Fransada vətəndaşların fundamental etiraz hüququ güc vasitəsilə boğulur
Özünü dünyaya “demokratiya və insan hüquqlarının beşiyi” kimi təqdim etməyə çalışan Fransa öz vətəndaşlarının ən fundamental etiraz hüququnu belə zorakılıq və güc vasitəsilə boğmağa çalışır. Bu gün ölkə öz tarixinin ən dərin siyasi, sosial və iqtisadi böhranlarından birini yaşayır. Prezident Emmanuel Makronun və onun hökumətinin yürütdüyü yarıtmaz daxili və xarici siyasət ölkəni daxildən sarsıdır. Dövlət idarəçiliyindəki acizliyi artıq pərdələmək, gizlətmək mümkün deyil. Bir zamanlar qlobal siyasətə istiqamət verdiyini iddia edən Yelisey sarayı indi öz küçələrindəki xaosun və idarəetmə böhranının əlində aciz qalıb.
Sosial böhran və polis zorakılığı
Fransanı bürüyən kütləvi narazılıq dalğası Makron hökumətinin sosial-iqtisadi idarəçiliyinin tamamilə iflasa uğradığını aydın göstərir. Ölkədə təhsil sistemindəki illərdir yığılıb qalan dərin problemlər, xüsusilə də bölgələrdə kəskin müəllim çatışmazlığı ilə başlayan narazılıqlar qısa zamanda ümummilli sosial partlayışa çevrilib.
O cümlədən Fransada dərinləşən iqtisadi tənəzzül kütləvi etirazlara yol açıb. Yanacağın, ərzağın və enerjinin kəskin bahalaşması, dövlət xidmətlərinin keyfiyyətinin kəskin aşağı düşməsi, eləcə də əhalinin alıcılıq qabiliyyətinin sürətlə zəifləməsi yüz minlərlə insanı küçələrə töküb. Tələbələrin başlatdığı aksiyaların daha geniş sosial təbəqələrlə birləşməsi nəticəsində oktyabrın 17-də keçirilən ümummilli aksiyalarda rəsmi məlumatlara görə 550 min, təşkilatçıların hesablamalarına görə isə 800 mindən çox insan iştirak edib.
Bütün bu etiraz dalğası polis zorakılığı ilə müşahidə olunur. Özünü dünyaya “insan hüquqlarının keşikçisi” kimi sırımağa çalışan Fransa vətəndaşlarının fundamental etiraz hüququnu belə pozur. Daxili işlər naziri Loran Nunyesin açıqladığına görə, ölkə üzrə 2 mindən çox şəxs saxlanılıb. Polisin dinc nümayişçilərə qarşı zorakılıq tətbiq etməsi ölkənin bir sıra şəhərlərini toqquşma meydanına çevirib.
Oktyabrın 18-də gecə saatlarında Fransanın paytaxtında Respublika meydanı və Halles məhəlləsi ətrafında da nümayişçilərlə hüquq-mühafizə qüvvələri arasında bir neçə saat davam edən toqquşmalar baş verib. Hadisələrdən narazı qalan şəhər sakinləri vəziyyətin fəlakətli olduğunu bildirir, gənc etirazçılar isə tələblərinə cavab verilmədiyini deyirlər.
Yüzlərlə şəxsin iştirak etdiyi qarşıdurmalarda gözyaşardıcı qazdan və səs qumbaralarından istifadə olunub, mağazaların talan edilməsi halları qeydə alınıb. Şəhər iğtişaşlarına qarşı mübarizə üzrə ixtisaslaşmış CRS 8 bölməsi də hadisə yerinə cəlb edilib.
Daxili siyasətdəki bu dərin böhran Makron hakimiyyətini tamamilə çıxılmaz vəziyyətə salıb. 2027-ci il prezident seçkiləri ərəfəsində xalqın etimadını kütləvi şəkildə itirən hökumət öz siyasətinin məsuliyyətini etiraf etmək əvəzinə, məsələni “radikal qrupların zorakılığı” kimi qələmə verməyə və diqqəti başqa yönə çəkməyə çalışır. Makronun televiziya vasitəsilə xalqa müraciət edərkən səsləndirdiyi fikirlər də faktiki olaraq daxili idarəetmədəki acizliyin, dövlət idarəçiliyi sükanının əldən çıxmasının etirafıdır.
