09 May 2026 08:20
277
SİYASƏT
A- A+
Zəfər ordusunun təməlini Heydər Əliyev qoymuşdur

Zəfər ordusunun təməlini Heydər Əliyev qoymuşdur


Yaşanmış və artıq daşlaşmış tarixi təcrübə göstərir ki, dövlətin qüdrətini, gücünü göstərən zəruri amillərin sırasında iqtisadi yüksəlişlə ordu yanaşı dayanır. Deməli, ordu dövlətin əsas dayağı və müstəqilliyinin, təhlükəsizliyinin etibarlı təminatçısıdır. Güclü ordu ilə güclü dövlət anlayışı vəhdət təşkil edir. Buna görə də bütün dövrlərdə dövlətlər ordu quruculuğu məsələsinə böyük diqqət ayırır. 

Ölkəmizdə də ordu quruculuğuna xüsusi diqqət göstərilir. Böyük Zəfəri ilə fəxr etdiyimiz Azərbaycan Ordusu müstəqil dövlətimizin ən etibarlı dayağı, xalqımızın güvənc yeri və qürur mənbəyidir. Amma yaxın tariximizdən məlumdur ki, Azərbaycanda ordu quruculuğu heç də hamar yolla getməmiş, olduqca çətin, mürəkkəb mərhələlərdən keçməli olmuşdur. 

Məlum olduğu kimi, Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasına 1991-ci ildə nail olmuşdur. Lakin həmin dövr vahid komandanlığa tabe olan nizami və mütəşəkkil, yenicə qazanılmış müstəqilliyimizə və dövlətçiliyimizə qarşı yarana biləcək hər hansı bir təhlükənin qarşısını almağa qadir ordunun yaradılması obyektiv və subyektiv səbəblər üzündən mümkün olmamışdır. Bu mühüm iş yalnız Ümummilli Lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra mümkün oldu. Heydər Əliyevin bu sahədəki misilsiz fəaliyyəti xalqın orduya inamını daha da artırdı. Bundan sonra Azərbaycan xalqı Ulu Öndərin ətrafında sıx birləşərək ordumuzun yaradılmasına dəstək verdi. Vətən qeyrəti çəkən vətənpərvər oğullar qısa müddətdə erməni təcavüzünə qarşı mübarizəyə səfərbər oldular.

Ümumiyyətlə, Azərbaycan Ordusunun yaranma tarixi bütün ömrünü xalqının işıqlı gələcəyi, azadlığı və müstəqilliyi uğrunda mübarizəyə həsr etmiş Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Qətiyyətli siyasi iradəyə, yüksək sərkərdəlik qabiliyyətinə malik olan Heydər Əliyev hələ ilk dəfə hakimiyyətə gəldiyi 1969-cu ildən başlayaraq Azərbaycanın gələcəkdə nizami ordusunun yaradılması və formalaşdırılması haqqında düşünmüşdü. Məlumdur ki, keçmiş ittifaq illərində milli ordudan danışmaq heç də asan deyildi. Amma həmin dövrlər azərbaycanlı gənclərin orduya, hərb elminə marağının artırılması və bunun üçün real şəraitin yaradılması mümkün idi. Ulu Öndər bu məqsədlə ötən əsrin 70-ci illərində böyük çətinliklə Cəmşid Naxçıvanski adına Hərbi Liseyin yaradılmasına nail oldu. 

Artıq tarixə qovuşmuş o illərdə bu addımı atmaq, belə bir qərarı vermək böyük cəsarət və qətiyyət tələb edirdi. Çoxlarının bacarmadığı bu addımı Ulu Öndər Heydər Əliyev atdı. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra C.Naxçıvanski adına Hərbi Lisey ordu quruculuğunda əsas bazalardan birinə çevrildi. Ümummilli Lider Heydər Əliyev çıxışında həmin günlərdən söz açaraq demişdir: "Biz Cəmşid Naxçıvanski adına Hərbi Liseyin ilk bünövrə daşlarını qoyanda o bizim üçün nəzəriyyə deyildi, böyük gələcəyə, Azərbaycanın gələcəyinə baxış idi. Azərbaycanın milli zabit kadrlarının hazırlanması üçün ilk uğurlu addımlar idi. Biz bu addımları atarkən düşünürdük ki, zaman gələcək, Azərbaycan xalqı öz milli azadlığına qovuşacaq, öz dövlət müstəqilliyini əldə edəcək, müstəqil Azərbaycan dövləti yaranacaq. Yarandı da. Məhz bugünkü müstəqilliyimizə görə mən bu məktəbi yaratdım, yaşatdım, böyütdüm. Bilirsiniz, sizə səmimi deyirəm, C.Naxçıvanski adına lisey mənim üçün bir övladdır. Ona öz övladım kimi baxıram və nə qədər yaşayıramsa, ona bax, bu cür baxacağam".

