Prezident İlham Əliyevin uzaqgörən siyasi kursu ölkəmizi yeni dünya nizamının önəmli mərkəzlərindən birinə çevirib
Beynəlxalq münasibətlər sistemində etibarlı tərəfdaş statusunu qazanmaq heç də asan deyil. Xüsusən indiki çoxsaylı münaqişələr, hərbi-siyasi qarşıdurmalar fonunda bir ölkənin sabit mövqedə qalması, fərqli qütblərin etimad göstərdiyi mərkəz halına gəlməsi, demək olar ki, qeyri-mümkündür. Lakin Azərbaycan öz prinsipial mövqeyi, müstəqil siyasəti, iqtisadi gücü və daxili sabitliyi ilə bu etimadı qazanmağı bacaran nadir ölkələr sırasındadır.
Dünyada baş verən əsaslı geostrateji dəyişikliklər və yeni çağırışlar fonunda Azərbaycanın həyata keçirdiyi balanslı siyasət və unikal mövqe mütərəqqi bir nümunə təşkil edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uzaqgörən xarici siyasi kurs Azərbaycanı qlobal qərarların qəbulunda söz sahibi olan strateji mərkəzə çevirib. Milli maraqlara söykənən müstəqil və balanslaşdırılmış siyasət nəticəsində rəsmi Bakı müxtəlif siyasi platformalar arasında etibarlı körpü rolunu uğurla icra edir.
Son həftələrdə Avropanın bir sıra dövlət və hökumət rəhbərlərinin ölkəmizə intensiv səfərləri Azərbaycanın yüksək geosiyasi statusunun və artan nüfuzunun bariz göstəricisidir. Bu diplomatik fəallıq rəsmi Bakının qlobal-miqyaslı proseslərdə həlledici dövlət statusunu təsdiqləyir. Dünya siyasətinin mühüm aktorlarının Azərbaycana artan marağı dövlətimizin başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən çoxvektorlu və balanslaşdırılmış xarici siyasət kursunun məntiqi nəticəsidir. Avropanın aparıcı dövlətlərinin rəhbərləri tərəfindən Bakının strateji əhəmiyyətinin vurğulanması da Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinin təzahürüdür. Səfərlər çərçivəsində imzalanan sazişlər isə Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni geosiyasi reallığın beynəlxalq müstəvidə tam şəkildə rəsmiləşdirilməsidir.
Azərbaycanın geosiyasi statusunu gücləndirən ən mühüm amillərdən biri ölkəmizin Avropanın enerji arxitekturasında oynadığı roldur. Şərqi Avropada davam edən münaqişə fonunda Avropa İttifaqının enerji çətinliyinin qarşısının alınmasında Azərbaycanın operativ və etibarlı addımları Bakını "qoca qitə"nin strateji müttəfiqinə çevirib. Hazırda ölkəmizin mavi yanacaq ixrac etdiyi 16 dövlətdən 10-u məhz Aİ üzvüdür.
Ölkəmizin qlobal enerji təhlükəsizliyində oynadığı önəmli rola Prezident İlham Əliyev mayın 5-də Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasın başçılıq etdiyi nümayəndə heyətini qəbul edərkən diqqət çəkib. Dövlətimizin başçısı Avropa İttifaqının Azərbaycanın əsas ticarət tərəfdaşlarından biri, eyni zamanda ölkəmizin enerji təhlükəsizliyinin təmin olunması baxımından həmişə Avropa İttifaqının etibarlı tərəfdaşı olduğunu vurğulayıb. Bu xüsusda Prezident İlham Əliyev qeyd edib ki, bu yaxınlarda Azərbaycan qazı Avropa İttifaqının daha iki üzv ölkəsinə - Almaniyaya və Avstriyaya çatıb.
Avropa İttifaqının siyasi dairələri tərəfindən də Azərbaycanın potensialı çox yüksək qiymətləndirilir. Aİ-nin xarici siyasət rəhbəri Kaya Kallasın qeyd etdiyi kimi, Azərbaycanın ən etibarlı strateji müttəfiq qismində qəbul edilməsi təsadüfi deyil, bu, qitənin enerji təhlükəsizliyinin təmin olunmasında zəruri bir seçimdir: "Azərbaycan Avropa İttifaqı üçün dəyərli və etibarlı enerji tərəfdaşıdır. Xüsusilə ticarət, nəqliyyat və rəqəmsal texnologiyalar sahələrində əməkdaşlığımızın dərinləşdirilməsi üçün aşkar potensial var".
Statistik məlumatlar da bu istiqamətdə artan dinamikanı təsdiqləyir. 2025-ci ildə ixrac edilən 25 milyard kubmetr qazın 13 milyard kubmetri birbaşa Avropa bazarlarına yönəldilib ki, bu da 2021-ci illə müqayisədə təxminən 60 faizlik artım deməkdir. "Cənub qaz dəhlizi" kimi nəhəng layihələr Avropanın enerji xəritəsini yenidən cızmaqla yanaşı, tərəflər arasında siyasi dialoqun canlanmasına da münbit şərait yaradır.
