10 May 2026 08:50
393
SİYASƏT
A- A+
Heydər Əliyev irsinin işığında

Heydər Əliyev irsinin işığında


Xalqların taleyində şəxsiyyət amilinin rolu müstəsna əhəmiyyət kəsb edir. Zamanın ən mühüm proseslərini irəli aparan da, bu proseslərin mərkəzində dayanan da məhz güclü şəxsiyyətlərdir. Bu baxımdan insanların birliyinə istiqamət vermək, dövlətin ideoloji-siyasi əsaslarını yaratmaq, kütləni xalq kimi formalaşdırmaq üçün qüdrətli və qətiyyətli bir milli liderin önə çıxması mütləqdir. 

XX əsrin ən parlaq şəxsiyyətlərindən və siyasətçilərindən olan Heydər Əliyevin Azərbaycan tarixindəki rolu və xidmətləri ilk növbədə bu missiyanı həyata keçirmiş Ümummilli Lider kimi misilsizdir. Ulu Öndər müstəqil Azərbaycan dövlətçiliyinin milli-mənəvi, siyasi, iqtisadi, ideoloji əsaslarını yaratmış, insanların güclü dövlətə sahib olmaq arzusunu praktik şəkildə gerçəkləşdirmiş və çağdaş tariximizdə əbədiyaşarlığını təmin etmişdir.

Prezident İlham Əliyevin 2004-cü il 10 mart tarixli "Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsinin əbədiləşdirilməsi haqqında" fərmanı ilə dahi şəxsiyyətin dövlətçilik irsinin öyrənilməsi, ölməz ideyalarının geniş təbliği məqsədi daşıyan əlahiddə statuslu ictimai qurum - Heydər Əliyev Fondu yaradıldı. Artq 22 ildir ki, Ulu Öndərin zəngin mənəvi-siyasi irsinin öyrənilməsi, bu böyük dövlət adamının ideyalarının nəsillərdən-nəsillərə ötürülməsi məramı ilə yaradılmış fond Heydər Əliyevin ölkəmizin sosial-iqtisadi, mədəni tərəqqisi, sivil dünya birliyinə inteqrasiyası, vətəndaşlarımızın maddi rifahının yaxşılaşması naminə müəyyən etdiyi siyasəti təbliğ edir. Eyni zamanda bu ideyaların davam etdirilməsinə, müasir dünyamızın çağırışlarına uyğun real layihələrlə ölkəmiz və ümumilikdə bəşəriyyət üçün faydalar yaratmasına nail olur. Nüfuzlu qurum Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərliyi ilə nəcib əməllərin parlaq salnaməsini yazır.

Heydər Əliyev Fondunun fəaliyyət fəlsəfəsinin əsasında çox sadə bir ideya durur: xeyirxalıq və insanlara yaxşılıq etmək. Azərbaycanın birinci xanımı haqlı olaraq hesab edir ki, xoş əməllərlə dünyada çox şeyi yaxşılığa doğru dəyişdirmək mümkündür.


Sağlam ideologiya - azərbaycançılıq


Ümummilli Liderin Vətəni qarşısındakı ən mühüm xidmətlərindən biri  azərbaycançılıq düşüncəsini bütün həmvətənlərini birləşdirən ideologiya halına gətirməsi və onu müstəqil dövlətin ideya əsasına çevirməsidir. Heydər Əliyevin müəyyən etdiyi azərbaycançılıq iki təməl ideyanı özündə birləşdirir - dövlətçilik və vətənpərvərlik. Azərbaycançılıq ölkəmizə qarşı bir çox istiqamətdən yönələn təhdidlərin, doğma yurdumuzu etnik bölgü əsasında parçalamaq cəhdlərinin qarşısında güclü ideoloji və siyasi sipər olaraq dövlətimizi zəhərli ideyalardan hifz etdi.

Heydər Əliyevin baxışlarına görə, azərbaycançılıq ideologiyası dünya azərbaycanlılarının birlikdə mənimsədiyi ənənə və dəyərlərin, Azərbaycanın hüdudlarından kənarda yaşayan soydaşlarımızın hüquqlarının qorunması, tarixi vətənə olan münasibətlərini ehtiva edən, azərbaycanlı düşüncəsini müəyyənləşdirən böyük bir konsepsiyadır. Azərbaycançılıq milli mənsubiyyətindən asılı olmayaraq, özünü azərbaycanlı sayan hər bir insanın birlik mənbəyidir. Bu ideologiya dünyanın müxtəlif səmtlərində yaşayan on milyonlarla azərbaycanlını bir araya gətirən işıqdır.

