Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri iki qardaş ölkə arasında strateji tərəfdaşlığın, Xəzər regionunda təhlükəsizliyin möhkəmlənməsi və regional nəqliyyat-enerji layihələrinin inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edir. Müstəqilliklərini bərpa etdikdən sonra Azərbaycan və Türkmənistan arasında münasibətlər yeni mərhələyə qədəm qoyub. İki dövlət arasında diplomatik əlaqələr 1992-ci ilin iyununda qurulub. Bu gün isə Azərbaycan-Türkmənistan münasibətləri strateji məzmun daşıyır.
Milli Məclisin deputatı Müşfiq CƏFƏROV qəzetimizə açıqlamasında deyib ki, 2017-ci il avqustun 8-də Bakıda Azərbaycanla Türkmənistan arasında strateji tərəfdaşlıq haqqında Bəyannamə imzalanıb. Bu sənəddə iki dövlətin gələcək birgə fəaliyyətinin, demək olar ki, bütün istiqamətləri müəyyən edilib. "Belə ki, bəyannamədə siyasi, iqtisadi, humanitar, mədəniyyət, nəqliyyat, energetika, təhlükəsizlik məsələləri öz əksini tapıb. O cümlədən sənəddə hər iki tərəfin ərazi bütövlüyünə, suverenliyinə, sərhədlərin toxunulmazlığına qətiyyətli dəstək nümayiş etdirməsi yer alıb. Hər iki dövlət enerji təhlükəsizliyinin və nəqliyyat dəhlizlərinin regional və qlobal əməkdaşlıqdakı rolunu düzgün qiymətləndirərək, sözügedən sahələrə sərmayələr yatırırlar. Türkmənistan özünün karbohidrogen ehtiyatlarını həm də Azərbaycanın enerji dəhlizləri vasitəsilə ixrac edir. 2021-ci ilin yanvar ayında Azərbaycanla Türkmənistan arasında Xəzər dənizində "Dostluq" yatağının karbohidrogen resurslarının birgə kəşfiyyatı, işlənilməsi və mənimsənilməsi haqqında" Anlaşma Memorandumunun imzalanması isə iki dövlət arasında enerji sahəsində əməkdaşlığı daha da gücləndirib", - deyə o əlavə edib.
Deputat qeyd edib ki, Azərbaycanla Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlığa, dostluğa və ortaq dəyərlərə söykənərək, sürətlə inkişaf edir, daha da möhkəmlənir. Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər əlaqələrin daha da inkişafını şərtləndirir. Əməkdaşlıq həm də qlobal aktuallıq kəsb edən məsələləri əhatə edərək, hər iki dövlətin milli maraq və mənafelərinin qorunmasına yönəlib.
M.Cəfərov vurğulayıb ki, Prezident İlham Əliyevin Türkmənistana işgüzar səfəri ölkəmizin xarici siyasətində Mərkəzi Asiya regionu ilə strateji inteqrasiyanın yeni və daha dinamik mərhələyə qədəm qoyduğunu nümayiş etdirir: "Səfər çərçivəsində dövlət başçısı Türkmənistanda keçirilən Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib və region üçün strateji əhəmiyyət kəsb edən mühüm sənədlərə imza atıb. Ümumiyyətlə, Azərbaycan Mərkəzi Asiya ölkələri ilə iqtisadi-ticari və nəqliyyat sahələrində qarşılıqlı fəaliyyətin inkişafına böyük əhəmiyyət verir. Ticarət dövriyyəsinin müsbət dinamikası, eləcə də ölkəmizin əlverişli coğrafi mövqeyi və infrastruktura yatırılan irimiqyaslı sərmayələr nəticəsində "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin, liman və dəmir yolu infrastrukturunun ardıcıl şəkildə inkişaf etdirilməsi hər zaman diqqət mərkəzindədir. Təbii ki, bu sahədə görülən işlər regionun tranzit və iqtisadi potensialının tam reallaşdırılmasına kömək etməyə hədəflənib".
Deputat qeyd edib ki, müasir dövrdə artan qlobal qeyri-sabitlik, geosiyasi rəqabət və təchizat zəncirlərinin pozulması fonunda dövlətlərin iqtisadi və enerji təhlükəsizliyi sahəsində regional əməkdaşlığın dərinləşdirilməsinin zəruriliyini ön plana çıxarır. Bu çərçivədə Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirakçılar arasında bərabərhüquqlu və etimada əsaslanan siyasi dialoqun, ticarət və qarşılıqlı investisiyaların genişləndirilməsinin önəmi diqqətə çatdırılıb.
"Azərbaycan"