17 İyun 2026 08:30
245
Təhsil
A- A+
Rəqəmsal təhsil transformasiyası: gələcəyin strateji istiqaməti

Rəqəmsal təhsil transformasiyası: gələcəyin strateji istiqaməti


Azərbaycanda rəqəmsal iqtisadiyyata keçidin sürətləndirilməsi, müasir və dayanıqlı infrastrukturun qurulması, eləcə də 4-cü Sənaye İnqilabı texnologiyalarının tətbiqi dövlət siyasətinin əsas prioritetlərindən biri kimi müəyyən olunub. Bu istiqamət birbaşa ölkə rəhbərliyinin diqqət mərkəzindədir. 2026-cı il fevralın 11-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən və "Azərbaycanın yeni rəqəmsal arxitekturası" vahid fəaliyyət planına həsr olunan müşavirə ölkənin rəqəmsal gələcəyinin formalaşdırılması baxımından mühüm addım kimi qiymətləndirilir. 

Dövlət başçısı çıxışında vurğulayıb ki, süni intellekt, məlumat mərkəzləri və genişmiqyaslı rəqəmsallaşma qlobal inkişafın yeni mərhələsini müəyyən edir və bu proseslər bütün ölkələrin strateji yol xəritəsinə ciddi təsir göstərir. Hazırlanan fəaliyyət planı rəqəmsal transformasiyanın sürətləndirilməsi, süni intellektin geniş tətbiqi, innovasiya mühitinin gücləndirilməsi, eləcə də kibertəhlükəsizliyin təmin olunması kimi dörd əsas istiqaməti əhatə edir. Prezident qeyd edib ki, Azərbaycanın qarşısında duran əsas məqsəd vahid, təhlükəsiz və inteqrasiya olunmuş rəqəmsal ekosistemin qurulmasıdır. Müşavirədə dövlət idarəçiliyində süni intellekt texnologiyalarının tətbiqinin genişləndirilməsi məsələsinə xüsusi diqqət yetirilib.

2025-ci il martın 19-da Prezident İlham Əliyevin imzaladığı sərəncamla "Azərbaycan Respublikasının Süni İntellekt Strategiyası (2025-2028)" təsdiq edilib. Ölkədə rəqəmsal inkişafın yeni mərhələyə keçidini göstərən bu strateji sənəd süni intellekt texnologiyalarının iqtisadiyyatın müxtəlif sahələrində tətbiqinin genişləndirilməsini, innovasiya fəaliyyətinin təşviqini və rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılmasını prioritet istiqamətlər kimi müəyyən edir. Bununla yanaşı, Azərbaycanda Rəqəmsal İnkişaf Şurası yaradılıb və ona Azərbaycan Respublikasının Birinci vitse-prezidenti sədr təyin edilib. Beləliklə, bu proseslərin koordinasiyalı və sistemli şəkildə həyata keçirilməsi üçün mühüm zəmin formalaşdırılıb. Şuranın fəaliyyəti dövlət qurumları arasında əlaqələndirməni gücləndirməklə yanaşı, rəqəmsal transformasiyanın institusional əsaslarını daha da möhkəmləndirir. Bu təşəbbüslərin məntiqi davamı kimi 2026-cı il fevralın 11-də keçirilmiş müşavirə ölkənin inkişaf strategiyasında keyfiyyətcə yeni mərhələnin başlanğıcı kimi qiymətləndirilə bilər. 

Artıq rəqəmsallaşma yalnız texnoloji yenilənmə deyil, həm də iqtisadi gücün artırılması, idarəetmə mexanizmlərinin səmərəliliyinin yüksəldilməsi və ölkənin qlobal rəqabət mühitində mövqeyinin gücləndirilməsi baxımından əsas strateji amilə çevrilib. Bu kontekstdə rəqəmsal texnologiyaların tətbiqi dövlət idarəçiliyinin çevikliyini artırır, qərar qəbuletmə proseslərini sürətləndirir və resurslardan daha səmərəli istifadəni təmin edir. Qlobal miqyasda baş verən sürətli transformasiya ali təhsil müəssisələri qarşısında da yeni və daha mürəkkəb vəzifələr qoyur. Müasir əmək bazarının tələblərinə uyğun kadr hazırlığı, innovativ düşüncənin inkişafı və texnoloji bacarıqların gücləndirilməsi artıq universitetlərin əsas prioritetlərinə çevrilib. Bu baxımdan Azərbaycan Texnologiya Universiteti (ATU) rəqəmsal transformasiya proseslərini sürətləndirməyi strateji hədəf kimi müəyyənləşdirib. Universitet süni intellekt texnologiyalarının tədris proqramlarına inteqrasiyasını genişləndirməklə yanaşı, elmi-tədqiqat fəaliyyətində də bu sahəyə xüsusi önəm verir. Eyni zamanda informasiya təhlükəsizliyinin gücləndirilməsi, rəqəmsal infrastrukturun müasirləşdirilməsi və innovasiya ekosisteminin inkişafı ATU-nun fəaliyyətində prioritet istiqamətlər kimi çıxış edir. Bu yanaşma universitetin həm milli, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətini artırmağa xidmət edir. Bu çərçivədə ATU tərəfindən rəqəmsallaşma və süni intellekt sahəsində daxili institusional siyasət formalaşdırılıb. Belə ki, 2026-cı ilin əvvəlində universitetin Elmi Şurası tərəfindən "Rəqəmsallaşma və Süni İntellekt üzrə Siyasət" sənədi qəbul edilib. Bu sənəd universitetin bütün struktur bölmələrini, akademik və inzibati heyətini, eyni zamanda tələbələri əhatə etməklə, tədris, elmi-tədqiqat və idarəetmə fəaliyyətlərinin müasir tələblərə uyğun şəkildə yenilənməsini hədəfləyir. 

