16 Oktyabr 2025 08:40
1855
Mədəniyyət
A- A+
Müstəqillik ideyalarının ifadəçisi - "Açıq söz"

Müstəqillik ideyalarının ifadəçisi - "Açıq söz"


Azərbaycan mətbuatı tarixin yoluna 1875-ci ildə "Əkinçi" qəzeti ilə qoşuldu. İlk qəzetin yaradıcısı - Həsən bəy Zərdabini qayğılandıran, müşkülə salan çox məsələlər vardı. Onların bəlkə də ən ümdəsi bunlar idi: baş redaktorun fəaliyyətə başlamasına çətinliklərlə izn aldığı mətbu orqana nə yazmaq üçün jurnalist, nə də oxucu tapacağına ümidi vardı. Soydaşlarının çoxu heç yazıb-oxumağı bacarmırdı. Həsən bəy əmin idi ki, nəşr etdiyi qəzeti "...bir-iki yüzdən artıq da oxuyan olmayacaq". Ancaq bu acı həqiqət onu ruhdan salmadı. Müdrik, uzaqgörən Həsən bəy xalqının, məmləkətinin yalnız o günlərini deyil, gələcəyini düşünərək yoluna davam etdi.

"Əkinçi"nin fəaliyyətə başlaması mübarizlik, fədakarlıq idi. Və "əkinçi"lərin məmləkəti, xalqı üçün gördükləri ən böyük işlərdən birincisi Azərbaycan mətbuatının təməlini düz və möhkəm qoymaları oldu. "Əkinçi"dən sonra saysız-hesabsız problemlərə, çətinliklərə rəğmən yaradılan qəzet və jurnallar həmin bünövrə üzərində qərar tutdular. "Ziya" ("Ziyayi-Qafqaziyyə"), "Kəşkül", "Həyat", "İrşad", "Füyuzat", "Molla Nəsrəddin", "Tərəqqi", "Dəbistan", "Tazə həyat", "Məzəli", "Səda", "Sədayi-həqq", "Rəhbər", "Məktəb", "İşıq" və digər mətbu orqanlar "Əkinçi" kimi maarifçiliyi təbliğ etdilər, milli şüuru oyandırmağa çalışdılar, cəhalətə, geriliyə, ətalətə düşmən kəsildilər. Fəaliyyətləri nəinki təqdir olunmadı, təzyiqlərlə, maneələrlə üzləşdilər, ancaq öz məqsədlərindən əl çəkmədilər, məramlarını, məsləklərini dəyişmədilər, xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynadılar. Belə mətbu orqanlardan biri də "Açıq söz" qəzeti oldu.

İlk sayı 1915-ci il oktyabrın 2-də Bakıda, "İqdam" qəzetinin mətbəəsində işıq üzü görən "Açıq söz" qəzeti Məhəmməd Əmin Rəsulzadənin baş mühərrirliyi ilə fəaliyyətə başlayıb. Tədqiqatlara əsasən, qəzetin 422 sayı Əli Muxtar Ələkbərovun "İqdam" elektrik mətbəəsində, 423-cü saydan 704-ə qədər qəzetin nəşri Hacı Zeynalabidin Tağıyevin "Kaspi" mətbəəsi əsasında formalaşdırılmış "Açıq söz" elektrik tipoqrafiyasında  çap olunub. Qəzetin sentyabr-oktyabr aylarını əhatə edən 8 sayı  isə "Novruz" mətbəəsində buraxılıb.

Bir sıra araşdırıcılar ayrı-ayrı vaxtlarda "Açıq söz" qəzetinin naşirlərinin və redaktorlarının Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Əli Rəsulzadə, Üzeyir bəy Hacıbəyli, Oruc, Qənbər və Abuzər Orucov qardaşları olduğunu qeyd ediblər. Filologiya üzrə fəlsəfə doktoru Rüxsarə Məmmədova isə "Açıq söz" qəzetinin fəaliyyət göstərdiyi 

