Azərbaycan və ABŞ arasında iqtisadi əməkdaşlıq nəqliyyat-tranzit əlaqələrindən enerji təhlükəsizliyi, kritik minerallar, investisiyalar və süni intellekt sahələrinə qədər geniş istiqamətləri əhatə edir.
AZƏRTAC xəbər verir ki, bu fikirləri iqtisadiyyat naziri Mikayıl Cabbarov jurnalistlərin suallarını cavablandırarkən 1-ci Azərbaycan-ABŞ iqtisadi dialoquna həsr olunmuş mətbuat konfransında səsləndirib.
Nazir bildirib ki, iqtisadi dialoqun əsas istiqamətlərindən biri ticarət və tranzit məsələləridir.
“Buraya ticarət və tranzit daxildir. Düşünürəm ki, Orta Dəhliz mövzusu bu kontekstdə, təbii olaraq, mühüm yer tutur. Bu əməkdaşlıq yalnız ənənəvi nəqliyyat infrastrukturu ilə məhdudlaşmır, daha geniş məzmun daşıyır. Buraya enerji, aralıq nəqliyyat infrastrukturu, azad iqtisadi zonaların istifadəsi və üçüncü tərəflərin iştirak etdiyi əməkdaşlıq da daxildir”, – deyə M.Cabbarov vurğulayıb.
Onun sözlərinə görə, enerji təhlükəsizliyi Azərbaycan-ABŞ əməkdaşlığının ənənəvi istiqamətlərindən biri olaraq qalır.
“Bu sahədə fəaliyyət göstərən aparıcı ABŞ korporasiyaları mövcuddur. Həyata keçirilən bir çox layihələr ABŞ kapital bazarlarına çıxışdan və ABŞ-nin “Eksim” Bankı kimi qurumların dəstəyindən faydalanıb”, – deyə nazir bildirib.
M.Cabbarov qeyd edib ki, kritik minerallar iki ölkə arasında əməkdaşlığın yeni istiqamətidir.
“Kritik minerallar ikitərəfli əməkdaşlığımıza yeni əlavə olunmuş sahədir və burada çox güclü potensial görürük. Bu potensial yalnız Azərbaycanda hazırda hasil olunan minerallarla məhdudlaşmır. Buraya yeni yataqların birgə araşdırılması, kəşfiyyat işləri, emal müəssisələrinin yaradılması və təcrübə mübadiləsi də daxildir”, – deyə o vurğulayıb.
Nazirin sözlərinə görə, Azərbaycan artıq yalnız investisiya qəbul edən deyil, həm də kapital ixrac edən ölkəyə çevrilir.
“Azərbaycan artıq xalis kapital ixracatçısına çevrilməkdədir. Portfel investisiyalarımızın əhəmiyyətli hissəsi ABŞ kapital və səhm bazarlarında cəmləşib. Dünən “Bakı Enerji Həftəsi” çərçivəsində imzalanmış sənədlər arasında Azərbaycan şirkətlərinin ABŞ bazarlarına birbaşa investisiyalarını nəzərdə tutan layihələr də var”, – deyə M.Cabbarov bildirib.
Nazir əlavə edib ki, süni intellekt və rəqəmsal infrastruktur da əməkdaşlığın prioritet istiqamətləri sırasındadır.
“Biz hesab edirik ki, süni intellekt iqtisadi inkişafın bütün sahələrinə, eləcə də sosial həyata təsir göstərən bir istiqamətdir. Bu sahədə ABŞ şirkətlərinin bilik və texnologiyalarının lider olduğu sirr deyil”, – deyə iqtisadiyyat naziri qeyd edib.