29 Dekabr 2025 17:27
4359
Tədbirlər
A- A+
Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub YENİLƏNİB    

Prezident İlham Əliyev “Bakı Ağ Şəhər”də olub YENİLƏNİB    


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva, qızları Leyla Əliyeva və Arzu Əliyeva dekabrın 29-da “Bakı Ağ Şəhər”də olublar.

AZƏRTAC xəbər verir ki, “Bakı Ağ Şəhər” layihəsinin icraçı direktoru Ruslan Sadıxov dövlətimizin başçısına və birinci xanıma burada icra olunmuş və hazırda həyata keçirilən işlər barədə məlumat verdi.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları əvvəlcə “Qarabağ atları” heykəltaraşlıq kompleksi ilə tanış oldular. Vətən müharibəsindəki Qələbəmizə həsr edilmiş və milli irsimizin rəmzi olan bu kompleks “Qarabağ atları” meydanında ucaldılıb. Kompleksdə "Soltan", "Ürək", "Sereyin", "Aypara", "Şöhrət", "Ötqəm" və "İldırım" adlı ümumilikdə 7 Qarabağ atının heykəli var.

Bu kompleksin təməlini 2022-ci ilin dekabrında Prezident İlham Əliyev qoyub. Kompozisiya amerikalı heykəltaraş Robert Sammers tərəfindən yaradılıb. Onun Dallas şəhərində “Mal-qara sürülməsi”, Kaliforniya hava limanında “Con Ueyn” və digər əsərləri dünyaca məşhurdur.

Sonra dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Babək kvartalında həyata keçirilən işlərlə tanış oldular. Hazırda bu layihənin icrası istiqamətində işlər uğurla davam edir. Ərazisi 31 hektar olan kvartalda yeni park, məktəb binası, metronun bənövşəyi xəttində yeni stansiya, sərnişinlərin rahat hərəkəti üçün böyük nəqliyyat qovşağı, həmçinin çoxfunksiyalı qeyri-yaşayış, ictimai və yaşayış binalarının inşası planlaşdırılır. Ərazidə kafelər, uşaq oyun meydançası və digər sosial infrastruktur yaradılacaq. Bundan başqa, yaxınlıqda 2, 3, 6, 8 və 20 mərtəbəli binalar tikiləcək.

Kvartal Bakının mühüm nəqliyyat arteriyası olan Babək prospekti, “Ağ Şəhər” çərçivəsində salınmış, üç böyük prospektlə kəsişən, eni 45 metr olan Xaqani Rüstəmov küçəsi ilə əhatə olunub. Kvartalın cənub hissəsində yerləşən, metronun "Xətai" stansiyasından keçən Süleyman Vəzirov küçəsi də Babək prospekti ilə birləşir. Bu küçədəki dairədən Babək prospektinə qədər eni 34 metr, uzunluğu isə 1 kilometrdən çox olan dördzolaqlı yol yenidən qurulub. Hazırda Süleyman Vəzirov küçəsini Babək prospekti ilə birləşdirən, eni 32 metr olan iki əlavə yol qovşağının tikintisi üzrə işlər davam etdirilir. Bu küçə boyunca piyadaların rahat hərəkəti üçün eni 7 metr olan geniş səkilər salınıb, ağac və gül kolları əkilib, yerüstü piyada keçidləri, elektrik avtomobilləri üçün enerjidoldurma məntəqəsi, yanacaqdoldurma məntəqəsi və digər zəruri infrastruktur yaradılıb. Avtomobillərin rahat hərəkəti və sıxlığın qarşısının alınması üçün zəruri yerlərdə dönmə və geriyə çevrilmə zolaqları nəzərdə tutulub. Layihə çərçivəsində məktəbin qarşısında piyadaların parka və Bakı Avropa Liseyinə rahat hərəkətini təmin etmək məqsədilə piyada körpüsü quraşdırılıb.

Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və qızları Palıd meydanı parkında ilk palıd ağaclarını əkdilər.

Qeyd edək ki, parkda çox sayda palıd, çinar, zeytun, ağcaqayın, maqnoliya, palma və digər mövsümi ağacların əkilməsi planlaşdırılır.

Dövlətimizin başçısı, birinci xanım və qızları “Bakı Ağ Şəhər”də Zaman meydanı və buradakı piyada körpüsünün açılışında da iştirak etdilər.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya görülmüş işlər barədə məlumat verdi.

Uzunluğu 234, eni isə 7-13 metr arasında dəyişən körpü “Bakı Ağ Şəhər”də piyadaların rahatlığının təmin edilməsində mühüm rol oynayacaq. Piyadalar onun vasitəsilə 8 Noyabr prospektində yerləşən Zaman meydanına, Babək prospektindən Mərkəzi Park rayonuna, Fəvvarələr meydanından isə Ağ Şəhər Bulvarına rahat gedə biləcəklər. Körpüdə quraşdırılan eskalator və liftlər metronun yeni "Ağ Şəhər" stansiyasına keçidi təmin edəcək.

8 Noyabr küçəsində yerləşən və 8 min kvadratmetrə yaxın ərazini əhatə edən Zaman meydanı gözəl landşaft və fəvvarələr kompleksi ilə əhatə olunub. Bura incəsənət və mədəniyyət həvəskarlarının məkanına çevrilib. Belə ki, meydanda bir çox yerli və xarici məşhur sənətkarların əsərləri nümayiş olunur. Meydan dünyada məşhur rəssam Konstantin Krik tərəfindən məhz “Bakı Ağ Şəhər” layihəsi üçün hazırlanmış 7 saatdan ibarət "Seven Public Clocks" kompozisiyası ilə bəzədilib. Konstantin Krikin 1999-cu ildə yaratdığı "Six Public Clocks" adlı eyni sənət instalyasiyası hazırda Londonda yerləşir və məşhur rəmzlərdən birinə çevrilib.