Azərbaycanın geoiqtisadi əhəmiyyəti təkcə enerji resursları ilə məhdudlaşmır. Ölkəmizin beynəlxalq miqyasda artan nüfuzu həm də nəqliyyat-logistika imkanları ilə bağlıdır. Azərbaycan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm mərkəzə çevrilib. Xüsusən Yaxın Şərqdəki qeyri-sabitlik və Rusiya-Ukrayna müharibəsi fonunda ənənəvi təchizat zəncirlərinin qırılması Azərbaycanın təqdim etdiyi marşrutların aktuallığını daha da artırıb. Ölkəmizin önəmli mərkəz statusuna aprelin 27-də Qəbələdə keçirilən Azərbaycan-Çexiya biznes-forumunda dövlətimizin başçısı tərəfindən də diqqət yönəldilib: "Bu gün biz Şərq-Qərb nəqliyyat dəhlizinə geniş sərmayə yatırırıq və bu gün ənənəvi təchizat zəncirinin kəsilməsinə, logistika və tranzitlə bağlı problemlərə görə bu dəhlizə heç vaxt olmadığı kimi ehtiyac var. Beləliklə, Azərbaycan Şərqdən Qərbə və əks istiqamətdə, hətta Şimaldan Cənuba və Cənubdan Şimala təhlükəsiz və etibarlı tranziti təmin edir. Biz hər iki dəhlizin kəsişməsində yerləşirik və son illərdə infrastruktura geniş investisiyalar ilə biz bir çox ölkələrə lazım olan bu böyük aktivi artıq yaratmışıq".
Xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta dəhliz) həm Avropa, həm də Çin üçün ən qısa və təhlükəsiz yol hesab olunur. Çin özünün "Bir Kəmər, Bir Yol" layihəsi çərçivəsində Azərbaycanın logistik imkanlarına, o cümlədən Ələt Azad İqtisadi Zonasına böyük maraq göstərir. Hazırda Çindən Avropaya yük axını ölkəmiz vasitəsilə 15-20 gün ərzində reallaşır. Gələcəkdə Zəngəzur dəhlizinin (TRIPP) istifadəyə verilməsi bu marşrutun rəqabət qabiliyyətliliyini zirvəyə daşıyacaq və Çin, Qazaxıstan, Azərbaycan, Türkiyə və Şərqi Avropanı vahid, çevik logistik şəbəkədə birləşdirəcək. Təbii ki, strateji uzaqgörənliklə inkişaf etdirilən bu layihələr Asiyadan Avropaya yük axınını sürətləndirməklə yanaşı, Azərbaycanın qlobal ticarət yollarının konfiqurasiyasında mərkəzi yerini daha da möhkəmləndirir.
Azərbaycanın təşəbbüskarı olduğu regional inteqrasiya layihələri Cənubi Qafqazda davamlı sülhün və sabitliyin təmin olunmasına da xidmət göstərir. Regionda dayanıqlı inkişaf üçün beynəlxalq hüquq normalarına riayət və konstruktiv əməkdaşlıq əsas şərtdir. Avropa dövlətlərinin Bakını dialoq məkanı kimi seçməsi Azərbaycanın sülh təşəbbüslərindəki aktivliyindən qaynaqlanır. Bakı, sadəcə, öz təhlükəsizliyini təmin etmir, eyni zamanda qonşu regionlarda sabitliyin bərqərar olmasına da töhfə verir, beynəlxalq hüququn müdafiəçisi kimi çıxış edir.
Bakının qlobal miqyasda dialoq və əməkdaşlıq məkanına çevrilməsi, mühüm beynəlxalq tədbirlərə evsahibliyi etməsi də Azərbaycanın xarici siyasətindəki strateji uğurlardan biridir. Azərbaycan öz humanizmi, coğrafi və mədəni mövqeyi ilə dünyada tolerantlıq, multikulturalizm mərkəzinə çevrilib. Ölkəmizdə mütəmadi keçirilən forumlar müxtəlif dinlərin və mədəniyyətlərin nümayəndələrini bir araya gətirərək qlobal həmrəyliyə töhfə verir. Bakı çətin siyasi dövrlərdə dünyanın ən böyük güclərinin müzakirə apardığı neytral və etibarlı məkandır. Əlbəttə, ölkəmizin dialoq mərkəzi statusu qazanmasının arxasında bir neçə fundamental səbəb dayanır. Azərbaycanın daxili sabitliyi, heç bir hərbi-siyasi bloka daxil olmaması və bütün tərəflərlə bərabərhüquqlu münasibətləri ölkəmizi beynəlxalq tədbirlər üçün təhlükəsiz məkana çevirir.
Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycanın əldə etdiyi bütün uğurların təməlində Prezident İlham Əliyevin müasir dünya nizamını dərindən təhlil etmək zəkası və milli maraqlara söykənən siyasi kursu dayanır. Dövlət başçısının siyasi iradəsi ilə həyata keçirilən layihələr bu gün qlobal böhranlar dövründə Avropanın xilas yoluna çevrilib. Məhz Prezident İlham Əliyevin prinsipial mövqeyi nəticəsində Azərbaycan Avropa üçün etibarlı mərkəz, Asiya üçün isə dünyaya açılan strateji qapıdır. Bütün bu nailiyyətlər dövlətimizin başçısının müəllifi olduğu "güclü dövlət - müstəqil siyasət" formulunun praktiki təntənəsidir. Bu siyasi kurs ölkəmizin davamlı inkişafının və dünya nizamında artan çəkisinin ən böyük təminatıdır.
İsmayıl QOCAYEV,
"Azərbaycan"