Bununla yanaşı, azərbaycançılıq ideologiyası təkcə fərdləri birləşdirmir. Eyni zamanda inancların, mədəniyyətlərin, beynəlxalq-humanitar dəyərlərin vəhdətini yaradır. Şərq və Qərb mədəniyyətlərinin dialoquna, türkçülük və avropaçılıq meyillərinin sintezinə, tarixi ənənələrin müasir inkişaf prosesləri ilə qovuşmasına kömək göstərir. Bu səbəbdən də azərbaycançılıq ideologiyası müxtəlif regionlarda, sosial-siyasi sistemlərdə və mədəniyyət mühitlərində yaşayan bütün dünya azərbaycanlıları üçün dəyərlidir. Heydər Əliyev Fondu fəaliyyətində bu amilləri əsas götürür və yerinə yetirdiyi işlər böyük sevgi və rəğbətlə qarşılanır.

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın fəaliyyəti azərbaycançılıq ideologiyasının uğurlarına mühüm töhfələr verir və hər bir soydaşımız üçün parlaq nümunələr yaradır. Fondun xəttilə həyata keçirilən layihələr bütün dünyada xalq olaraq mədəni sərvətlərimizin zənginliyini nümayiş etdirir, Azərbaycanın dostlarının sırasını daha da genişləndirir, mədəniyyət diplomatiyasının gücü ilə ölkəmizin beynəlxalq nüfuzuna xidmət edir. 

Bütün bunlar Ümummilli Lider Heydər Əliyevin banisi olduğu azərbaycançılıq ideologiyasının təntənəsidir.


Fondun fəaliyyəti beynəlxalq aləmdə təqdir olunur


Yarandığı gündən fond müxtəlif layihələrlə sağlam həyat tərzini təbliğ edir, Azərbaycan mədəniyyətinin inkişafı və dünyada tanıdılması, mənəvi dəyərlərimizin qorunması istiqamətində hərtərəfli işlər aparır. Dövlətimizin həyata keçirdiyi mədəniyyət diplomatiyasının uğurlarında fondun müstəsna rolu var. Tarixi həqiqətlərimizin dünya ictimaiyyətinə çatdırılmasına, ölkəmizin sivilizasiyalar arasında dialoq, tolerantlıq məkanı kimi tanınmasına, vətəndaş cəmiyyəti quruculuğuna, qloballaşan dünyamıza inteqrasiya prosesində milli-mənəvi dəyərlərimizin mühafizəsinə də fond böyük töhfələr verir.

Heydər Əliyev Fondu respublikamızda və ölkə xaricində fəaliyyət göstərən fondlarla, qeyri-hökumət təşkilatları, ictimai qurumlarla əməkdaşlığı genişləndirir, onlarla birgə layihələr həyata keçirir, Azərbaycanda və xaricdə müasir dünyamız üçün aktual mövzularda tədbirlər, sağlam müzakirə platformaları təşkil edir.

Bu gün tolerantlıq örnəyi kimi tanınan Azərbaycan sivilizasiyalararası dialoqun, beynəlxalq sülh və təhlükəsizliyin təmin olunması istiqamətində ardıcıl olaraq zəruri təşəbbüs və çağırışlarla çıxış edir. Heydər Əliyev Fondunun prezidenti  Mehriban xanım Əliyevanın rəhbərliyi ilə uzun illərdən bəri həyata keçirilən beynəlxalq qlobal layihələr, humanitar təşəbbüslər ölkəmizin mədəniyyət diplomatiyasının uğurlarıdır. Bu layihələrin hər biri ölkəmizin imicini daha da artırır, Azərbaycanın tutduğu yolu, ümumbəşəri dəyərlərə bağlılığını, yüksək amallarını göstərir. Ən mühüm amil olan bu dəyərlərin qorunmasına istiqamətlənən işlərin aparılmasına xüsusi diqqət yetirilir.

