Hər bir investor sərmayə yatırmazdan əvvəl vəziyyəti incəliyinə kimi araşdırır, necə deyərlər, yüz ölçüb bir biçir.
Məlumdur ki, sərmayə qoyuluşunda banklar önəmli rol oynayır. Banklar kredit ayırmazdan əvvəl bütün riskləri nəzərə alır, sərmayənin gəlir gətirməsinə əmin olmaq istəyir. Təqdirəlayiq haldır ki, indiyədək heç bir bank və ya maliyyə korporasiyası Azərbaycanda problemlə qarşılaşmayıb. Çünki ölkəmizdə istər yerli, istərsə də xarici investorların hüquqları qanunla qorunur. Bu, dövlət səviyyəsində verilən ən yüksək zəmanətdir.
Hazırda Azərbaycanın dünyada etibarlı tərəfdaş kimi reytinqi çox yüksəkdir. Bakıda iki dəfə Azərbaycan İnvestisiya Forumunun keçirilməsi də bu etimadın göstəricisidir. Dövlət başçısının dediyi kimi, trilyonlarla dollara sahib maliyyə qurumlarının Azərbaycana investisiya qoyuluşu ilə bağlı imzaladığı sənədlər ölkəmizə sərmayədarların göstərdiyi önəmin nümunəsidir.
Sirr deyil ki, dünyada baş verən müharibələr, gərgin geosiyasi münasibətlər qlobal səviyyədə sərmayə qoyuluşunun xeyli azalmasına səbəb olub. Bütün bunlara baxmayaraq, indi də xarici sərmayədar iqtisadiyyatımızın müxtəlif sahələrinə investisiyalar qoymaqda davam edir. Məsələn, Asiya İnkişaf Bankı (ADB) Biləcəri və Yalama arasındakı 192 kilometrlik ikixətli dəmir yolunda müasir elektrikləşdirmə, siqnallaşdırma və telekommunikasiya sistemlərinin quraşdırılması üçün 350 milyon dollar məbləğində kredit ayırıb. Bildiyimiz kimi, Biləcəri-Yalama dəmir yolu xətti Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq (CAREC) şəbəkəsinin əsas bağlantılarından biridir. O da aydındır ki, Azərbaycan multimodal nəqliyyat, logistika və regional ticarət əlaqələrinin gücləndirilməsinə xüsusi önəm verir. Beləliklə, yeni investisiya paketi ölkəmizin əhəmiyyətli dövlət müəssisələrindən biri olan "Azərbaycan Dəmir Yolları"na (ADY) infrastrukturunun müasir dünya standartlarına uyğunlaşdırmağa imkan yaradacaq.
"Azərbaycanda dəmir yolu infrastrukturunun modernləşdirilməsi ölkənin dəmir yolu üzrə nəqliyyat şəbəkəsinin daha rəqabətqabiliyyətli, enerji səmərəliliyi yüksək və ekoloji cəhətdən dayanıqlı olmasını təmin edəcək. Layihə dəmir yolu əməliyyatlarının daha təhlükəsiz şəkildə həyata keçirilməsinə, nəqliyyat xərclərinin azalmasına və regional bağlantıların güclənməsinə şərait yaradacaq", - deyə ADB-nin Azərbaycan üzrə direktoru Sunniya Durrani-Jamal bildirib.
Şimal istiqamətində işlər tamamlandıqdan sonra dəmir yolunda elektrik təchizatında sabit cərəyandan daha səmərəli olan dəyişən cərəyana keçməsinə imkan yaranacaq. Yeni layihənin icrası enerji istehlakının azalmasını, texniki xidmət üzrə xərclərin aşağı düşməsini, qatarların sürətinin artmasını və istixana qazı emissiyalarının minimum səviyyəyə düşməsini təmin edəcək. Bu layihə həmçinin ADY-də texniki, nəzarət və idarəetmə sahələri üzrə qadınların işə cəlb edilməsi üçün yeni imkanlar yaradacaq.
Onu da vurğulayaq ki, ADB bundan əvvəl Dəmir Yolu Sektorunun İnkişafı Proqramı (DYSİP) vasitəsilə ADY-ə dəstək göstərib. Bank bu proqram çərçivəsində Sumqayıt-Yalama dəmir yolu xəttinin 166 kilometrlik hissəsinin modernləşdirilməsi və bərpası üçün maliyyə vəsaiti ayırıb. Bununla yanaşı, DYSİP həmçinin sektor üzrə islahatların həyata keçirilməsinə, korporativ idarəetmənin və maliyyə idarəçiliyinin gücləndirilməsinə, eləcə də əməliyyatlar üzrə fəaliyyətlərdə səmərəliliyin artırılmasına kömək edib.
Rüstəm KAMAL,
"Azərbaycan"