Siyasət sənədində xüsusi vurğulanan məqamlardan biri süni intellekt texnologiyalarının tədris prosesinə sistemli və mərhələli şəkildə inteqrasiyasıdır. Bu yanaşma yalnız tədrisin məzmununun zənginləşdirilməsinə deyil, həm də öyrənmə prosesinin fərdiləşdirilməsinə, tələbələrin analitik və tənqidi düşünmə bacarıqlarının inkişafına xidmət edir. Eyni zamanda tədrisin keyfiyyətinin qiymətləndirilməsində müasir rəqəmsal alətlərdən istifadə olunması, imtahan və qiymətləndirmə mexanizmlərinin daha şəffaf və obyektiv qurulması nəzərdə tutulur. Bununla yanaşı, sənəddə elmi-tədqiqat fəaliyyətinin gücləndirilməsi xüsusi yer tutur. Məlumatların toplanması, emalı və təhlili proseslərində qabaqcıl texnologiyaların tətbiqi tədqiqatların keyfiyyətini yüksəldəcək və nəticələrin daha praktik əhəmiyyət kəsb etməsinə imkan yaradacaqdır. Universitet bu istiqamətdə rəqəmsal platformaların və süni intellekt əsaslı alətlərin istifadəsini təşviq edir. Eyni zamanda bütün bu proseslərdə etik prinsiplərə və akademik dürüstlük normalarına ciddi riayət olunması əsas şərt kimi müəyyən edilib. Süni intellekt texnologiyalarının istifadəsində şəffaflıq, məsuliyyətlilik və məlumat təhlükəsizliyi prinsipləri prioritet hesab olunur. Bu yanaşma universitetdə sağlam akademik mühitin qorunmasına, həmçinin rəqəmsal transformasiyanın davamlı və etibarlı şəkildə həyata keçirilməsinə xidmət edir.

Rəqəmsallaşma və süni intelekt üzrə siyasət sənədində kibertəhlükəsizlik ayrıca və strateji prioritet kimi müəyyənləşdirilib. Bu çərçivədə universitetin daxili şəbəkə infrastrukturunun müasirləşdirilməsi, informasiya sistemlərinin etibarlı mühafizəsi, şəxsi məlumatların qorunması və mümkün kiberhücumlara qarşı qabaqlayıcı (preventiv) mexanizmlərin tətbiqi əsas istiqamətlər kimi çıxış edir. Eyni zamanda risklərin davamlı monitorinqi, təhlükəsizlik protokollarının yenilənməsi və istifadəçi səviyyəsində məlumat təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması da bu siyasətin ayrılmaz tərkib hissəsi kimi nəzərdə tutulur. Bu yanaşma universitetin rəqəmsal mühitində dayanıqlılığı və etibarlılığı təmin etməyə xidmət edir.

Sənəddə texnoloji infrastrukturun inkişafı ilə yanaşı, insan kapitalının gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. ATU əməkdaşların və tələbələrin rəqəmsal savadlılığının artırılmasını, süni intellekt və əlaqəli sahələr üzrə ixtisaslaşmış kadrların hazırlanmasını strateji hədəf kimi müəyyənləşdirir. Bu məqsədlə tədris proqramlarının əmək bazarının müasir tələblərinə uyğun şəkildə yenilənməsi, praktiki bacarıqların inkişafına yönəlmiş yanaşmaların tətbiqi və ömürboyu təhsil prinsiplərinin təşviqi prioritet istiqamətlər sırasında yer alır.

Qarşıya qoyulan hədəflərə nail olmaq üçün universitet yerli və beynəlxalq tərəfdaşlarla əməkdaşlığın genişləndirilməsini vacib hesab edir. Bu əməkdaşlıqlar ali təhsil müəssisələri, texnoloji şirkətlər, tədqiqat institutları və dövlət qurumları ilə birgə layihələrin həyata keçirilməsinə, bilik və təcrübə mübadiləsinə şərait yaradır. Bununla yanaşı, idarəetmə proseslərinin rəqəmsal platformalar üzərindən optimallaşdırılması, sənəd dövriyyəsinin tam elektronlaşdırılması və elektron tədris resurslarının inkişafı da siyasətin əsas istiqamətlərindəndir. Ümumiyyətlə, bu cür strateji siyasət sənədlərinin hazırlanması və tətbiqi ali təhsil müəssisələrinin rəqəmsal transformasiyasını sürətləndirməklə yanaşı, onların həm milli, həm də beynəlxalq səviyyədə rəqabət qabiliyyətinin artırılmasında mühüm rol oynayır. Günümüzdə ali təhsil müəssisələrinin rəqabət qabiliyyəti artıq yalnız akademik göstəricilərlə deyil, eyni zamanda rəqəmsal texnologiyaların tətbiq səviyyəsi və bu texnologiyaların tədris prosesinə nə dərəcədə effektiv inteqrasiya olunması ilə müəyyən edilir. Bu baxımdan ATU-da tətbiq olunan Tədrisin İdarəetmə Sisteminin (LMS) və İmtahan Portalı mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda tezliklə istifadəyə veriləcək Elektron Sənəd Dövriyyəsi Sisteminin (ESD) tətbiqi universitetin prioritet hədəflərindən biri kimi çıxış edir. Xüsusilə LMS platforması tədris prosesinin rəqəmsallaşdırılmasında mərkəzi rol oynayır və qarşılıqlı müəllim-tələbə əlaqəsini daha çevik və səmərəli edir. Bu sistem vasitəsilə müəllimlər dərs materiallarını (mühazirə mətnləri, təqdimatlar, əlavə resurslar) elektron formada paylaşa, tapşırıqlar və layihələr təqdim edə, həmçinin qiymətləndirməni onlayn şəkildə həyata keçirə bilirlər. Tələbələr isə istənilən vaxt istənilən məkandan bu resurslara çıxış əldə etməklə öyrənmə prosesini daha fərdi və çevik şəkildə idarə edə bilirlər. 