4 il müddətində M.Ə.Rəsulzadənin redaktorluğu ilə nəşr olunduğunu, yalnız 1918-ci ilin sentyabr-oktyabr saylarının redaksiya heyəti tərəfindən buraxıldığını yazıb: "Elmi ədəbiyyatlarda qəzetin redaktorları məsələsi ilə bağlı müəyyən yanlışlıqlara yol verilmişdir. Bir sıra nəşrlərdə, o cümlədən N.Axundovun "Azərbaycanda dövri mətbuat" biblioqrafiyasında, A.Aşırlının "Azərbaycan mətbuatı tarixi", Q.Dünyaminqızının "Cümhuriyyət dövründə Azərbaycan mətbuatı", Z.Kərimovun "XX əsrin əvvəllərində Şimali Azərbaycanda ictimai-siyasi vəziyyət mətbuat səhifələrində" kitablarında qəzetin redaktorları kimi M.Ə.Rəsulzadə ilə yanaşı, M.Ə.Əbdüləzizoğlu, X.İbrahim, Orucov qardaşları və Ü.Hacıbəylinin də adları qeyd olunub. Lakin M.Ə.Rəsulzadə "Açıq söz"ün təkcə 1918-ci il sentyabr-oktyabr nömrələrində iştirak etməyib. Çünki həmin dövrdə o, Bakıda deyildi. Qəzetin haqqında bəhs olunan sayları redaksiya heyəti tərəfindən buraxılmışdır. Mətbuat tədqiqatçısı A.Rüstəmli qəzetin nəşrinin bərpasında M.B.Məhəmmədzadənin böyük rol oynadığını qeyd edir".

"Açıq söz" qəzetinin naşirlərindən bəhs edərkən isə araşdırıcı ilk olaraq Məhəmmədəli Əbdüləzizoğlunun (Rəsulzadənin) adını çəkib. Onun  bu vəzifəni 1917-ci ilin avqustunadək icra etdiyini, avqustun 1-dən 1918-ci il yanvarın 3-nə qədərki nömrələrinin Məhəmməd Əmin Rəsulzadə və Oruc, Abuzər, Qənbər Orucov qardaşlarının müştərək naşirliyi ilə buraxıldığını diqqətə çatdırıb. Bildirib ki, 1918-ci il yanvar-mart nömrələrinin naşiri M.Ə.Rəsulzadə, sentyabr-oktyabr nömrələrinin naşiri isə yenidən M.Ə.Əbdüləzizoğlu olmuşdur. 

Məhəmməd Əmin Rəsulzadə rəhbərlik etdiyi və əsas yazarlarından olduğu "Açıq söz" qəzetinin ətrafına istedadlı qələm adamlarını toplamışdı. Qəzetin yazarları sırasında Ömər Faiq Nemanzadə, Yusif Vəzir Çəmənzəminli, Mirzə Bala Məmmədzadə, Xəlil İbrahim, Hüseyn bəy Mirzəcamalov, Əhməd Həmdi Qaraağazadə, Üzeyir bəy Hacıbəyli, Sənətullah Eynullayev, Tağı Şahbazi Simurq, Abdulla Şaiq, Abbas Səhhət, Məhəmməd Hadi, Əhməd Cavad, Hüseyn Cavid və digər vətənpərvər ziyalıların adlarını çəkmək olar.

"Açıq söz" gündəlik "siyasi, ictimai və ədəbi türk qəzetəsi" idi. Tədqiqatlarda qeyd olunub ki, bu qəzet özünə qədər çıxan mətbu orqanlardan bir sıra xüsusiyyətlərinə görə əsaslı şəkildə fərqlənib. Belə ki, "Açıq söz"ə qədər  Azərbaycanda nəşr olunan heç bir mətbuat orqanında "siyasi" sözü əvvəldə işlədilməyib. 

Qəzetin "Bakı xəbərləri", "Daxili xəbərlər", "Millətlər müharibəsi", "Son teleqraflar", "Sülh ətrafında", "Dövlət Duması", "İran işləri", "Ərzaq işləri", "Türküstan xəbərləri", "Müsavatda", "Bizim mətbuat", "Şəhər Duması", "Açıq sütunlar" və başqa daimi rubrikaları olub.