Müstəmləkəçi təfəkkür və neokolonializm
Daxili idarəetmədə tamamilə iflasa uğrayan Makron rejiminin əsl üzü onun müstəmləkəçi xarakterində də aydın görünür. Öz vətəndaşının sosial tələblərini dəyənəklə cavablandıran Paris, XXI əsrdə hələ də dənizaşırı ərazilərdə kolonial siyasət yürüdür, Yeni Kaledoniyada kanakların azadlıq və hüquq tələblərini qanla boğur. Tarixi 1,5 milyon əlcəzairlinin qanı və soyqırımları ilə ləkələnmiş bir neokolonial dövlətin bu gün dünyaya insan haqları dərsi keçməyə çalışması isə siyasi riyakarlığın bariz göstəricisidir.
Fransa rəhbərliyi məhz daxildəki bu iflasını, sosial böhranı və neokolonial siyasətinin biabırçılığını pərdələmək üçün xarici siyasətdə də qərəzli və riyakar xətt izləyir. Ləğv edilmiş Minsk qrupunun həmsədrlərindən biri kimi Qarabağ münaqişəsini Ermənistanın xeyrinə dondurmağa çalışan Paris, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsini hələ də həzm edə bilmir.
44 günlük Vətən müharibəsindən sonra bölgədə sülhün bərqərar olmasına mane olmağa çalışan Makron hökuməti Ermənistanı açıq şəkildə silahlandıraraq revanşizmə həvəsləndirirdi. Fransanın Avropa Parlamentinə və digər beynəlxalq təsisatlara təzyiq göstərərək Azərbaycana qarşı qərəzli qətnamələr qəbul etdirməsi də inkaredilməz faktdır.
Bu ilin 4 fevral tarixində Fransa Milli Assambleyasının separatçı rejimin nümayəndələrinin “dərhal və qeyd-şərtsiz azad olunması” ilə bağlı qəbul etdiyi qətnamə Parisin Cənubi Qafqazda sülh siyasətinə tamamilə qarşı olduğunu bir daha nümayiş etdirdi. Qətnamənin yekdilliklə qəbul edilməsi bu anti-Azərbaycan mövqeyinin təsadüfi deyil, sistemli və siyasi sifariş xarakteri daşıdığını göstərdi.
Cari ilin oktyabrında Fransanın Avropa və xarici işlər naziri Jan-Noel Baronun İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (İƏİT) “Etimadın qurulması və demokratiyanın möhkəmləndirilməsi üzrə Qlobal Forum”dakı çıxışında Azərbaycanı əsassız şəkildə Yeni Kaledoniyadakı proseslərə “müdaxilə”də ittiham etməsi də bu qərəzin davamıdır. Fransanın dənizaşırı ərazilərdəki yerli əhalinin azadlıq iradəsini və narahatlıqlarını xarici müdaxilə ilə əlaqələndirməsi Yelisey sarayının öz uğursuzluqlarını kölgələmək cəhdidir.
O da danılmaz gerçəklikdir ki, 1 milyona yaxın azərbaycanlının qaçqın və məcburi köçkün düşməsinə, etnik təmizləməyə məruz qalmasına göz yuman Fransa, 2023-cü ildə Qarabağı könüllü tərk etmiş ermənilər üzərindən bu gün də ölkəmizə qarşı iftira kampaniyası aparır. Emmanuel Makronun Azərbaycana qarşı şəxsi kini o həddədir ki, dünyanın “mədəniyyət mərkəzi” kimi tanıdığı Fransada 2024-cü ildə Xurşidbanu Natəvanın heykəlinə qarşı törədilən vandalizm aktına belə göz yumuldu. Bu fakt Fransanın artıq bir mədəniyyət ocağı deyil, siyasi qərəz və vandalizm yuvası olduğunu bütün dünyaya göstərdi.
Məktəb, səhiyyə, inflyasiya, qiymət artımı, kütləvi işsizlik və sosial ədalətsizlik kimi problemləri, küçələrinin toqquşma meydanına çevrilməsi Fransada Makron hökumətinin bütün idarəetməni itirdiyini göstərir.
Dünyaya demokratiyadan, insan hüquqlarından dərs keçməyə çalışan Fransanın vətəndaşlarına qarşı amansız zorakılıq tətbiq etməsi, daxili sosial böhranı idarə edə bilməməsi onun necə dərin tənəzzüldə olduğunu sübut edir. Bu gün ölkəsini idarə edə bilməyən, xalqının səsini dəyənəklə susduran Makron Fransası artıq başqalarına yol göstərən dövlət deyil, öz daxili xaosunda boğulan və böhranın dibinə yuvarlanan bir sistemin bariz nümunəsidir.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”