LMS-in ən mühüm üstünlüklərindən biri də onun tədris prosesini yalnız məlumat ötürülməsi ilə məhdudlaşdırmaması, eyni zamanda interaktiv öyrənmə mühitini formalaşdırmasıdır. Mühazirələrin videoformatda yerləşdirilməsi, canlı və ya qeydə alınmış onlayn dərslərin təşkili, forumlar və müzakirə bölmələri vasitəsilə tələbələrin fəal iştirakının təşviqi distant və hibrid təhsil modellərinin effektiv tətbiqinə geniş imkan yaradır. Bu isə xüsusilə müasir dövrdə çevik və davamlı təhsil sisteminin qurulması baxımından böyük əhəmiyyət daşıyır. Bundan əlavə, LMS platforması analitik imkanları ilə də seçilir. Sistem tələbələrin davamiyyətini, tapşırıqların yerinə yetirilmə səviyyəsini və ümumi akademik fəallığını izləməyə, əldə olunan məlumatlar əsasında onların inkişaf dinamikasını təhlil etməyə şərait yaradır. Bu məlumatlar müəllimlərə daha əsaslandırılmış qərarlar qəbul etməyə, tədris metodlarını təkmilləşdirməyə və fərdi yanaşmanı gücləndirməyə imkan verir. Əgər bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, LMS yalnız texnoloji alət deyil, həm də tədrisin keyfiyyətinin yüksəldilməsinə və öyrənmə nəticələrinin optimallaşdırılmasına xidmət edən strateji platformadır.

Universitetdə cari ilin yaz imtahan sessiyasından başlayaraq imtahan prosesində süni intellekt əsaslı innovativ həllərin tətbiqinə start verilib. Bu çərçivədə tədris və qiymətləndirmə proseslərinin rəqəmsallaşdırılması istiqamətində növbəti addım olaraq innovativ süni intellekt əsaslı İmtahan Portalı pilot layihə kimi istifadəyə verilib. Platforma iki əsas modul üzrə fəaliyyət göstərir: yazılı imtahan modulu və test imtahanı modulu. Yazılı imtahan modulu pilot mərhələ kimi Rəqəmsal texnologiyalar fakültəsinin I kurs tələbələri üçün tətbiq olunur və imtahanlar auditoriya şəraitində rəqəmsal platforma üzərindən həyata keçirilir; bu zaman bilet əsaslı cavabların süni intellekt vasitəsilə operativ qiymətləndirilməsi və nəticələrin dərhal təqdim olunması nəzərdə tutulur. Test imtahanı modulu isə bütün fakültələr üzrə tələbələrə açıq olmaqla, onların istənilən vaxt öz biliklərini onlayn şəkildə sınamasına imkan yaradır. Bu innovativ həll ATU-nun rəqəmsal transformasiya strategiyası çərçivəsində imtahan sisteminin modernləşdirilməsinə, qiymətləndirmə prosesində şəffaflığın və operativliyin artırılmasına xidmət edir.

ESD isə universitetdə inzibati idarəetmənin rəqəmsallaşdırılmasını təmin edən əsas mexanizmlərdən biri kimi çıxış edəcəkdir. Bu sistem vasitəsilə sənədlərin hazırlanması, qeydiyyatı, ötürülməsi və arxivləşdirilməsi prosesləri tam şəkildə elektron mühitə keçiriləcəkdir. Nəticədə rəsmi yazışmalar daha operativ həyata keçiriləcək - sənədlərin icra vəziyyətini real vaxt rejimində izləmək mümkün olacaq, eləcə də elektron imza vasitəsilə hüquqi qüvvəyə malik şəkildə təsdiqlənəcəkdir. Qeyd edim ki, bu yanaşma sənədlərin itirilməsi riskini minimuma endirməklə yanaşı, sənəd dövriyyəsində sürəti artırır, idarəetmə proseslərində şəffaflığı gücləndirir və məsuliyyət bölgüsünü daha aydın şəkildə müəyyənləşdirir.

Beləliklə, ESD-nin tətbiqi inzibati fəaliyyətlərin səmərəliliyini artırdığı kimi, tədris prosesində istifadə olunan rəqəmsal alətlərlə inteqrasiya üçün də əlverişli zəmin yaradır. Məhz bu nöqtədə LMS və ESD sistemlərinin, eləcə də İmtahan Portalının paralel və əlaqəli şəkildə tətbiqi xüsusi əhəmiyyət kəsb edir. ATU-da bu sistemlərin inteqrasiyası vahid rəqəmsal idarəetmə mühitinin formalaşmasına imkan verəcək, akademik və inzibati proseslər arasında əlaqəni daha da möhkəmləndirəcəkdir. Bu inteqrasiya nəticəsində məlumat mübadiləsi sürətlənir, tələbə məlumatlarının avtomatik emalı, akademik sənədlərin operativ hazırlanması və müxtəlif analitik hesabatların formalaşdırılması daha səmərəli şəkildə həyata keçirilir. Eyni zamanda qərar qəbuletmə prosesləri daha çevik və məlumatlara əsaslanan formada təşkil olunur. Bütün bunlar universitetin müasir çağırışlara uyğunlaşmasını təmin etməklə yanaşı, rəqəmsal transformasiyanın daha yüksək mərhələsi olan "ağıllı kampus" konsepsiyasına keçid üçün möhkəm əsas yaradır.

ATU 2025-ci ildə daxili şəbəkə infrastrukturunu əsaslı şəkildə yeniləməklə rəqəmsal transformasiya istiqamətində mühüm addım atıb. Aparılan kompleks texniki modernizasiya işləri nəticəsində universitetdə orta internet sürəti 300 Mb/s səviyyəsinə çatdırılıb. Bu göstərici yalnız texniki nailiyyət deyil, eyni zamanda tədris və elmi fəaliyyətin keyfiyyətinə birbaşa təsir edən strateji üstünlük kimi qiymətləndirilir. Yüksəksürətli və sabit internet bağlantısı tədris platformalarının fasiləsiz işləməsini, rəqəmsal kitabxana resurslarından effektiv istifadəni, eləcə də beynəlxalq elmi-tədqiqat və əməkdaşlıq layihələrinin daha çevik şəkildə həyata keçirilməsini təmin edir.

