14 May 2026 09:10
266
Mədəniyyət
A- A+
O, qarmonu sevdiyi qədər sevdirməyi də bacarırdı

O, qarmonu sevdiyi qədər sevdirməyi də bacarırdı


Azərbaycan musiqi ifaçılığı sahəsində xüsusi xidmətləri olan incəsənət nümayəndələrindən biri də Xalq artisti, tanınmış qarmon ifaçısı Aftandil İsrafilovdur. Sənətkar əslən Xızının Xanəgah kəndindən olsa da, 1941-ci il yanvarın 24-də Bakıda doğulub.

Çoxuşaqlı ailədə (7 uşaq olublar) böyüyən Aftandilin atası Eynulla kişi Şərqin böyük xanəndəsi Cabbar Qaryağdıoğlu ilə möhkəm dost olub. Ustad xanəndə Eynullaya Fransada istehsal olunmuş pianino bağışlayıb. Aftandil evlərindəki bu pianoya biganə qalmayıb. Yeri düşəndə bu barədə deyərdi: "Məhəllə uşaqları ilə futbol oynayıb yorulub evə gələndən az sonra piano arxasına keçib çalar və sanki yorğunluğumu çıxarardım. Beləcə, pianoda çalmağı yaxşıca öyrənmişdim. Bu zaman nədənsə radioda qarmon ifaçılarının çaldıqlarına maraq kəsildim, qarmon çalmaq həvəsinə düşdüm. Qonşumuzda Mirzəağa kişi vardı. Yaz-yay aylarında qarmonunu götürüb, köhnə bakılılara uyğun adətlə, damın üstünə çıxar, orada əyləşib öz aləminə çəkilərək qarmon çala-çala istirahət edərdi. Onu çox dinləmişdim, eləcə də radiodan tanınan qarmonçalanlara qulaq asa-asa qarmon çalmağa meyil etdim".

Aftandil ilk əvvəllər "Kazan" qarmonda çalaraq sənətə daha ürəkdən bağlanır. Atasının yaxın dostlarından, o dövrün yaxşı qarmon ifaçılarından olan Ağahüseyn bunu biləndə gəlib Eynulla kişiyə bildirir ki, bir nəfərdə əla bir qarmon var, satır, məsləhət görürəm ki, onu Aftandil üçün alaq. Bu, 1958-ci ilin söhbətidir. Eynulla dostu Ağahüseynlə gedib həmin qarmonu alıb gətirir. Beləliklə, həmin qarmon Aftandil İsrafilovun gələcək sənət fəaliyyətinin və uğurlarımın təməlini qoyur. Aftandil bu barədə deyərdi: "Qarmonun yalnız qrifi yaxşı işləmirdi, rahatsızlıq yaradırdı. Odur ki, qarmonu götürüb usta Valentinin Basin küçəsindəki (indi Füzuli) emalatxanasına getdim. O, həmin qarmona əla qrif düzəltdi və yaxşı işləyən mexanizmlər yığdı". 

Bundan sonra Aftandil Bakıdakı Mərkəzi Pioner və Məktəblilər Evində qarmon dərnəyinin məşğələlərində iştirak edir. Az müddətdən sonra ifasını bəyənərək onu nəfəs alətləri orkestrinin tərkibinə götürürlər. Orkestr əsərləri özünəməxsus tonallıqlarda ifa edildiyi üçün bunlar qarmon alətində yarımtonlara düşürdü. Bu, başqalarına çətin gəlsə də, Aftandil onların öhdəsindən məharətlə gəlirdi. Aftandilin ifası orkestr rəhbərinin, bütünlükdə yaradıcı heyətin və pionerlər evi rəhbərliyinin nəzərindən yayınmır. Kollektiv 1959-cu ildə Moskvada keçiriləcək Azərbaycan ədəbiyyatı və incəsənəti ongünlüyündə iştirak etmək üçün istedadlı uşaqlar və yeniyetmələr arasında seçim edəndə Aftandil İsrafilovun adı birinci beşliyə düşür. Beləliklə, balaca Aftandil Moskvada böyük auditoriya qarşısında orkestr əsərləri ifa edir, habelə "Cücələrim" mahnı və rəqs ansamblının müşayiətçisi olur. Aftandil 1960-cı ilin sonuna qədər pionerlər evində rəqs quruluşlarını və solist müğənniləri müşayiət edir. 

Bundan sonra o, keçmiş L.Şmidt adına maşınqayırma zavodunda mədəniyyət sarayının rəqs ansamblının qarmon ifaçısı olur. O, burada çalışmasından çox məmnun idi. Çünki çətin rəqslərin quruluşlarını müşayiət edərək iti, cəld, sürətli melodiyaları ardıcıl çalaraq ifaçılıq qabiliyyətini, bacarığını artırırdı. Bu rəqs ansamblında fəaliyyəti onu xeyli qabağa aparmışdı. Hətta çalışdığı rəqs ansamblı ilə Avstriyada olmuşdur. 