Qəzetin ümumi sayına gəlincə, bu barədə də tədqiqatçıların nəticələri fərqlidir. Ayrı-ayrı mənbələrdə "Açıq söz"ün fəaliyyəti boyunca işıq üzü görmüş sayları 704, 720, 724, 725, 750 kimi qeyd olunub. Bu barədə R.Məmmədovanın qənaəti isə belədir: "1918-ci ilin mart qırğınınadək 704 nömrə çıxıb. Sentyabrda çıxan nömrələr isə 717-dən başlayır və 724-ə qədər davam edir. Burada iki versiyanın olması mümkündür. Ya qəzet 704-cü sayından 717-ciyədək gizli şəkildə nəşr olunub, sadəcə olaraq həmin nömrələr indiyədək tapılmayıb, ya da qəzetin nəşri bərpa edilərkən sonuncu nömrənin sayı dəqiq olaraq xatırlanmayıb. Ona görə də qəzetin davamı 717-cidən başlanılıb və qəzetin 724-cü nömrəsi son nömrə olub. Qəzetlə bağlı digər bir yanlış hal onun bir sıra mənbələrdə "Müsavat" partiyasının rəsmi orqanı kimi qələmə verilməsindədir. Düzdür, "Açıq söz" "Müsavat" ideyalarının ən əsas daşıyıcısı kimi tanınır. Burada M.Ə.Rəsulzadə faktoru da heç şübhəsiz, böyük rola malikdir. Lakin bununla belə qəzet heç zaman rəsmi partiya orqanı kimi fəaliyyət göstərməyib, ümummilli və müstəqil qəzet funksiyasını sonadək haqqı ilə yerinə yetirib".

Qəzetin məramı, məsləki ilk sayında M.Ə.Rəsulzadə imzası ilə verilmiş "Tutacağımız yol" adlı baş məqalədə açıqlanıb: "İştə millətimizin bir qəzetəçisi olmaq hesabilə öhdəmizə düşən rəhbərlik vəzifəsinin ifası üçün tutacağımız yolun nöqteyi-əzimətini təşkil edəcək əsas - milliyyət əsası". Məqalənin sonunda bildirilir: "Xülasə, tutacağımız yolda önümüzə çıxacaq olanlara qarşı yeganə vasitəmiz olacaq açıq söz!"

"Açıq söz" Əli bəy Hüseynzadənin irəli sürdüyü "Türkləşmək, islamlaşmaq, müasirləşmək" ideyasına xidmət edirdi.  Qəzetin birinci sayında Məhəmməd Əmin Rəsulzadə yazırdı: "Hər bir millət azadə yaşayıb da tərəqqi edə bilmək üçün 3 əsasa istinad etmək məcburiyyətindədir: 

Dil, Din və Zaman...

Dilcə - biz türküz, türklük milliyyətimizdir... Dincə - müsəlmanız. Hər bir din inananları arasında məxsusi bir mədəniyyət vücuda gətirmişdir ki, bu mədəniyyət də bir beynəlmiləliyyət səbəbi təşkil edir... Zamanca da - biz texnikanın, elm və fənnin möcüzələr yaradan bir dövründəyiz...

Demək ki, sağlam, mətin və oyanıq məfkurəli bir milliyyət vücuduna çalışmaq istərsək ki, zaman bunu iqtiza ediyor - mütləqa 3 əsasa sarılmalıyız:

Türkləşmək, islamlaşmaq və müasirləşmək".

Qəzet nəşrə başlayanda Birinci Dünya müharibəsi davam edirdi. Dünya ictimaiyyəti bəşəriyyətin gələcəyindən narahatlıq keçirir, əndişə içərisində sabahını düşünürdü. "Açıq söz"ün ilk sayında dərc olunmuş sözügedən proqram səciyyəli baş məqalədə həmin duyğular ifadə olunmuşdu. Müəllif yazırdı: "Dəhşətlərinə şahid olduğumuz böyük müharibə böyük bir həqiqəti - əsrimizin millətçilik əsri olduğunu isbat etdi.

"Dünyanın xəritəsi qəribə dəyişəcək" - deyə heyrətlə qarışıq bir cümlə imdi bir çox ağızlardan eşidilməkdədir. Dünya xəritəsinin alacağı yeni şəklə vətəndaşların fədakarlığı, dövlətlərin təşkilatı və orduların əzəməti ilə bərabər heç şübhə yoxdur ki, aşkarlı və qətiyyət göstərmiş milliyyət məfkurələrinin də böyük təsiri var və olacaqdır".