Bu infrastruktur yenilənməsinin məntiqi davamı olaraq universitet ərazisini tam əhatə edən pulsuz Wi-Fi şəbəkəsinin istifadəyə verilməsi rəqəmsal mühitin əlçatanlığını daha da genişləndirib. Qabaqcıl texnoloji həllər əsasında qurulan bu şəbəkə eyni anda təxminən 2 min tələbənin fasiləsiz və stabil internet xidmətindən yararlanmasına imkan yaradır. Nəticə etibarilə tələbələr yalnız auditoriyalarda deyil, kitabxana, idman kompleksi və açıq kampus ərazilərində də rəqəmsal resurslara sərbəst çıxış əldə edirlər. Bu yanaşma təhsil prosesinin məkan və zaman məhdudiyyətlərindən asılılığını azaldır, tələbələrin müstəqil öyrənmə imkanlarını genişləndirir və ümumilikdə universitetdə rəqəmsal təhsil mühitinin formalaşmasına mühüm töhfə verir.

ATU-da fəaliyyət göstərən İnnovasiya Mərkəzi universitetin rəqəmsal transformasiya strategiyasının mühüm tərkib hissəsi olmaqla yanaşı, tələbələrin yaradıcı potensialının inkişafına xidmət edən əsas platformalardan biridir. Bu mərkəz müasir çağırışlara uyğun olaraq yaradılıb və tələbələrin asudə vaxtlarının səmərəli təşkili, innovativ düşüncə tərzinin formalaşdırılması, həmçinin praktiki bilik və bacarıqlarının artırılması məqsədini daşıyır. Mərkəzin fəaliyyəti yalnız nəzəri biliklərin deyil, eyni zamanda tətbiqi yanaşmaların təşviqinə yönəlib və müxtəlif layihələr vasitəsilə tələbələri real texnoloji proseslərlə yaxından tanış edir.

Bu fəaliyyət istiqamətlərinin məntiqi davamı olaraq İnnovasiya Mərkəzi tərəfindən həyata keçirilən "Texnologiyanın sirləri" layihəsi xüsusi əhəmiyyət kəsb edir. Müasir dövrdə texnologiyadan istifadə edənlə onu dərindən anlayanlar arasında mövcud olan fərqi azaltmaq bu layihənin əsas məqsədidir. Layihə çərçivəsində mürəkkəb elmi-texnoloji anlayışlar sadə, anlaşıqlı formada təqdim olunur ki, bu da onların texnologiyaya yalnız istifadəçi kimi deyil, həm də yaradıcı yanaşmasını stimullaşdırır. Layihənin məzmunu sənaye inqilabları, süni intellekt, "yaşıl enerji" və digər aktual mövzuları əhatə edir və hər bir mövzu ardıcıl şəkildə - "haradan başlayıb, necə inkişaf edib və bu gün hansı mərhələdədir" məntiqi çərçivəsində izah olunur. Bu yanaşma tələbələrə texnologiyaların təkamülünü sistemli şəkildə dərk etməyə və gələcək inkişaf istiqamətlərini daha düzgün qiymətləndirməyə imkan yaradır. Eyni zamanda layihə çərçivəsində hazırlanan videomaterialların yaradılmasında müasir süni intellekt texnologiyalarından istifadə edilir. Bununla belə, əsas prinsip qorunur: texnologiya yalnız bir alət rolunu oynayır, yaradıcılıq, məzmun seçimi və yekun qərarlar isə insan faktoruna əsaslanır. Bu balans həm texnoloji imkanlardan səmərəli istifadəni təmin edir, həm də tələbələrdə məsuliyyətli və etik yanaşmanı formalaşdırır.

ATU-da həyata keçirilən mühüm layihələrdən biri də süni intellekt əsaslı rəqəmsal akademik bələdçi sistemidir (ATU-Bot). Bu təşəbbüs universitetin rəqəmsal transformasiya strategiyasının praktik nəticəsi kimi çıxış edir və tələbələrə yönəlik xidmətlərin keyfiyyətcə yeni mərhələyə keçidini təmin edir. ATU-Bot universitetin rəsmi veb saytına inteqrasiya olunmuş süni intellekt əsaslı həll kimi tələbələrin gündəlik akademik həyatında qarşılaşdıqları suallara operativ cavab vermək məqsədilə hazırlanıb. Onun əsas üstünlüklərindən biri fasiləsiz və növbəsiz fəaliyyət göstərməsidir. Belə ki, tələbələr həftənin istənilən günü, günün istənilən saatında sistemə müraciət edərək dərhal cavab əldə edə bilirlər. Bu xüsusiyyət xüsusilə imtahan sessiyaları dövründə və iş saatlarından kənar vaxtlarda informasiya əlçatanlığını əhəmiyyətli dərəcədə artırır. Eyni zamanda ATU-Bot, sadəcə, məlumat təqdim edən platforma deyil, funksional baxımdan rəqəmsal akademik məsləhətçi rolunu yerinə yetirir. Tələbələr dərs kreditləri, kredit limitləri, fənn seçimi, qeydiyyat prosedurları, dərs cədvəlləri və digər akademik məsələlərlə bağlı dəqiq və strukturlaşdırılmış məlumat ala bilirlər. Bu isə onların akademik proseslərdə daha çevik qərarlar qəbul etməsinə və vaxtlarını daha səmərəli idarə etməsinə imkan yaradır. Belə bir sistemin tətbiqi universitetdə idarəetmə və xidmət mexanizmlərinin optimallaşdırılmasına da töhfə verir. Bir tərəfdən inzibati heyətin üzərinə düşən informasiya yükü azalır, digər tərəfdən isə tələbə məmnuniyyəti yüksəlir. Nəticə etibarilə ATU-Bot kimi rəqəmsal həllər universitetin müasir texnoloji çağırışlara uyğunlaşmasını təmin etməklə yanaşı, daha çevik, əlçatan və tələbəyönümlü təhsil mühitinin formalaşdırılmasına xidmət edir.