Həmin illər Aftandil İsrafilov həm də Azərbaycan Politexnik İnstitutunun tələbəsi kimi bu ali təhsil ocağının özfəaliyyət ansamblının aparıcı musiqiçilərindən biri kimi də tanınır. Ansamblın rəhbəri, tarzən-drijor Nəriman Əzimov bu istedadlı gəncin ifasından razı qaldığından onu daim diqqətdə saxlayır, yeri gəldikcə gərəkli məsləhətlər verirdi. Məşqlər, konsertlər, baxış-müsabiqələr, böyük sənət adamlarının tövsiyələri gənc Aftandilin peşəkar musiqiçi kimi yetişməsinə təkan verir.

A.İsrafilov 1960-cı illərin sonlarında Azərbaycan radiosunun fondu üçün  "Bəstənigar" ifa edir. "Çahargah" muğamının tərkibində bu şöbə "mi" tonalllığına əsaslansa da, Aftandil bu muğamın qarmonda xüsusi səslənmə yerini "si" tonallığında çalaraq sonluğu, qayıdışı (muğama ayağı) "sol" pərdəsinə keçid edir. Beləliklə, sənətkar xüsusi ustalıq göstərərək adını qeyd etdiyimiz muğamla "Segah"ın sintezini yaradır. Yeri gəlmişkən, xatırladaq ki, mahir qarmon ifaçısı 100-ə qədər musiqinin müəllifidir.

1965-ci ildə tarzən Baba Salahov gənc qarmon ifaçısını Azərbaycan Televiziya və Radio Verilişləri Komitəsinin nəzdində rəhbərlik etdiyi xalq çalğı alətləri ansamblına dəvət edir. Aftandil 1978-ci ilə qədər həmin ansamblda çalışır. Onun klarnet ifaçısı Vəli Qasımovla çıxışları həmkarları və pərəstişkarları tərəfindən rəğbətlə qarşılanır. Bu ansamblla televiziyada çıxış edən, radioya ifalarını yazdıran müğənnilərin əksəriyyətini Aftandil və Vəli müşayiət edir. Nəticədə onların solo ifaları əsl örnəyə çevrilir. Həmin nümunələr bu gün də əhəmiyyətlidir, radionun və televiziyanın fonotekasında qorunub saxlanılır. 

Mütəxəssis-musiqiçilər bildirirlər ki, Aftandil İsrafilov Xalq artisti Rübabə Muradovanın oxuduğu "Gəl bizə yar" xalq mahnısında xanəndənin oxuduğu yanıqlı "Segah" muğamını xüsusi tərzdə, özünəməxsus və təsirli halda müşayiət etmişdir. Eləcə də Qədir Rüstəmovun istər televiziyada canlı konsertdə oxuduğu, istərsə də radio fonduna yazdırdığı "Olmaz, olmaz" mahnısında oxuduğu "Segah" muğamının ifasında da xüsusi ustalıqla öz dəst-xətini verə bilmişdir. Qədirin televiziyada oxuduğu "Sona bülbüllər" xalq mahnısında da Aftandil İsrafilov xanəndəni olduqca təsirli "Segah"la müşayiət etmişdi. Belə misalların sayını kifayət qədər artırmaq olar. Neçə-neçə xanəndələrin müşayiəti zamanı Aftandilin çaldığı "Segah"ların heç biri bir-birinə bənzəmirdi. 

Şöhrətli müğənnimiz Zeynəb Xanlarova 1970-ci ildə Türkiyəyə səfər edərkən onu müşayiət edən qrupun tərkibində Aftandil İsrafilov və Vəli Qədimov da var idi. Ümumiyyətlə, Aftandil İsrafilov keçmiş SSRİ məkanında, eləcə də 30-dan çox xarici ölkəyə səfərlərində milli musiqimizi ustalıqla təbliğ etmişdir. 

Müqtədir sənətkar milli qarmon sənətimizin ənənələrindən bəhrələnərək öz üslubunu, öz məktəbini yaratmışdır. 1970-1980-cı illərdə qarmon ifaçılığına başlayanların çoxu "Aftandil ifaçılığı məktəbi"nə böyük həvəs göstərmişdir. Aftandil qarmon sənətimizə dərin lirizm, həzinlik gətirmişdir. Onun qarmon sənətinə gətirdiyi yeniliklər davamçıları tərəfindən mənimsənilmiş və bu üslubdan bu gün də geniş şəkildə istifadə olunmaqdadır.

Ömrünün 50 ildən çoxunu Azərbaycan qarmon sənətinə həsr etmiş A.İsrafilov musiqi mədəniyyətimizin təbliği və inkişafında böyük xidmətlərinə görə 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə Xalq artisti fəxri adına, 2009-cu ildə Dağıstan Muxtar Respublikasının Xalq artisti adına, 2016-cı ildə Prezident İlham Əliyevin sərəncamı ilə "Şöhrət" ordeninə layiq görülmüşdür. 2003-cü ildən Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü olmuş sənətkar 29 aprel 2023-cü ildə vəfat etmişdir.


Rəhman SALMANLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın ilk ictimai bulud platforması “AZINCLOUD” istifadəyə verilib

19:36
14 May

Hantavirus COVID-19 qədər təhlükəli deyil  

19:33
14 May

Dünyada neft ehtiyatları azalır, qiymətlər isə artır

19:24
14 May

“FINCA Azerbaijan” innovativ məhsula görə mükafat alıb

19:13
14 May

Beyin hüceyrələri qorxulu xatirələrin silinməsinə necə kömək edir?

18:51
14 May

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!