etibarlı əməkdaşlığa və qarşılıqlı etimada əsaslanır


Dünya ənənəvi təhlükəsizlik arxitekturasının sınağa çəkildiyi və yeni regional əməkdaşlıq formatlarının yarandığı mürəkkəb tarixi mərhələdən keçir. Qlobal miqyasda cərəyan edən proseslər dövlətlərin xarici siyasət strategiyasında şaxələndirmə və etibarlı tərəfdaşlıq amillərini ön plana çıxarır. Belə şəraitdə Avropa İttifaqının üzvü olan Slovakiya ilə Cənubi Qafqazın lider dövləti, şərqlə qərbin kəsişməsində yerləşən Azərbaycan arasında qurulan çoxvektorlu tərəfdaşlıq regional sabitliyin və qlobal təhlükəsizliyin təmin olunmasında mühüm əhəmiyyət kəsb edir. 

İyulun 14-də Slovakiya Prezidenti Peter Pelleqrininin Azərbaycana reallaşan rəsmi səfəri yeni qlobal reallıqlar fonunda Bakı ilə Bratislava arasında güclənən tərəfdaşlığın növbəti bariz göstəricisidir. Bu səfər iki ölkə arasındakı münasibətlərin real və praktiki əməkdaşlıq mərhələsinə qədəm qoyduğunu nümayiş etdirir. Son illərdə siyasi dialoqun intensivləşməsi, iqtisadi-enerji tərəfdaşlığının dərinləşməsi və Qarabağın bərpasında birgə addımların atılması Azərbaycan-Slovakiya əlaqələrini keyfiyyətcə yeni strateji müstəviyə yüksəldib.

Prezident İlham Əliyev Slovakiyanın dövlət başçısı Peter Pelleqrini ilə görüşdən sonra keçirilən birgə mətbuat konfransında iki ölkə arasında yüksəksəviyyəli əlaqələrin inkişaf etdiyini, siyasi təmasların müntəzəm xarakter aldığını bildirib: "Bu qədər fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir. 2024-cü ildə biz strateji tərəfdaşlığa dair Birgə Bəyannamə imzalamışıq və bəyannamənin icrası göz önündədir. Çünki belə fəal siyasi təmaslar və birgə layihələrin icra olunması, əlbəttə ki, güclü siyasi iradə tələb edir". 

Azərbaycan Prezidentinin də vurğuladığı kimi, ikitərəfli münasibətlərin əsas hərəkətverici qüvvəsi dövlət başçılarının siyasi iradəsidir. 2024-cü il mayın 6-da Slovakiyanın Baş naziri Robert Fitsonun Bakıya rəsmi səfəri çərçivəsində imzalanmış Strateji Tərəfdaşlığın yaradılması haqqında Birgə Bəyannamə Bakı-Bratislava əlaqələrinin hüquqi-siyasi təməlini ən yüksək səviyyəyə qaldırdı. Bu sənədin ardınca siyasi təmaslar daha da intensivləşdi. Prezident İlham Əliyev 2025-ci il dekabrın 8-də Slovakiyaya rəsmi səfər etdi və Bratislavada enerji, müdafiə sənayesi, investisiya və digər məsələlər ətrafında geniş müzakirələr aparıldı.

Rəsmi Bratislava da Bakı ilə qurulan münasibətlərə xüsusi önəm verir. Slovakiya Prezidenti Peter Pelleqrini öz bəyanatında bu tərəfdaşlığın mahiyyətini belə ifadə edib: "Slovakiya ilə Azərbaycan arasında strateji tərəfdaşlıq sadə formal bəyannamə deyil. Ölkələrimiz arasında münasibətlər standart diplomatik əlaqələrin hüdudlarını keçir. Biz, həqiqətən, dost ölkələrik. Biz bir-birimizə xeyli kömək edən və əla münasibətlərimizi konkret layihələrə, əyani əməkdaşlığa çevirən dostlarıq". 