Meydanda yerləşən Cozef Klibanskinin "Buludların üstündə" adlı bürünc kompozisiyası da maraqla qarşılanır. Ağ Şəhərin mərkəzi yollarından biri olan Bulvar küçəsində müasir britaniyalı heykəltaraş Saymon Qadcenin "Nur axtarışında" heykəli də quraşdırılıb. Bu heykəl dünyanın müxtəlif ictimai yerlərində, o cümlədən Londondakı “Riverside Walk Garden” və “Hyde Park” komplekslərində qoyulub. Saymon Cadcenin xüsusi olaraq “Bakı Ağ Şəhər” üçün hazırladığı "Flaminqo" əsəri də tezliklə buradakı Dağdağan parkını bəzəyəcək.

Qeyd edək ki, bu ərazi 150 ildən çox neft sənayesi tullantıları ilə həddindən artıq çirkləndiyi və burada çoxsaylı neft gölməçələri yarandığı üçün bir vaxtlar “Qaraşəhər” kimi tanınırdı. Azərbaycan Prezidentinin təşəbbüsü ilə bu ərazi dünya miqyasında nadir ekoloji layihəyə, müasir yaşayış massivinə çevrilib. “Bakı Ağ Şəhər” layihəsi dünyada müasir şəhərsalma konsepsiyanın ən parlaq nümunələrindən biridir. Layihənin icrasına Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə 2011-ci il dekabrın 24-də başlanılıb. Layihə ekoloji cəhətdən təmiz, dayanıqlı və “ağıllı şəhər” prinsipləri əsasında işlənib hazırlanıb. Yaşayış binalarının əksəriyyəti MDB ölkələri arasında ilk dəfə olaraq BREEAM - beynəlxalq ekoloji sertifikatlaşdırma standartına və CRREM - karbon risklərinin qiymətləndirilməsi tələblərinə uyğun layihələndirilib. Geniş daxili küçələri, yaşıllıq sahələri, müasir beynəlxalq heykəltaraşlıq əsərləri ilə bəzədilmiş və şəhərsalmanın son yenilikləri nəzərə alınmaqla layihələndirilmiş “Bakı Ağ Şəhər” paytaxtın iş, yaşayış və istirahət üçün ən müasir məkanına çevrilir.

Bütün dünyanın diqqət mərkəzində olan COP29-un mənzil-qərargahının məhz “Bakı Ağ Şəhər”də olması da rəmzi məna daşıyırdı. Bu, beynəlxalq iqlim gündəliyinə mühüm töhfələr verən Azərbaycanda ekoloji, o cümlədən yaşıllaşdırma məsələlərinin həlli ilə bağlı görülən işlərin nümayişi baxımından da mühüm əhəmiyyət daşıyırdı.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Pakistan İslam Respublikasının Pəncab əyalətinin Baş naziri Məryəm Nəvaz Şərifdən

12:58
29 May

Maldiv Respublikasının Prezidenti Məhəmməd Muizzudan

12:31
29 May

Dövlət Məşğulluq Agentliyi əlilliyi olan 1500 nəfəri işlə təmin edib

12:08
29 May

Rusiyadan Ermənistana Azərbaycan üzərindən yeni tranzit yük göndərildi

11:53
29 May

Azərbaycan neftinin qiyməti 100 dollar olub

11:34
29 May

Müdafiə Nazirliyinin Hərbi Polis İdarəsinin nümayəndə heyəti Litvaya səfər edib

11:17
29 May

Madridin məşhur “Cibeles” fəvvarəsi yenidən Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb

11:09
29 May

Dəmiryol stansiyalarında sərhəd və gömrük nəzarətinin təşkili yoxlanılıb

10:47
29 May

Volqoqrad vilayətindəki kimya zavoduna dron hücumu: 1 nəfər ölüb, 2 nəfər yaralanıb

10:24
29 May

Rusiyaya məxsus PUA Rumıniyada yaşayış binasına çırpılıb, iki nəfər xəsarət alıb

10:09
29 May

ABŞ-nin İrana qarşı əməliyyat xərcləri 92,5 milyard dolları ötüb

09:58
29 May

Tramp Ukrayna Prezidentinin məktubunu cavabsız qoyub

09:41
29 May

Peru Respublikasının Prezidenti Xose Mariya Balkasar Seladadan

21:57
28 May

Dubayın “Bürc-Xəlifə” qülləsi Azərbaycan bayrağının rənglərinə bürünüb

21:40
28 May

Cevdet Yılmaz: Azərbaycan və Türkiyənin qardaşlığı sülhə, sabitliyə və regionun gələcəyinə töhfə verir

20:33
28 May

Azərbaycan Ordusunda Qurban bayramı və Müstəqillik Günü münasibətilə tədbirlər təşkil olunub

20:28
28 May

Gürcüstanın Baş naziri İrakli Kobaxidzedən

19:56
28 May

ABŞ-ın müxtəlif ştat və şəhərləri 28 May Müstəqillik Günü münasibətilə bəyannamə imzalayıblar

19:24
28 May

Mer Muriyel Bauzer 28 mayı Vaşinqton şəhərində Azərbaycanın Müstəqillik Günü elan edib

19:23
28 May

Ukrayna XİN: Sadiq dostumuz və strateji tərəfdaşımız olan Azərbaycanı təbrik edirik

19:21
28 May

“Axios”: ABŞ və İran 60 günlük Anlaşma Memorandumu barədə razılığa gəliblər

19:19
28 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!