İnnovasiya Mərkəzinin təşəbbüsləri çərçivəsində həyata keçirilən layihələrdən biri də ATU-nun gənc tədqiqatçı və tələbələrindən ibarət komandasının tam yerli imkanlarla hazırladığı süni intellekt əsaslı "ağıllı elektrik avtomobili" - "ATU-Car" layihəsidir. Bu layihə "Elm və texnologiyaların müasir trendləri" adlı Respublika Elmi-Praktik Konfransı çərçivəsində ictimaiyyətə təqdim olunaraq universitetin innovasiya potensialını nümayiş etdirib. "ATU-Car" yalnız texnoloji prototip deyil, eyni zamanda tətbiqi mühəndislik və rəqəmsal həllərin inteqrasiyasının real nümunəsidir. Avtomobilin texniki xüsusiyyətlərinə günəş panelləri ilə işləyən enerji sistemi, xüsusi hazırlanmış batareya texnologiyası, GPS naviqasiya, səs komandaları ilə idarəetmə və sıfırdan qurulmuş idarəetmə sistemi daxildir. Eyni zamanda nəqliyyat vasitəsinin 120 kiloqrama qədər yükü hərəkətə gətirmək qabiliyyəti onun praktik istifadə imkanlarını da ortaya qoyur. Bu layihə tələbələrin yalnız nəzəri biliklərlə kifayətlənmədiyini, texnologiyanı yaradan və inkişaf etdirən aktiv iştirakçılara çevrildiyini aydın şəkildə göstərir.

Bu cür layihələrin həyata keçirilməsi ilə yanaşı, İnnovasiya Mərkəzi tələbələrin peşəkar və texnoloji inkişafını dəstəkləmək məqsədilə davamlı təlim və tədbirlər təşkil edir. Xüsusilə süni intellekt sahəsində keçirilən seminarlar və praktiki məşğələlər iştirakçılara bu texnologiyaların əsas prinsiplərini, real tətbiq sahələrini və gələcək karyera perspektivlərini daha dərindən mənimsəməyə imkan yaradır. Bu tədbirlərin mütəmadi təşkili universitetdə innovativ düşüncə mühitinin formalaşmasına mühüm töhfə verir. Bununla paralel olaraq, kibertəhlükəsizlik üzrə keçirilən təlimlər də mərkəzin fəaliyyətində mühüm yer tutur. Rəqəmsal təhdidlərin sürətlə artdığı və mürəkkəbləşdiyi müasir dövrdə tələbələrin bu sahədə maarifləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu biliklər onların həm şəxsi məlumat təhlükəsizliyini təmin etməsinə, həm də gələcək peşə fəaliyyətində riskləri düzgün idarə etməsinə şərait yaradır. Ümumilikdə bu təşəbbüslər universitetin inkişaf strategiyasına uyğun olaraq, ölkədə texnologiya sahəsində ixtisaslı insan kapitalının formalaşdırılmasına xidmət edir və gənclərin innovasiyayönümlü fəaliyyətə cəlb olunmasını daha da gücləndirir.

Universitetdə İnnovasiya Mərkəzi, rəqəmsal platformalar və süni intellekt əsaslı layihələr vasitəsilə formalaşdırılan müasir təhsil ekosistemi təkcə tələbələr üçün deyil, həm də akademik və inzibati heyət üçün davamlı inkişaf imkanları yaradır. Bu yanaşma rəqəmsal transformasiyanın universitet daxilində sistemli şəkildə tətbiqini təmin etməklə yanaşı, insan kapitalının bilik və bacarıqlarının beynəlxalq standartlara uyğunlaşdırılmasını da zəruri edir. Məhz bu kontekstdə ATU əməkdaşları Təhsilin İnkişafı Fondu və 4-cü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin birgə təşəbbüsü ilə həyata keçirilən "Milli Proqram" çərçivəsində beynəlxalq "Coursera" təhsil platformasında fəal iştirak etmişlər. Bu proqram ölkədə rəqəmsal transformasiyanın sürətləndirilməsinə yönəlmiş strateji təşəbbüslərin mühüm tərkib hissəsi kimi çıxış edir və qlobal təhsil resurslarına çıxış imkanlarını genişləndirir. 2025-ci ilin oktyabr-noyabr aylarında həyata keçirilən intensiv təlim mərhələsi çərçivəsində ATU-nun 50 əməkdaşı proqramda uğurla iştirak edərək ümumilikdə 150-yə yaxın "Coursera" sertifikatı əldə edib. Bu göstərici universitetin rəqəmsal savadlılıq, peşəkar inkişaf və innovasiyayönümlü təlimlərə inteqrasiya səviyyəsinin yüksək olduğunu nümayiş etdirir. Qeyd edim ki, "Milli Proqram"ın əsas məqsədi ölkədə rəqəmsal iqtisadiyyata keçidi sürətləndirmək üçün 4-cü Sənaye İnqilabının əsas texnologiyaları - süni intellekt, böyük verilənlər (Big Data), kibertəhlükəsizlik, bulud hesablamaları və digər müasir istiqamətlər üzrə mütəxəssislərin bilik və bacarıqlarını beynəlxalq standartlara uyğunlaşdırmaqdır. Bu yanaşma yalnız fərdi kompetensiyaların inkişafına deyil, həm də ali təhsil müəssisələrinin qlobal rəqəmsal iqtisadiyyatla inteqrasiyasına xidmət edir. Eyni zamanda proqram əmək bazarında ixtisaslı kadr təminatının gücləndirilməsinə və akademik mühitin daha çevik, innovativ və beynəlxalq rəqabətə davamlı olmasına mühüm töhfə verir. Bu baxımdan "Milli Proqram" universitetlərin rəqəmsal transformasiya prosesində aktiv iştirakını təmin edən strateji platformalardan biri kimi çıxış edir. 

