14 May 2026 09:05
264
Mədəniyyət
A- A+
"Nə dünya məni unudacaq, nə insanlar"

"Nə dünya məni unudacaq, nə insanlar"


O, 110 il öncə - 1916-cı ilin bir yaz günü Bakıda dünyaya gəlib. Orta məktəbi bitirdikdən sonra Tibb Texnikumunda oxuyub. Təhsilini Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Fəhlə, sonra Azərbaycan Dövlət Pedaqoji İnstitutunun (hazırda Azərbaycan Dövlət Pedaqoji Universiteti) Filologiya fakültələrində davam etdirib, 1939-cu ildən isə Azərbaycan radiosunda çalışıb. 

1941-ci ildə alman faşist ordusunun Sovet İttifaqına hücumu nəticəsində başlayan müharibə onu da dinc həyatından ayırıb. Tbilisidə Topçular hərbi məktəbini bitirən Ənvər Əlibəyli leytenant rütbəsi ilə ön cəbhəyə yollanıb. Akademik Bəkir Nəbiyevin yazdığı kimi: "Ənvər Əlibəylinin müharibə illərində keçdiyi şərəfli həyat yolunu göstərmək üçün bu ifadə kifayət qədər tutumlu olmazdı. Axı o, qələmini silahla əvəz etməmiş, bir əlində qələm, bir əlində silah düşmənlə vuruşa atılmış, qələbə gününə qədər bu iki silahın heç birini yerə qoymamışdır".

Qanlı döyüşlərdə, ölümlə üz-üzə olduğu vaxtlarda imkan tapdıqca duyğularını şeirlə dilləndirib.


Mən bu şeiri topların əjdəha nəfəsindən,

Mərmilərin havanı yaran nəriltisindən,

Vətən yolunda gedən qızğın vuruşmalardan,

Ruhlanaraq yaratdım, səngərdə yatan zaman. 


1943-cü ildə o, baharın xəbərçisi sayılan qaranquşa üz tutub, onu ellərə qələbə müjdəsi aparmağa səsləyib:


Alovların, odların üstündən uçub gedək,

Qarşımızda düşməni ot kimi biçib gedək.

Qan ləkəsi olmasın ana torpağımızda,

Nisgilli ürəkləri qurtaraq tənələrdən;

Yeni saraylar quraq viranə xanələrdən,

Sən şad ol, mən sevincək, gülsün torpağımız da.


Ənvər Əlibəyli Şimali Qafqazda, Terek çayı, Azov dənizi sahillərində, Ukraynada və başqa yerlərdə gedən şiddətli döyüşlərdə iştirak edib. O, artilleriya batareyasının komandiri olub, 416-cı Taqanroq atıcı diviziyasında döyüş yolu keçib.

Xalq şairi Bəxtiyar Vahabzadə İkinci Dünya müharibəsində faşizm üzərində qələbə münasibətilə Mozdokdan Berlinə qədər gedən 416-cı Azərbaycan diviziyasının qəhrəmanlığından bəhs  edən "Dörd yüz on altı" poemasında döyüşçü-şairin də hünərindən söz açıb. Ənvər Əlibəylini əsgər kimi belə təsvir edib:


Yumşaq təbiətli bu həlim insan, 

Deyərdin, quşa da daş ata bilməz.

Ancaq... top ardına keçdiyi zaman

O yalnız əsgərdir, 

Ölər, yenilməz!..

Döyüşdə əsgərdi -

Adicə əsgər;

Döyüş qurtardımı?

Şairdir Ənvər. 


1944-cü ildə Ənvər Əlibəyli döyüşlərin birində ağır yaralanıb. Bakıya ağrı-acılı xatirələrlə dönüb. Müharibədə göstərdiyi şücaətə görə "Vətən müharibəsi" və "Qırmızı ulduz" ordenləri, "Qafqazın müdafiəsinə görə" və "Almaniya üzərində qələbəyə görə" medalları ilə təltif olunub.

Onun imzası hələ müharibədən öncə ədəbiyyatsevərlərə tanış idi. Ənvər Əlibəyli 1939-cu ildə Yazıçılar İttifaqının üzvü olmuşdu. Müharibədən qayıtdıqdan sonra o, bir müddət "Vətən uğrunda" jurnalında məsul katib, Azərbaycan KP MK-da təlimatçı işləyib. 1940-cı illərin sonlarında "İnqilab və mədəniyyət", "Təbliğatçı" jurnallarının məsul katibi olub. 1948-1952-ci illərdə isə Azərbaycan Yazıçılar İttifaqının (Azərbaycan Yazıçılar Birliyi) "Ədəbiyyat" qəzetinin redaktoru təyin edilib. Ənvər Əlibəyli 1965-ci ildən ömrünün sonunadək Dövlət Radio və Televiziya Verilişləri Komitəsinin sədri vəzifəsində çalışıb, SSRİ Ali Sovetinin deputatı (7-ci çağırış) olub.

Onun  "Qaranquş" adlı ilk şeirlər kitabı 1947-ci ildə çap edilib. Sonrakı illərdə "Sənin adınla", "İlk məhəbbət", "Dostluq körpüsü", "Mingəçevir şeirləri", "Dalğalar arasında", "Elə xoşbəxtəm ki!", "Nəğmələr", "Bir kitab şeir", "Ürəyimdəsən" və başqa kitabları işıq üzü görüb. Ənvər Əlibəylinin şeir və poemaları keçmiş SSRİ xalqlarının dillərinə tərcümə olunub. 