Ötən il Mehriban xanım Əliyevanın  Müqəddəs Taxt-Taca - Vatikana rəsmi səfəri ölkəmizin dini tolerantlıq, multikulturalizm və mədəni diplomatiya siyasətinə daha bir parlaq nümunə olmaqla yanaşı, Heydər Əliyev Fondunun uzun illərdir davam edən humanitar və mədəniyyət layihələrinin beynəlxalq səviyyədə tanıdılması baxımından böyük əhəmiyyət kəsb etdi. Mehriban xanım səfər proqramı çərçivəsində həm dini-mədəni, həm tibbi-humanitar, həm də diplomatik görüşlər keçirdi, Azərbaycanın dünyaya açıq və sülhpərvər siyasətini nümayiş etdirdi.

Səfər proqramının ən mühüm məqamlarından biri də fondun prezidentinin Roma Papası XIV Leo ilə görüşərək Vatikan və Azərbaycan arasındakı münasibətlərin inkişafına dair fikir mübadiləsi aparması oldu. Papa Azərbaycanla ikitərəfli əlaqələrin dinlərarası və sivilizasiyalararası dialoqa təkan verdiyini, Heydər Əliyev Fondunun təşəbbüslərinin isə bu əməkdaşlığın möhkəmləndirilməsində mühüm rol oynadığını vurğuladı. 

Vatikanda keçirilən görüşlərdə Mehriban xanım açıq şəkildə vurğuladı ki, Azərbaycan müxtəlif dinlərin və mədəniyyətlərin birgə yaşayış modelini qorumaqla sülhün və qarşılıqlı hörmətin bərqərar olmasına töhfə verir. Bu sözlər eyni zamanda ölkəmizin ideoloji mövqeyini əks etdirirdi. Nəticə isə bu idi ki, Azərbaycanın mültikultural dəyərlərə verdiyi töhfələr təkcə siyasi əlaqələrin deyil, həm də diplomatik münasibətlərin göstəricisi kimi çıxış edir. Heydər Əliyev Fondunun burada həyata keçirdiyi layihələr - Kommodilla katakombaları, Müqəddəs Pavel və Pyotr Bazilikalarının bərpası, Apostol Kitabxanası və "Bambino Gesu" xəstəxanası ilə əməkdaşlıq - Azərbaycanın dünyaya açıq və humanitaryönümlü siyasətini nümayiş etdirir.

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın səfərləri, Heydər Əliyev Fondunun layihələri, o cümlədən dini abidələrin bərpası göstərir ki, Azərbaycan yalnız öz dəyərlərini deyil, həm də bəşəri mədəni irsin mühafizəsi missiyasını üzərinə götürür. Bu missiya mədəniyyətlərarası dialoqun praktik modeli kimi qəbul olunur və sülh yaradan dövlət kimi Azərbaycanın beynəlxalq imicini daha da möhkəmləndirir.

Xəbər verildiyi kimi, bu il aprelin 30-da Vatikanda Kançelleriya Sarayında Heydər Əliyev Fondu ilə birgə həyata keçirilən layihələrin təqdimatı mərasimi olub. Tədbirdə Heydər Əliyev Fondu ilə Vatikan arasındakı əməkdaşlığın tarixi və 2012-ci ildən etibarən həyata keçirilən layihələr barədə məlumat verilib. Həmçinin bu layihələri əhatə edən "Mədəniyyətlər körpüsü" ("Pontes Culturae") kitabı, eləcə də Müqəddəs Taxt-Tac ilə Azərbaycan arasında ötən illər ərzində formalaşmış dostluq və əməkdaşlıq münasibətlərini, Heydər Əliyev Fondunun Vatikandakı mədəni-humanitar təşəbbüslərini, həmçinin tarixi və dini irs nümunələrinin bərpası istiqamətində görülmüş işləri əks etdirən sənədli film təqdim olunub. 

Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyasının prezidenti Pasquale Yakobone Heydər Əliyev Fondu ilə Vatikan arasında mövcud əməkdaşlığı yüksək qiymətləndirib. Diqqətə çatdırılıb ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən bərpa və restavrasiya işləri nəticəsində yalnız abidələrin qorunması deyil, eyni zamanda elmi-tədqiqat və texnoloji sahədə də irəliləyişlər əldə olunub. Restavrasiya prosesində yeni metodların tətbiqi və əldə olunan nəticələr akademik araşdırmaların inkişafına da töhfə verib. Daha sonra Heydər Əliyev Fondunun yəhudilik, xristianlıq və islam dinlərinə həsr edilmiş "Səmavi dinlər" layihəsi çərçivəsində ərsəyə gətirilmiş triptix xalça kompozisiyası nümayiş olunub. Hər üç xalça özündə fərqli dinləri və mədəniyyətləri simvollaşdırır, lakin bir araya gələndə insanlığın ortaq dəyərlərini - sülhü, mərhəməti və ədaləti ifadə edir. Layihə Azərbaycan mədəniyyətinin dərinliyindən gələn universal dəyərlərin, mədəni diplomatiya strategiyasının təcəssümüdür.