Universitetdə həyata keçirilən genişmiqyaslı rəqəmsal transformasiya və əməkdaşların beynəlxalq təlim proqramlarında iştirakı bu sahədə bilik və bacarıqların davamlı şəkildə yenilənməsinə mühüm zəmin yaradır. Xüsusilə müxtəlif qlobal platformalar üzrə əldə olunan sertifikatlar və praktiki təcrübələr tədris prosesinin keyfiyyətinə birbaşa təsir göstərərək fakültə səviyyəsində innovativ yanaşmaların formalaşmasını sürətləndirir. Bu ümumi inkişaf tendensiyasının davamı olaraq, ATU-nun Avtomatika, telekommunikasiya və informatika fakültəsinin əməkdaşları İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin dəstəyi ilə təşkil olunan "Cisco Networking Academy" və "IBM SkillsBuild" platformaları üzrə beynəlxalq təlimləri uğurla tamamlayaraq müvafiq sertifikatlara layiq görülüblər. Fakültənin 15 müəllimi "Kibertəhlükəsizlik" və "Süni İntellektin Əsasları (AI Fundamentals)" mövzularında keçirilən intensiv kurslarda iştirak edərək proqramı müvəffəqiyyətlə başa vurub və "Cisco" və "IBM" kimi dünya miqyasında tanınan texnologiya şirkətlərinin beynəlxalq sertifikatlarını əldə edib. Bu sertifikatlar müasir texnologiyalar sahəsində peşəkar səriştənin etibarlı göstəricisi kimi qəbul olunur və akademik heyətin qlobal standartlara uyğun inkişafını təsdiqləyir. Proqram çərçivəsində iştirakçılar süni intellektin əsas konsepsiyaları - təbii dilin emalı (NLP), kompüter görməsi, maşın öyrənməsi, dərin öyrənmə, neyron şəbəkələr və çatbot texnologiyaları üzrə həm nəzəri biliklər, həm də praktiki bacarıqlar əldə ediblər. Bununla yanaşı, süni intellekt sistemlərinin etik aspektləri - ədalətlilik, şəffaflıq, məxfilik və izahlılıq prinsipləri üzrə də zəruri kompetensiyalar formalaşdırılıb. Təlimin yekun mərhələsində iştirakçılar "IBM Watson Studio" mühitində müstəqil maşın öyrənməsi layihələri həyata keçirərək əldə etdikləri bilikləri real tətbiq ssenarilərində sınaqdan keçiriblər ki, bu da onların praktiki hazırlıq səviyyəsini daha da gücləndirib.

Bu fəaliyyətlərin məntiqi davamı kimi, fakültə professor-müəllim heyəti cari tədris ili ərzində həm texnoloji təlimlərin təşkili, həm də onların icrasında fəal iştirak ediblər. Belə ki, onlar eyni zamanda həm təşkilatçı, həm də iştirakçı qismində çıxış edərək universitetin rəqəmsal transformasiya prosesinə çoxşaxəli töhfə veriblər. Nəticə etibarilə son bir il ərzində kibertəhlükəsizlik, süni intellekt, proqramlaşdırma dilləri, şəbəkə texnologiyaları və tətbiqi proqram təminatı üzrə ümumilikdə 30-dan artıq müxtəlif təlim və kurs təşkil edilib. 

Universitetdə həyata keçirilən genişmiqyaslı təlim proqramları və beynəlxalq əməkdaşlıqlar rəqəmsal biliklərin müxtəlif istiqamətlər üzrə sistemli şəkildə inkişaf etdirilməsinə şərait yaradır. Bu proses həm süni intellekt və proqramlaşdırma sahəsində, həm də informasiya-kommunikasiya texnologiyalarının daha geniş spektrində davamlı bacarıq artımını təmin edir. Bu ümumi inkişaf çərçivəsinin mühüm istiqamətlərindən biri kimi kibertəhlükəsizlik sahəsində atılan addımlar xüsusi əhəmiyyət daşıyır. Belə ki, BP-nin dəstəyi ilə regionda ilk Kibertəhlükəsizlik Mərkəzinin yaradılması bu sahədə innovativ yanaşmaların tətbiqi baxımından mühüm mərhələ hesab olunur. ATU nəzdində fəaliyyət göstərən bu mərkəz kibertəhlükəsizlik üzrə praktiki biliklərin artırılmasına və risklərin idarə olunması sahəsində müasir metodların öyrədilməsinə xidmət edir. Mərkəzin fəaliyyəti çərçivəsində "Qabaqcıl Kibertəhlükəsizlik Risklərinin İdarə Edilməsi" və "Təşkilatlar üçün ISO Təhlükəsizlik Standartları" mövzularında ixtisaslaşdırılmış təlimlər təşkil edilib ki, bu da iştirakçıların peşəkar hazırlıq səviyyəsini daha da gücləndirib.

Bununla yanaşı, süni intellekt istiqamətində həyata keçirilən təlimlər də proqramın əsas tərkib hissələrindən birini təşkil edir. "Generative AI for Everyone", "AI For Everyone" və "Tətbiqi Maşın Öyrənməsinə Giriş" kimi beynəlxalq səviyyədə tanınan kursların proqramlara daxil edilməsi bu sahədə müasir biliklərin geniş auditoriyaya çatdırılmasına mühüm töhfə verib. Bu kurslar iştirakçılara süni intellekt texnologiyalarının həm nəzəri əsaslarını, həm də praktik tətbiq imkanlarını dərindən mənimsəməyə şərait yaradır. Eyni zamanda informasiya-kommunikasiya texnologiyaları sahəsində keçirilən təlimlər daha geniş və çoxşaxəli xarakter alıb. Python və ÆavaScript proqramlaşdırma dilləri, veb proqramlaşdırma, 1C proqram təminatı, elektron jurnal sistemləri və əməliyyat sistemləri üzrə mütəmadi təlimlər təşkil edilib. Bununla yanaşı, mobil rabitə və şəbəkə texnologiyaları, o cümlədən IoT (Əşyaların İnterneti) mövzularını əhatə edən silsilə kurslar, GS1 sisteminin tətbiqi üzrə 22 saatlıq onlayn təlim və "Rəqəmsal Yaradıcılıq" proqramı da bu dövrün əsas fəaliyyət istiqamətləri sırasında yer alıb.