Dəhşətli müharibənin tərəflərindən biri Azərbaycanın da müstəmləkəsində olduğu sar Rusiyası idi. Dünya ölkələrinin müqəddəratlarının döyüş və siyasət meydanlarında həll olunduğu bir vaxtda həm də böyük imperiyanın daxilində gərgin ictimai-siyasi hadisələr baş verirdi. Rusiyanın böyük şəhərlərində çarizmə qarşı getdikcə artan narazılıqlar, etiraz səsləri əyalətlərdə də yüksəlirdi. Belə bir zamanda mətbuat meydanına çıxan "Açıq söz" qəzetinin səhifələrində Birinci Dünya müharibəsinin gətirdiyi bəlalar hərtərəfli və obyektiv işıqlandırılırdı. Eyni zamanda çar Rusiyasının daxilində gedən ictimai-siyasi proseslər, mövcud vəziyyət barədə müntəzəm surətdə məlumatlar, Azərbaycanın müqəddəratı, muxtariyyət məsələlərinə dair yazılar verilirdi. "Açıq söz" yalnız dövrün əsas ictimai-siyasi hadisələrini diqqətdə saxlamırdı, iqtisadi, ədəbi-mədəni məsələlər də qəzetin daimi mövzuları sırasında mühüm yer tuturdu.

Qəzetdə dövrün tələblərindən irəli gələn məsələlər daim diqqətdə saxlanılırdı. Dünyanı çənginə almış savaş, mürəkkəb və gərgin ictimai-siyasi vəziyyət sabahını düşünməyə qadir, tərəqqi etməyə səy göstərən millətləri fəal olmağa, məqsədyönlü işlər görməyə sövq edirdi. Məhəmməd Əmin Rəsulzadə "Açıq söz"də yazırdı: "Özləri lüzumunca bilib, istiqbal üçün müəyyən bir ideal (məfkurə) bəsləyən millət, şübhəsiz ki, böyük bir qüvvət təşkil edir... Bu surətdə ayrı-ayrı millətlər, bir millət olaraq yaşaya bilmək üçün, hər şeydən əvvəl, özlərin bilməli, müəyyən fikir və əməllər ətrafında birləşərək, böyük bir məfkurəyə, qayeyi-xəyalə hədəf olacaq yıldıza sahib olmalıdırlar. Çünki müttəhid bir ruh və müştərək bir qayəyə malik olmayan millətlərlə yeni əsaslar üzərində qurulacaq həyat hesablaşmayacaq və böylə silahdan məhrum olan heyətlər kimsəyə söz eşitdirəməyəcəkdir".

1917-ci il fevral burjua inqilabından sonra ictimai-siyasi, ədəbi-mədəni mühitdə, mətbuatda canlanma müşahidə olunmağa başladı. "Açıq söz" də bu canlanmadan geri qalmadı.

Tədqiqatçılar bildiriblər ki, "Açıq söz" Şimali Azərbaycanın bütün bölgələrində, eləcə də Cənubi Azərbaycan, İrəvan, Orta Asiya, Volqaboyu, Dərbənd, Borçalı, Türkiyə və digər yerlərdə yayılıb. 

Fəaliyyətinin ilk illərindən ciddi senzura nəzarəti altında olan, təqiblərə məruz qalan, maneələr törədilən "Açıq söz"ün bir sıra sütunları ağ buraxılırdı.

Sovet hakimiyyəti Azərbaycan xalqının milli kimliyini, milli mənlik şüurunu əks etdirmiş, müstəqillik ideyalarının ifadəçisi olmuş bir sıra qəzet və jurnallar kimi, "Açıq söz"ün də geniş tədqiqata cəlb olunmasına, ətraflı araşdırılmasına imkan vermədi. Bu mətbu orqan barədə də səthi məlumat verməklə kifayətlənilir, ya da ondan mürtəce istiqamətli, burjua millətçi ideyalarını təbliğ edən qəzet kimi bəhs olunurdi. 

Professor Şirməmməd Hüseynov isə "Milli haqq və ədalət axtarışında" kitabında haqlı olaraq bildirirdi: "Uzun illər dəmir seyflərdə gözdən və tədqiqatdan uzaq saxlanılan, yalnız xüsusi icazə ilə tanış olmaq imkanı verilən "Açıq söz"ün hər bir nömrəsi tariximizin kollektiv yaddaşı, canlı, düşünülmüş və həyat həqiqətlərini doğru və dolğun əks etdirən salnamədir".

XX əsrin sonlarında Azərbaycan xalqı dövlət müstəqilliyinin bərpasına nail oldu. Azərbaycan mətbuatının tarixində, inkişafında mühüm yer tutan, milli kimliyin, azadlıq ideyalarının carçısı olduqları üçün sovet rejiminin doğru, dürüst araşdırılmasının yasaq edildiyi digər qəzet və jurnallar kimi, "Açıq söz"ün də  uzun illər sonra Azərbaycan xalqına yenidən tanıdılması zamanı gəldi... 


Zöhrə  FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!