Heydər Əliyev Fondu həmçinin Luvr muzeyində islam incəsənəti bölməsinin yaradılmasında iştirak edərək mədəniyyətlərarası dialoqa dəstək verib. Fond muzeyin bərpa işlərində, o cümlədən muzeyin müəyyən hissələrinin konservasyasında maliyyə tərəfdaşı kimi çıxış edib.


Qlobal humanitar çağırışlara dəstək


Azərbaycan humanitar yardım, ehtiyacı olanlara dəstək və paylaşma ideyalarına sadiqliyini praktiki fəaliyyəti və əməlləri ilə sübuta yetirən dövlətdir. Bu humanist siyasət Heydər Əliyev Fondu tərəfindən də uğurla həyata keçirilir. Qurum təkcə ölkə daxilində deyil, həm də xaricdə reallaşdırdığı mütərəqqi layihələri ilə dünya humanizm hərəkatında özünəməxsus yer tutmaqla beynəlxalq aləmdə Azərbaycan xalqının humanist dünyagörüşünün carçısı və təmsilçisi rolunda çıxış edir. Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın Ər-Riyad Beynəlxalq Humanitar Forumunda iştirakı və "Qlobal humanitar könüllülük: perspektivlər və hədəflər" adlı paneldə çıxış etməsi Azərbaycan dövləti və xalqının bəşəriyyətin ən dəyərli nailiyyətlərindən biri olan humanizmə sadiqliyinin beynəlxalq aləmdə növbəti nümayişidir. 

Forumun işində iştirak və çıxış edən Leyla Əliyeva Azərbaycanda bu istiqamətdə həyata keçirilən tədbir və layihələr barədə iştirakçılara müfəssəl məlumat verib. Heydər Əliyev Fondunun təhsil, səhiyyə və sosial sahələr üzrə layihələrinin beynəlxalq səviyyəni əhatə etdiyini, bu fəaliyyətin tərəfdaş təşkilatlar və ölkələr tərəfindən yüksək qiymətləndirildiyini bildirib. Leyla Əliyeva müasir dünyada iqlim dəyişiklikləri kimi böhrana diqqət çəkərək ətraf mühitin və təbiətin qorunması istiqamətində, eləcə də aclığın aradan qaldırılması kimi problemlə üzləşən ölkələrə yardım sahəsində güclərin səfərbər olmasının vacibliyini vurğulayıb. Heydər Əliyev Fondunun vitse-prezidenti Azərbaycanın könüllülük fəaliyyəti üzrə uğurlu modelə sahib olduğunu bildirərək, mövcud humanitar problemlərin həllində könüllülük proqramlarının inkişaf etdirilməsinin əhəmiyyətini qeyd edib.

Bu günlərdə Cenevrədə Heydər Əliyev Fondunun, IDEA İctimai Birliyi və Azərbaycanın BMT-dəki nümayəndəliyinin Cenevrədəki bölməsi və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyinin birgə təşkilatçılığı ilə MAMA "Ana təbiət" beynəlxalq incəsənət layihəsi təqdim olunub. Qeyd edək ki, layihə ilk dəfə 2024-cü ildə Bakıda, Heydər Əliyev Mərkəzində COP29 iqlim konfransı çərçivəsində təqdim olunub. Daha sonra Manama, Roma, London, Tbilisi, Berlin və Tirana kimi şəhərlərdə nümayiş olunaraq beynəlxalq səyyar platformaya çevrilib. Bu müddət ərzində 28 ölkədən 50-dən çox rəssam planetimizin gələcəyi ilə bağlı qlobal müzakirəyə öz töhfəsini verib.

Millətlər Sarayında keçirilən təqdimat xüsusi simvolik əhəmiyyət daşıyıb. Diplomatiya və beynəlxalq əməkdaşlığın mərkəzində baş tutan sərgi ekoloji məsuliyyətin yalnız siyasi deyil, həm də mədəni və ictimai düşüncə müstəvisində dərk edilməsinin vacibliyini önə çıxarıb.

