05 Oktyabr 2025 08:50
11030
Təhsil
A- A+
Müəllimlik ömürlük məsuliyyətdir

Müəllimlik ömürlük məsuliyyətdir


Bu, 7 övlad böyüdən ailənin həyat devizidir


Yolumuz Zərdabın Sarıqaya kəndinədir. Orada sadə, zəhmətkeş bir ailə yaşayır. Ailə başçısı idman müəllimi Amil Mustafayev təkcə dərs dediyi məktəbdə yox, yaşadığı kənddə, bütövlükdə Zərdabda sayılıb-seçilən, insanlara zəhmətin, ailə və mənəvi dəyərlərin gücünü göstərən nümunəvi bir insan olaraq tanınır. 

7 övlad atası olan Amil müəllim torpağa bağlılığı, kənd adamının zəhmətə söykənən həyat fəlsəfəsi ilə də seçilir. Onun həyat yoldaşı Sevda xanım isə Zərdab rayon Uşaq İncəsənət Məktəbində gənc nəslə milli musiqimizin incəliklərini, muğamlarımızın sirlərini öyrədir, qəlblərinə köçürür. Bu ailə nümunəsi həm müəllimlik, həm də valideynlik məfkurəsinin canlı təcəssümüdür. 

Sarıqaya kəndində Amil müəllimin evini tapmaqda çətinlik çəkmirik. Küçədə əl-ələ tutub "Bənövşə" oyununu oynayan bir dəstə uşağın yanında avtomobilimizi saxlayıb Amil müəllimin yaşadığı ünvanı soruşuruq. Uşaqlar maşına tərəf qaçırlar. "Əmi, Amil müəllim bizim atamızdır, çağıraq?", - deyə uşaqlardan  biri, "ata, ata" deyərək həyət tərəfə qaçır. Gözaltı uşaqlara  diqqət yetiririk. Yox, burada uşaq 7-dən çoxdur.

Çox keçmir ki, küçə qapısından gülərüz, bəstəboy bir nəfər görünür. Cəld hərəkətlə bizə yaxınlaşan adam "Amil müəllim mənəm", - deyib mehribanlıqla salam verir və söhbətə zarafatla körpü salır. "Bu gördüklərinizin  hamısı mənim uşaqlarım deyil. Cəmi 7-si mənimkidir" - deyib övladlarını səsləyir: "Yusif, Sevgi, Fərəh, Zəhra, Həyat, Dəniz, Fateh, keçin həyətə, qonağımız gəlib".

Amil müəllim Ağdaş Dövlət Humanitar Kollecini bitirib. 20 ildir ki, Sarıqaya kənd orta məktəbində fiziki tərbiyə müəllimi işləyir. Elə söhbətə də bu yöndən cığır açırıq: "İndi müəllimlərin çoxu repititorluq edir, uşaq hazırlayır. Çoxuşaqlı ailə üçün fiziki tərbiyə müəlliminin maaşı ailənin təminatı üçün..." Amil müəllim nə demək istədiyimizi anlayır: "Valideynlərim də çoxuşaqlı olub. 13 bacı-qardaşdan 11-miz həyatdayıq. Kənddə yaşayan tək mənəm. Bacı-qardaşlarım xarici ölkələrdə yaşayırlar. Mənim də Avropaya getmək imkanım olub. Bu torpağı, Vətəni qoyub gedə bilmədim. Torpağa bağlı adamam, daha doğrusu, torpaqla nəfəs alıram. Taxıl əkirəm, mal-qara saxlayıram. Yaxşı təssərrüfatım var. Bildiyim odur ki, zəhmət çəkən ac qalmır. Mən şagirdlərimə kimi isə nümunə göstərmirəm desəm, doğru olmaz. Mən özüm zəhmətlə yüksək səviyyədə dolanmağın canlı nümunəsiyəm. Hər qış tövləmdə 45-50 baş bordağa bağlanmış heyvanım olur. Biz bu torpağın övladıyıq, bu torpağın adət-ənənəsini yaşatmaq da borcumuzdur. Hər işi planlı şəkildə görməyi xoşlayıram".

Amil müəllim söhbətə ara verib gülür və sonra davam edir: "Elə çoxuşaqlı ailə olmamız da yoldaşımla ikimizin planıdır. Bunun özəlliyi var. Anam bu gün özünü dünyanın ən xoşbəxt insanı hesab edir. 