Ulu Öndər Heydər Əliyevin bu sahəyə böyük diqqət və qayğısı sayəsində 1971-ci ildə respublikamızda Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəbin açılmasını azərbaycanlı gənclər sevinclə qarşıladılar. Məktəbi uğurla başa vuran gənclər hərbi biliklərini Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərində, eləcə də keçmiş ittifaqın başqa şəhərlərindəki hərbi məktəblərdə davam etdirdilər. Onlar ölkə ərazisindəki müxtəlif hərbi hissələrdə ixtisaslı hərbçi kadrlar kimi qulluq edirdilər. 

Bu gün Azərbaycan Silahlı Qüvvələri Cənubi Qafqazın ən güclü ordusudur. Artıq  Azərbaycanın peşəkar, ixtisaslı hərbçi kadrlardan ibarət, müasir maddi-texniki bazaya sahib olan nizami ordusu var. Amma bu, birdən-birə mümkün olmayıb. 

Ümummilli Lider Heydər Əliyev 1993-cü ilin iyun ayında xalqın təkidi ilə hakimiyyətə qayıtdıqdan sonra başqa sahələrlə yanaşı, ordu quruculuğu istiqamətində də mühüm addımlar atıldı. 1994-cü il mayın 12-də atəşkəs haqda müqavilə imzalandıqdan sonra Azərbaycanda nizami ordu quruculuğu prosesi başladı. Ulu Öndər ordu quruculuğu sahəsini şəxsi nəzarətinə götürdü. Çox keçmədi ki, yeni təyinatlı hərbi hissə birləşmələri yaradıldı, müasir tələblərə cavab verən struktur dəyişiklikləri aparıldı. Heydər Əliyev 1996-cı il fevralın 2-də Azərbaycan gənclərinin I Forumunda bu barədə belə demişdir: "Ordu mövzusu, ordunun yaranması, formalaşması bizim bütün həyatımızda əsas mövzulardan biri olmalıdır, gənclərin orduda xidmət etmək üçün tərbiyələndirilməsi bizim əsas vəzifələrimizdən biri olmalıdır və bu vəzifələri biz ardıcıl surətdə həyata keçirməliyik... Xalqla ordunun birliyi həm xalqın qüdrətini, həm də ordunu daha da qüvvətli edir. Ona görə də qarşımızda duran əsas vəzifələrdən biri xalqla ordunun sağlam mənəvi birliyini təmin etməkdən ibarətdir".

Ulu Öndərin rəhbərliyi ilə qısa müddətdə ordunun qanunvericilik bazası da yaradıldı. "Silahlı Qüvvələr haqqında", "Hərbi xidmət haqqında", "Hərbi qulluqçuların statusu haqqında" qanunlar qəbul edildi.

Ordu quruculuğu, onun döyüş qabiliyyətinin yüksəldilməsi, peşəkarlığının artırılması heç də bəzilərinin düşündüyü kimi, az bir zamanın işi deyil. Bu, sistemli davam edən uzun bir prosesdir. Döyüş hazırlığı məsələlərinə ciddi önəm verilməsinin nəticəsidir ki, Azərbaycan Ordusu hazırda istər quruda, istər havada, istərsə də dənizdə hər hansı döyüş tapşırığını yüksək səviyyədə yerinə yetirmək gücünə malikdir. Məlumdur ki, hər bir ordunun gücü, qüdrəti onun döyüş qabiliyyəti ilə mənəvi gücü arasında vəhdət təşkil edir. Bu gün cəmiyyətimizdə, eləcə də orduda Ümummilli Lider Heydər Əliyev tərəfindən hazırlanmış və dəfələrlə zamanın sınağından çıxmış hərbi vətənpərvərlik konsepsiyası mövcuddur. Həmin konsepsiyanın əsasında istər sülh, istərsə də müharibə dövründə zabit və əsgərlərdə Vətənə, xalqa, dövlətə, dövlətçiliyə sədaqət və məhəbbət hissi dayanır. 

Azərbaycan Silahlı Qüvvələrinin daha da gücləndirilməsi üçün quruculuq işləri bir gün də olsun dayanmır. Ümummilli Lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində bünövrəsini qoyub başlatdığı işlər  Prezident, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Məhz bunun nəticəsidir ki, zaman keçdikcə Silahlı Qüvvələrimiz daha da modernləşir, ən müasir hərbi texnologiya və silahlarla təchiz olunur.