Qeyd edək ki, iki ölkə arasında tərəfdaşlığın təməli ötən əsrin 90-cı illərinin əvvəllərində qoyulub. Slovakiya Azərbaycanın müstəqilliyini 1992-ci il yanvarın 24-də tanıyıb, diplomatik münasibətlər isə 1993-cü il noyabrın 23-də rəsmiləşib. Ötən dövr ərzində əlaqələrin institusional bazası mərhələli şəkildə gücləndirilib. 2019-cu ildə Bakıda, 2023-cü ildə isə Bratislavada səfirliklər təsis edilib. Səfirliklərin açılması siyasi, iqtisadi və humanitar sahələrdə birbaşa təmasların qurulmasında katalizator rolunu oynayıb. 

Siyasi münasibətlərin dərinləşməsində parlament diplomatiyası da mühüm çəkiyə malikdir. Milli Məclisdə fəaliyyət göstərən Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə İşçi qrupu və Slovakiya parlamentindəki müvafiq dostluq qrupu qanunverici orqanlar arasında davamlı dialoqu və qarşılıqlı dəstəyi təmin edir. 

İki ölkə arasında bu günədək imzalanmış sənədlər əməkdaşlığın müxtəlif istiqamətlərini tənzimləyir. Xüsusilə, 2021-ci ildə imzalanan iqtisadi əməkdaşlıq haqqında hökumətlərarası saziş və onun əsasında formalaşdırılan Birgə İşçi qrupu sənaye, kənd təsərrüfatı, logistika və innovasiyalar üzrə real layihələrin icrası üçün səmərəli mexanizmə çevrilib. 

İkitərəfli iqtisadi münasibətlərin əsasını enerji əməkdaşlığı təşkil edir. Avropanın enerji təchizatının şaxələndirilməsi fonunda Azərbaycan etibarlı tərəfdaş kimi öz mövqeyini möhkəmləndirir. 2024-cü il dekabrın 1-dən etibarən Azərbaycan qazının Slovakiyaya ixracına başlanılıb ki, bu da ölkənin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib. 

Tərəflər arasında müdafiə sahəsi də prioritetlərdən biridir. Bu sahədə hüquqi baza 2024-cü ilin mayında Robert Fitsonun Bakı səfəri zamanı imzalanmış "Hərbi-texniki əməkdaşlıq haqqında Memorandum" və "Müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş" ilə qoyulub. Prosesin davamı olaraq, 2025-ci ildə dövlət başçımızın Slovakiyaya rəsmi səfəri çərçivəsində Azərbaycanın Müdafiə Sənayesi Nazirliyi ilə Slovakiyanın Müdafiə Nazirliyi arasında əməkdaşlıq haqqında Niyyət Protokolu imzalanıb. 

Azərbaycan-Slovakiya tərəfdaşlığının göstəricilərindən biri də işğaldan azad edilmiş ərazilərin yenidən qurulması ilə bağlıdır. Slovakiya şirkətləri Ağdam rayonunda tətbiq edilən "ağıllı kənd" layihəsində fəal iştirak edirlər. Bu əməkdaşlıq Avropa texnologiyalarının və innovativ şəhərsalma həllərinin Qarabağın dirçəlişinə cəlb edilməsinin uğurlu nümunələrindən biridir. Prezident İlham Əliyev slovakiyalı həmkarı ilə görüşü zamanı bu əməkdaşlığın əhəmiyyətini xüsusi qeyd edib: "Biz çox şadıq ki, Slovakiya Qarabağın bərpasında fəal iştirak edir. Bu dəstəyə və Qarabağın bərpasına verdiyiniz töhfəyə görə Sizə bir daha təşəkkürümü bildirmək istəyirəm".

Münasibətlərin gələcək inkişaf perspektivlərində nəqliyyat və humanitar əlaqələr də mühüm yer tutur. Bakı ilə Bratislava arasında birbaşa aviareyslərin açılması planlaşdırılır. Hava marşrutu turizm və işgüzar dairələr üçün əlverişli imkanlar yaratmaqla yanaşı, Azərbaycan vətəndaşlarının Mərkəzi Avropaya daha rahat gediş-gəlişini də təmin edəcək. 