Mayın 4-də Mərakeşdə İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatının (ICESCO) baş qərargahında keçirilən "İslam dünyasında münaqişə və münaqişədənsonrakı dövrdə mədəni irsin idarə edilməsi" mövzusunda beynəlxalq konfrans çərçivəsində Heydər Əliyev Fondunun və ICESCO-nun birgə təsis etdiyi "Natəvan Mədəni İrs Mükafatı"nın ("Natavan Heritage Excellence Award") ilk təqdimat mərasimi olub.

2025-ci ildə təsis olunan və Azərbaycanın görkəmli şairi, Qarabağ xanının qızı Xurşidbanu Natəvanın şərəfinə adlandırılan mükafat maddi irsin qorunması və idarə edilməsi sahəsində qabaqcıl təcrübəni bölüşmək, təşviq etmək baxımından əhəmiyyət daşıyır. "Natəvan Mədəni İrs Mükafatı" ölkəmizin milli dəyərlərinin qorunmasını, humanizm prinsiplərinə sadiqliyini nümayiş etdirməklə yanaşı, Azərbaycanın ədəbi-mədəni irsinin təbliğində də xüsusi rol oynayır. Heydər Əliyev Fondu və ICESCO tərəfindən təqdim edilən bu mükafat, həmçinin azərbaycanlı şairin xatirəsinə ehtiram olmaqla, Qarabağın zəngin mədəni irsini yaşadır.

Məlum olduğu kimi, bu ilin fevralında Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının təşkilatçılığı, Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və "Gilan"ın dəstəyi ilə Qəbələdə "Qış nağılı" II Beynəlxalq Musiqi Festivalı keçirilib. Ötən ilin oktyabr-noyabr aylarında Heydər Əliyev Fondunun təşkilatçılığı, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tərəfdaşlığı ilə "ART Weekend" festivalı yüksək səviyyədə təşkil edilib. "ART Weekend" bir sıra ölkələrdən incəsənət və mədəniyyət xadimləri, kuratorları bir araya gətirib. Festival günlərində paytaxtın müxtəlif sərgi salonları, muzeylər, təhsil ocaqları və ayrı-ayrı tarixi-mədəni məkanlarında görüşlər, performanslar təşkil olunub.


Aydın hədəflər: xeyirxahlıq və yaxşılıq


Ölkəmizin ərazi bütövlüyü, suverenliyi uğrunda canını qurban vermiş şəhidlərimizin ailələri, döyüşlərdə yaralanmış hərbçilərimizin sağlamlıq durumu da daim fondun nəzarətindədir. Mehriban xanımın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən müvafiq layihələr çərçivəsində qazilərimiz dünyada ən müasir protez istehsalçıları kimi tanınan şirkətlərin yüksəktexnologiyalı məhsulları ilə təmin edilirlər.  

Əlilliyi olan şəxslərin cəmiyyətə inteqrasiya imkanlarının genişləndirilməsi üçün Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Naxçıvanda, Gəncədə, Yevlaxda regional informasiya mərkəzləri yaradılıb. Bu mərkəzlərdə gözdən əlilliyi olan və görmə imkanları məhdud insanlara informasiya-kommunikasiya texnologiyalarından istifadə etməklə internetə çıxış, internetdə lazımi informasiyaların tapılması və s. üçün imkanlar təmin edilib. 

Fond əlilliyi olan uşaq və gənclərin əl işlərindən ibarət sərgilərin təşkilinə, onların yaradıcılıq potensialının inkişafına da dəstək verir, sosial xidmət müəssisələrində, habelə ahıllar üçün sosial xidmət məkanlarında mütəmadi olaraq aksiyalar, dövlət himayəsində yaşayanlara, aztəminatlı ailələrə dəstək məqsədli ardıcıl tədbirlər təşkil edir. 

Ölkənin Birinci vitse-prezidentinin yüksək humanizminin, həssas əhali qruplarına diqqət və qayğısının təcəssümü olan və çox mühüm sosial əhəmiyyət daşıyan layihələrdən biri də son illər müxtəlif bölgələrimizdə tikilən "Məzun evləri"dir. Bu çoxmənzilli yaşayış binaları dövlət uşaq müəssisələrinin məzunu olan, hər iki valideynini itirmiş və valideyn himayəsindən məhrum gənclərin istifadəsinə verilir. 