11 övladı var. Elə biz də eləyik, hara gedirik, maraqla, hörmətlə qarşılanırıq". Söhbətə Amil müəllimin ömür-gün yoldaşı Sevda xanım qoşulur: "Mən də müəlliməm. Asəf Zeynallı adına Musiqi Kollecində Əlibaba Məmmədovun sinfində oxumuşam. Zərdab Uşaq Musiqi və İncəsənət Məktəbində muğam dərsi keçirəm. Səmimiyyətimə inanın, özümüzü Azərbaycanın ən zəngin ailələrindən sayırıq. Mənim üçün zənginlik pul, var-dövlət, dəbdəbəli ev-eşik deyil. Allahın verdiyinə min şükür, zəhmətimizin hesabına heç kimdən geri qalmırıq. Əsas mənəvi sərvətdir. Övladımızın heç birinin ağladığını, yaxud kiminləsə dava-dalaş etdiyini heç kim görməyib. Bilirsiniz niyə? Beşiklərinin başında həmişə muğam oxumuşam, minillərdən bizə yadigar qalan laylalar demişəm, evimizdən həmişə musiqi səsi gəlib. Boş vaxtlarımda dəfi götürüb bir rəng, bir muğam və ya təsnif oxuyuram, ovqat tamam dəyişir. Uşaqlarıma deyirəm ki, siz hər biriniz fərdsiniz. Onu da deyim ki, uşaqların hər birinin fitri istedadı var. Onlardan biri 4-cü sinifdə oxumalıdır, amma proqramı tam mənimsədiyi üçün 5-ci sinfə gedir, bacısı ilə bir sinifdə oxuyur. Dərsdən sonra günün ikinci yarısı onları musiqi dərslərinə aparıram. Sevgi və Fərəh çox mükəmməl şəkildə fortepianoda, Yusif kamançada ifa edirlər. Zəhra isə xanəndə olmaq arzusundadır. Sarıqaya kənd orta məktəbində 108 uşaq oxuyur. Onların içində 6 nəfər ən fəal, dərslərini ən yaxşı oxuyan şagirdlər bizim övladlarımızdır". 

Söhbətin bu yerində Sevda xanım balaca Yusiflə Zəhraya işarə edir. Çox keçmir ki, Yusif kamanla, Zəhra isə dəflə yerlərini rahatlayırlar. Sevda xanım deyir ki, Zəhranın səsi çox gözəldir: "Amma hələ qorumaq lazımdır ki, səs telləri zədələnməsin. Amma bu gün sizin gəlişiniz münasibətilə bir "Qarabağ şikəstəsi" xahiş etsək, məncə, qızım bizə "yox" deməz". 

Bəh, bəh... Sevda xanımın dirijorluğu ilə konsert başlayır. Yusifin barmaqları pərdələr üstə gəzişdikcə kaman dil açır. Balaca xanəndənin şirin boğazı, heyrətamiz zənguləsi qəlbimizi riqqətə gətirir. Bu bənzərsiz musiqili mənzərəni seyr edən Amil müəllimin əli Tanrıya tərəf qalxır. "Şükür bu günümüzə", - deyib söhbətə davam edir: "Ailə bizim xalqın mental dəyəridir. Bu gün ailə institutunu qorumaq həm də milli-mənəvi dəyərlərimizi qorumaq deməkdir. Bəzi ailələr çoxuşaqlı ailədən söhbət salanda maddi çətinliyi önə çəkirlər. Mən məsələyə fərqli yanaşıram. Əsas məsələ maddiyyatda deyil, tərbiyədədir. Gərək uşağın psixologiyasını bilib hər biri ilə fərdi məşğul olasan. Bu gün ailələrin bir çoxunda bir və ya iki uşaq olur. Təəssüf ki, bəzi ailələr o bir uşağa da düzgün tərbiyə verə bilmirlər. Uşağa nəyi etmək olar-olmazı izah etmək əvəzinə onu döyür, üstünə qışqırır, hansı yollasa qorxudurlar. Yaxud aşırı şəkildə uşağın bütün arzularını yerinə yetirirlər. Belə ailələrin sonradan peşmançılıq çəkdiklərini, cəmiyyət, Vətən üçün yararsız bir "məhsul" yetişdirdiklərinin az şahidi olmamışıq. Şükür ki, bizdə belə problem yoxdur. Bəlkə də mənim də burada bəxtim gətirib. Uşaqların anasının da əsəbləri qaydasındadır, əsl pedaqoqdur. Övladlarımızı şiddətlə yox, sözlə tərbiyə edir. Səhvləri olanda da onlarla oturub saatlarla söhbət edir, onlara qayğı ilə yanaşır". 