Bütün bu fəaliyyətlərin davamlılığını təmin etmək məqsədilə hər ayın son cümə günü mütəmadi olaraq təşkil olunan İKT-baza kompüter bilikləri təlimləri əməkdaşların rəqəmsal bacarıqlarının sistemli şəkildə artırılmasına xidmət edir. Əlbəttə ki, bu təlimlər kompleksi universitetdə fasiləsiz peşəkar inkişaf mühitinin formalaşmasına və rəqəmsal transformasiya prosesinin daha dayanıqlı şəkildə həyata keçirilməsinə imkan yaradır.

Qeyd etmək lazımdır ki, ATU-nun professor-müəllim heyəti yalnız bu təlimlərin təşkilatçısı rolunda çıxış etməklə kifayətlənməyib, eyni zamanda dinləyici qismində müxtəlif proqramlara fəal şəkildə qoşularaq öz peşəkar səriştələrini də davamlı olaraq inkişaf etdirib. Bu yanaşma universitetdə formalaşdırılan fasiləsiz öyrənmə mədəniyyətinin əsas prinsipləri ilə tam uzlaşır və əməkdaşların həm pedaqoji, həm də texnoloji bilik və bacarıqlarının sistemli şəkildə artırılmasına xidmət edir. Ümumiyyətlə, təlim prosesində ikili iştirak modeli - həm təşkilatçı, həm də iştirakçı kimi fəaliyyət göstərmək universitet daxilində bilik mübadiləsini gücləndirir, akademik heyətin innovativ yanaşmalara daha sürətli uyğunlaşmasını təmin edir və tədris keyfiyyətinə birbaşa müsbət təsir göstərir.

Universitetdə həyata keçirilən rəqəmsal transformasiya, innovasiya layihələri və beynəlxalq təlim proqramları elmi-tədqiqat fəaliyyətinin də bu istiqamətlərə uyğun şəkildə yenilənməsinə geniş imkanlar açır. Bu proses nəticəsində süni intellekt, rəqəmsal texnologiyalar və informasiya sistemləri artıq yalnız tətbiqi sahələr kimi deyil, həm də elmi araşdırmaların əsas istiqamətləri kimi formalaşır. Bu ümumi elmi inkişaf tendensiyasının davamı olaraq rəqəmsallaşma və süni intellekt mövzusu ATU-nun elmi fəaliyyətində xüsusi yer tutur. Belə ki, son üç il ərzində universitetdə keçirilən ölkə və beynəlxalq səviyyəli elmi konfranslar çərçivəsində xüsusi bölmələr təşkil olunaraq bu sahələr üzrə məruzələr dinlənilib, geniş elmi müzakirələr aparılıb. Ənənənin davamı kimi cari ilin 5-6 may tarixlərində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü illiyinə həsr olunmuş "Beşinci Sənaye İnqilabına doğru - universitetlərin rolu, çağırışlar və imkanlar" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. Konfrans çərçivəsində ənənəvi elmi istiqamətlərlə yanaşı, süni intellekt, elektronika və informasiya texnologiyaları, eləcə də rəqəmsal iqtisadiyyat kimi aktual sahələri əhatə edən xüsusi bölmələr fəaliyyət göstərib. Bu yanaşma universitetin elmi fəaliyyətinin müasir qlobal tendensiyalarla uzlaşdığını göstərməklə yanaşı, rəqəmsal iqtisadiyyat və sənaye 4.0-5.0 (4.0 - avtomatlaşdırma və rəqəmsallaşma, 5.0 - insan və texnologiyanın əməkdaşlığı) keçidi kontekstində elmi tədqiqatların rolunu daha da gücləndirir.

Artıq ənənə halını almış "GreenTech" Yaşıl Texnologiyalar və Startap Müsabiqəsi ATU-nun təşkilatçılığı, Təhsilin İnkişafı Fondunun və Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi ilə bu il də uğurla həyata keçirilib. Müsabiqə BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri çərçivəsində xüsusilə sənaye, innovasiya və infrastrukturun inkişafı, eləcə də iqlim dəyişikliyi ilə mübarizə və təmiz enerji texnologiyalarının təşviqi istiqamətlərinə töhfə verməyi hədəfləyir. Bu platforma gənc tədqiqatçılara öz ideyalarını real layihələrə çevirmək üçün əlverişli mühit yaratmaqla yanaşı, ekoloji problemlərin həllinə yönəlmiş innovativ yanaşmaların formalaşmasını da stimullaşdırır. Eyni zamanda tələbələrin yaradıcı potensialının üzə çıxarılması və startap mədəniyyətinin inkişafı baxımından mühüm rol oynayır.

Bu istiqamətdə atılan ardıcıl addımların davamı olaraq universitetin Elmi Şurası tərəfindən "Startapçı tələbə" təqaüdünün təsis edilməsi innovasiya ekosisteminin gücləndirilməsi baxımından mühüm qərar kimi qiymətləndirilir. Bu proqram yalnız akademik göstəriciləri yüksək olan tələbələri deyil, həm də ideya yaradan, layihə hazırlayan və təşəbbüskar yanaşma nümayiş etdirən gəncləri əhatə edir. Seçim prosesində tələbələrin real praktiki bacarıqları, layihə təcrübəsi və innovativ fəaliyyətləri əsas meyar kimi nəzərə alınır, xüsusilə tətbiqlər hazırlayan və ya texnoloji həllər üzərində çalışan tələbələrə üstünlük verilir.

Bütün təşəbbüslərin ümumi məqsədi nəzəri biliklərlə yanaşı, innovativ bacarıqları ön plana çıxarmaq, sənaye ilə universitet arasında əməkdaşlığı gücləndirmək və tələbələrin praktiki fəaliyyətə hazırlığını artırmaqdır. Bu baxımdan ATU İnnovasiya Mərkəzinin fəaliyyəti çərçivəsində tələbə ideyalarının layihəyə, layihələrin isə məhsul və startaplara çevrilməsini təmin edən inkubasiya mühitinin formalaşdırılması nəzərdə tutulur. Bu yanaşma universitetdə ideyadan biznesə keçid zəncirinin qurulmasına və innovativ düşüncənin davamlı inkişafına xidmət edir.