Nəticə etibarı ilə Bakı və Bratislava arasındakı münasibətlər Avropanın enerji təhlükəsizliyini qoruyan, azad edilmiş ərazilərdə sülh quruculuğuna töhfə verən və hərbi-sənaye potensialını qarşılıqlı faydalı şəkildə inkişaf etdirən etibarlı tərəfdaşlıq modelidir. Slovakiya Prezidentinin qeyd etdiyi kimi, Azərbaycan mühüm regional iştirakçıdır: "O, sabitliyin və inkişafın qarantıdır, şərqlə qərbi birləşdirən logistika və nəqliyyat marşrutlarının əsas qovşağı rolunu oynayır. Azərbaycan bu baxımdan mühüm əhəmiyyətə malikdir". 

Azərbaycan-Slovakiya strateji tərəfdaşlığı gələcəkdə daha böyük layihələrə imza atacaq, iki dost xalqın rifahına və Avrasiya məkanında regional əməkdaşlığın güclənməsinə yeni töhfələr verəcək.


İsmayıl QOCAYEV, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Vaşinqtonda Azərbaycan, ABŞ və Ermənistan rəsmilərinin üçtərəfli görüşü keçirilib  

00:36
12 Avqust

Prezident İlham Əliyevin sosial media hesablarında Naxçıvan səfəri ilə bağlı videoçarx paylaşılıb 

23:25
11 Avqust

Prezident İlham Əliyev: Qarabağda və Şərqi Zəngəzurda yeni idarəetmə sisteminin üstünlüklərini gördük  

23:23
11 Avqust

Prezident: Naxçıvan, Şərqi Zəngəzur, Qarabağ vahid konsepsiya əsasında inkişaf etməlidir  

23:17
11 Avqust

Ordubad rayonunda su elektrik stansiyasının tikintisi nəzərdə tutulur

23:15
11 Avqust

Prezident: Azərbaycandan Naxçıvana Ermənistan ərazisindən elektrik xətlərinin çəkilməsi layihəsi hazırdır  

23:13
11 Avqust

Azərbaycan Prezidenti: Biz Avropaya elektrik enerjisi ilə də çıxmaq istəyirik

23:10
11 Avqust

Prezident İlham Əliyev: Naxçıvan əvəzolunmaz nəqliyyat mərkəzlərinin birinə çevriləcək

23:07
11 Avqust

Prezident: Bir çox beynəlxalq qurum Azərbaycan dəmir yollarının Naxçıvan seqmentinə maraq göstərir

23:05
11 Avqust

Prezident: Horadiz–Ağbənd avtomobil yolu demək olar hazırdır  

23:03
11 Avqust

Azərbaycan Prezidenti: Zəngəzur dəhlizinin yaradılması bizim təşəbbüsümüz olub  

23:00
11 Avqust

Prezident: Günəş elektrik enerjisinin istehsalı üçün Azərbaycan ərazisində ən əlverişli məkan Naxçıvandır  

22:58
11 Avqust

Lənkəranda açıq sahədə yanğın başlayıb  

22:55
11 Avqust

Prezident: Azərbaycan yerləşdiyimiz regionda elektrik enerjisi ilə problemi olmayan nadir ölkələr sırasında birincidir  

22:53
11 Avqust

Azərbaycan Prezidenti: Naxçıvan Muxtar Respublikası hərtərəfli inkişaf edir  

22:50
11 Avqust

Prezident İlham Əliyev: Azərbaycan Silahlı Qüvvələri bölgədə söz sahibidir  

22:48
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Azərbaycan Televiziyasına müsahibə verib 

22:45
11 Avqust

Prezident İlham Əliyev Naxçıvan şəhərində sosial evlər kompleksinin təməlini qoyub  

22:43
11 Avqust

Naxçıvandakı “Əcəmi seyrangahı” istirahət kompleksində memar Əcəmi Naxçıvaninin abidəsi açılıb  

22:41
11 Avqust

Prezident İlham Əliyev Naxçıvanda Möminə xatun türbəsində aparılan bərpa işləri ilə tanış olub VİDEO  

22:39
11 Avqust

Prezident İlham Əliyev “Naxçıvan şəhərinin 2044-cü ilədək inkişafına dair Baş Planı” ilə tanış olub  

21:44
11 Avqust

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!