Amil müəllim deyir ki, hərənin dünyaya öz baxışı var: "Kimi dünyanın gözəlliyini var-dövlətdə görür, kimi də ailə, cəmiyyət, Vətən üçün nümunəvi övlad yetişdirməkdə. Bizim ən böyük sərvətimiz övladlarımızdır. Onları arzuladığımız kimi böyütmək həm vəzifəmiz, həm də ən böyük istəyimizdir".

Amil Mustafayevin ömrü kəndin torpağı, havası, suyu ilə yoğrulub. Sarıqaya kənd orta məktəbinin sinif otaqlarında o, neçə-neçə uşağa yalnız fiziki tərbiyədən yox, həm də mənəvi dəyərlərimizdən dərs keçib. Bu 20 ildə biliyi, bacarığı və təcrübəsi ilə o, neçə gəncin gələcək yolunu işıqlandırıb. Sakit, təmkinli, amma bir o qədər də tələbkar üslubu ilə şagirdlərinə nümunə olub. Bir də yeddi övlad böyütmək hər kişinin hünəri deyil. Bu baxımdan Amil müəllim məktəbdə şagirdlərə, evdə övladlarına sevgi və əmək tərbiyəsi aşılayıb. Onun həyat devizi sadədir: "Müəllimlik ömürlük məsuliyyətdir".

Müəllimlik - cəmiyyətin işığını yandıran, insan talelərinə yön verən, gələcək nəsillərin əxlaq və bilik dünyasını formalaşdıran müqəddəs peşədir. Amil müəllimin həyat yolu isə göstərir ki, müəllimlik yalnız bir peşə deyil, həm də mənəvi borc, həyat fəlsəfəsi və xalqa xidmət missiyasıdır.


Elşən QƏNİYEV,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakıda TDT-yə üzv ölkələrin əmək, məşğulluq və sosial müdafiə nazirlərinin birinci iclası keçirilir  

12:12
05 Dekabr

Türkiyədə mərc oyunlarına görə çoxlu sayda futbolçu və bir neçə klub rəhbəri saxlanılıb  

12:11
05 Dekabr

On bir ayda 87,3 mindən çox uşağın anadan olmasına görə proaktiv qaydada birdəfəlik müavinət ödənilib  

12:10
05 Dekabr

Heydər Əliyev Beynəlxalq Aeroportunda genişmiqyaslı təlim keçirilib  

12:08
05 Dekabr

Əziz Ələkbərov: Sülhün ilk addımı kimi Qərbi Azərbaycandakı mədəni irsin bərpasının gündəmə gətirilməsi vacibdir  

12:06
05 Dekabr

Cinayət törətməkdə şübhəli bilinən 28 nəfər saxlanılıb

12:04
05 Dekabr

Türkiyənin 33 vilayətində terrorizmdə şübhəli bilinən 230-dan çox şəxs saxlanılıb  

12:03
05 Dekabr

“ASAN xidmət”ə növbəti beynəlxalq etimad

11:53
05 Dekabr

Əhməd İsmayılov: Azərbaycan və Gürcüstan mediası arasında tarixən sıx bağlılıq olub  

11:42
05 Dekabr

Fövqəladə Hallar Nazirliyi yanğın təhlükəsizliyi ilə əlaqədar əhaliyə müraciət edib  

11:41
05 Dekabr

Beynəlxalq konfransda azərbaycanlıların qayıdış hüququnun hüquqi və mənəvi əsasları təhlil edilib  

11:40
05 Dekabr

Azərbaycan nefti cüzi ucuzlaşıb

11:39
05 Dekabr

Bakıda Azərbaycan-Gürcüstan Media Forumu keçirilir

11:07
05 Dekabr

Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterlidir - FAKTİKİ HAVA

11:01
05 Dekabr

Dünya bazarında qızıl 14 dollar bahalaşıb

10:47
05 Dekabr

AFFA prezidenti DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək  

10:23
05 Dekabr

Gəncədə ahıllar tibbi müayinədən keçirilmişlər  

10:12
05 Dekabr

ADAU-da görkəmli alim Validə Tutayuqun 110 illiyi qeyd edilib  

10:11
05 Dekabr

Masallıda növbəti ağacəkmə aksiyası keçirilib

10:10
05 Dekabr

“Yusif Məmmədəliyev: Elm. İrs. İnnovasiyalar” adlı beynəlxalq konfrans işə başlayıb

10:05
05 Dekabr

Son dövrlərdə Ermənistanda siyasi repressiyalar daha da kəskinləşib 

10:03
05 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!