Fondun aparıcı fəaliyyət sahələri: təhsil və gənclərlə iş


Ölkəmizdə təhsilin inkişafında Heydər Əliyev Fondunun gördüyü işlər maarifçilik tariximizin xüsusi bir səhifəsini təşkil edir. Mötəbər qurumun yarandığı gündən aparıcı bir fəaliyyət sahəsi mövcuddur - bu, təhsil və geniş mənada sosial tərbiyə məsələləridir.  "Bu gün hər bir dövlətin, hər bir cəmiyyətin bundan önəmli hədəfi yoxdur" deyir Mehriban xanım Əliyeva.

Heydər Əliyevin "Təhsil millətin gələcəyidir" fikrini rəhbər tutan fond ilk növbədə Azərbaycanın təhsil sisteminin inkişafına mühüm töhfələr verir. Bütün ölkəboyu, eləcə də Azərbaycandan xaricdə təhsil müəssisələrinin inşası və yenidən qurulması, yüksək potensiallı tələbələrin dəstəklənməsi üçün yerli və beynəlxalq təqaüd proqramlarının həyata keçirilməsi, gənclərin vətənpərvərlik ruhunda böyüməsi və biliklərə sahib olması üçün təşkil edilən tədbirlər və layihələr buna aiddir. 

Son vaxtlarda Şamaxı rayonunda yerləşən Avropa liseyinin yeni binası Heydər Əliyev Fondu tərəfindən inşa olunub. Gəncə şəhərində yerləşən 37 nömrəli tam orta məktəb fond tərəfindən əsaslı təmir edilib. Ucar şəhərində yerləşən 2 nömrəli tam orta məktəbin yeni binası da Heydər Əliyev Fondunun təşəbbüsü ilə tikilib. Bundan başqa, Cəlilabad rayonunun Göytəpə şəhərində yerləşən Vasif Hüseynov adına 2 nömrəli, Samux rayonunun Alıuşağı kəndində yerləşən Mirzə Fətəli Axundzadə adına, Xətai rayonunda yerləşən Tahir Bağırov adına 59 saylı tam orta məktəblərin yeni binaları Heydər Əliyev Fondunun təhsilimizə verdiyi sanballı dəstəkdir. Xəzər rayonunda yerləşən 324 saylı tam orta məktəb fondun vəsaiti hesabına yenidən qurulub.

Heydər Əliyevin fəaliyyətində gənclər siyasəti hər zaman xüsusi yer tuturdu. Ulu Öndər gənclərin müstəqil Azərbaycanın gələcəyinin təmin olunmasındakı roluna diqqət çəkərək deyirdi: "Gənclərimizə arzu edirəm ki, onlar həmişə sağlam olsunlar, yaxşı təhsil alsınlar, yaxşı tərbiyə alsınlar, cəmiyyətdə öz yerlərini tuta bilsinlər, cəmiyyət üçün faydalı ola bilsinlər, bizim milli ənənələrimizi həmişə yaşatsınlar, valideynlərinə sadiq olsunlar... məktəbdə, ictimai yerlərdə yüksək mədəniyyət nümayiş etdirsinlər". Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondu da layihələri ilə hər zaman Azərbaycan gənclərinin yanındadır. Bu layihələrdə gənclərimiz fəal iştirak edirlər. Onlara öz potensiallarını reallaşdırmaq, öyrəndiklərini həyatda tətbiq etmək, zəngin təcrübə, faydalı bacarıqlar qazanmaq, sosial çevrə formalaşdırmaq imkanı yaradılır. Fondun prezidenti gəncləri bu layihələrə cəlb etməklə ölkəmizdə gənc könüllülər hərəkatını formalaşdırıb. Bütün bunlar Heydər Əliyev irsinin ana xəttini təşkil edən Vətənə, xalqa təmənnasız xidmət ideyasının gənc nəslə aşılanması baxımından misilsiz əhəmiyyətə malikdir. İşğal altındakı torpaqlarımız da məhz bu gənclərin gücü, əzmkarlığı, vətənpərvərliyi, döyüş ruhu sayəsində azadlığa çıxdı. 

Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən bütün layihələr məhz gənc nəslin firavan gələcəyinin təminatına yönələn böyük işlərdir. Bu layihələr həm də dünyaya yeni bir Azərbaycanı təqdim edir. 