Ənvər Əlibəyli yurduna, vətəninə çox bağlı idi. Bunu şeirlərində də böyük səmimiyyətlə ifadə edib. Onun "Azərbaycan" adlı şeiri vətənə məhəbbəti tərənnüm edən ən gözəl əsərlərdən biridir: 


Özün kimi vüqarlıdır uca dağların,

Hüsnünə bir yaraşıqdır yaşıl bağların,

Bizimlə bir başlamışdır gözəl çağların,

Yurdum, yuvam, məskənimsən, Azərbaycanım,

Al bayraqlı vətənimsən, Azərbaycanım! 


Müharibənin odundan, alovundan keçmiş şair Yer üzünü hər zaman sülh, əmin-amanlıq içərisində görmək istəyirdi. O, "Məsəl" adlı şeirində dünyanın gələcəyinə olan ümidini, inamını belə əks etdirib:


"Süleymana qalmayan dünya

sənə də qalmayacaq"

deyən bir məsəl var,

dolaşır diyar-diyar.

Bu düzdür:

Biz gedəcəyik.

Ancaq 

dünya yenə də

insanlara qalacaq!


Ənvər Əlibəyli nəğməkar şair kimi də tanınıb. Onun şeirlərinə Səid Rüstəmov,  Cahangir Cahangirov, Tofiq Quliyev, Ağabacı Rzayeva, İbrahim Topçubaşov, Vasif Adıgözəlov və digər bəstəkarlar mahnılar yazıblar. Azərbaycan musiqi xəzinəsinin inciləri sırasında sözləri Ənvər Əlibəyliyə aid olan "Azərbaycan", "Gəlmədin", "Bakı, əziz şəhər", "İlk məhəbbət", "Lirik mahnı",  "Gəl-gəl", "Xəzərim" və başqa mahnılar var. "Bəxtiyar", "Qara daşlar", "Qızmar günəş altında" və başqa filmlərdə səslənən və məşhurlaşan bir sıra mahnıların mətnlərinin də müəllifi Ənvər Əlibəylidir.

O, 1941-1945-ci illər müharibəsi dövründən bəhs edən "Bacı", "Gözlər, ürəklər, əməllər", dəniz neftçilərinin əməyini tərənnüm edən "Dalğalar arasında", eləcə də "Polad" və "Dostluq körpüsü" poemalarının müəllifidir.

Ömür payı 52 il olub. Ənvər Əlibəyli 1968-ci il mayın 7-də dünyasını dəyişib. Qısa ömrü zəngin və mənalı keçsə də, hələ görmək istədiyi çox işlər vardı. Ölüm onları da yarımçıq qoyub. 

Bir gün dayanacaq ömür karvanı,

Mənim üçün artıq nə qış olacaq, nə bahar.

Əbədi tərk edəcəyəm insanları, dünyanı,

Onlar da məni tərk edəcəklərmi, görən?

Yox, yox, adım yaşayacaqdır.

Nə dünya məni unudacaq, nə insanlar,

Qəbrimə gül daşıyacaqlar.

O güllərdən duyacağam səni,

bahar, səni, bahar.

O, hər zaman xatırlanacağına, yaddaşlarda qalacağına inamla yazmışdı bu misraları. Ötən illər göstərdi ki, şairi haqlıdır. 


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycanın ilk ictimai bulud platforması “AZINCLOUD” istifadəyə verilib

19:36
14 May

Hantavirus COVID-19 qədər təhlükəli deyil  

19:33
14 May

Dünyada neft ehtiyatları azalır, qiymətlər isə artır

19:24
14 May

“FINCA Azerbaijan” innovativ məhsula görə mükafat alıb

19:13
14 May

Beyin hüceyrələri qorxulu xatirələrin silinməsinə necə kömək edir?

18:51
14 May

Pekində tarixi görüş

18:13
14 May

Sahibə Qafarova: Azərbaycanda qadın hüquqlarının təmin olunması dövlət siyasətinin prioritetlərindəndir  

18:11
14 May

Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da artırılması imkanları nəzərdən keçirilib  

18:11
14 May

Sabahdan WUF13 ilə bağlı çəkilmiş avtobus zolaqlarına daxil olan nəqliyyat vasitələri cərimələnəcək  

18:10
14 May

Adil Kərimli ICESCO ilə mədəni irs üzrə yeni əməkdaşlıq təşəbbüslərini açıqlayıb

18:09
14 May

Bakıda keçirilən Qlobal Cənub QHT Platformasının ilk Baş Assambleyasına yekun vurulub YENİLƏNİB 2 

18:08
14 May

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

18:07
14 May

Azərbaycan BMT-Turizmin Avropa üzrə Regional Komissiyasının 72-ci iclasında təmsil olunub

18:03
14 May

"Bakı-Xankəndi" Azərbaycan beynəlxalq velosiped yarışı başa çatıb

17:58
14 May

İsveçin “Global Bar Magazine” nəşri Bakıda keçiriləcək WUF13 haqqında məqalə dərc edib

17:57
14 May

Kiberdələduzluq məqsədilə saxta “cərimə ödənişi” saytları yayılır – ETX-dən xəbərdarlıq

17:56
14 May

Mərkəzi Bank dayanıqlı maliyyə hesabatı açıqlayıb

17:54
14 May

"EFES - 2026” təlimi davam edir

17:53
14 May

Pakistanın Baş naziri Azərbaycanın ədliyyə nazirini qəbul edib

17:52
14 May

Mayın 15-i gündüzdən 18-i axşamadək bəzi yerlərdə hava fasilələrlə yağıntılı olacaq – XƏBƏRDARLIQ

17:51
14 May

Xətai rayon prokurorluğunda “Açıq Qapı” günü təşkil olunub

17:46
14 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!