Rəqəmsal bələdçi sistemlərindən başlayaraq süni intellekt əsaslı ATU-Bot layihəsinə, "Startapçı tələbə" təqaüdündən "GreenTech" Yaşıl Texnologiyalar və Startap Müsabiqəsinə, eləcə də beynəlxalq elmi konfranslara qədər uzanan bu çoxşaxəli təşəbbüslər Azərbaycan Texnologiya Universitetinin fəaliyyətində təsadüfi və ayrı-ayrı layihələr deyil, əksinə, vahid və məqsədyönlü strateji xəttin tərkib hissəsi kimi çıxış edir. Bu xətt universitetin inkişaf fəlsəfəsini müəyyənləşdirir və onu ənənəvi təhsil modelindən çıxararaq rəqəmsal, innovativ və bilik əsaslı ekosistemə transformasiya edir. Bu yanaşmanın mərkəzində universiteti yalnız bilik ötürən bir təhsil müəssisəsi kimi deyil, eyni zamanda ideya yaradan, innovasiya istehsal edən və texnoloji həllər formalaşdıran bir mərkəz kimi inkişaf etdirmək dayanır. Rəqəmsal platformalar vasitəsilə tələbələrin akademik prosesə daha çevik çıxışı təmin olunur, startap təşəbbüsləri ilə onların ideyaları real layihələrə çevrilir, elmi konfranslar isə bu ideyaların beynəlxalq akademik mühitdə təqdim olunmasına imkan yaradır. Eyni zamanda "yaşıl texnologiyalar" və süni intellekt sahəsində həyata keçirilən layihələr universitetin qlobal çağırışlara cavab verən bir təhsil və tədqiqat mərkəzinə çevrildiyini göstərir. Bu proses yalnız texnoloji yeniliklərin tətbiqi ilə məhdudlaşmır, həm də tələbələrdə yaradıcı düşüncə, problem həlletmə bacarığı və təşəbbüskarlıq ruhunun formalaşdırılmasına xidmət edir.

Nəticə etibarilə qeyd olunan bütün təşəbbüslər ATU-nun strateji inkişaf modelinin əsas mahiyyətini aydın şəkildə ortaya qoyur: müasir texnologiyalara açıq, innovasiyanı təşviq edən, tələbə mərkəzli yanaşmanı prioritet edən və beynəlxalq təhsil məkanında rəqabət qabiliyyətini davamlı olaraq gücləndirən universitet modelinin qurulması. Bu model isə universiteti təkcə milli deyil, həm də qlobal akademik və innovasiya mühitində aktiv iştirakçıya çevirir.


Yaşar ÖMƏROV,

Azərbaycan Texnologiya Universitetinin rektoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xocalıda salınmış intensiv bağçılıq təsərrüfatları ilə tanışlıq

19:50
17 İyun

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu UNESCO-da təqdim olunub

19:49
17 İyun

Əlaqələndirmə Qərargahının iclasının iştirakçıları Xocalıda salınmış intensiv meyvə bağları ilə tanış olublar

19:47
17 İyun

Nazir müavini: Sosial xidmətlər sisteminin inkişafı istiqamətində mühüm addımlar atılıb

19:45
17 İyun

Xocalıda “Qoç Ət”in heyvandarlıq kompleksi ilə tanışlıq olub

19:43
17 İyun

Milli Məclisdə innovasiya və maliyyə alətlərinə dair 5 qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb

19:26
17 İyun

Xocalının Daşbulaq kəndində baramaçılığın inkişafı üçün yaradılmış infrastruktura baxış keçirilib

19:24
17 İyun

Yousef Aldobeay: Azərbaycanın ev sahibliyi edəcəyi 16-cı İslam Sammiti mühüm hadisələrdən biri olacaq

19:22
17 İyun

ABŞ konqresmeni Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

19:19
17 İyun

AHİK tədbirində əmək hüquqları və insan haqlarının müdafiəsi diqqət mərkəzində olub

19:18
17 İyun

Orxan Məmmədov: “Made in Azerbaijan” brendi beynəlxalq bazarda özünə yer tapıb

19:16
17 İyun

Azərbaycan ilə UNESCO Baş Konfransı arasında əməkdaşlıq məsələləri müzakirə edilib

19:15
17 İyun

YAP ilə Kamboca Xalq Partiyası arasında əməkdaşlıq genişləndirilir

19:14
17 İyun

Azərbaycan və OPEC Beynəlxalq İnkişaf Fondu iqtisadi tərəfdaşlığın gələcək istiqamətlərini müəyyənləşdirir

19:13
17 İyun

“Azərbaycan Dəmir Yolları” ilə Asiya İnfrastruktur İnvestisiya Bankı logistika sahəsində əməkdaşlığı genişləndirir

19:11
17 İyun

Ukraynanın Dnepropetrovsk vilayətinin daha 23 yaşayış məntəqəsində məcburi təxliyə elan edilib

19:10
17 İyun

Aİ: Sosial şəbəkələr uşaqları depressiyaya salır

18:27
17 İyun

Azərbaycan GSMA indeksində yüksəlib: mobil qoşulma üzrə mövqe yaxşılaşıb

18:16
17 İyun

G7 Ukraynaya silah təchizatını və Rusiya iqtisadiyyatına təzyiqi artıracaq  

18:09
17 İyun

Keçmiş məcburi köçkünlər üçün sosial müdafiə tədbirləri genişləndirilir

18:01
17 İyun

Vergi Məcəlləsinə dəyişikliklər: təlim xərcləri üzrə güzəştlər və rəqəmsal xidmətlərə vergi azadolmaları genişlənir  

17:57
17 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!