Xocalı şəhərindəki Soyqırımı Memorialı da Heydər Əliyev Fondu tərəfindən hazırlanan konsepsiya əsasında reallaşdırılıb. Memorial Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2025-ci ilin fevralında imzaladığı sərəncama əsasən, Xocalı faciəsi qurbanlarının xatirəsinin əbədiləşdirilməsi, tarixi həqiqətlərin gələcək nəsillərə çatdırılması və milli yaddaşın qorunması məqsədilə yaradılıb.

Ekspozisiya ziyarətçiləri "Faciənin siması" instalyasiyası ilə qarşılayır. Memorialın tavanı boyu uçuşan göyərçin maketləri isə bütün dünyaya sülh arzulayan Xocalının faciə zamanı qətlə yetirilmiş günahsız sakinlərinin xatirəsinə ehtiram əlamətidir.

Bu gün Heydər Əliyev Fondunun həyata keçirdiyi layihələr eyni zamanda mühüm tarixi-ideoloji, siyasi məzmun kəsb edir. Qurum 22 illik fəaliyyəti dövründə Azərbaycanın mədəni diplomatiyasının ən güclü simasına çevrilmişdir. Vatikandan Pekinə qədər uzanan layihələr, Bakı marafonu kimi kütləvi tədbirlər və ICESCO-nun nüfuzlu mükafatlarına layiq görülməsi fondun qlobal miqyaslı çəkisini nümayiş etdirir. Ümummilli Liderin ideyalarını müasir çağırışlarla birləşdirən Heydər Əliyev Fondu bu gün də Azərbaycanın tərəqqisi və insan amilinin uca tutulması naminə öz yoluna daha böyük əzmlə davam edir. 


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prokurorluq əməkdaşları Fəxri Xiyabanı ziyarət edib

16:37
10 May

Maliyyə Nazirliyinin kollektivi Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsini yad edib

16:22
10 May

Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

16:12
10 May

Dini konfessiyaların rəhbərləri Ulu Öndər Heydər Əliyevin xatirəsini anıblar

16:01
10 May

Naxçıvanda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü qeyd edilib

15:57
10 May

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək

15:54
10 May

Xocalıda Ulu Öndər Heydər Əliyevin 103 illiyi münasibətilə ağacəkmə aksiyası

15:49
10 May

Heydər Əliyev zirvəsinə ənənəvi yürüş təşkil olunub

15:47
10 May

Səfir: Ulu Öndərin “Bir millət, iki dövlət” kəlamı Türkiyə-Azərbaycan əlaqələri üçün ən mühüm ortaq məqsəddir

15:41
10 May

Prezident: Biz Zəngilanı bölgənin nəqliyyat mərkəzlərindən birinə çevirəcəyik

15:32
10 May

Prezident İlham Əliyev bu gün Azərbaycana artan beynəlxalq hörmətin səbəblərini açıqlayıb

15:26
10 May

Azərbaycan Prezidenti: Bizdən Ermənistanı qorumaq lazım deyil, biz istədiyimizə nail olmuşuq

15:14
10 May

Prezident İlham Əliyev: Ermənistan cəmiyyətində Azərbaycana qarşı nifrət hissi ilə yaşayan siyasi qüvvələr var, biz ayıq olmalıyıq

15:09
10 May

Ulu Öndərin Azərbaycan tarixində həlledici rolu bizim yaddaşımızdan heç vaxt silinməyəcək - Prezident

15:01
10 May

Prezident: Ulu Öndər Heydər Əliyevin Azərbaycan tarixində rolu danılmazdır

14:56
10 May

Prezident İlham Əliyev: Bu gün Azərbaycan ərazisində hər qarış torpaq Azərbaycan xalqına məxsusdur

14:56
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərindəki ilk yaşayış kompleksinə köçən ailələrlə görüşüb YENİLƏNİB

14:11
10 May

Prezident İlham Əliyev Zəngilan şəhərində “Zangilan City Park Hotel”in təməlini qoyub

14:08
10 May

Ulu Öndərin anadan olmasının 103-cü ildönümü münasibətilə silsilə tədbirlər təşkil edilib

14:03
10 May

Azərbaycandan Ermənistana neft məhsullarının növbəti partiyası göndərilib

14:00
10 May

Sülhə yönəlmiş strateji baxış və prinsipial mövqe  

13:57
10 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!