2018-ci ildə Azərbaycan Ordusunun yaranmasının 100 illiyi münasibətilə keçirilmiş hərbi paradda Prezident İlham Əliyev xalqa müraciət edərək demişdir: "Gün gələcək və bu gün işğal altındakı torpaqlar azad olunandan sonra orada qaldırılacaq Azərbaycan bayrağı Azadlıq meydanına gətiriləcək və hərbi paradda göstəriləcək". 10 dekabr 2020-ci ildə Bakıda keçirilən Zəfər paradında biz dövlətimizin başçısının xalqa verdiyi bu sözə əməl etdiyini gördük. Zəfər bayrağı Azadlıq meydanına gətirildi, hərbi qənimət kimi ələ keçirilən erməni hərbi texnikaları qalib Azərbaycan xalqına, onun dostlarına, düşmənlərinə əyani surətdə göstərildi.

Azərbaycan Ordusu Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında 44 günlük Vətən müharibəsinin davam etdiyi günlərdə hərb tariximizin şanlı salnaməsini yazdı. Zabit və əsgərlərimizin göstərdikləri misilsiz qəhrəmanlıq sayəsində düşmən məğlub edildi, ərazi bütövlüyümüz bərpa olundu, 30 il davam edən erməni işğalına son qoyuldu, ədalət öz yerini tapdı. 44 günlük Vətən müharibəsində ordumuzun qazandığı Zəfərin şöhrəti bütün dünyaya yayıldı. İkinci Qarabağ müharibəsində bu cür ürəkaçan uğurların, zəfərlərin qazanılmasının nəticəsidir ki, Azərbaycan Ordusu bu gün dünyanın güclü orduları sırasındadır. Ali Baş Komandanın sözləridir: "Bu zəfər tarixi zəfərdir. Azərbaycan xalqı bu günü 30 ilə yaxın müddət ərzində gözləyirdi, 30 ilə yaxın müddət ərzində Ali Baş Komandanın əmrini gözləyirdi. Mən dəfələrlə Azərbaycan xalqına müraciət edərkən deyirdim ki, biz daha güclü olmalıyıq və nəyi nə vaxt, necə etmək lazımdır, biz bilirik. Həyat göstərdi ki, vaxtında addımlar atdıq, bütün gücümüzü səfərbər edərək bir dəmir yumruq yaradıb düşmənin başını əzdik. Müharibə dövründə mən deyirdim ki, bizim dəmir yumruğumuz həm birliyimizi, həm də gücümüzü təcəssüm etdirir. Bu dəmir yumruq düşmənin belini qırdı, düşmənin başını əzdi. Bu gün biz qəhrəman xalq kimi bu bayramı qeyd edirik. Azərbaycanın müzəffər Ordusu öz tarixi missiyasını yerinə yetirdi, Ermənistanı məğlub etdi".


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Cəbrayıl rayonuna səfər ediblər  YENİLƏNIB 

16:53
09 May

Səudiyyə Ərəbistanı qəzeti Ulu Öndər Heydər Əliyev haqqında məqalə dərc edib

15:34
09 May

Prezident Ərdoğan: Türkiyənin iştirakı olmadan Avropa memarlığı tam ola bilməz

15:23
09 May

ABŞ-də mal ətinin qiymətləri rekord səviyyəyə çatıb

15:16
09 May

Dövlət Xidmətinin şəxsi heyəti Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib

15:14
09 May

Sahib Ələkbərov: “Bakı-Xankəndi” velosiped yarışının təşkili sevindirici haldır

14:50
09 May

Su Ehtiyatları Agentliyinin əməkdaşları Heydər zirvəsinə yürüş ediblər

14:42
09 May

Tramp: Azadlıq layihəsinin davam etdirilməsinə ehtiyac yoxdur

14:15
09 May

15,9 min şəxsə əlillik təyin olunub

14:06
09 May

Avstraliyada bioyanacaq siyasəti 

13:57
09 May

Qlobal ərzaq böhranı riski artır  

13:47
09 May

Uşaqlar gələcəyimizdir  

13:18
09 May

“Airbnb”də süni intellekt dövrü

13:14
09 May

Bakıda şəhərsalma həftəsi təşkil olunacaq

13:06
09 May

Humanizmə xidmət edən missiya

12:52
09 May

İkinci dünya müharibəsində şücaət göstərmiş soydaşlarımızın xatirəsi Avstriyada anılıb

12:46
09 May

DİN-in şəxsi heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

12:44
09 May

Sabah hava əsasən yağmursuz olacaq

12:34
09 May

Müasir Azərbaycanın qurucusu və milli dövlətçilik fəlsəfəsinin müəllifi

12:03
09 May

Faşizm üzərində Qələbə uğrunda mübarizədə həlak olan Azərbaycan övladlarının xatirəsi ehtiramla anılıb

12:02
09 May

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər

11:55
09 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!